"Həmin səhv bir ildən sonra onu göstərdi ki..." - LAYİHƏ

12:15 27-02-2019 | icon 5006 | Layihə
"Həmin səhv bir ildən sonra onu göstərdi ki..." - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

Fuad Əliyev: “Cəbhə hakimiyyətə gələndən sonra bizim kateqoriyadan olan insanları potensiallarını belə nəzərə almadan vəzifədən uzaqlaşdırdılar”

 

 

Digər siyasi qurumlardan fərqli olaraq ALDP heç zaman geniş informasiya şəbəkəsinə malik olmadığına görə, əgər belə demək mümkünsə, fəaliyyətləri də bir qədər arxa planda olub. Ancaq partiya sədri Fuad Əliyevin dediklərini əsas götürsək, ALDP də digər siyasi qurumlarla elə eyni çəkidədir. Hətta sədrin iddialarına görə, bəzi hallarda atılan addımlarda ALDP bir çoxlarından daha artıq dövlətçiliyimizin, millətçiliyimizin qorunub saxlanılmasına önəm verib. Bir partiya sədri kimi Fuad Əliyevin etdikləri və etmədikləri digər müxalif opponentlərilə müqayisədə təbii ki, fərqli formatdan görünə bilər. Ancaq prinsip etibarilə Fuad Əliyevin öz məqsədinə çatmaq üçün addım-addım, əsas fəaliyyətdən uzaqlaşmadan irəliləməsi də göz önündədir.

 

Bir siyasi qurumu 20 ildən artıq müddətdə qovğalı proseslərdən çıxarmaq, öz varlığını sürdürmək, ötən zaman kəsiyində Nizamnamə çərçivəsində olan fəaliyyət prinsiplərinin ana xəttindən yan keçməmək təbii ki, gənc siyasətçi üçün müəyyən liderlik keyfiyyətinin göstəriciləri sırasındadır. Şəxsi həyatında əzablara qatlaşaraq yaşamağın dadını çıxarmaq “missiyası”nın öhdəsindən uğurla gəlməsi Fuad Əliyevə siyasi fəaliyyətində də dividentlər gətirib. Yəqin elə bunun nəticəsidir ki, qonşu siyasi qurumlarla müqayisədə indi ALDP-də daha aktiv, daha işgüzar mühit sezilməkdədir. ALDP sədri istər genişmiqyaslı tədbirlərdə olsun, istərsə də fərdi söhbətlərdə, daha çox dinləməyi sevən adamdır. Olanıyla kifayətlənib, izafi dəyərlərə, aldadıcı siyasi şoulara fokuslanmayıb. Sadəcə bir vətəndaş olaraq bacardığı qədərində öz potensialını bu Vətənin yolunda xərcləməkdə israrlıdır. ALDP sədrində sabahımıza inamsızlıq hissi yoxdur. Nə siyasi opponentləri, nə də qarşı tərəflə mübahisələrə gedən deyil. Rəhbərlik etdiyi siyasi qurumda oturaq hala gələn real nəticələrə biganə yanaşmamaq, gərəkirsə dövlət, millət üçün anındaca öz ambisiyalarından vaz keçən İnsandır. Gənc siyasətçi olaraq geniş dünyagörüşünə və gözəl əxlaqdan irəli gələn sadə davranışa malik insandır, səmimi və maraqlı müsahibdir Fuad Əliyev. Zamanında böyük imkanlara malik olsalar da, Adam sadə həyat tərzi keçirib. Və bu sadəlik onun siyasi həyatına da öz təsirini göstərib. Boş-boş iddialardan, özünü olduğundan qat-qat artıq göstərmək xəstəliyindən uzaqdır. Onun da bir siyasətçi olaraq bilib demədikləri və həm də deyib bilmədikləri var...

 

Zyukinin eskiz xarakterli çıxışı və Xalq Cəbhəsinin təcrübəsizliyi

 

Beləliklə, Versus.Az saytının Söz Meydanının növbəti Döyüşçüsü Azərbaycan Liberal Demokrat Partiyasının sədri FUAD ƏLİYEVdir.

 

 

- Fuad bəy, öncə Sizi və Sizin timsalınızada rəhbəri olduğunuz Azərbaycan Liberal Demokrat Partiyasının bütün üzvlərini partiyanızın 20 illik yubileyi münasibətilə təbrik edir, siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Nəyi əldə edə bildiniz bu 20 ildə və bu 20 ildə ALDP cəmiyyətimizə hansı liberal demokratik dəyərləri aşılaya bildi?

 

- Bu 20 ildə biz həm beynəlxalq əlaqələrimizi inkişaf etdirmişik, həm də daxili təşkilatlanma məsələsində çox irəli getmişik. Son 5 il ərzində partiyamızda yenilənmə prosesi gedir. Hesab edirəm ki, biz çox uğurlu prosesə başlamışıq. Yeni gənclər təşkilatımızın formalaşması partiyamıza bir təkan verdi və son 5 il ərzində çox nailiyyətlər əldə etmişik. Ümidimiz bu gənclərədir və istəyimiz də onların tam olaraq formalaşaraq dövlətimizə, millətimizə uğur gətirmələrini arzu etməkdir. Ümumiyyətlə mən populist mövqedən, populist çıxışlardan çəkinirəm, amma hesab edirəm ki, bizim yeni gənclər təşkilatının üzvləri bir komanda olaraq formalaşıb və çox savadlı, perspektivlidirlər. Təkcə partiyamız üçün deyil, bütövlükdə dövlətimiz üçün bu gənclərin xalqımızın xidmətində olacaqları sabaha ümidimizi bir az da artırır. İnanıram ki, bu gənclər Azərbaycan hakimiyyətində olacaqlar.

