Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı? – SORĞU

19:28 15-11-2017 | icon 4115 | Sosial
Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı? – SORĞU

Bəzən bəzi ailələrin uğursuzluğu nişan üzükləri ilə əlaqələndirilir

Çünki nişan üzüyünü “bəxt üzüyü” adlandıranlar da var, ona bəzək və zinət əşyası kimi baxanlar da. Ona görə də Azərbaycan İnformasiya Mərkəzi və azim.az internet portalı oxucularımız və sosial şəbəkə itifadəçiləri arasında sorğu keçirdib.
Xatırladaq ki, oxucularımıza və sosial şəbəkə istifadəçilərinə aşağıdakı sualları ünvanlamışdıq:

1. Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, deyirlər. Bu barədə nə düşünürsünüz?
2. Nişan üzüyünü “bəxt üzüyü” adlandırmaq olarmı, olarsa, nəyə görə?
3. Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı?

Versus.Az azim.az-ın sorğusunu təqdim edir.

Arzu Zeynallı
/Versus İnformasiya Agentliyinin baş redaktor müavini/

“Bir çoxları təkzib etsələr də, sınaqlardan çıxmış inanclarımız var və bu gün də o inanclara necə deyərlər, riayət edilir. Təbii ki, inanclı insanlar tərəfindən. Bu inanclar sırasında nişan üzüyü ilə bağlı sınaqdan çıxmış fikirlər də var. Amma etiraf edək ki, nişan üzüyü ətrafında söylənən fikirlər hər bir insanı istər-istəməz daha çox düşündürür və mən deyərdim ki, hardasa narahat da edir. Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, deyirlər. İnanclı adam yəqin ki birinci növbədə həmin üzüyü əvvəllər istifadə edən adamın taleyi ilə maraqlanacaq ki, üzüyün o şəxsin həyatında düşər-düşməzliyi olubmu? Düşünürəm ki, bu qədər dərinliyə varmaq düzgün deyil. Çünki mağazalardan alınan üzüyün əvvəlki aqibətini zərgərdən başqa heç kim bilmir. Bu başqa bir məsələdir ki, evlənmək istəyən hər bir kəs yeni həyata başladığı üçün əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi qəbul etmək istəməz. Yəni, yeni həyata yeni üzüklə. Məncə, üzüyün əvvəllər istifadə olunmasının nişan üzüyü kimi istifadəsi normaldır. Yəni, burada NİŞAN sözü çaşdıra bilər. Baxın, keçmişdə birisi bir dostunun, yaxud, tanışının evində qonaq olarkən sahibin qızını bəyənirdisə elə ordaca barmağındakı üzüyü çıxarıb qızı oğluna nişanlayırdı. Yəni, üzük nişanlamaq üçündür, başqa özəlliyi yoxdur.
Nişan üzüyünü “bəxt üzüyü” adlandırmaq olar. O baxımdan ki sahibinin bəxti açılıb anlamında. Amma nişanı pozulanları nəzərə alsaq, deməli BƏXT sözü burada təkcə bəxtgətirmək mənasını daşımır. Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək məsələsinə gəlincə, bu da inanclarla bağlı düşüncələrdir. Məncə, dəyişmək, yaxud hədiyyə etmək məcburiyyət olmadığı üçün bunlar edilməsə yaxşıdır. Satmaq isə… Nə deyim, Allah qəzadan saxlasın”.

Arzu Nağıyev
/Siyasi şərhçi, “Tend” İnformasiya Agentliyinin baş direktor müavini/

“Düşünürəm ki, bu, rəmzi bir simvoldur. Bu üzükləri gəzdirən cütlük biri birinə nigah bağlantılarını və sadiqlik göstəricilərini nümayiş etdirirlər. Bu üzüklər təmizlik və aydınlıq rəmzidir. Adətən bu üzüklərin içəri hissəsində ad, tarix, etiraf və ya sevgi sözləri həkk edilir. Buna görə də bu üzükləri adətən ikinci dəfə istifadə etmək olmur və bu heç düzgün də deyil. Üzük bir simvol və rəmzdir, bəxt anlayışı isə tam başqa məhfumdur. Nişan üzüyü adətən yadigar saxlanılır, nəsildən nəslə ötürülür. Yəni, bu iki nəfərə aid olan məsələ olduğu üçün onların razılığı və ya vəsiyyəti, vərəsəliyi ilə ola bilər”.

Aydın Canıyev
/Müstəqil jurnalist/

“Nişan üzüyü bakirəliyin simvoludur, nə ağılla işlənmişini almağı düşünmək olar ki? Təcrübədən deyirəm, işlənmiş üzük bir daha satılır. Qəribə bir müqəddəslik var nişan üzüyündə, dəyər verdikcə, qorunduqca, əzizləndikcə daha xoş olur. Bəxt üzüyüdür ki var, bir ömrə bəs edəcək hiss yaşadır barmağa taxılanda. Yaşada bilir, yaşadır. Nişan üzüyü satılmağına satılır, amma bağışlanmağını, hədiyyə edilməyini eşitməmişəm. Bir dəfə həmkarlardan biri kiməsə hədiyyə edəcəyini yazdı, ona baha başa gəldi”.

İslam Baxşəliyev
/“Dirçəliş” Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzinin direktoru/

“Boş şeydir. Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək olar. Nişan üzüyü bəxt üzüyü deyil, lakin belə adlandırıblar. Ona görə ki, evlənən oğlanın valideyinləri, əsasən də anası oğlunun gələcək ailəsi uçün, onun gələcək xoşbəxt həyatı üçün sevinclə, ürəkdən dükanları gəzərək sevərək bu işi görür. Yəni, öz xoş hisslərini xərcləyərək oğlunun gələcək həyat yoldaşına, gəlininə bu üzüyü alır. Bu mənada evlənənlərin adları əsas tutularaq alındığına görə ona bəxt üzüyü demək olar. Nişan üzüyünü satmaq, dəyişmək və hədiyyə vermək olar. Yetər ki bunu səmimi qəlbdən edəsiniz. Satmaq o zaman olardi ki yararlı bir işə sərf olunsun. Nişan üzüyü də digər əlvan metallar kimi cansızdır. Valideyn nişan üzüyünü alanda öz müsbət enerjisini ona ötürməklə onu canlı edir. Indiki zamanda boşanmaların başlıca səbəbi gənclərin öz valideyinləri ilə hesablaşmayaraq evlənmələridir. Məcburiyyət qarşısında qalıb nişan üzüyü alan valideynlər ona öz müsbət enerjilərini ötürə bilmirlər və nəticədə nişan üzüyü əhəmiyyətsiz digər əlvan metallar kimi cansız olaraq öz əhəmiyyətini itirir”.

Kəmalə Rəhimli
/Müğənni, Əməkdar artist/

“Mənim fikrimcə, nişan üzüyü ölüncə səninlə olmalı və nəsildən nəslə ötürülməlidir”. 

Nəcibə İlkin
/Şairə-publisist/

“İstifadə olunmuş üzüyü adət-ənənəyə görə nişan üzüyü kimi aparmaq düz deyil. Ona görə ki nişan üzüyü də aparılan paltarlar kimi təzə olmalıdır. Bu, yeni ailənin qurulmasına, təzə həyata başlanmasına işarədir. Yəni, hər şey təzə başlayır. Bir də mifoloji baxımdan üzük insanın barmağına taxılırsa, onun xüsusiyyətlərini və onda olan irsi xəstəlikləri özünün yaddaşına yığır. Bu mənada bir adamın başqa birisinin nəinki nişan üzüyünü, basqa üzüyünü də taxmağı duzgun deyil. Nişan üzüyü əbədilik simvolu kimi daim qorunmalıdır. Nişan üzüyü bəxt üzüyüdür. Bu günə qədər deyilmiş və tam sınanmış bir ənənədir. Iki ömrun birıəşməsinə işarədir. Nişan üzüyü hələ qədim zamanlardan əbədi sevgi rəmzi olub. Qapalı və dairə formasında olduğu üçün əbədi sadiqliyi ifadə edir. Ürəyə gedən damarın nişan üzük taxılan barmaqdan keçməsi də buna misaldlr. Buna eşq damarı da deyirlər. Nişan üzüyünü satmaq etibarını, inamını, sədaqətini itirmək deməkdir. Dəyişmək isə xəyanət anlamı daşıyır. Hədiyyə vermək qəlbini, ürəyini, həyatını qurban vermək, yaxud, özgəsinə bağışlamaq deməkdir”.

Qalib Bəyməmmədoğlu
/Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi/

“Əgər bu üzük yaxın insandan, doğmalardan qalıbsa, ondan istifadə etmək olar. Əks təqdirdə istifadə etmək yaxşı deyil. Bəxtimiz əgər bir üzüyə bağlıdırsa, ən yaxşısını alaq. Lakin xoşbəxtliyi üzüklə əlaqləndirmirəm. İnsan pis vəziyyətdə qala bilər. Əgər həyat yoldaşın bunu fədakarlıqla edirsə, nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək istəyirsə, deməli, əsl qadınla ailə həyatı qurmusan”.

Ramiz Cerullayev
/Həkim, fitoterapevt, manualist/

“Nişan üzüyü təzə olmalıdır. Nişan üzüyü iki gəncin arasında ittifaq deməkdir. Həm də iki gəncin ailə qurmasının nişanəsidir. O şey ki ailənin ilk nişanəsidi, iki gəncin ittifaqının, yəni, ailənin ilk nişanəsidi, onu satmaq və ya bağışlamaq qəti olmaz”.

Dilarə Zamanova 
/“AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi/

“Ümumiyyətlə, işlənmiş heç nəyi istifadə etməyi məsləhət görmürəm. Çünki hər şey təzə olanda insan orada özünü daha yaxşı hiss edir, xoşbəxt olur. Heç kimin nəfsi qalmır. Ona görə işlənmiş nişan üzüyündən iştifadə etməyi yaxşı hal hesab etmirəm. Nişan üzüyünü bəxt üzüyü adlandırmaq düzgün deyil. Çünki adam var ki bir neçə dəfə ailə həyatı qurur. Onda gərək hər zaman bu nişan üzükləri onun bəxt üzüyü olsun. Xeyir adlandırmaq olmaz. Yaxşı olar ki, qızılları qoruyub saxlamaq lazımdır, o cümlədən nişan üzüyünü. Nişan üzüyünü saxlamaq daha yaxşı olar”. 

Lamiyə Adıgözəlli
/Azərbaycan Dövlət Pedaqoji Universitetinin birinci kurs tələbəsi/
 

“Əvvəllər istifadə olunmuş üzükdən demək olar ki heç kim istifadə etmir. O üzük artıq kiminsə qisməti olub, xeyirli olsa özündə qalardı. Nişan üzüyü bəxt üzüyü deyil, adından da göründüyü kimi barmağında olan adamın subay olmadığına işarədir. Bizim mentalitetdə nişan üzüyü həyat yoldaşına bağlı olduğuna görə htqsatmaq, bağışlamaq düzgün sayılmır/.

Bəsti İsmayılova
/Müəllimə/

“Nişan üzüyü pulla alınırsa, dəxli yoxdu istifadə olunub ya olunmayıb. Nişan üzüyü bəxt üzüyü-filan deyil. Bəxtin üzüyü könüldədir. Nişan üzüyünü hədiyyə etməyi məqbul bilmirəm. Amma satılan, dəyişilən görmüşəm, mümkündür. Ümumiyyətlə, əgər nişanlı şəxs adam olarsa, yerdə qalan əfsanədir”.

Elman Babayev
/Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri/

“Mən bunların heç birinə inanmıram. Üzük taxan da deyiləm”.

Həbibə Abdulla
/Araşdırmaçı jurnalist/

“Bunlar hamısı mövhumatdan yaranan fikirlərdir. Mənim təbirimcə, ən yaxşısı “yaxşı fikirləş ki, yaxşı olsun” yanaşmasıdır. İnsan gərək pis düşünüb özünü ruhdan salmasın, daim irəliyə can atsın. Nişan üzüyü simvolikdir. Əsas ailədə cütlüyün bir-birinə olan sevgisi və hörmətidir, onlar satılmasın, atılmasın. Tərəflərdən hər biri öz məsuliyyətini anlasın, bu, kifayət edir ailənin möhkəm və xoşbəxt olmasına. Ən əsası isə cansağlığı, sağlam övladlardır. Mən hər bir ailəyə bunu arzulayıram”.

Erkin Ənnağıyev
/“Azərişıq” ASC-nin mühəndisi/

“Hələ nisan üzüyüm yoxdu, olsa da heç vaxt dəyişmərəm, ya da satmaram. Analar var ki öz nişan üzüyünü oğluna verir ki gəlininin barmağına taxsın. Üzük heç vaxt insan taleyini dəyişmir. İnsan dünyaya gələndə onun bəxti, taleyi yazılmıs halda dünyaya gəlir. Hər kəsin bir bəxti bir taleyi var”.

Lalə Mehralı
/Jurnalist/

“Bizim xalqımızda ananın nişan üzüyünü gəlininə taxmaq adəti var və bu, pis şey deyil. Bu, həm maddi baxımdan gənclərə dəstəkdir, həm də ana özü üçün dəyərli olan ən qiymətli əşyasını gəlininə verməklə ona dəyər verdiyini göstərmiş olur. Nişan üzüyünün bəxtin göstəricisi olması məsələsi ilə razı deyiləm. Nəinki qızıldan, heç adi gümüşdən, misdən üzüyü olmadan evlənən kifayət qədər çox qadın, qız var ki xoşbəxt ömür yaşayıb. Bəxt, tale bir əşya ilə dəyişmir. Insan öz ömrünə nə yazılıbsa onu yaşayır. Qaldı ki nişan üzüyünü satmaq, dəyişmək məsələsinə, bu, bizdə tabulaşmış adətdir. Yəni, nişan üzüyü müqəddəsdir, onu satmaq, dəyişmək, hətta barmağa böyük olsa kəsdirmək belə olmaz deyə düşünür çox adam. Mən belə inanclara inanmıram”.

Cavid Şahverdiyev
/Jurnalist/ 

“Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, irsi olaraq verilən üzük istisnadır. İstifadə olunan üzüyün düşər-düşməzliyi var. Nişan üzüyünü bəxt üzüyü kimi adlandırmaq düzgün deyil. Ona görə ki bəxti, taleyi üzüklə bağlamaq olmaz. Bəxt, tale insanın öz əlindədir. Qızın bəxti açılıb ki, o, ailə qurur, daha hansı bəxt simvolundan söhbət gedə bilər. Nişan üzüyünü hədiyyə vermək və dəyişmək olmaz. Çünki o nişan artıq adlanıb, kiminsə adına alınıb. Amma satmaq olar. İmkansızlıqdan və yaxud da başqa hallarda…”

Elnurə Abuşova
/”Mövqe” qəzetinin əməkdaşı/

“Mən də pis baxıram işlənmiş üzüyü nişan üzüyü kimi gəlin üçün gətirənlərə. Günah onu gətirən oğlan evindədir. Bəxti nişan üzüyü ilə sınamaq düzgün deyil. Son vaxtlar ailələri dağılanlar ən bahalı nişan üzüklərinin sahibləridir. Ehtiyac üzündən satmaq olar. Onu dəyişmək üzüyün dəyərini itirir. Hədiyyə də uğurlu sayılmaz, mənə görə düşər-düşməzi olar”.

Mehri Səfərli
/“Qanun və tərəqqi” qəzetinin baş redaktoru/

“Üzük sahibi xoşbəxtdirsə, niyə istifadə olunmasın? Qızıl yaxşı auranı özündə saxladığına görə düşünürəm ki, əvvəllər istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək olar. Bəxtlə üzüyün əlaqəsi yoxdur. Metalın qismət, tale işində nə rolu? Bəxti yazan yazır. Satmaq, dəyişmək işinə yaxşı baxmıram. Amma əgər irsən birinə vermək istərəmsə, hədiyyə verə də, qəbul edə də bilərəm”.

Ziyəddin İsmayılov
/Qarabağ müharibəsi veteranı/

“Əvvəllər istifadə olunmuş üzükdən nişan üzüyü kimi istifadə etmək olar. Ona görə ki qızıl mirasdır. Nəsildən-nəslə, əldən-ələ keçir. Daima da istifadə olunur. Nişan üzüyünün bəxt üzüyü adlandırılması barədə eşitmişəm. Amma niyəsini dəqiq bilmirəm”.

İlhamə Rəsulova
/Jurnalist/

“Başqasının bəxt üzüyü ilk sahibinin enerjisini daşıdığına görə ondan başqasının istifadə etməsi səadət gətirmir. Bəxt üzüyü elə nişan üzüyüdür. Onu satmaq, dəyişmək və hədiyyə vermək olmaz. Əlavə edim ki, nişan üzükləri əslində nişan əlaməti kimi yox, cütlüklərin pis ruhlardan qorunması ritualı kimi yaranıb. Qızıl halqa sonsuzluq anlamındaydı və bu halqanın üzərində heç bir naxış olmamalıydı. Üzükləri taxan cütlərin pis, zalım ruhların sehrindən uzaq olunacağına inanardılar. Zaman keçdikcə indiki halını alaraq ilk məqsəd unuduldu”.

İlkin Quliyev 
/İqtisadci/

“Məncə, əvvəllər istifadə edilmiş üzükdən nişan üzüyü kimi istifadə olunması fərq etməz. Nişan üzüyünün bəxtlə heç bir əlaqəsi yoxdur. Nişan üzüyünü satmaq, dəyişmək və hədiyyə vermək olmaz”.

Təbriz VƏFALI

P.S. Sorğumuz davam etdiyi üçün vətəndaşlar sorğumuzda iştirak edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi