Nadir Bədəlovun sayəsində bir batalyonun əsgərləri mühasirədən çıxdı

11:00 20-06-2022 | icon 563 | Şəhidlər və şahidlər
Nadir Bədəlovun sayəsində bir batalyonun əsgərləri mühasirədən çıxdı

Qurani-Kərimə and içmişdi ki, son damla qanımıza kimi döyüşəcəyik

 

ŞEYDA ƏZİZOVA
/“AranMedia” qəzetinin baş redaktoru/

 

Nadir Ərşad oğlu Bədəlov 1967-ci il iyunun 18-də Şərqi Zəngəzur - Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1984-cü ildə Dondarlı orta məktəbini, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunun qara və əlvan metalların tökmə ixtisası üzrə tam kursunu bitirmiş, eyni zamanda zabit rütbəsi almışdır. (O, eyni zamanda 1985-1987-ci illərdə Almaniyada sovet ordusu sıralarında xidmət etmişdir.) Gənc mühəndis-metallurq 1992-ci il yanvar ayından Azərelektroterm Elm İstehsalat Birliyinin Ağır Elektrik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə özünü intizamlı bir işçi, bilikli, bacarıqlı bir mühəndis, gözəl xasiyyətli bir insan kimi tanıtdı. Qeyrətli oğullarımız kimi Nadir də Vətənin çağırışına səs verdi, könüllü olaraq hərbi komissarlığa müraciət etdi...

 


1992-ci il avqustun 7-də zavodun mehriban, qədirbilən kollektivi Nadir Bədəlovu cəbhəyə yola saldılar. “N” hərbi hissəsindəki qısamüddətli təlimdən sonra gənc zabiti Ağdərə bölgəsinə göndərdilər. Nadirin başçılıq etdiyi topçular batareyası Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə fədakarlıqla vuruşurdu. Nadir Bədəlov bölmə komandiri vəzifəsinə təyin edildi. Artilleriya elminin sirlərinə dərindən bələd olduqları, bu sahədə uğurlu nəticələr qazandıqlarına görə bölmə komandiri, leytenant Nadir Bədəlovun topçular batareyası daha məsul bir bölgəyə - son dərəcə təhlükəli döyüş bölgələrindən hesab edilən Laçın və Qubadlı cəbhələrinə göndərildi.
Laçın rayonunun Güləbird, Səfiyan, Aşağı və Yuxarı Fərəcan, Suarası kəndləri, Susuzdağ və Qızqəbri yüksəkliklərinin düşməndən təmizlənməsində igid topçuların əvəzsiz xidmətləri olmuşdu. Bu, əfsanəvi qəhrəman Əliyar Əliyevin komandirlik etdiyi taborun Laçın torpaqlarının azad edilməsi uğrunda başladığı müzəffər yürüş dövrünə təsadüf edirdi. 1992-ci ilin payızında xalqımızın igid oğlu Əliyar Əliyevin başçılığı altında gedən uğurlu hücum əməliyyatları bir-birini əvəz etmiş və qısa müddətdə düşmənin 30-dan artıq mövqeyi tutulmuşdur. Gənc leytenant Nadir Bədəlovun komandirlik etdiyi topçular bu böyük qələbələrin qazanılmasına öz layiqli töhfələrini vermişdi. Bütün bunları nəzərə alaraq Nadir Bədəlov taqım komandiri vəzifəsinə təyin edilmişdir. Əliyar Əliyevin vurulması, orduda gedən təxribat qan bahasına qazanılan qələbələr çox çəkmədən itirildi... Başqa döyüşçülər kimi Nadirgil də geri çəkilməyə, Qubadlı torpaqlarının müdafiəsi haqqında düşünməyə məcbur oldular.

 


Füzuli və Cəbrayıl rayonları əsaslı döyüş əməliyyatı keçirilmədən işğal olundu. Qubadlı və Zəngilan rayonları üç tərəfdən-Ermənistan, Qarabağın dağlıq hissəsi və Cəbrayıl rayonu istiqamətdən mühasirəyə düşdü. Topçuların taqım komandiri Nadir Bədəlov Muradxanlı – Başarat istiqamətində torpaqlarımızın, xüsusilə strateji yüksəkliklərin müdafiə olunması məqsədi ilə hazırladığı planları hərbi hissəyə təqdim etdi. Onun təklif etdiyi plan əsasında Başarat kəndi, Qaraqaya, Topağac və Qırmızı təpə yüksəklikləri düşməndən təmizləndi, mövqelərimiz möhkəmləndirildi. Əliyar Əliyev adına taborun komandiri Sadiq Paşayevin dediklərindən: “Topağac əməliyyatı” 1993-cü il avqustun 26-da başladı. Əvvəlcə düşmən mövqeləri ətrafına kəşfiyyatçı qrupu göndərdik. Biz Qaraqaya yüksəkliyində mövqeyimizi möhkəmləndirərək “Topağac əməliyyatı” na son hazırlıq işləri görürdük. Bu vaxt məlumat verildi ki, ermənilər bizi mühasirəyə alıblar. Son dərəcə təhlükəli vəziyyət yaranmışdı.Mən böyük təlaşla rabitə vasitəsilə kömək istədim. Səsimi yaxşı tanıyan Nadir Bədəlov dedi ki, komandir, Qaraqayada lazımı yerə çəkilin, biz düşməni susduracağıq...

 


Bir neçə dəqiqədən sonra bizim artilleriya işə başladı. Bizi mühasirəyə alan düşmən mövqelərinin külü göyə sovruldu. Nadir Bədəlovun topçular batareyası bu döyüşlərdə xüsusi fədakarlıq göstərərək düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdi. Biz mühasirədən çıxdıq. ” Lakin xəyanət öz işini görürdü. 1993-cü il avqustun 30-da xüsusi göstəriş əsasında silahlı qüvvələr Qubadlıdan çıxarıldı.1993-cü il avqustun 31-də genişmiqyaslı hücuma keçdilər. Nadir bir qrup döyüşçü dostu -7 topçu 1 sürücü Yazı düzündə özlərinə mövqe seçdilər. (özləri də bu döyüşün axırı ölüm olacağını bilə-bilə). Rayonun bir hissəsi – Həkəri çayının hər iki sahilindəki kəndlər güclü hücuma məruz qalmışdılar. Heç bir köməyi olmayan camaat nə edəcəyini, hara qaçacağını bilmir. Bu ərazidə yüzlərlə qadın, uşaq, qoca öldürüldü, girov götürüldü. Rayonun Bərgüşad çayı ətrafındakı kəndlər isə hələ nə baş verdiyini bilmir. Düşmən Cəbrayıl, Qarabağ istiqamətində (Həkəri çayı istiqamətində) hücuma keçdiyindən burada hələlik sakitlikdir. Nadir Bədəlov bu ərazilərin də təhlükədə olduğunu bildiyindən döyüşçülərin çoxunu camaata köməyə, xəbərdarlığa göndərdi. Nadir isə bir qurub topçu döyüşçü ilə düşmən tanklarının qarşısını kəsməli, heç olmasa camaatın çıxması üçün vaxt qazanmalı idi...
Düşmənin müasir, Rusiya istehsalı olan, tankları Yazı düzü istiqamətində geniş miqyaslı hücuma keçdilər. Nadir çox narahat idi, atəş aça-aça elə hey təkrarlayırdı : ürəyimə damıb ki, artıq Qubadlı yoxdur, yoxdur... Qeyri-bərabər döyüşdə düşmənin bir neçə tankı məhv edildi, xeyli canlı qüvvəsi öldürüldü...

 


Bu döyüşdə Nadir və bir necə döyüşçü dostları qəhrəmanlıqla Şəhid oldular. Düşmən əlinə keçməsin deyə döyüşçü dostları çox böyük çətinliklə də olsa onların cəsədini çıxardılar.

 


Nadir Bədəlovun məzarı Bakıda, "Şəhidlər Xiyabanı"ndadır. Subay idi. Oxuduğu Dondarlı orta məktəbi onun adını daşıyır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...