"Sosial narazılıqlar, problemlər köklü olaraq qalır"
Milli Cəbhə Partiyasında (MCP) rayon şöbələrinin sədrlərinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə MCP-nin Mətbuat Xidmətindən bildirilib.
Tədbirdə çıxış edən MCP sədri, deputat Razi Nurullayev MCP-nin Azərbaycanda ilk partiyalardan biri olmasını hədəflədiklərini bildirərək, partiyanın ideoloji xəttini açıqlayıb:
“Milli Cəbhə Partiyasının ideoloji xətti sosial-demokratiyadır. Biz milli cəbhəçilər sosial demokratiya yolunu seçdik. Milli Cəbhə Partiyası sosial-demokratiya ideologiyasını ona görə seçdi ki, o kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya edə bilsin. Biz sosial-demokrat olan milli cəbhəçilər kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı hədəfləyirik".
Sədr partiyanın təməl prinsiplərindən danışıb:
"Milli Cəbhə Partiyası üçün təməl prinsipləri bərabərlik, Azadlıq və Həmrəylikdir. Biz milli cəbhəçilər olan sosial-demokratlar üçün sosial ədalət, sosial dövlət, sosial haqlar əsasdır".
Sosial problemlərə də toxunan partiya sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə təkliflərini səsləndirib:
"Sosial narazılıq bütün şəhər, rayon və kəndlərdə var. Neçə illərdir ki, Milli Cəbhə Partiyası deyir, çəkir, göstərir və konkret şəxslər üzrə məsələlər həll olunur. Problem isə köklü olaraq qalır. Biz on minlərlə fərdin sosial problemi ilə məşğul ola bilmərik axı. Bir deputat yerimiz var, vəzifəmiz də deyil, sosial müdaifə nazirliyinin isə minlərlə əməkdaşı var. Milli Cəbhə Partiyası təklif edir ki, nazirlik bütün şəhər, rayon və kəndlər üzrə missiyalar təşkil edərək həmin ərazinin icra başçısı, icra nümayəndəsi, bələdiyyə sədri və xalqın inandığı ağsaqqal və ağbirçəklə görüşsün. O insanlar xalq kömək etməsə acından ölə biləcək, küçələrdə qalacaq şəxsləri barmaqla göstərəcəklər".
Sonra şöbə sədrləri çıxış edərək fəaliyyətləri ilə bağlı hesabat verib, partyiya rəhbərliyinə suallar, təkliflər veriblər.
İclas qarşılıqlı dialoq, müzakirə formasında davam edib.
PƏRİ
Versus.Az