“İstərdim ki, adı Rəsulzadənin davamçısı kimi çəkilsin”

16:57 28-11-2017 | icon 1584 | Siyasət
“İstərdim ki, adı Rəsulzadənin davamçısı kimi çəkilsin”

Milli Azadlıq Qərargahının 60 illiyinə hazırlaşan qadın

Dekabr ayının 17-də Milli Azadlıq Qərərgahının (MAQ) 60 ili tamam olur. Sədri Oktay Eldəgəz olan MAQ 1957-ci ildə SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılmışdı. MAQ 1982-ci ilin dekabr ayının 12-də Ağdamın Mərzili kəndində öz fəaliyyətini dondurub.

MAQ sədrinin həyat yoldaşı Rəfiqə xanım Rəfili Versus.Az-a Oktay Eldəgəz və onunla bağlı xatirələrini danışıb. O, Oktay Eldəgəzin yerinə yetməyən vəsiyyətini dilə gətirib…

“Oktay Eldəgəzin vəsiyyəti hələ də öz yerini tutmayıb”

Rəfiqə xanım MAQ-ın ildönümünün qeyd olunması təşəbbüsü ilə bir sıra dövlət orqanlarına, eləcə də Yazıçılar Birliyinə və bir sıra partiya rəhbərlərinə müraciət edib. Dediyinə görə hələ ki, hansı dəstəyin veriləcəyi ilə bağlı cavab almayıb. O, eyni zamanda MAQ-ın 60 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün Suraxanı rayon İcra hakimiyyətinə müraciət edərək Səttar Bəhlilzadə adına Mədəniyyət Muzeyində yer ayrılması ilə bağlı xahiş edib. Rəfiqə xanımın sözlərinə görə, siyasi partiyalardan yalnız Vəhdət Partiyası tədbir üçün tutulacaq yerin  kirayəsinin xərcini öz öhdəsinə götürüb. Digər partiyalar isə ümumiyyətlə MAQ-la bağlı hər hansı bir tədbirin görülməsində hansı niyyət ortaya qoymayıblar.

“Tək istədiyim, Oktay Eldəgəzin yada salınması, sayılmasıdır”

Rəfiqə xanım may ayında Məhəmməd Əmin Rəsulzadənin qurduğu hökumətin 100 illiyinin qeyd olunacağını yada salıb:

“Məlumdur ki, 1918-ci ildə qurulan və 2 ilə yaxın sürən müstəqillikdən sonra sovet hökuməti bizi yenə buxovlar altına saldı. Ancaq bu xalqın oğulları o zamanlar da Azadlıq uğrunda mübarizəsini dayandırmayıb. Axı, nəyə görə 1957-ci ildən başlayan və tərkibində 95 nəfər ziyalısı olan Milli Azadlıq Qərargahının fəaliyyəti istər dövlət, istərsə də demokratik düşərgə tərəfindən anılmır? Nəyə görə Oktay Eldəgəizin adı Rəsulzadənin davamçısı kimi çəkilmir. Təbii ki, Xalq Hərəkatı və onun önündə dayananlardan biri olan Əbülfəz Elçibəyin Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəsi hər dəfə xüsusi vurğu ilə qeyd olunur. Axı Əbülfəz Elçibəyə qədər də azadlıq mübarizəsi aparılıb və onun önündə Oktay Eldəgəz dayanıb. Nəyə görə MAQ-ın tarixi lazımi səviyyədə təqdim olunmur?”

Rəfiqə Rəfili bildirib ki, o, Oktay Eldəgəzin 75 illiyini öz təşəbbüsü ilə qeyd edib. Həmin vaxt tədbiri keçirmək üçün Vəhdət Partiyası onlara öz qərargahında yer ayırıb. Xanım ona göstərilən bu diqqəti təsadüfi saymır. Deyir ki, vaxtilə Bakı Kəndlər Birliyinin, daha sonra isə Vəhdət Partiyasının Qadınlar Şurasının sədri olub. Rəfiqə xanımın sözlərinə görə, bu gün də istifadə olunan Vəhdət Partiyasının bayrağının rəngi, loqası məhz Oktay Eldəgəzin fikri ilə yaradılıb.

“Oktay 10-larla vəsiyyət elədi, dedi ki…”

75 yaşlı bu xanımın təəssüf etdiyi ən böyük məqam, tarixə bu cür biganə yanaşılma və həyat yoldaşının ölümündən əvvəl silahdaşlarına etdiyi vəsiyyətin hələ də öz yerini tutmamasıdır:
“Ölümündən 1 gün əvvəl “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə Bəxtiyar Vahabzadə Oktayı ziyarət etməyə gəlmişdilər. Oktay onlara vəsiyyət eləmişdi, demişdi ki, mənim sizə vəsiyyətim budur ki, torpaqlarımız alınanda gedib Xudu Məmmədovun evini ziyarət edib, onun həyətindən mənim də əvəzimə su içəsiniz. O vaxtdan 15 il keçib, onun bu vəsiyyəti hələ də öz yerini tutmayıb…”

“Azərbaycan özü müstəqil oldu, amma Eldəgəz belə istəmirdi”

R.Rəfili torpaq, vətən, azdlıq, türkçülük sevgisi ilə daim mübarizədə olan bir insanın həyat yoldaşı kimi Eldəgəzin qurmaq istədiyi demokratya ilə bugünkü demorkartik düşərgənin fəaliyyətini müqayisə edəndə heç bir oxşarlığın olmadığını önə çəkib:
“Oktay 15 ildir rəhmətə gedib. O, vəsiyyətini 2002-ci ildə etmişdi. Müstəqillik yarananda ona vəzifə də təklif olunmuşdu, ancaq Oktay qəbul etmədi. Dedi ki, mən vəzifəyə görə işləməmişəm, mənə azad xalqım, azad torpağım lazımdır”.

“Ardıcılları onun yolu ilə gedə bilmir”

Rəfiqə xanım Oqtay Eldəgəzin demokratik düşərgədə, rəsmi orqanlarda necə xatırlandığından da danışıb:
“Heç cür yada salınmır. Adı təkcə tarix dərsliyinə salınıb. Biz istədik heç olmasa onun yaşadığı evə lövhə vuraq. Elmlər Akademiyasından cavab gəldi ki, tarix dərsliyinə salmışıq, yəni bu yetər. Hətta mən Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Mədəniyyət Evində tədbir keçirəndə də rayon icra nümayəndəliyindən gələn olmadı.
Bunlar ona görə baş verir ki, MAQ-ın, Oktay Eldəgəzin demokratik düşərgədəki ardıcılları onun yolu ilə gedə bilmir. Onun davamçıları Xalq hərəkatçıları, partiya olaraq yəqin ki, Xalq Cəbhəsi idi”.

“Əbülfəz Elçibəylə tanışlığı türmədən başlayıb”

Rəfiqə xanım Eldəgəzin demokratik düşərgədə ilk yaranan partiya kimi Xalq Cəbhəsinin rəhbərləri ilə əlaqəsini yalnız həyat yoldaşının verdiyi müsahibələr əsasında yadda saxladığını deyib. O, 1975-ci ildə Əbülfəz Elçibəy həbs olunanda Eldəgəzin onu necə daş yükləməkdən xilas edilməsi və bu barədə mətbuatda gedən yazıları xatırlatdı:
““İmpuls” qəzetinin Oqtay Eldəgəzdən müsahibə götürən əməkdaşı sual verir ki, o vaxtlar gizli fəaliyyət göstərəndə Elçibəy də sizin aranızda idi? Oqtay Eldəgəz isə cavab verir ki, Elçibəyi o vaxtlar tanımayıb, o, ancaq şifahi təbliğatla məşğul olub”.