 

- 1991-ci ilin 28 sentyabrında o zamankı SSRİ adlı imperiyanın, əgər belə demək mümkünsə, “baş komsomolu” Zyukin komsomolun XXII fövqəladə qurultayında sanki gələcəyə ünvanlanmış bir giriş nitqiylə çıxış edib. Və həmin çıxışın əsas ana xəttində qırmızı xətlə işarələnə biləcək bir cümlə olub: “...Bu gündən komsomol gizli fəaliyyətə keçir”... Bildiyim qədərində siz də o zamanlarda komsomolçu olmusunuz. Mənə maraqlıdır, Zyukinin həmin çıxışını Fuad Əliyev onda özü üçün gələcəyə hesablanmış proqram olaraq qəbul etdi, yoxsa başqa variantlar üzərində baş sındırmağa başladı?

 

- Mən hələ 1988-ci ildə əsgəri xidmətdə olanda artıq Qarabağ məsələsi başlamışdı. O zaman biz qəzetlər əldə edirdik, Pribaltikada baş qaldıran xalq hərəkatından da xəbərdar idik. O zaman mən balaca bir Nizamnamə yazmışdım və bunu öz dostlarıma göndərmişdim ki, siz də belə bir təşkilat yaradın Bakıda. Təəssüf ki, o dövrdə mənim dostlarım....

 

- Kimlər idi o dostlar? O dostlardan bu gün siyasətdə olanı varmı?

 

- O zamankı gənclər idi dostlarım. Və bu gün o adamlardan siyasətdə olanı yoxdur. Dostlarım o zaman mənim fikirlərimi ciddi qəbul etmədilər və ümumiyyətlə hesab etdilər ki, onlar siyasətdən kənarda olmalıdırlar. Pribaltikada baş qaldıran xalq hərəkatı məni də siyasət meydanına çəksə də, ancaq sonrakı dövrlərdə Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra komsomol və o zamankı Kommunist Partiyası sıralarında olan hər kəsi vəzifədən çıxardılar...

 

- Cəbhə hakimiyyətə 1992-ci ildə gəlməmişdən qabaq Zyukinin gizli fəaliyyətə keçməklə bağlı bir növ proqram xarakterli çıxışı səslənmişdi, Fuad bəy....

 

- Mən ardıcıllıq olsun deyə keçmişə ekskurs etdim və elə həmin söhbətə gəlirəm. Zyukin o fikirləri səsləndirəndə yəqin ki, Rusiya komsomolçularını nəzərdə tutubmuş. Amma Xalq Cəbhəsi də hakimiyyətə gələndən sonra bizləri işdən çıxardılar və onlar hesab edirdilər ki, onlar hakimiyyəti qura bilərlər. Mən belə fikirləşirəm ki, bu, çox böyük səhv idi. Və həmin səhv bir ildən sonra onu göstərdi ki, təcrübəsiz insanlar dövlətçiliyi, təşkilatçılığı bacarmadılar...

 

- O məsələyə toxunacağıq.. Və unutmayaq ki, o zaman siz daha gənc idiniz. O zamankı siyasi burulğan zamanı komsomolçu Fuad Əliyev bundan sonrakı fəaliyyyət baxımından “nədən başlamalı” dilemmasıyla üzləşəndə köməyinə hansı Ağ atlı Oğlan gəldi?

 

- Dediyim kimi, Cəbhə hakimiyyətə gələndən sonra bizim kateqoriyadan olan insanları potensiallarını belə nəzərə almadan vəzifədən uzaqlaşdırdılar. Mənə də heç kim kömək olmadı o zaman. Çıxıb getdim Azərbaycandan....

 

- Hara getdiniz?

 

- Moskvaya gedib, biznes fəaliyyətilə məşğul olmağa başladım...

 

- Amma komsomol süqut edəndə hakmiyyətdə Cəbhə deyildi, Ayaz Mütəllibov ixtiyar sahibiydi...

 

- Konkret Cəbhə hakimiyyətə gələndə mən işdən çıxdım. Məni onlar işdən çıxardılar. Beş il ərzində biznes fəaliyyətilə məşğul oldum...

 

- Əcəbdir, 1988-ci ildə Nizamnamə yazıb dostlarını siyasət meydanına səsləyən Fuad Əliyev beş il ərzində az da olsa heç siyasətlə maraqlanmadı?

 

- Yox, artıq heç bir siyasi maraq yox idi...

 

- Bəs sonradan sizi siyasət meydanına doğru şirnikləndirən səbəblər nə olub?

 

- Cəbhə hakimiyyəti təkcə məni yox, gəncliyin böyük bir kəsimini siyasətdən küsdürmüşdü. Mən özümü hər zaman dövlətçiliyimizin əsgəri qismində görmüşəm. 1995-ci ildə əlimdə kifayət qədər sərmayə ilə Azərbaycana qayıtmışdım. Qayıtmışdım ki, öz potensialımı dövlətçiliyimizin inkişafı naminə ortaya qoyum.

 

“Heydər Əliyev hakimiyyətə gələndən sonra katiblərə, komsomolçulara vəzifə verdi”

 

- Amma doğrudan da, postsovet məkanında proseslərin sonrakı inkişafı sübut etdi ki, keçmiş kommunistlər və komsomolçular bu və ya digər metodlardan istifadə etməklə hakimiyyət uğrunda gedən mübarizənin əsas iştirakçılarından biri olaraq həm də Zyukinin proqram xarakterli göstərişləri əsasında öz siyasi fəaliyyətlərini davam etdirirdilər. Belə idimi?

 

- Sözsüz ki, zaman onu göstərdi ki, keçmiş kommunist və komsomolçular öncə biznesə gedib, sonradan hakimiyyətə qayıtdılar. Bu adamlar öz biznes maraqlarını təmin etdikdən sonra öz siyasi iddialarını ortaya qoydular. Azərbaycanda da bu baş verdi. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra keşmiş partiya komitəsinin katiblərinə, komsomolçulara vəzifə verdi və onlar başladılar dövləti qurmağa....

 

- Keçmiş komsomolçular dövləti Zyukin proqramı əsasında qurmağa başladılar, yoxsa rəhmətlik Heydər Əliyevin?

 

- Yox, yox. O vaxtı biz bəyanatla da çıxış etmişdik. O vaxtın komsomol məktəbində idarəetmənin necə olmasını bizə öyrədirdilər. Ona görə də biz təcrübəli idik. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndə də o təcrübənin potensialından istifadə edərək dövləti qura bildi. Elə təcrübə baxımından da bunlar qabağa gedə biliblər. Və burada hansısa Zyukin proqramı dediyiniz məqamdan söhbət belə gedə bilməz.

 

- Mümkünsə ALDP-nin yaranma tarixi, ALDP-nin yaranması istiqamətində gedən ideoloji və təşkilati hazırlıq işləri, özünüzün bu partiya gəlişinizi şərtləndirən səbəblərlə bağlı qısaca məlumat verərdiniz.

 

- Bakı şəhər icra hakimiyyətindən işdən çıxarılandan sonra o dövrdə yeni komanda gəlmişdi hakimiyyətə. Mən təsadüfən Rəşad Rzaquliyevlə görüşmüşdüm..

 

- Kim idi bu Rəşad Rzaquliyev?

 

- O da keçmiş komsomol katiblərindən biri idi. O zaman Rəşad Rzaquliyev Liberal Partiyasında səhv etmirəmsə beynəlxalq məsələlər üzrə sədrin müavini idi. Biz keçmişdə birlikdə Səbayel rayonunda işləmişdik. Və o mənə təklif etdi ki, gəlim Liberal Partiyasına üzv olum. Mən də onun təklifi ilə bu partiyaya üzv oldum və beynəlxalq məsələlərə baxırdım. Amma iki aydan sonra mən partiyanı tərk elədim...

 

- Səbəb nə idi? Nədən bu tezliklə həmin təşkilatdan uzaqlaşdınız?

 

- Heç bir bəyanat vermədən 1997-ci ildə partiyadan uzaqlaşdım. Qurumdan uzaqlaşmağıma ciddi bir səbəb də yox idi. Şəxsi işlərimlə əlaqədar olaraq mən bu addımı atmışdım. Amma 1998-ci il 25 dekabrda o zaman xanım Lalə Şövkətin birinci müavini olan Zakir Məmmədov ayrılmaqla bağlı bəyanatla çıxış etdi. Onda mən də bu qrupa qoşulub Liberal Demokrat Partiyasını yaratmaq üçün Təşəbbüs Qrupunu elan etdik. Və artıq 30 yanvar 1999-cu ildə təsis konfransı keçirdik. Mənim ALDP-yə gəlişim belə olub.

 

- Azərbaycan siyasətində Lalə Şövkət Hacıyevanın yerini necə qiymətləndirirsiniz?

 

- Sözsüz ki, Lalə xanımın Azərbaycan siyasətindəki yeri bu gün də görünür. Çox təəssüflər olsun ki, son 6-7 ildə Lalə xanım aktiv siyasətdə deyil. Amma hesab edirəm ki, Liberal Partiyası vaxtilə aparıcı partiyalardan biri olub, Azərbaycana liberal dəyərlərin gətirilməsində Lalə Şövkətin böyük rolu olub..

 

- Elə isə nədən liberal dəyərləri Azərbaycana gətirən bir xanım siyasətçinin zamanında siz onun rəhbərlik etdiyi qurumdan istefa verməyinizin səbəblərini açıqlamağın üstündən sakitcə keçirsiniz, söyləyin olanları.

 

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı