“Kəşfiyyat məlumatı”ilə proqnozun fərqinə varmayanlar

12:38 30-01-2019 | icon 832 | Kürsü
“Kəşfiyyat məlumatı”ilə proqnozun fərqinə varmayanlar

 

“Transparency İnternational”ın hesabatında özünü ifşa edən məqamlar

 

 

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

Müxalifətin tribunası rolunda çıxış edən “Turan” TV-nin “Söz arası” proqramının 9 yanvar tarixli buraxılışında bir nüans var: Avropa Birliyindəki keçmiş təmsilçi, “qiyamçı səfir” kimi tanınan Arif Məmmədov özünün anti-hakimiyyət iddialarına haqq qazandırmaq üçün “sübutlar” axtarır. Deyir ki, 2016-cı ildə Avropa İttifaqının “vacib şəxs”lərindən biri, “intellektual səviyyəli siyasi təhlilçi” ilə görüşüb. Keçmiş diplomatın adını çəkmək istəmədiyi həmən “siyasi təhlilçi” Azərbaycandakı durum barədə mülahizələri dinlədikdən sonar deyib ki, “yaxın 2 il müddətində Azərbaycanla bağlı heç nə gözlənilmir”. Ardınca vurğulayıb ki, yaxın 2 il müddətində, yəni 2017-2018 –ci illərdə Ermənistanda durum pisləşəcək, dəyişiklik olacaq. Yalnız ondan sonar, yəni Ermənistanda yeni düzən qurulandan sonar, Qərb təşkilatlarının diqqəti Azərbaycan üzərində fokuslaşacaq: “Beynəlxalq basqılar arta və Azərbaycan üzərində cəmləşə bilər”. Arif Məmmədov da 2019-cu ilin yanvar ayında deyir ki, “proqnozun bu qədər dəqiq çıxmasından heyrətlənib”: “Həqiqətən də Ermənistanda dəyişiklik oldu, indi də Azərbaycana qarşı beynəlxalq basqılar çoxalır, durum pisləşir”. Amma “qiyamçı səfir” ya bilərəkdən, ya da bilməyərəkdən izaha ehtiyacı olan bəzi məqamların üzərindən “sükutla keçir”. Demir ki, əgər 2 il sonar baş verəcək hadisənin adı, mahiyyəti, tarixi dəqiqliklə təsvir edilirsə, hətta saatına, dəqiqəsinə qədər vurğulanırsa, bu, artıq siyasi proqnoz deyil, kəşfiyyat məlumatıdır, planı cızılmış proqramdır. Beləcə, Arif Məmmədov mənsub olduğu keçmiş komandanı tənqid etmək istəyərkən, əks nəticə alınır: etiraf edir ki, bütövlükdə Cənubi Qafqaza, onun da tərkibində Azərbaycana istiqamətlənmiş bir proqram var. Müəlliflər yerli şəraiti, milli maraqları nəzərə almadan, nəyin hesabına olursa-olsun, öz proqramlarını gerçəkləşdirmək istəyirlər və indiki basqılar da bunun nəticəsidir. Baxaq, Azərbaycanda qəfildən bir Mehman Hüseynov olayı meydana çıxır. Azərbaycan Prezidenti olaya müdaxilə edir, problem çözülür, işlər yoluna qoyulur. Amma nə Avropa Parlamenti, nə “Washington Post”, nə də ABŞ Konqresinin Helsinki komissiyasının ermənipərəst təmsilçiləri susmaq bilmirlər. Fotobloqçu üzərində fokuslaşan, əslində Azərbaycana təzyiq üçün qurulan bəyanatlar, açıqlamalar bir-birinin ardınca düzülüb. Nəhayət, Mehman Hüseynovun videomüraciəti yayıldı, adam öz dili və görüntüləri ilə durumun fərqli olduğunu nümayiş etdirdi, “beynəlxalq təşkilatları” rəzil duruma saldı, Azərbaycanı tənqid etmək üçün qondardıqları bəhanəni onların əllərindən aldı. Amma onlar yenə də dayanmırlar, indi də başqa variant işlədirlər. Qərb dairələrinin siyasi sifarişlərinin icraçılarından daha biri, “Transparency İnternational” prosesə qatılıb. Təşkilat yanvarın 29-da illik hesabat yayıb və “Azərbaycanı korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yerə” layiq görüb. Təşkilat hesabatında qeyd edir ki, “son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslər aşkar edilib”. Guya ki, bu “bir ildə ortaya çıxan məqamlara görə” də Azərbaycanın adını nə az-nə çox, birdəfəyə 50 pillə geri atıb?! Bəli, ötən 5 il yaxşı olub, özləri də etiraf edirlər, ndi də yaxşıdır. Sadəcə indi Arif Məmmədovun dili ilə desək, “Aİ siyasi təhlilçisinin”, reallıqda isə, avropalı kəşfiyyatçının dediyi məqam yetişib. Təbii ki, “Transparency İnternational” da bu kampaniyaya qatılmalı, öz hesabatını uyğunlaşdırmalı, “Washington Post”, Avropa Parlamenti, ABŞ Konqresinin Helsinki komissiyasının ermənipərəst rəhbərliyi ilə eyni cərgədə görünməlidir. “Transparency İnternational”ın hesabatının qondarma olduğunu, yalançı faktlar üzərində, siyasi konyekturaya uyğun qurulduğunu ifşa edən daha bir nüans var. Korrupsiya İndeksində Ermənistan 105-ci yerdə, yəni Azərbaycandan 47 pillə önə çəkilib. Amma bütün dünya bilir ki, 2018-ci ildə Ermənistanın hakim komandasının çoxsaylı üzvləri, keçmiş prezident Köçəryan da daxil olmaqla, həbsə atılıblar. Barələrində korrupsiya hallarına görə ittihamlar da var. Deməli, ermənilər özləri “bizdə dövlət başçısı səviyəsində korrupsiya cinayətləri var” deyirlər, “Transparency İnternational” isə onları “korrupsiya cinayətlərinin azlığına görə “ hörmətli pillədə yerləşdirir. Bu, nə məntiq, nə obyektivlikdir?

 

Bu halda təbii sual yaranır: xalq misalında deyildiyi kimi, “biri ayda, biri çayda yerləşən” bu təşkilatları, “Transparency İnternational”ı, Avropa Parlamentini, “Washington Post”u, Helsinki komissiyasını və sairi toplayıb bir xətt ətrafında düzən, təşkilatlandıran, sinxron fəaliyyətə sövq kimdir, Azərbaycanda nə marağı var?

“Transparency İnternational” fərqli davrana bilərdimi?

Müşahidələr göstərir ki, bənzər proqramlar Qərb, daha doğrusu, ABŞ texnoloqları tərəfindən dəfələrlə icra edilib. Məkan və məqsəd fərqli olsa da, texnologiya bənzərdir. Faktlar sübut edir ki, ABŞ 2-ci Dünya Müharibəsindən ötən 70 il müddətində Avropa məkanını, o cümlədən, nüfuz dairəsində olan digər dünya dövlətlərini belə mexanizmlərlə idarə edib: ABŞ-ın bu yerlərdə maraqları təhlükəyə düşəndə, yaxud, hansısa yeni situasiya yetişəndə “beynəlxalq QHT-lər”in, “donor institutların, “dövlətlərarası təşkilatların”, həmçinin, ayrı-ayrı dövlətlərin ərazisində zaman-zaman təşkilatlandırılmış “5-ci kalon” təmsilçilərinin “prinsipiallıq duyğusu” da baş qaldırır, sinxron canlanma başlayır. ABŞ-ın təsir dairəsində olan “vətəndaş cəmiyyəti institutları” vasitəsilə səfərbər olunan cəmiyyətlər milli hökumətləri fakt qarşısında qoymaqla, onları güzəştlərə sövq edə bilirlər.

 

Bu cür proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə “milli QHT”-lər var ki, adları Avropalı, ürəkləri Amerikalıdır. Nümunə olaraq bir misal göstərək: Böyük Britaniyanın məşhur QHT-ləri sırasından dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdikləri arasında Artikl-19 ilk cərgədə dayanır. Bu təşkilat Böyük Britaniya QHT-si olaraq digər ölkələrdə, o cümlədən, Azərbaycanda da çoxlu layihələr icra edib, vətəndaş cəmiyyəti institutlarına nüfuz edib. Bəs Artikl-19-un üzdə olan simaları kimdir? “Üzdə olan fiqur” məsələsi zamana bağlı bir haldır: maraq hansı ölkə üzərində cəmlənirsə, o ölkəni yaxşı bilən şəxs tapılıb üzə çıxırılır, təşkilatın təmsilçisi kimi təqdim edilir. 2012-2015-ci illərdə təşkilatın “aparıcı fiqurlarından biri” Rebeka Vinsent olub. Amma Rebeka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan ən böyük antiAzərbaycan kampaniyalardan birinin, 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru olub. Bu qrupu isə Artikl-19-un təmsilçisi qismində formalaşdırıb. Deməli, təqribən belə bir təsvir yaradılır ki, Britaniya təşkilatları anti-Azərbaycan kampaniya keçirirlər, amma işin arxasından ABŞ çıxır. Artikl-19-u, Rebeka Vinsenti bir nümunə olaraq dedik, Azərbaycan cəmiyyəti onları yaxşı tanıdığı üçün. Belə təşkilatlar və şəxslər onlarla, yüzlərlədir. “Transparency İnternational” da bu sıradadır. “Transparency İnternational”ın bu cür siyasi sifarişləri icra etməsi faktı dəfələrlə sübut olunub.

 

Bu “beynəlxalq QHT-lər” əsas vəsaiti National Endowment for Democracy (NED) və buna bənzər digər ABŞ donorlarından alırlar. Hansı ki, onların da büdcəsi USAİD vasitəsilə ABŞ Dövlət Departamentinə bağlanır. Kələfin ucu elə dolaşdırılıb ki, sonuca çıxmaq hər kəsə nəsib olmasın. Yəni, Avropada, o cümlədən, bölgəmizdə cərəyan edən proseslərin bilavasitə ABŞ-dan idarə edilməsi aydınlaşmasın. Beləki, ABŞ özünü bu hadisələrdən bir qədər kənarda qalmış kimi göstərir, əvəzində isə Avropa ölkələrini hədəfə çevirir. Bütün proseslərə təsirini Avropa mediası, Avropa QHT-ləri vasitəsilə göstərir. Bütövlükdə Avropa məkanı ABŞ-dan idarə olunan QHT toruna bükülüb ki, Azərbaycan üzərində oynanılan oyunlar, bu sxemin aydın dərk edilməsinə yardım göstərir.

 

ABŞ-ın Avropanın təkcə QHT sektorundan deyil, bu məkanda yerləşən beynəlxalq təşkilatlardan, xüsusən, dövlətlərarası təşkilatlardan da istifadə etdiyi faktı ortadadır. Proseslərdə Avropa Parlamenti, ATƏT- kimi qurumlar, onların ayrı-ayrı strukturları da var. 2015-ci ildə ATƏT-də Azərbaycan əleyhinə kampaniyaya ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin rəhbərlik etdiyi faktını, yəqin ki, hər kəs xatırlayır.

Maraq nədir?

Dünyada təkqütblü düzən dönəmi sona yetir. ABŞ-ın on illər ərzində qurduğu sistem dağılır. Rusiya-Türkiyə-İran, Çin, Avropa birlikləri kimi yeni formatlar, güc mərkəzləri formalaşır. Bu mərkəzlərin hər biri inkişaf etmək üçün müxtəlif formatlı, siyasi, iqtisadi, sosial-mədəni proqramlar tətbiq edirlər. Azərbaycan strateji baxımdan elə mövqedədir ki, bu proqramlardan hər birinə qatıla, onlar üçün töhvə verə bilər. Bəs ölkəmizin özünün milli marağı nədir? Bu milli marağı masaya yatırmaması üçün ölkəmizə qarşı ciddi basqı var. Görünən budur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol