Kimi ADın, Kimi DADın, Kimi ZADın yaltağı...

13:57 25-02-2019 | icon 1109 | Köşə
Kimi ADın, Kimi DADın, Kimi ZADın yaltağı...

 yaltaqlıq haqqında monoqrafiya

 

 PAKİZƏ BABAZADƏ

 

Yaltaqlığın kökü varmı?
Yaltaqlığın layı varmı?
Daş qatında, tunc qatında
Görən yaltaq tapılarmı?
(Ə.Salahzadə)

 

Görəsən nə zaman yaranıb yaltaqlıq və ilk yaltaq kim olub? Kimi deyir elə insan yarandığı vaxtdan yaranıb, kimi hakimiyyətin meydana çıxması, kimi də "saray əxlaqının" məhsulu kimi tanımlıyır. Psixoloqlara görə isə bu xəstəlikdir, üstünə üstlük də genetikdir, irsən keçir. Hansı doğrudur bilməsək də, hamısında bir həqiqət payının olduğu məlumdur.

 

Con Miltonun "yerində olmayan tərif" kimi dəyərləndirdiyi bu məfhumun qısa tərifi belədir: "Yaltaqlıq mənəviyyatdan yoxsul, özünə sayğısını itirmiş, alçalmaqdan çəkinməyən insanın xarakter özəlliyidir".

 

Qısacası ləyaqətin önəmsənmədiyi toplumlarda bir yol olaraq görülür - layiq olmadığı yerə sahiblənmək, yüksəlmək, maddi mənfəət güdülən bir yol.

 

Engelsə görə bütün yaltaqlar yalançı olur ki, bu da təbiidir. Çünki Yaltaqlıq Yalanın övladıdır. Hətta Yalanın ən iyrənc forması kimi ün qazanıb.

 

Qəribəsi budur ki, bir çox düşünürə görə yaltaqlığın əsas mənbəyi Şərqdir. Əslinə baxsaq yarış atlarına bənzəyən yaltaq sürüsünün qaçış arenasına bu gün ancaq Şərqdə rast gəlinir ki, yaltaqlığın bayağı, şit bəzək-düzəyi Şərqin göstərişli, təm-taraqlı mahiyyəti ilə uyumludur.

 

Yaltaqlıq ən ucuz əmtəədir, buna görə də müştərisi bol olur. Yaltaqlıq sərmayəçiləri yatırımları üçün hər zaman münbit sahə tapırlar. Onlar ləyaqəti bol kisədən xərcləyərək mövqe qazanırlar.

 

Çoxlarının "çörək ağacı"dır bu sərmayə. Ticarət uğurlu olarsa, daha çox "ürün" satılır. Satan da məmnun, alan da...

 

Yaltaqlığın yetişdiyi ən münbit torpaq QORXUdur. Ən Çox burada qollanır-budaqlanır, sarmaşıq kimi hər tərəfə yayılır. Kimi işini itirməkdən qorxur, kimisi vəzifəsindən. Bu zaman yaltaqlıq köməyə gəlir. Çünki həm də bu şəraiti yaradanların sığındığı, tutunduğu vasitədir yaltaqlıq. Hörmət qazana bilməyən üstəki Qorxunun yaratdığı yaltaqlıqla ətrafındakıları idarə edir. Stiven Reichin dediyi kimi: "Gerçəkdən böyük olmayan "böyük adamlar" çevrələrini kiçik adamlarla əhatə edir".

 

Amma burda ən böyük günah birincilərin, yəni yaltaqlarındır. Ləyaqətlərini, mənəviyyatlarını satanların... Satan olmasa, alan da olmaz. Məhz başqalarından daha çox qazanmaq, irəli getmək istəyənlər və bunun üçün hər cür dona girənlər, "yalaq"a dönüb "yal" verənlər olmasa, bu "yal"la bəslənənlər də olmaz. Gözəl deyib R.Rza:

Alcaldıqca alçalan,
Vicdanı da qəlbi kimi yağ bağlayan,
Vəli nemətinin
Hər sözünə alqış çalan,
Yaramazları deyirik
Gözəl insanlar arasında
Ayrıq kimi kök salan
O, ağlı güdükləri,
Budaqlı kötükləri...

 

Yaltaqlıq "saray əxlaqının" məhsuludur demişdik bayaq. "Yaltaqları hazırlayan saraylar və hökmdarlardır" fikrinə şərik olan Şekspir isə günahı satanlardan çox alanlarda görürdu: "İqtidar yaltaqlardan həzz almağa başladığı zaman, şərəf daima ayaqlar altında əzilmişdir" deyirdi. Onun fikrinə şərik olan Monteskyöde yazırdı ki: "Yaltaqlıq dövlət adamlarının çevrəsini saran bir çəmbərdir... Bir ölkədə yaltaqlığın gətirisi, dürüstlüyün gətirisinden çox isə o ölkə batar".

 

Bu təbii ki, hakimiyyəti zor gücünə, saxtakarlıqla zəbt edən bütün iqtidarların əlindəki vasitələrdən biridir. Dirəyi yaltaqlara söykənən, taxtı yaltaq omuzları üstündə duran bir hakimiyyətin ömrünün nə qədər sürəcəyini tarix dəfələrlə sübut etmişdir.

 

"Hər sistem öz yalakasını bərabərində gətirir" deyən sayın M.Gezenin bu sözlərinə haqq verməmək mümkünsüz. Bu gün yaşadığımız ölkələrdə tüğyan edən yaltaqlıq, onun ağılalmaz örnəkləri sözün gerçək anlamında bir faciə, bir utanc qaynağıdır. Yaltaqlığın sərhəd tanımayan genişliyi, bir salqın xəstəlik kimi getdikcə yayılaraq ətrafı sarması, toplumun sürüləşdirilməsi siyasəti antidemokratik, totalitar rejimin ömrünü uzatmağın bir vasitəsidir.

 

Yaltaqlığın cürbəcür umacağı olur. Yəni kimi ADın, kimi DADın, kimi ZADın yaltağı. Kimi AD ücün yaltaqlanır ki, vəzifə, ad-san, şöhrət qazansın, kimi DAD ücün yaltaqlanır ki, sərvət, mal-mülk qazanıb həyatın Dadını çıxarsın... Ən maraqlısı isə ZADın yaltağıdır. Buraya əsasən toplumun sadə, kobud da çıxsa alt təbəqəsi, "bir tikə çörəyə möhtac" qismi daxildir. Bu durumun qarşısında fəlsəfə də, psixoligiya elmi də aciz qalıb desək, yanılmarıq. Görəsən halal haqqının qırıntıları sədəqə kimi önünə atılan bu kəsimin umacağı nədir? Hansı "minnətin" cavabıdır?

 

Bəlkə də bizim "ŞAH sevən" millət olmağımızdır? İstər Adil olsun, istər Zalim, istər Kamil olsun, istər Naqis... "cəlladına aşiq" bir toplum üçün fərqi yox...

 

"Qoyunun yaltağı qəssabın bıçağını yalarmış” deyib atalar... "axmaq əlində hakimiyyət, yaltaq dilində tərifdən təhlükəli bir şey yoxdur dunyada" deyib ulularımız... Diogenə görə isə Yaltaq "əhilləşdirilmiş heyvanların ən təhlükəlisi" sayılır.

 

YALTAQlıq hər halıyla İNSANLIQın üz qarası, ALÇAQLIQın darvazası, KÖLƏLİYin bazasıdır. Yaltaqlıq bu qədər geniş yayılıb, bol ürün kimi bazarda olsa da, çətin tərəfləri də var sözsüz, o da zəhmət tələb edir:

 

Elə zənn etməyin
Yaltaqlıq asan işdir.
Elə söhbətdir, gülüsdür.
Yox.
Zarafatdırmı
, hər gün,
Nimdaş köynək kimi
üz-gözü dəyişdir,
lazım olan vaxt şən görün,
lazım olan vaxt qaş-qabaq elə,
hər gün qarşıla müdürləri
gülə-qülə,
əyilə-əyilə...

 

Yaltaqlığı "saxta pul" kimi dövrün, günün vəziyyətinə uyğun dövriyyədə sananlar da vardır. Bazara uyğun gah yüksəlib, gah ensə də, fəaliyyət meydanı hər zaman hərəkətlidir. “Böyük yanında arıqlayıb, kiçik yanında şişən" YALtaqların bazarı həmişə qazanclı, verimlidir.

Bir sözlə, “YALTAQLIQ bir SƏNƏTDİR" deyənlərə haqq verməmək olmur.

 

YALTAQLIQın SAYQIyla yer dəyişdirdiyi bir zamanda yaşayırıq desək, yanılmarıq. Düzdur - hansı zamanda olmamış ki? – deyə bilərsiniz. Amma bu zamanın YALTAQlığı bir başqa... Bu zamanın Yaltaqlığı nə ağla sığır, nə məntiqə... İNSAN misginliyinin, BEYİN erroziyasının, ZƏKA qıtlığının aynasıdır bu günün YALTAQLIQı... İnkişaf əsrində, Tərəqqi dövründə... Yaltaqlığı çox zaman savadsızlıqla, avamlıqla, cahilliklə əlaqələndirirlər ki, bu da əsasən toplum mahiyyətlidir. Bəs bu gün boynu qalstuklu, ali təhsilli, necə deyərlər "intiligent" kəsimin sərgilədiyi Yaltaqlıq nümunələri nəyin nəsi? – deyə, sorsanız... Bir cavabı var: YALTAQLIQ... Mayası SAXTAKARLIQdan, RÜŞVƏTdən, ZORAKILIQdan, YALANdan yoğrulan bir rejimin olduğu ölkədə başqa cür yüksəlmək mümkün deyil. Yüksəlmək istəməyin, tutduğun mövqedən gənə kimi yapışıb qopmamağın, yağlı tikə qapmağın, soyub-talamağın yolu YALTAQLIQdan keçir. Meydan sənin... bir mahnıda deyildiyi kimi:

 

Haqlıdan, haqdan bizə nə, güc hardasa ordayız,
Güclüyə quyruq bularız, zəiflərə düşmanız.
Beş deyil, on beş deyiliz bir sürü yaltaqlarız,
Yerlər, Göylər yalağımız, dörd bir yanda biz varız...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı