“Onda hakimiyyət bizim dediklərimizə qol qoymurdu, amma artıq son 2-3 ildir ki...” - LAYİHƏ

10:26 28-02-2019 | icon 4899 | Layihə
“Onda hakimiyyət bizim dediklərimizə qol qoymurdu, amma artıq son 2-3 ildir ki...” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

 

 

Fuad Əliyev: “Problemi olan vətəndaşa hansı dəyərlərdən, ideologiyadan danışa bilərəm”

 

 

(əvvəli bu linkdə)

 

- Elə isə nədən liberal dəyərləri Azərbaycana gətirən bir xanım siyasətçinin zamanında siz onun rəhbərlik etdiyi qurumdan istefa verməyinizin səbəblərini açıqlamağın üstündən sakitcə keçirsiniz, söyləyin olanları.

 

- Səbəb ancaq şəxsi problemlərlə bağlı idi....

 

- Fəaliyyətinizdə, yoxsa siyasi baxışlarınızda?

 

- Bu ayrılıq heç bir siyasi baxışla bağlı deyildi. Mən xaricdən qayıdandan sonra mini zavodlar açmışdım. Hakimiyyət tərəfindən müxtəlif şəkildə bizim fəaliyyətimizə əngəllər yaradılır, dolayısı yolla təzyiqlər edilirdi....

 

 

“Hakimiyyətdəki monopolist düşüncə məni də biznesdən əl çəkməyə vadar etdi”

 

- Və siz çıxış yolunu nədə görürdünüz onda?

 

- Mən də o işləri bərpa etmək, o biznesi qorumaq üçün çıxış yolunu siyasətdən uzaqlaşmaqda görürdüm. Amma heç bu da alınmadı. Artıq mövcud hakimiyyətdə monopolist düşüncə hökm sürürdü. Hakimiyyət ancaq öz ətrafında olan insanların biznesinin inkişaf etdirilməsində, hər şeyin bir əldə cəmləşməsinin marağında idi. Buna görə də bir müddətdən sonra mən həmin mini zavodları bağlamaq məcburiyyətində qaldım.

 

- Yəni biznesdən əl çəkib, yenidən siyasətə qayıtdınız.

 

- Bəli, yenidən siyasətə qayıtdım..

 

- Biznesdə itirdiyiniz dividentləri siyasətdə əldə edə bildinizmi?

 

- Biznesdə mən çox şey itirmədim. Həminki dövr çərçivəsində mənim xaricdə qazandıqlarım yaşamaq üçün kifayət idi. Biznes sahələrini bağlayanda eşitdim ki, Zakir Məmmədov bəyanat verərək Liberal Partiyasından çıxıb, mən də ona qoşuldum.

 

- İndiki durumda dünya çapında və təbii ki, Azərbaycanda liberal demokratların fəaliyyətini, ümumiyyətlə cəmiyyətimizin bu ideologiyaya yanaşma tərzini necə qiymətləndirirsiniz?

 

- Bu gün Azərbaycanda heç bir ideologiya işləyə bilməz. Bu gün Azərbaycanda heç bir ideologiyanın təsir mexanizmi, bu ideologiyaların cəmiyyətə təsir gücü demək olar ki, yoxdur. Çünki bu gün adi vətəndaş çörək dalınca qaçmaq məcburiyyətindədir. İşsizlik baş alıb gedir, bu və ya digər adlar altında kütləvi ixtisarlar aparılır. Millət bir loxma çörəyə möhtac edilib...

 

 

“YAP çalışır ki, liberal dəyərlərlə fəaliyyət göstərsin”

 

 

- Deməli, siz belə hesab edirsiniz ki, bu gün Azərbaycanda təqdim olunan ideologiyalar formal xarakter daşıyır və bu ideologiyaların oturuşması üçün münbit şərait yoxdur?

 

- Bəli. Biz bu gün hansısa liberal dəyəri cəmiyyətə təqdim etsək də, bu, cəmiyyət üçün maraqlı deyil. Cəmiyyətə konkret olaraq hansısa iş yerinin açılacağıyla bağlı faktı təqdim etmək lazımdır. Sosial problemlər barədə düşünmək cəmiyyətimizin ideologiyalara yanaşma tərzlərini çoxdan üstələyib, onu arxa plana keçirib. Qaldı ki, sizin dünya çapında liberal demokratların fəaliyyəti məsələsinə toxunmanıza, Yaponiyanı misal götürək. Liberallar və liberal demokratlar 1947-ci ildən Yaponiyada hakimiyyətdədilər. Səhv etmirəmsə, 1951-ci ildən hakimiyyət liberallardan liberal demokratlara keçib. Mən 7-8 il bundan qabaq Vaşinqtonda olanda metrodakı qaranlığı görüb zarafatyana onlara dedim ki, bizim Tağı Əhmədov bunu görsəydi ürəyi partlardı. Bizdə metroda yanan işıqları görsəniz dəhşətə gələrsiniz. Niyə sizin metronuz bu vəziyyətdədir? Onlar mənə dedilər ki, “bizə əsas o lazımdır ki, vətəndaşın qarnı tox olsun, bütün imkanlardan yararlana bilsin. Amma Azərbaycanda adi bir keçid tikib 3 milyon silirlər. Sizdə mərməri yerə döşəyirlər, kimə lazımdır bu?”. Ona görə də Amerikada liberal dəyərdən danışanda bunu dərk edib normal münasibət, normal mövqe sərgilənir. Amma bizdə liberal dəyərdən danışanda, adama deyirlər ki, qardaş, mənə bu dəyər lazım deyil, mənə lazımdır ki, evə qədəm basanda uşağımın istədiyini ona verə bilim. Bu gün milyonlarla problemi olan vətəndaşa mən hansı dəyərlərdən, hansı ideologiyadan danışa bilərəm?..

 

- Deməyinizdən belə çıxır ki, vətəndaşı qələbəyə aparan yol onun mədəsindən keçir, düzmü anladım?

 

- Bəli, daha doğrusu, onun ailəsinin ehtiyaclarının təmin edilməsindən keçir.

Mən bir dəfə Rumıniya səfirilə görüşmüşdüm, o zaman həmin səfir çox maraqlı bir fikir söylədi: “Vaxtilə sosializm şinelindən çıxan Rumıniyada liberallar hakimiyyətə gəldilər və onlar məcbur oldular ki, liberal dəyərlərə deyil, məhz sosial demokratiyaya üstünlük verib, bu ideologiyanın qanunlarıyla ölkəni idarə etsinlər. Və etdilər də. Bir müddətdən sonra hakimiyyətə sosial demokratlar gəldilər. Zaman onları da məcbur etdi. Onlar da dövləti sosial demokratiya qanunlarıyla deyil, məhz liberal demokratiyadan yararlanaraq idarəetmə metoduna güvəndilər. Yəni, cəmiyyətin tələbatına uyğun olaraq hakimiyyətlər öz addımlarını atırdılar.

 

“Öncə sosial-demokratlar, sonra YAP o qurumun üzvü olub”

 

- Bugünkü hakimiyyət o tələbatı nəzərə alırmı?

 

- Yeni Azərbaycan Partiyası səhv etmirəmsə “Sosintern”in üzvüdür. Amma YAP çalışır ki, liberal qanunlar, liberal dəyərlərlə fəaliyyət göstərsin.

 

- Niyə görə?

 

- Çünki məcburdur. Artıq gedib Avropada digər birliklərə üzv olmaq da istəyirlər..

 

- Sonra hansı partiya var o “Sosintern”də?

 

- Birinci sosial-demokratlar o qurumun üzvü olub. Bir neçə ildən sonra da YAP o qurumun üzvü olub.

 

- Fuad bəy, Azərbaycanda indi neçə siyasi partiya mövcuddur?

 

- 53 qeydiyyatdan keçən, bir 50-dən yuxarı da qeydiyyatdan keçməyən siyasi partiya var Azərbaycanda.

 

- Maraqlıdır, balaca bir ölkədə 103 siyasi partiya?!

 

- Hər halda günümüzün reallığıdır.

 

- Ötən əsrin əvvəllərində Cümhuriyyət dönəmində siyasi fəaliyyətlə məşğul olan liberal demokratlardan daha çox kimi özünüzə öndər sayırsınız?

 

- Ümumiyyətlə mən siyasətdə və siyasətdən kənar heç kimi özümə öndər saymıram. Baxın, Amerikanı qurub yaradan insanlar olub. Həmin insanlardan heç kim üçün nə heykəl qoyulub, nə..

 

- Yəni, hər kəs bərabər statusda....

 

- Bəli. Bir dəfə məni aparıb qəbiristanlığı göstərdilər. Amerikadakı vətəndaş müharibəsində həlak olan əsgərlərin, Ruzveltin, Vaşinqtonun qəbirləri eyni ölçülü, eyni formatlı qəbirlər idi. Bizdə bir qisim insanlar “Ulu Öndər Heydər Əliyev” deyirsə, başqa bir qisim insanlar “Ulu Öndər Əbülfəz Elçibəy” deyir. Amma amerikalılar heç vaxt demir ki, “Ulu Öndər Vaşinqton”....

 

- Bəs bu konuda Fuad bəyin yanaşması necədir?

 

- Ümumiyyətlə belə yanaşmaq olmaz. Bu, həm də şəxsiyyətəpərəstişin bir formasıdır....

 

- Amma amerikalılar şəhərə Vaşinqtonun adını verir, dollarlarının üstünə öz prezidentlərinin şəkillərini həkk edirlər. Belə şeylər bizdə olanda pisdi, onlarda olanda yaxşı?

 

- Bunlar başqa-başqa məsələlərdir.

 

- Sizin bölgə dövlətlərində fəaliyyət göstərən liberal demokratlarla əlaqəniz varmı və varsa, bu əlaqələr hansı çərçivədə qurulub?

 

- Bizim Rusiya, Gürcüstan, Belarusiya, Avstriya, Hollandiya, Belçika, Türkiyə liberal demokratlarıyla əlaqələrimiz var.

 

- Əlaqələriniz hansı formatdadır – yubileydən-yubileyə görüşürsünüz, yoxsa hansısa mövzuyla bağlı mütəmadi görüşlər keçirilir, diskussiyalar aparılır?

 

- İkitərəfli əməkadaşlıq formatı mövcuddur. Onlarda seçki prosesi olanda bizi dəvət edirlər. Çox təəssüf ki,maliyyə çətinliyi ucbatından bizim belə imkanımız olmayıb ki, biz də onları Azərbaycanda keçirilən seçkilərə dəvət edək.

 

- Yenə qayıdıram həmin bölgə dövlətlərində fəaliyyət göstərən liberallara. Bu gün qonşu Rusiyada liberal demokratlar digər dövlətlərlə müqayisədə daha aktivdilər. Bu, Rusiyanın bir dövlət olaraq liberal demokratizmə meyillənməsinin görüntüsüdür, yoxsa, liberal demokratiyanın Rusiyanın ipini ələ almasının?

 

- Rusiya liberal demokratiyasının lideri Jirinovski qeyd edib ki, liberal dəyərlərin üstünə gedilməyəcək. Onlar daha çox “patriotik” mövqedən çıxış edirlər..

 

- Yəni, bunlar da liberallıqdan uzaqlaşırlar.

 

- Bu dövrdə onlar belə elan ediblər. Rusiya liberal demokratları “Libintern”i qəbul etmirlər.

 

- Hakim partiyadan sonra Rusiya LDP səhv etmirəmsə, dövlət büdcəsindən ən çox maliyyə yardımı alan partiyadır - bir milyard rubl, təqribən 17 milyon dollar. Parlament partiyası olub belə imkandan yararlana bilməsəniz də, sirr deyilsə, Azərbaycanda liberal demokratlara qeyri-rəsmi olaraq kimlər nə qədər maliyyə yardımı ayırır?

 

- Belə maliyyə yardımlarımız yoxdur və ola da bilməz. Hakimiyyətlə əlaqələrimiz də o dərəcədə yüksək deyil ki, kimsə bu məsələdə bizi ittiham edə bilsin.

 

- Siyasi etika və dövlətlərarası münasibətlərə xələl gəlməməsi baxımından bir çox hallarda Putinin deyə bilmədiklərini bu gün Rusya dövləti Jirinovskinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının sədrinin diliylə deyir. Bax elə həmin prinsiplər baxımından, həm də bir müxalifət partiyası olaraq siz qonşu dövlətlərə nələri bəyan etmisiniz?

 

- Birincisi, mən hesab etmirəm ki, Putinin demədiklərini Jirinovski deyib..

 

- Deyib, necə deməyib, Fuad bəy? Məsələn, “rus əsgəri çəkmələrini Hind okeanının isti sularında yumalıdır” imperiya arzulu çıxışları Jirinovski etməyibmi? Elə Qafqaz məsələsinə yanaşmada da belə imperiya xislətli yanaşmaların, açıqlamaların şahidi olmuşuq.

 

- Bu, Jirinovskinin öz fikirləridir, siz haradan bilirsiniz ki, bunu Putin demək istəyib?

 

- Axı buna münasibətdə Rusiyadakı hakim elita loyal davranış nümayiş etdirib. Amma Putinin özü açıq mətnlə belə çıxış etməyib.

 

- Mən bu adamların vəkili deyiləm. Amma istənilən halda hesab etmirəm ki, Jirinovski Kremlin demədiyi sözləri deyir. Yeri gələndə Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri olan qadın istənilən mövzuya qoşulur..

 

- Onda belə deyək ki, Jirinovski Kremlin istədiklərini, Kremlin dediklərini deyir....

 

- Ola bilər. O tarixçidir, politoloqdur analiz verə bilər. Zaxarova rəsmi nümayəndədir. Və o, istənilən mövzuyla bağlı Kremlin dilindəkiləri bəyan edir. Qaldı ki, bizim nəsə deməyimizə, buna da aydınlıq gətirək.

Vaxtilə biz 2004-cü ildə deyəndə ki, Minsk qrupu boş bir fəaliyyətlə məşğuldur, onda hakimiyyət bizim dediklərimizə qol qoymurdu. Budur, artıq son 2-3 il ərzində açıqca müşahidə olunur ki, onlar da vaxtilə bizim söylədiklərimizlə razılaşırlar. Baxmayaraq ki, biz liberal dəyərlərə önəm verən qurumuq, amma son 10 ildə biz bir partiya olaraq Qarabağ probleminin həllində hərb variantına üstünlük vermişik və bunu da bəyan etmişik.

 

““Qafqaz evi” məsələsi indiki durumda daha çox ermənilər üçün vacibdir”

 

 

- ALDP-nin “Qafqaz evi” məsələsinə münasibəti necədir?

 

- Bu məsələyə biz Dağlıq Qarabağ məsələsi həll ediləcəyi təqdirdə normal baxırıq. Eyni zamanda qonşu Gürcüstan da bizim kimi torpaq itirib. Bu məsələlər həll olunandan sonra o varianta normal yanaşmaq olar. Bu daha çox ermənilərə lazımdır.

 

- Liberalllığa və bəşəri duyğulara söykənib “erməni xalqı bizim düşmənimiz deyil”, “yetişən nəslin erməniyə nifrət ruhunda böyüməsinə imkan verməməliyik” deyə bilərsinizmi – keçmiş qaçqınkom Əli Həsənov kimi, səfirimiz Polad Bülbüloğlu kimi Yaxud, özünü “bakinets milləti”ndən sayan Rüstəm İbrahimbəyov kimi bir “Qafqaz triosu” çəkib Sem dayıya sarı boylanmaq istəmirsiniz ki?

 

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı