“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

02:52 12-02-2019 | icon 940 | Cəmiyyət
“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

 

Azat Kürəçi: “Türkmən kimliyimizlə, varlığımızla öz torpaqlarımızda yaşamaq haqqımızdır”

 

 

XV YAZI

 

 

(Əvvəli ötən saylarımızda)

 

Ötən yazımda qeyd etmişdim ki, 2018-ci ilin 30 sentyabrında Kürdistan muxtariyyətində parlament seçkiləri keçirildi. 111 millət vəkilndən 5 nəfəri türkməndir. Ərbildə onlardan biri olan Azat Kürəci ilə həmsöhbət oldum.

 

Yadımdadır ki, Azat bəy andiçmə mərasiminə türkmən milli geyimində getmişdi və türkmən dilində də and içmişdi. Seçkilərə Millət siyahısından qatılmışdı.

 

- Azat bəy, andiçmədən sonra bildirmişdiniz ki, bu müddətdə millətimiz üçün gözəl işlər görəcəyik, dürüst bir şəkildə addımlar ataçağıq. Millətimizin qarşısında and içdik, dediyimiz kimi dürüstcə çalışacagıq. İnşALLAH, millətimiz üçün xeyirli-uğurlu olar.

 

 

- Bəli, biz bu seçkilərə millətimiz üçün qatıldıq. Məqsədimiz yalnız türkmən xalqına bacardığımız qədər xidmət etməkdir. Osmanlının bölgədən çəkilməsi ilə İraq türkmənlərinə qarşı sistemli bir assimiliasiya siyasəti həyata keçirilib. Onlar min illər boyu var olduqları ata-baba torpaqlarından didərgin salınıblar, əvəzində türkmən torpaqlarına kürdlər və ərəblər köçürülüb. Türkmənlərin çoxluq təşkil etdiyi öz bölgələrində də həmişə idarəetmədə ərəblər və kürdlər yer alıb. Biz parlamentə formal olaraq qatılmamışıq, təmsil etdiyimiz millətimiz adına idarəetmədə də yer almaq istəyirik. Təbii ki, mövcud sistem səbəbi ilə haqq edən insanlar vəzifə bölgüsündə təmsil olunmurlar. Amma biz çalışırıq ki, haqqı çatan hər kəs təmsil olunsun. Eşitliyin, bərabərliyin, ən başda da haqqın tərəfdarıyıq.

 

- Azat bəy, bilmirəm bu informasiya nə dərəcədə doğrudur, belə məlumat aldım ki, Ərbildə yaşayan türkmənlərin bəzisi türkmən kimliklərini gizlədir, kürd kimlikləri alırlar. Hansı ki, vaxtilə buranın yerli əhalisi türkmənlər ən böyük say çoxluğuna malik olublar.

 

 

- Təəssüf ki, doğrudur. Buradakı minlərlə türkmən getdikcə dillərini və millətlərini unutdular, kimliklərində də türkmən deyil, kürd yazılır. Təbii ki, bu zaman-zaman türkmənlərə qarşı olan baskıların, ayrı-seçkiliklərin nəticəsi idi. Türkmənsənsə, hər yerdən uzaqlaşdırılırsan, iş tapmaqda, çalışmaqda zorluq çəkisən, müxtəlif təzyiqlərlə qarşılaşırsan. Bütün bunlara, baskılara qarşı milli mənliyimizi, kimliyimizi qoruyub saxlamaq, ayaqda qalmaq ən böyük borcumuzdur və biz bunu bacarmaq zorundayıq.

 

Bu coğrafiyada ən çox haqsızlıqlarla qarşı-qarşıya qalan millət biz olmuşuq. Amma atalarımızdan yadigar qalan bu torpaqlarda haqqımız olana sahib çıxmaq, var olmaq üçün çalışmalıyıq, onların yolunu davam etdirməliyik. Tariximizi, mədəniyyətimizi, dilimizi qorumaqla birlikdə, sabahkı nəsillərə əmanət etməliyik, neçə ki, biz də babalarımızdan əmanət almışıq.

 

 

- Bildiyim qədər türkmən türkçəsinin burada kürd və ərəb dillərindən sonra rəsmi dil kimi işlənməsi ilə bağlı qərar qəbul edilib. Türkmən qardaşlarımızın çoxluq təşkil etdikləri yerlərdə, qurumlarda və sair. Eyni zamanda da türkməncə lövhələrin vurulması.

 

 

- Yuxarıda qeyd etdiyim kimi, bu bölgədə türkmənlərin sayı göstərildiyindən qat-qat çoxdur və məlum səbəblərdən kimliklərini gizlətməyə məcbur olublar. Mənim istəyim odur ki, burda da türk dilində çıxan qəzetlər, dərgilər, televiziya və radiolar olsun. Ərbildə 15, Kifrədə 3 məktəbimiz var. Amma bu məktəblərin müasir standartlara cavab verməsi üçün yenidən təmirə ehtiyacları var. Biz türkmən varlığının bu bölgədə var olması üçün seçkilərə qatıldıq. Siyasətimizi də hökumətlə xoşməramlı əlaqələr, bölgə şərtlərinin imkanları istiqamətində həyata keçiririk. Bütün yerli və mərkəzi idarəetmədə İraq türkmənlərinin yer alması üçün çalışırıq. Biz burada barış içərisində yaşamaq istəyirik. Buna görə də öz kimliyimizlə, öz varlığımızla yaşama mübarizəsi aparırıq. Türkmənlərin haklarına hörmət ediləcəyinə inanıram.

 

 

- Azat bəy, türkmənlər yeni hökumətdə baş nazirin müavini və bir nazirlə təmsil olunmaq rəsmi tələbini irəli sürüblər. Sizcə bu tələb qəbul ediləcəkmi?

 

 

- Hər kabinetdə türkmənlərə bir bakanlık verilirdi. Öncədən də bildirmişdik ki, hökumətin qurulmasında bizimlə siyasi tərəf kimi deyil, millət olaraq müzakirələr aparılmalıdır. Bu dəfə baş nazirin müavinin də türkmən olmasını danışıqlar masasına gətirdik. Fikrimcə, bu, türkmənlərin haqqıdır. Yenə də qeyd edirəm ki, biz bütün bunları millətimiz üçün istəyirik. Çünki uzun illərdir ki, İraq türkmənləri yaşadıqları bütün bölgələrdə, öz torpaqlarında da əzab-əziyyət, zülmlərlə qarşılaşdılar. Osmanlıdan bu yana biz öz torpaqlarımızda rahat yaşaya bilmədik. Səddam dönəmində türkmənlərə qarşı tarixin ən böyük, dəhşətli qətliamları, soyqırımları həyata keçirildi. Səddam rejimi ümumiyyətlə türkmənləri, onların dilini, mədəniyyətini, varlığını silmək istəyirdi. Qaçqın, köç həyatı deyəndə İraqda ilk yada düşən millət türkmənlərdir. 2003-cü ildən sonra da, İŞİD hücumlarında da ən çox qurbanlar, şəhid verən türkmənlər olub. Zaman-zaman ayaqda qalmaq, var olmaq üçün böyük mücadilələr vermişik. Təbii ki, Ərbil türkmənləri də. Bilirsinizmi, bütün bunlar türkmənləri mənəvi olaraq yorub. Bayaq sual verdiniz, Ərbildə türkmənlərin öz kimliklərini, millətlərini dəyişməsi ilə bağlı. Biz burada bütün güçümüzlə çalışmalıyıq ki, bölgədə yaşayan türkmənlərin haqq etdikləri yaşamı onlara verə bilək. Və heç kim kimliyini, millətini dəyişdirmək barədə düşünməsin. Bütün çalışmalarımız yalnız bunun üzərində qurulub. Biz özümüz, şəxsimiz üçün deyil, türkmənlər üçün parlamentdəyik, yeni qurulan hökumətdə daha çox yer almaq, təmsil olunmaq istəyirik. Ümid edirəm ki, bu istəyimizə də nail olacağıq.

 

 

- Azad bəy, maraqlı söhbət, eyni zamanda, Ərbillə yaxından tanışlıq üçün sizə çox təşəkkür edirəm. Ərbili gəzərkən yerli əhalinin, türkmən qardaşlarımızın sizə necə böyük hörmət göstərdiklərinin, sevgilərinin şahidi oldum. Siz də sadəliyinizlə demək ki, onların inamlarını doğrulda bilmisiniz. Bu yolda – İraq türkmənlərinin var olması yolunda verdiyiniz mücadilədə yalnız uğurlar diləyirəm.

 

 

(Ardı gələn sayımızda)

 

Aganisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI