Mehriban Əliyeva - Azərbaycan türk qadınının nümunəsi

09:55 26-08-2023 | icon 184 | Siyasət
Mehriban Əliyeva - Azərbaycan türk qadınının nümunəsi

Bu gün Mehriban Əliyevanın doğum günüdür

 

Mehriban xanım Əliyevanın həyat kitabını səhifələdikcə orada bəşəri dəyərləri cəmləşdirən, gözəlləşdirən, ona sevgi, mərhəmət, mehribanlıq, humanistlik qatan bir şəxsiyyətin, Azərbaycan qadınının zəngin, mükəmməl obrazını görürük. O kitabı səhifələdikcə qarşımızda yüksək əxlaqi dəyərlərlə böyüyən intellektli bir gəncin təhsili, imza atdığı uğurlar, nəhayət bir həyat yoldaşı, bir ana, Azərbaycan türk xanımı, öz dövləti, milləti, onun xoş gələcəyi, inkişafı naminə yorulmadan çalışan bir şəxsiyyətin, görkəmli ictimai siyasi, dövlət xadiminin zəngin həyat yolu açılır.

 

Mehriban xanım Əliyeva mətinli duruşu ilə dünyaya bir Azərbaycan türk qadınının örnəyini tədim edir.

 

Təbii ki, Mehriban xanım Əliyeva şəxsiyyətinin bugünkü tablosu, malik olduğu milli-mənəvi zənginlik, yüksək intellektə sahib olması doğulduğu ailənin dərin tarixi köklərindən qidalanaraq formalaşıb. Mehriban xanımın öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.

 

Mehriban xanımın qadının ailədəki rolu haqqında düşüncələri...

 

Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib, bu məsələyə xüsusi həssaslıqla yanaşıb.

 

“Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur” -deyə, Mehriban Əliyeva ailə institunun formalaşmasında mühüm amilləri önə çəkib.

 

Mehriban xanım eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir:

 

“Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

 

Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. O, Azərbaycan ailəsini anlayışlı, sevgi ilə dolu görür və məhz hər bir Azərbaycan qadınına, kişisinə bunu tövsiyə edir.

 

“Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm” -deyir, Mehriban xanım...

 

Mehriban xanımın ilk fəaliyyəti və düşüncələri...

 

Mehriban xanım Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dilində çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.

 

O, müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini daha maraqlı şəkildə izah etmişdi:

 

"Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

 

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Yol xəritəsi ilə...

 

Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir. Mehriban xanım Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədlərinin gerçəkləşməsi üçün bu gün də müəyyən olunan həmin yol xəritəsi ilə uğurla addımlayır.

 

Fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olub. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Heydər Əliyev Fondu mütəmadi olaraq uşaqlar üçün bayram şənlikləri təşkil edir, uşaqları sevindirməsi xüsusilə bir bayram ovqatı yardır.

 

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaqların, şəhid övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqları hər zaman qayğı ilə əhatə edir. Mehriban xanımın uşaqların həyatına sevinc qatması, onlara nəvazişlə yanaşması qüsusilə diqqətəlayiq bir məqamdır.

 

Azərbaycanın Humanizm prinsiplərinə sadiq insan...

 

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. O, hələ 2007-ci il 8 mayında hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd edib:

 

“...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".

 

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb. O, bu təşəbbüsü ənənəyə çevirib. 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdı.

 

İlk dəfə olaraq "birinci xanım" statusunu formalaşdıran Mehriban Əliyeva...

 

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu formalaşdıran Mehriban Əliyeva cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib.

 

Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi olan Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır…

 

Ali Ordenin sahibi...

 

Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir.

 

21 yanvar 2016-cı ildə, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

 

Onun qazandığı titullardan biri və...

 

Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilən Mehriban xanım 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

 

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Mehriban Əliyevanın dünya üzrə gördüyü işlərə verilən qiymət, ona verilən titullar, mükafatlar saysızdır, sadalamaqla bitməz...

 

Mehriban xanım bəşəri dəyərlərə, xalqların, milətlərin mədəni irsinə, böyük hörmət və hərarətlə yanaşan sözün əsl mənasında qızıl ürəyə sahib bir insandır.  Bu insan bu gün də öz qayğı və diqqətini vətən uğrunda canını verən, qanını tökən şəhid ailələri və qazilərin üzərindən əskiltmir, onların sağlamlığına qovuşması, öz həyatını davam etməs üçün əlindən gələni əsirgəmir.

 

Ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanımı doğum günü münasibətilə təbrik edirik!

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Mədəkiçiltmə erasının sonu gəlir

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA