Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

13:58 28-06-2022 | icon 719 | Qarabağ
Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Bu səfərlər bizi işğaldan azad etdiyimiz torpaqlarımıza bir az daha yaxınlaşdırır

 

Yolumuz Azərbaycanımızın azad Zəngilanınadır. Bu, Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan işğaldan azad olunan ərazilərə sayca 4-cü səfərimiz oldu. Hər səfərimiz bizi Ali Baş Komandanın qətiyyəti, möhkəm iradəsi, cəsarəti və müzəffər ordumuzun şücaəti, əsgərlərimizin qanı, canı bahasına işğaldan azad etdiyimiz torpaqlarımıza bir az daha yaxınlaşdırır.

 

Yolboyu gördüyümüz dağılmış, daşı-daş üstündə qalmayan kəndlər, kökündən kəsilmiş ağaclar, yalnız daşları qalmış evlər qeyri-ixtiyari gözlərimizi yaşardır. Köks ötürən kim, qeyri-ixtiyari “şərəfsiz ermənilər torpaqlarımızı necə viran edib” deyən kim, sakitcə gözyaşlarını axıdan kim...

 

Elə bil bu yerləri sel yuyub aparıb.. Çay daşlarından tikilmiş evlərdən qalan yalnız elə çaylaq daşlarıdır. Mənfurların daşıyıb apara bilmədikləri yalnız bu daşlar olub. Ötən bu 30 ildə dəfələrlə yağmalanan yurdumuzdan qalan bu viranəlik acıdır, hiddətləndirir adamı. Ayaq basdığımız hər qarışının qiymətini yalnız bu torpağın öz sahibləri olan bizlər bilə bilərik...

 

Bu torpaqları biz canlandıracağıq, biz yenidən nəfəs verəcəyik yurdumuza. Mənfur düşmənlərə, dünyaya göstərəcəyik ki, hər qarışında Azərbaycan şəhidinin qanı olan Azərbaycan torpaqları yalnız öz doğma övladlarının əlləriylə cənnətə dönə bilər. Çünki bizimdir. Bizim olan isə gözəl olmalıdır...

 

Cəbrayıl-Zəngilan sərhədindəyik... O məşhur Lələtəpə yüksəkliyini canlı gördük. Bu yüksəkliyi fəth edən igidlərimizlə bir daha qürurlandıq. Hər birimizin dilindən şəhidlərimizə rəhmət gəldi... Kövrəldik... Amma bu yüksəkliyin ətəyində qürurla dayandıq...

 

Minaaxtaranların fəaliyyətini də yaxından izlədik. Bu oğullar həyatlarını təhlükəyə ataraq düşmənin torpaqlarımızda gizlətdiyi minaları axtarıb tapır, zərərsizləşdirirlər... Vətən torpağı təmizlənməli, quruculuq işləri sürətlənməlidir ki, bu yurdun həsrətliləri evlərinə dönsünlər...

 

Yola davam edirik. Yenə yalnız dağıntılardan ibarət kəndlərimiz... Diqqətimizi üzümlük sahələri çəkir. Bizim sərvətimizdən geninə-boluna istifadə edən ermənilər yalnız bu üzüm sahəsinə toxunmayıblar. 44 günlük müharibə zamanı məğlub olarkən elə qaçıblar ki, imkan tapıb üzümlüyü yandırıb məhv edə bilməyiblər...

 

Bütün bu ürəkağrıdıcı mənzərənin fonunda könlümüzü açan görüntülər az olmadı. İnsanlarımız kombaynlarla taxıl biçirdi. Sürətli tikinti işləri tez bir zamanda bu yerlərdə yenidən həyatın qaynayacağından xəbər verir. Ağalı kəndinə çatanda buna bir daha əmin olduq...

 

Bizi “Ağıllı kənd” qarşıladı. Sakinlərini gözləyən kəndlə tanışlıq zamanı qısa zamanda ərsəyə gələn bu rahat yaşayış məkanına görə zəhməti keçən hər kəsə təşəkkür etməmək olmur. Əminliklə deyə bilərəm ki, zəngilanlıların rahatlığı Zəngilan uğrunda döyüşlərdə canını verən, hər dəfəsində dönə-dönə minnətdarlığımızı ifadə etdiyimiz şəhidlərin ruhunu şad etmiş olur.

 

Bəli, cənab prezident İlham Əliyev xalqımıza verdiyi sözün öhtəsindən yüksək səviyyədə gəlir. Qısa zaman ərzində yenidən qurulan yurdumuz öz sakinlərini gözləyir.

 

Artıq Azərbaycan işğaldan azad etdiyi torpaqlarına sahib çıxıb. Bizlərə qalan bu torpaqların bir daha mənfur düşmənin əlinə düşməməsi üçün yurudumuza qayıtmaq, oraları yenidən cənnət-məkana çevirmək qalır. Qoy dünya da görsün, anlasın ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır...

 

Gecədir, səfərimiz başa çatıb. Zəngilandan Bakıya qayıdırıq. Bu gün qayıdırıq ki, sabah yurdumuza Böyük Qayıdışımızı gerçəkləşdirək.

 

 

ARZU ZEYNALLI
Baku
News TV
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

"Ulu öndərin işığında" - TƏQDİMAT