Oqtay Eldəgəz müsahibəsində deyib:

“Elçibəyi o vaxt Qaradağdan biz xilas etdik. Ona hər gün maşınlara iki min daş yüklətdirirdilər. O da çatdırmırdı, yükləyə bilmirdi. Rüşvət gücünə onu “dnevalnı” keçirtdik-yəni otaqları süpürən, yataqları yığışdıran. Sonra keçirtdik türmənin kitabxanasına, orda işlədi. 249550 imza topladım, o imzaların sayəsində 1975-ci ilin yanvarında buraxıldı.
Gizli təşkilatımız Azneftdə idi. Bir dəfə oturmuşduq otaqda, bir də gördük qapı açıldı, Elçibəylə qardaşı Almurad dayandılar qapıda. Qara, kifirlikdə məndən geri qalmayan, cılız oğlan idi. Həm də türmədən təzə çıxdığından möhkəm sınıxmışdı. Sonradan tanışlığımız davam etmədi”.

Oqtay Eldəgəz elə həmin müsahibədə sabiq Müsavat başqanı İsa Qəmbər haqqında da maraqlı fikirlər səsləndirir. İddia edir ki, Eldəgəzin hər yazısı çıxanda Divan üzvlərini yığıb müzakirə edir, aparır evdə yoldaşına da oxuyur, bir sözlə yazıları xoşuna gəlirmiş.

“Son vaxtlar çox fikirli otururdu”

“Partiya sədrləri yalnız yas düşəndə gəliblər”- deyə, Rədiqə xanım o illəri təşəkkür və təssüflə yada salır:
“Xalq Hərəkatından sonra partiyalar yarandı. Amma bu, Eldəgəzin istədiyi kimi olmadı. Son vaxtlar çox fikirli otururdu. Mən də deyirdim ki, bu dövlətə görə özünü öldürürdün? Təəssüflə deyirdi ki, biz tamam başqa dövlət qurmaq istəyirdik”.

Rəfiqə xanım deyir ki, sonralar MAQ üzvlərinin çoxu qərargahdan uzaqlaşıb. Çox sonralar Oktay MAQ-da olanların bəziləri haqda tənqidi yazılar yazıb, amma çap eləməyib. Çünki orda xəyanətdən söz açılırdı, hansı ki, həmin adamların övladları vəzifələrdə otururdular…
Rəfiqə xanımın bu gün üçün olan istəyi tamamilə başqadır:

“Dekabrın-17-də MAQ-ın yaranmasının 60 illiyi tamam olacaq. İstərdim ki, Oktayın da adı çəkilsin və sayılsın. Necə ki, Elçibəy, Xalq Hərəkatı, Xalq Cəbhəsi sayılır, o cür də MAQ sayılısın. Axı Rəsulzadədən sonra onun davamçısı Oktay Eldəgəz olub, sonra Əbülfəz Elçibəy gəlib, onun haqqında çox kitablar yazılıb. O zaman MAQ-dan niyə danışılmır? Məsələ odur ki, Azəbaycan xalqı yatmayıb. Öz müstəqilliyi uğrunda mübarizə aparıb”.

Rəfiqə xanım deyir ki, Oktay Eldəgəz Xalq hərəkatından sonra yaranan bütün partiyalara gedib gəlir, əlaqə saxlayırdı. Amma heç bir partiyanın üzvü deyildi. Ancaq onlara məsləhətlər verirdi.

Qeyd:

Oktay Eldəgəz 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil edib, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olublar. Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərib.
O, 1962-ci və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olub. Bu müddətdə səhhəti korlanıb, əl və ayaq dırnaqlarını itirib. 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat edib.

MAQ-ın məlum üzvləri:

Oqtay Eldəgəz – Tarixçi, müəllim.
Xudu Məmmədov – Professor, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957).
Sadıq Rəhimov – Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954-1958).
Yusif Məmmədəliyev – Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərb. SSR EA akademiki (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərb. SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı.
Əlisöhbət Sumbatzadə – Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki (1958).
Hüseyn Arif – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).
Əsədulla Qurbanov – Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu”-nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri.
Bəxtiyar Vahabzadə – şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).
Yusif Vəliyev – Azərbaycan aktyoru, Azərbaycanın əməkdar (1960) və xalq artisti (1979), film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs.
Rüstəm Səfərəliyev – partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.
Bəxtiyar Məmmədov – Azneft birliyinin baş mühəndisi.

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür