Bu il – 2023-cü il may ayının 10-da Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Son bir əsrdə bu böyük tarixi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın tarixi bünövrələri üzərində yüksələn ictimai-siyasi, sosial-iqtisadi, maddi-mənəvi, mədəni pillələr bu gün müxtəlif istiqamətlərdə araşdırılır, öyrənilir. Heydər Əliyev irsinin 100 illik tarixini səhifələyərkən, “Bir siyasi xadim, şəxsiyyət, dövlət rəhbəri, ziyalı, bir azərbaycanlı olaraq onun verdiyi dərslərdən hansı nəticələri çıxarmalıyıq, nəyi öyrənməliyik?” – sualı hərzamankı kimi aktualdır...
Versus.az Azərbaycan Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Nizami Cəfərovun müsahibəsini təqdim edir.
– Prezidentin Sərəncamı ilə bu ili “Heydər Əliyev İli” kimi qeyd edirik. “Heydər Əliyev İli”nin fəlsəfəsi son bir əsrdə formalaşan hansı əsas amilləri cilalayır, əks etdirir?
– Ümummilli Lider Heydər Əliyev gördüyü işlərin miqyasına, siyasi fəaliyyətinin məhsuldarlığına, cəsarəti və qətiyyətinə görə tarixdə çox az sayda şəxsiyyətlərlə müqayisə oluna bilər. Amma təbii ki, Heydər Əliyevin üstünlüyünü təmin edən çox amillər var. Birinci amil odur ki, Heydər Əliyev uzun müddət Azərbaycan Dövlətinə, dövlətçiliyinə, xalqına rəhbərlik edib və bu dövlətin inkişafında, ikinci mərhələdə həqiqi müstəqil dövlət kimi təqdim edilməsində fövqəladə xidmətləri olub.
Azərbaycanın azadlığı, müstəqilliyi, müstəqil Azərbaycan Dövlətinin qurulması Heydər Əliyevin adı ilə bağlıdır. Düzdür, əvvəlki dövrlərdə, Cümhuriyyət uğrunda Məhəmməd Əmin Rəsulzadə, Sovet Azərbaycanı yarandıqdan sonra Nəriman Nərimanov, Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan böyük tarixi şəxsiyyətlər – Həmid Sultanov, Qəzənfər Musabəyov, Ruhulla Axundov, Əliheydər Qarayevin böyük rolu, xidmətləri olub. Amma nə Cümhuriyyət dövründə, nə də Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə Vətənimizin milli iradəsini ifadə edən dövlət yaranmadı. Heydər Əliyevin hələ sovet dövründə hakimiyyətə gəlməsi və uzun müddət hakimiyyətdə olması ilə Azərbaycan Dövlətinin müstəqilliyinin elementləri, təzahürləri ortaya çıxdı. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə Azərbaycanın dirçəldilməsi, dünyada tanıdılması, daxili potensialının güclənməsi uğurla baş verdi. Sonrakı dövrdə, artıq Azərbaycan müstəqil dövlət kimi quruldu və bütün dünyaya öz müstəqil Azərbaycan adı ilə, dövlət olaraq bütün imkanları, yaradıcılıq gücü bütün dünyada təsdiq olundu.
–Ümummilli Lider necə öyrənilməlidir, buna nədən başlanılmalıdır?
- Doğrudur, bizim dövrümüz özünün mürəkkəbliyi ilə seçilir. Onu idarə etmək istəyən müxtəlif sionist, dini, qrup maraqları var. Belə bir vəziyyətdə Azərbaycan, həm də müəyyən istiqamətlərdə ona yönələn təsirləri hiss edir. Buna baxmayaraq, yenə də hamı Heydər Əliyevi yaxşı tanıyır, onun dünyadakı tarixi hünərini anlayır, dərk edir. Heydər Əliyevi anlamamaq, onun dəyərini bilməmək, dəyərləndirməmək, ya qəsdən, bilərəkdən ola bilər, ya da səriştəsizlikdən baş verə bilər. H.Əliyevi dərk edib-anlamaq üçün çox da uzaqgörən olmaq lazım deyil. Onun xidmətləri görünən bir şəxsiyyətdir. Dünyanın işlərindən başı çıxan hər kəs Heydər Əliyevin həm Azərbaycan, həm region üçün dəyərini anlayır. O cümlədən dünyanın böyük şəxsiyyətlərindən biri kimi, onun kim olduğunu hər kəs başa düşür.
Dahiləri hər dəfə yenidən öyrənmək lazmdır. Yeni dövr, yeni zaman yarandıqca, yeni problemlər meydana çıxır. Birinci növbədə düşünürük ki, görəsən dahilər bu işi necə həll edərdilər? Dahilər bu mənada həmişə bizdən öndə gediblər. Onların düşüncələri, şərhləri, təcrübələri həmişə bizim yolumuzda işıqlı bir mühit yaradır. Bu mənada Heydər Əliyevi yenidən öyrənmək lazımdır. Heydər Əliyev təcrübəsini nə qədər öyrənəcəyiksə, bir o qədər Azərbaycan üçün uğurlu olacaq. Azərbaycan Prezidenti də dəfələrlə deyib ki, biz Heydər Əliyevin yolu ilə gedirik. Azərbaycanın bütün düşüncə sahiblərinin hamısı Heydər Əliyevin yolu ilə gedirlər və bu yol Azərbaycanın yeganə inkişaf, tərəqqi və özünütəqdimetmə yoludur.
– Ümummilli Liderin Qarabağın azadlığı məsələsində atdığı addımlarla bağlı nələri qeyd etmək olar?
– Azərbaycanın qazandığı bu Zəfərin müəllifi dünya azərbaycanlılarının lideri, Azərbaycan Prezidenti İlham Əliyevdir. Heç kim üçün sirr deyil ki, İlham Əliyev məhz Heydər Əliyev yolu ilə getdiyinə görə Zəfərimiz qazanıldı. Bu yolun əsasını Ümummili Liderimiz müəyyənləşdirmişdi. Nə idi bu yol: birinci, düşməni daim nəzarətdə saxlamaq, iqtisadi, hərbi imkanları gücləndirmək, Azərbaycan xalqının gücünü qorumaq, inkişaf etdirmək, Azərbaycanı gələcək döyüşlərə, mübarizələrə hazırlamaq. O mübarizə ki, Azərbaycan xalqı oradan qalib çıxmalı idi. Eləcə də dünyada gedən prosesləri nəzarətdə saxlamaq, Azərbaycanın nüfuzunu dünyada yüksəltmək, dünyada dostlar qazanmaq, əlaqələr qurmaq. Məhz o əlaqələr vasitəsilə dünya bizim haqqımızı tanımalı, yaxud itirilmiş torpaqlarımızda tərəfdaş olmasa da, bizə qarşı çıxmamalı idi. Bütün bu kompleks tədbirlərin görülməsi Heydər Əliyevlə başladı. Eyni zamanda bu, elə bir Zəfər olmalı idi ki, az itki verilsin. Beləliklə, erməni separatçılarına, Ermənistanın sərsəm iddialarına, onların havadarlarına qarşı aparılan peşəkar mübarizənin bünövrəsni də Ümummilli Lider qoymuşdu. Təsadüfi deyil ki, Ümummilli Liderin televiziyada səslənən bu sözlərini xatırlayırıq: “Biz Şuşaya qayıdacağıq, Kəlbəcərə, Ağdama qayıdacağıq!..”. Yəni bu, Ümummilli Liderin böyük mənəvi iradəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Zəfər beynəlxalq səviyyəli ustalıqla həyata keçirildi.
– Heydər Əliyevin elmə, ədəbiyyata, incəsənətə, milli ruhumuzun oyanışına, Azərbaycan dilinin qorunmasına, Azərbaycançılığa töhfələri nədir? Heydər Əliyevin Azərbaycançılıq siyasətini, ideyasını necə dəyərləndirərdiniz?
-Heydər Əliyev sovet dövründən bəri həmişə elmə, mədəniyyətə, incəsənətə, şerə, ədəbiyyata xüsusi önəm verib. Yəni onun üçün xalqın milli ruhunu ifadə edən Azərbaycançılığın göstəriçiləri dildir, ədəbiyyatdır, mədəniyyətdir. Ondan sonra gələnlər elm, intellektual düşüncə, xalqın iradəsi, mənəviyyatı, əxlaqıdır. Heydər Əliyevin daim nəzarətdə saxladığı elə amillər olub ki, o, həm də səciyyəvi cəhətləri ilə ortaya çıxıb. Onlardan biri dili qorumaq, Azərbaycan dilinin yayılması üçün hər cür imkanlar yaratmaq, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini yaradan insanlara şəxsi qayğı göstərmək, onları qorumaq, normal fəaliyyətinə şərait yaratmaq, elmi, ədəbi, mədəni müəssisələr, təsisatlar açmaq və onların fəaliyyətini genişləndirməkdir. Eləcə də bizim müxtəlif sahələr üzrə peşəkarlarımızın dünyanın nüfuzlu müəssislərində təhsil almasını, işləməsini təmin etmək... Bütün bunların hamısı həm də Ümummilli Liderin Azərbaycançılıq uğrunda apardığı mübarizənin tərkib hissələridir.
– “Heydər Əliyev kursu” bu gün bizi tarixi Azərbaycan torpaqlarına aparıb çıxaracaqmı?
- Şübhəsiz. Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə çoxmərhələlidir. Heydər Əliyev ixtisas etibarilə tarixçi idi. O, heç kəsin bilməyəcəyi qədər xalqın tarixi dərinliklərinə varırdı. Biz çox ciddi müzakirələri, Ümummilli Liderin hansı ciddi məsələləri qaldırdığını görmüşük. O, kiməsə anlaşılmaz görünən və yaxud təsəvvürünün gedib- çıxmadığı tarixi qatları açıb-qaldırırdı və perspektiv təhlillər verirdi. Ona görə də şübhə etmirəm ki, Heydər Əliyevi oxuduqca görürük ki, o, Azərbaycanın tarixən mövcud olan sərhədlərini nəzərdən keçirir, gələcək perspektivdə o hüdudların, ərazilərin bərpasını ifadə edir. Həmin sahədə aparılan mübarizədə Heydər Əliyev həmişə bizə rəhbərlik edəcək.
– Heydər Əliyev dünyanın yaddaşında necə qalacaq?
- Heydər Əliyev Azərbaycan xalqının, dünyanın yaddaşında necə qalacağını özü çox aydın təsəvvür edib. O deyirdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam”. Bu gün hər bir azərbaycanlı o sözlərin miqyasını genişləndirərək deyə bilər: “Nə qədər ki, dünya var, Heydər Əliyev də var”. (Həftə içi)
Tahirə Qafarlı
Versus.az