Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil

12:14 11-02-2019 | icon 1870 | Cəmiyyət
Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil

 

İraqdakı savaşlardan, terror, İŞİD hücumlarından uzaq və güvənli şəhər

 

 

XIV YAZI

 

 

(Əvvəli ötən saylarımızda) 

 

İraq səfərim sırasında növbəti şəhər Ərbildir. İraqın və dünyanın ən qədim şəhərlərindən biri. Oncə səndə belə bir fikir yaranır ki, illərdir müharibələrin, daxili qarşıdurmaların, terrorun, İŞİD hüçumlarının zərbə vurdugu, dağınıq, yorğun olan İraqda deyil, başqa ölkədəsən. Geniş, rahat yolları, körpüləri ilə diqqətimi çəkən, göydələnlərin ucaldığı, dünyanın ən bahalı hotellərinin, AVM-rin, brend magazaların, supermarketlərin, restoran və kafelərin, son model avtomobillərin olduğu şəhər...

 

Yolumun üstündə gördüklərim bunlardır. Gerçəkdən də buranı İraqın müharibə görməyən şəhəri adlandırmaq olar. Hansı ki, İŞİD-in bu ərazilərə yaxınlaşması ilə koalisiya qüvvələri fəallaşmağa başlayıblar və Ərbilə olan təhlükənin qarşısı alınıb. Açığını deyim ki, əvvəlcədən şəhər haqqında məlumatım var idi, amma bu qədər fərqində deyildim. Ərbil həm də Kürdüstan muxtariyyətinin mərkəzidir.

 

Ərbil şəhər şurası sədrinin müavini, Şimali İraq parlamentinin beş millət vəkilindən biri olan Azat Kürəçi və oğlu Yaşatla birlikdə Ərbillə yaxından tanış olduqca, şəhərin qədim məhəllələrində, çarşısında, qalasında, sadə, gözəl türkman qardaşlarımızla söhbətdə, hər addımda türk izləri ilə qarşılaşıram. Qədim türkmən şəhəri Ərbili tanıdıqça doğmalaşır, mənə elə gəlir ki, heç bura ilk gəlişim deyil.

  

 

Bəli, bu qədim türkmən şəhərinə kürdlər, ərəblər və başqa xalqlar sonradan gəliblər. Azat bəylə, Yaşatla şəhərin qədim məhəllələrini gəzirik. Bir az İçərişəhəri xatırladan dar küçələr, yarısökülmüş qədim tikililər, evlər. Bu yerlərin 2 əsrdən çox yaşı var. Evlərin çoxu boşdur, bir neçəsində yaşayış var, yerli sakinlər başqa ərazilərə köçürülüb. Məhəllə ilə tanış olarkən türkmən qardaşlarımızın səsini eşidirəm. Azat bəy deyir ki, Ərbildə fəaliyyət göstərən türkmən teatrının və ədəbiyyat dərnəyinin üzvləridir. Görüşürük, bir gün sonra keçirəcəkləri tədbirə dəvət edirlər. Təbii ki, böyük məmuniyyətlə qatılardım, amma sabah Bakıya qayıdacağımı bildirirəm və təşəkkür edirəm. Elə onlarla birlikdə həyətə daxil oluruq. Həyətdəki böyük evi vaxtilə bir türkmən tikdirib və burada çəmi bir neçə il yaşayıb, dünyasını dəyişib. Xeyli otaqları, salonları olan ev yenidən təmir olunur və təmirdən sonra sözügedən türkmən dərnəyi bu evdə fəaliyyətini davam etdirəcək. Onlara ugurlar diləyib, yolumuza davam edirik.

 

Belə bir deyim var: “Harada kayseri, qalalar varsa, demək ki, oranı türklər tikdirib, türklərə məxsusdur”. Bu da qədim, gözəl, Şərq memarlığının nümunələrini özündə çəmləşdirən Kayseri çarşısı. İstədiyiniz hər şeyi burada tapa bilərsiniz, eyni zamanda da, tarixi bir tikilini gəzirsiniz. Demək olar ki, burada çalışanların çoxu türkmənlərdir. Hamısı Azat abi ilə çox səmimi görüşür, çaya, kofeyə dəvət edirlər. Mənim Bakıdan gəldiyimi deyəndə, Türkmənelində, Kərkükdə olduğu kimi Ərbildə də qardaşlarımızın sevincini görürəm. Hər biri Azərbaycan barədə soruşur, salam göndərirlər. Burada da özünü qardaşlarının arasında hiss edirsən, yadlıq, qəribçilik deyə bir şey yoxdur.

 

Çarşının qarşı tərəfində məşhur Ərbil qalası ucalır. Qeyd edim ki, qala 2015-ci ildə YUNESKO-nun irs siyahısına daxil edilib. Aparılan araşdırmaların nəticəsi olaraq, qalanın 4,5 minillik tarixi var. Buranı hər gün çox sayda insan, Ərbilə gələn turistlər ziyarət edir. Hazırda da restavrasiya işləri aparılan qalanın bir neçə qapısı var. Bir neçə giriş qapısı olan qalaya Əhmədiyyə adlanan darvazadan daxil oluruq. Müdafiə məqsədilə tikilən bu tarixi məkan əslində, qədim bir şəhəri xatırladır. Burada qədim məscid, mədrəsə, hamam, karvansara, mağazalar, yaşayış evləri və s. var. Bir neçə il əvvələ qədər bu evlərdə yaşayış olub. Qalada yerləşən suvenirlər, qədim əşyalar satılan böyük dükanda çoxlu alıçı var, muzeyi xatırladan gözəl məkanda Azərbaycan muğamları səslənir. Dükanın sahibi olan türkmən qardaşımız Azərbaycanı, onun musiqisini çox sevdiyini deyir. Şərq memarlıq üslubunun ən gözəl nümunələrindən biri olan qədim Ərbil qalasında insan özünü min illər öncədə hiss edir. Və burada da türk izləri  açıq-aşkar görünür. Bu qalalarda yaşayanlar da bizim babalarımız olublar. İndi də onların ruhları yaşayır. Səfər etdiyim ölkələrin, şəhərlərin tarixi yerlərini, qədim hissəsi daha çox çəkir məni. Bu mənada deyə bilərəm ki, Ərbilin qədim hissəsini daha çox sevdim.

 

Əslində, şəhər mərkəzi Ərbil qalası olaraq qəbul edilir. Yuxarıdan, yəni qaladan baxdığın zaman da görünür ki, şəhər qalanın ətrafında qurulub. Buradan dairəvi yollar salınıb, şəhər də bu dairəvi yollara paralel olaraq böyüyüb, inkişaf edib.

 

Ərbildəki restoranların, kafelərin çoxunun sahibi Türkiyədən gələn qardaşlarımızdır. Türkiyə geyim markalarının demək olar ki, əksəriyyətinin burada mağazaları var. Ümumiyyətlə, hər yerdəTürkiyə istehsalı olan məhsullara rast gəlirsən.

 

Şəhərdə ictimai nəqliyyata rast gəlmirəm. Amma öyrənirəm ki, az da olsa, var. 3 milyona yaxın əhalisi olan şəhərdə şəxsi avtomobillərə və taksilərə üstünlük verilir. Taksilərin sayı çox, qiymətləri həddindən artıq ucuzdur. İstər yerli sakinlər, istərsə də şəhərə gələn qonaqlar, turistlər taksilərdən daha çox istifadə edirlər. Ölkədəki ümumi vəziyyəti, yaxın keçmişdə baş verənləri nəzərə alsaq, eləcə də terror, İŞİD təhlükəsi bu mənada İraq turist ölkəsi olaraq qəbul edilmir, təbii ki, dini turizmi çıxmaq şərtilə. Amma Ərbilə gələnlərin sayında hər il artım olur. Xüsusilə də Ərbil qalası YUNESKO-nun irs siyasına daxil edildikdən sonra. İraqın hər yerində olduğu kimi, Ərbildə də elektrik problemi mövcuddur. Elə buna görə də bütün hotellər, AVM-lər, super marketlər, digər yerlərdə generatorlar işləyir, bu da elektrik problemini o qədər hiss etdirmir.

 

Ərbildə spirtli içkilər satılan məkanlar eyni səmtdə yer alır. Belə ki, bura şəhərin xristianlar yaşayan bölgəsidir və Ankava adlanır. Bu bölgədə böyük kilsə də yerləşir. Bazar günü kilsədə ayinlər keçirilir.

Bir nüansı da qeyd edim ki, Ramazan ayında xristianlar müsalman qardaşlarına hörmət əlaməti olaraq spirtli içkilər satılan bütün məkanları qapadırlar.

 

Qeyd edim, Ərbildəki bütün yeni, müasir tikililəri, layihələri Türkiyə şirkətləri, türk iş adamları həyata keçirirlər. Hazırda Ərbildə 40-dan artıq ölkənin konsulluğu fəaliyyət göstərir, bunların arasında Türkiyə Başkonsulluğu da var.

 

Şəhərlə tanış olduqca, bəzi lövhələrdə türkmən türkcəsinə rast gəlirəm. Elə Türkməneli Partiyasının Ərbil Şəhər Bürosunun qarşısındakı lövhədə də türkməncə yazılıb. Öyrənirəm ki, Kürdüstan muxtariyyəti parlamenti Türkmən türkcəsinin rəsmi dil olaraq işlədilməsi ilə bağlı qərar qəbul edib. Qərara görə kürd və ərəbcədən başqa Türkmən dili də rəsmi dil olaraq işlənəcək.

 

2018-ci ilin 30 sentyabrında Kürdistan muxtariyyətinə keçirilən parlament seçkilərində 111 millət vəkilndən 5 nəfəri türkməndir. Ərbildə onlardan biri olan Azat Kürəci ilə həmsöhbət oldum. Bu barədə növbəti yazımda.

 

(Ardı gələn sayımızda)

 

Aganisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı