“Rəsul müəllim dedi ki, eşidərlər Ağası müəllimin oğlu burada fəhlə işləyir...” - LAYİHƏ

18:12 01-03-2019 | icon 5199 | Layihə
“Rəsul müəllim dedi ki, eşidərlər Ağası müəllimin oğlu burada fəhlə işləyir...” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

 

Fuad Əliyev: "Güc olaraq formalaşdıqdan sonra hakimiyyət özü bizi dəvət edəcək, əks halda heç kim bizimlə dialoqa getməyəcək"

 

 

(əvvəli bu linklərdə - 1-ci yazı, 2-ci yazı)

 

- Liberallığa və bəşəri duyğulara söykənib “erməni xalqı bizim düşmənimiz deyil”, “yetişən nəslin erməniyə nifrət ruhunda böyüməsinə imkan verməməliyik” deyə bilərsinizmi – keçmiş qaçqınkom Əli Həsənov kimi, səfirimiz Polad Bülbüloğlu kimi Yaxud, özünü “bakinets milləti”ndən sayan Rüstəm İbrahimbəyov kimi bir “Qafqaz triosu” çəkib Sem dayıya sarı boylanmaq istəmirsiniz ki?

 

- Heç bir xalqdan düşmən ola bilməz. Torpaqlarımızın işğal edilməsinə əmr verən, bacılarımızın, qardaşlarımızın, valideyinlərimizin ölümünə qol qoyanlar Ermənistanda hakimiyyətdə olan qüvvələr olub, sadə xalq yox. Ümumiyyətlə mən hesab edirəm ki, xalqa düşmən kimi baxmaq düzgün deyil. Əmr verənlər ermənistanda bu 30 ildə hakimiyyətdə olanlardır. Yanaşmanız düzgün deyil. Bütövlükdə bir xalqı düşmən kimi qələmə vermək olmaz...

 

 

“Əlcəzairlilər fransızlara düşmən gözüylə baxırlar?”

 

- Belə yanaşma da siz siyasətçilərin istifadə etdikləri fəndlərdəndir. Amma mən sadə xalqın nümayəndəsiyəm və mənimlə əsgəri xidmətdə olan ermənilər də sadə xalqın nümayəndələri idilər. Sovet dönəmində mən öz türk kimliyimdən bixəbər olanda həmin erməni xalqından olan...mənə “ara, hayes, turkes” sual edirdi. Mən ona “net ara, net, kakoy turk, ya azerbaydjanets” deyəndə “ladna, çort s vami, turk bizim duşman” deyib başını bulayırdı. Ona bu tərbiyəni verən, ona bu sözləri öyrədən sadə xalqın nümayəndəsi olan erməni anası, erməni atası idi, Fuad bəy. Şirakın açıq havadakı muzeyində sərgilənən kəsilmiş başları balaca cocuqlara göstərib “bunu sənin düşmənlərin türklər edib” deyən də sadə xalqdı, siyasətçi olmayıb... Amma siz siyasətçilər elə hey erməni xalqının məzlum obrazını formalaşdırırsınız.

 

- Mən istəmirəm ki, biz tərəfdən olanları da danışım, üzə çıxarım. Axı biz tərəfdən də müəyyən addımlar atılıb...

 

- Biz tərəfdən hansı neqativ addımlar atılıb, deyin qoy bütün dünya bilsin? Yoxdu belə fakt. Bu günün özünədək Bakının göbəyində erməni kilsəsini qorumaqdayıq. “Bakıda olan 30 min erməni gəlin” gündə birini doğub dayılarına güllə atacaq cocuq böyüdür, biz də onları bəsləyirik. Erməni xislətlilərimizin könlünə dəyməsin deyə az qala öz türk kimliyimizi belə danmaqdayıq.

 

- Hər halda mən bilən Ermənistanda da elə insanlar var ki, azərbaycanlılara düşmən gözüylə baxmırlar. İndi söhbət onlardan getmir. Deyək ki, Fransa Əlcəzairdə milyonlarla insan qırıb, indi əlcəzairlilər fransızlara düşmən gözüylə baxırlar.

 

Sözsüz ki, Daşnaksütun Partiyasının qarşıya qoyduğu xülyaların qarşısının alınmasında biz bir millət olaraq zəif davranmışıq. Amma onlar yenə də öz işlərindədilər. Səhv etmirəmsə, 2004-2007-ci illərdə Moskvada “Yeni Naxçıvan-Erməni Monastrı” tikiləndə, mən bəyanatla çıxış etdim. O bəyantda da vurğulamışdım ki, zaman-zaman bizim qonşuluq prinsiplərini üstün tutmağımızdan bədnam ermənilər sui-istifadə edərək öz çirkin niyyətlərini həyata keçiriblər. Biz isə “əl vurmayaq, toxunmayaq, düzələr” prinsipiylə məsələyə yanaşmışıq və beləcə zaman da əlimizdən çıxıb. İndi Qarabağı işğal ediblər, qondarma tarix yazılır, toponimlər dəyişdirilir, dünya birliyi bu və ya başqa şəkildə ələ alınır. Belə getsə sonra biz heç sübut edə bilməyəcəyik ki, Qarabağ bizim əzəli torpağımızdır. Yeni tikilən monastr da bunun növbəti nümunəsidir. Ermənilər artıq Naxçıvanı da özünküləşdirirlər. O zaman ermənilər bir “Naxçıvan” qəzeti də buraxırdılar. Mən onda dedim ki, hanı bizim Rusiyadakı səfirlik, hanı bizim diaspora nümayəndəliyimiz, hanı bizim mədəni təşkilatlartımız, onların nümayəndələri? O zamankı səfirimiz Ramiz Rzayevə məlumat vermişdim... Niyə bir bəyanat vermədilər?...

 

- Onda adlarını sadaladıqlarınızdan heç biri bir bəyanatla olsa da çıxış etmədilər?

 

- Yox. İllər ötəndən sonra dünya deyəcək ki, əgər o zamanlarda belə bir monastr yaradılıbsa və buna münasibətdə heç bir əks reaksiya olunmayıbsa, deməli, Naxçıvan da bunlarındı... Bunun qarşısını almaq lazımdır...

 

- Sonra necə oldu?

 

- Sonra necə olacaqdı belə susqunluğun qarşılığında? İndi də həmin monastr fəaliyyətdədir. O zaman məndən Söyün Sadıqovun rəhbərlik etdiyi təşkilat da bəyanatla çıxış etmişdi...

 

- Dediniz ki, o zamankı səfirə müraciət etmişdim, nəticəsi olmayıb. Bəs sonra necə, indiki səfir Polad Bülbüloğluna müraciət etdiniz?

 

- Onun nəyinə müraciət edim ki? Polad Bülbüloğlu çeçen-azərbaycanlı qarşıdurmasında hansı mövqedə dayanmışdısa, elə bu məsələdə də həmin mövqeni sərgiləyəcək. Səfir kimi bu adam gör neçə illərdi fəaliyyət göstərir. Bəyəm bu haqda məlumatsızdır ki?

 

- Bəs bu Moskvadakı diasporanın rəhbəri kimi təqdim olunan, “arvadı erməni olan, qızını erməniyə ərə verən” Ağadadaş Kazımovun məsələyə münasibəti necə olub?

 

- Bilirsiniz, mən bir dəfə Azərbaycan diasporasının təşkil etdiyi görüşdə iştirak etmişəm. O görüşə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Putin də gəlmişdilər. Orada insanlar var idi ki, onlara bu görüşə gəlmək üçün dəvətnamələri pulla satmışdılar. Mən bu biabırçılıqla bağlı bəyanatla çıxış etdim. Bu, bir hörmətsizlik idi...

 

- Bunu kim satırdı?

 

- O təşkilatın öz üzvləri. Sonradan bu təşkilatın sədr müavini mənə zəng vurub öz iradlarını bildirdi ki, biz sənə o dəvətnaməni pulla satmamışıq ki, niyə sən eşitdiyini hamıya elan edirsən. Dedim bu, biabırçılqdır, siz diaspora təşkilatları Azərbaycan üçün heç bir iş görmürsünüz, siz ancaq pul dalınca gedirsiniz...

Onların hamısının öz biznes maraqları var, onlar Azərbaycan maraqları üçün fəaliyyət göstərmirlər. Ümumiyyətlə, Rusiyada fəaliyyət göstərən dispora təşkilatlarının Azərbaycana hansısa xeyir vermələrinin şahidi olmamışam.

 

- Başqa ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımız da bu gündədir?

 

- Mən Amerikada olanda konqresmenlərlə bir söhbətim olmuşdu. O vaxt Ziya Məmmədovun oğlu “Azərbaycan-Amerika Assosiasiyası” adlı bir təşkilat yaratmışdı. Yüz milyonlarla pul xərcləyirdi. Bunu mənə görüşlərdən birində konqresmen beləcə söyləmişdi: “Sizinkilər gəlib burda boş-boş tədbirlərə milyonlar xərcləyir, yüz milyonlarla qonaqlıq verirlər bizə və elə bilirlər ki, onlar belə davranışla bizi ələ alırlar. Amma biz çox yaxşı bilirik ki, Azərbaycanda demokratiya yoxdur”...

 

 “VHP-dən olan deputatlar iqtidarın mövqeyindən çıxış edirlər”

  

- Fuad bəy, zaman-zaman siyasi partiyalarda parçalanma meyilləri baş qaldırır. Tərəflər bir-birinə güzəştə getmir, biri-birini ittiham etməklə öz potensialları haqqındakı rəyləri əks tərəfin siyasi cəhətdən məhvi üzərində qurmağa çalışırlar. ALP-də də parçalanmalar olub. Bu nə ilə bağlı oub və belə yanaşmalar sizdədəmi olub?

 

- Vaxtilə ALP və ALDP arasında mətbu savaş olub. Mən ALDP-yə sədr gələndən sonra birinci görüşüm Lalə Şövkət xanımla olub. O vaxtdan bu günə qədər bu iki qurum arasında dostluq münasibətləri mövcuddur...

 

- Partiyanızda heç bir qopmalar olmayıb?

 

- Vaxtilə buna cəhd olunmuşdu. Ancaq sonradan gördülər ki, ALDP-2-ni yaratmaq istəyində onlara dəstək verənlər tamamilə başqa məqsədlər güdüblər. Məhz bunu başa düşəndən sonra o adamlar da öz fikirlərindən yayındılar.

 

- Seçkilərə münasibətdə müxalif düşərgədə bir fikir ayrılığı mövcuddur. Məsələn, Milli Şura tərəfdarları birmənalı şəkildə özlərinin qeyd etdikləri indiki formatda seçkilərə getmənin lüzumsuz olduğunu bildirirlər. Ancaq hansısa siyasi qüvvənin hakimiyyətə gəlişində seçkinin əsas vasitə olduğunu nəzərə alarsaq, onda müxalifətin belə bir şansdan yararlanmaq istəmədiyini necə qiymətləndirirsiniz?

 

- Mən burada heç bir fikir ayrılığı görmürəm. Milli Şura da, AXH də, ALDP də Azərbaycanda demokratik mühitin yaranmasını istəyirik. Seçki Məcəlləsinə müəyyən dəyişikliklər olsun, normal seçkilər keçirilsin. Müxalifət seçki komissiyalarında təmsil olunsun. Biz hamımız bunu istəyirik, burda nə fikir ayrılığı var ki?..

 

- Var, fikir ayrılığı var. Tərəflər bir-birini qəbul etmir, bu fikir ayrılığı deyil? Digər bir tərəfdən, sizin qəbul etməməyinizin özü də fikir ayrılığıdır, Fuad bəy! Siz Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Fərəc Quliyev, Fazil Qəzənfəroğlu və digərlərinin rəhbərlik etdikləri qurumları müxalifət partiyaları kimi qəbul etmirsiniz, axı onların nümayəndələri seçki komissiyalarında təmsil olunurlar.

 

- Onlar hamısı hökumətyönlü partiyalardır. Bugunkü parlamentdə muxalifət təmsil olunmayıb. Parlamentdə olanlar müxalifəti təmsil etmirlər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyası iki deputatla parlamentdə təmsil olunur və bu iki deputatın ikisi də iqtidarın mövqeyindən cıxıs edir. Bunlar iqtidarın dəstək verdiyi partiyalardır.

 

- Bu da liberal düşüncənin məhsuludur ki, kim parlamentdə təmsil olunursa, deməli, o adamlar hakimiyyətin mövqeyindən çıxış edənlərdir?

 

- Yenə də deyirəm, keçən parlamentdə Ümid Partiyası var idi, seçkidə Müsavat var idi, Xalq Cəbhəsi var idi....

 

- Bu “hakimiyyətyönümlü” ifadəsi deyəndə siz nəyi nəzərdə tutursunuz? Əgər bu gün mən dövlətçilik və millətçilik prinsiplərinin qorunub saxlanılması baxımından cənab İlham Əliyevin söylədiklərini deyirəmsə, deməli, dərhal siz siyasətçilərin gözündə “hakimiyyətyönümlü” oluram, eləmi?

 

- Yox, hakimiyyətin siyasətinə dəstək verənlər....

 

“Parlamentə İqbal Ağazadə, Pənah Hüseyn kimi sözünü deyə bilən müxalifət lazımdır”

 

- Dövlətçiliyimizin müdafiəsində hakimiyyətə dəstək verməyib, kimə dəstək verməliyəm?

 

- Dövlətçiliyimizin qorunmasına görə biz hamımız əlbir fəaliyyət düzənləməliyik. Bunca sosial, iqtisadi problemləri görməyib onlara dəstək verənlər ...susmaq da bir dəstəkdir. Parlamentə İqbal Ağazadə, Pənah Hüseyn kimi sözünü deyə bilən adam lazımdır....

 

- Niyə ki, bugünkü parlamentdə Fazil Qəzənfəroğlu dəfələrlə siyasi, iqtisadi, sosial problemləri qabardıb. Kiçik meydanlarda, darısqal otaqlarda olduğu kimi 50-100 adamın deyil, daha böyük auditoriyanı əhatə edən parlament tribunasından bunları apaydın şəkildə bəyan edib. Stenoqramlar var, qaldırıb baxmaq da olar...

 

- Hər halda mən bunun şahidi olmamışam. Amma hər halda vaxtilə Ümid Partiyasının sədri və başqaları dəfələrlə bu məslələri qaldırıblar. Bugünkü parlamentdə isə kiminsə o problemləri qaldırmasını görməmişəm...

 

- Demək ALDP sədri olaraq siz belə hesab edirsiniz ki, parlamentdə təmsil olunanlar müxalifətçi deyillər.

 

- Bugünkü parlamentdə mən müxalifət partilyalarını görmürəm.

 

- Bəs müxalifətçi fəaliyyəti prizmasından baxanda ən aktiv, daha çox potensiala malik müxalifət partiyası olaraq kimi qəbul edirsiniz?

 

- Parlamentdə?

 

- Yox, parlamentdən kənar. Yəni özünüz də vurğuladınız ki, bu gün Azərbaycanda qeydiyyatdan keçən 53 siyasi partiya mövcuddur, 50-yə yaxın partiya da hələ qeydiyyata alınmayıb.

 

- Qeydiyyatdan keçən 53 siyasi partiyadan aktiv fəaliyyətdə olanının sayı 17-dir....

 

- Modda olan sözlə desək, “ana, real müxalifət” kimi siz kimi qəbul edirsiniz?

 

- AXH-də olan siyasi partiyaların hamısı aktiv fəaliyyət göstərir, Milli Şurada olan partiya, orada olanlar əsasən Xalq Cəbhəsinin üzvləridir, aktivdir. Qalanları dediyim kimi....

 

- Yeni yaranan Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvlərindən birisiniz. Bilmək istərdim, bu Hərəkatın yaranması zamanın diktəsidir, yoxsa AXH-yə diktə olunanlar bu zamankı tarixə yazılacaq?

 

- Hərəkatın yaranması illər boyu bizim hamımızın istəyi olub. 3 il bundan qabaq İsgəndər Həmidov bir təşəbbüs göstərmişdi. Onda partiya sədrləri ilə görüşlər keçirirdi. Son bir il ərzində yerlərdən gələn məlumatlar göstərdi ki, artıq yerlərdə hərəkatla bağlı təşəbbüs qrupları yaradılıb. Məhz bunları nəzər alaraq biz dekabr ayının 25-də Zirvə toplantısına toplaşdıq. Qərara gəldik ki, həm özümüz təşkilatlanaq, həm də o yerlərdə yaranan təşkilatları da bir yerdə birləşdirib fəaliyyət göstərək. 19 yanvarda hərəkatın yaranmasını elan etdik. İlk toplantını da 250-yə yaxın üzvlə birgə 26 yanvarda keçirdik. Bu gün səhv etmirəmsə, 47, ya da 50 rayon təşkilatımız var.

 

- AXH-də neçə siyasi qurum təmsil olunur?

 

- Qeydiyyatlı-qeydiyyatsız 18 siyasi partiya....

 

- Aha, çox gözəl. Deməli, 103 siyasi qurumdan 18-i bir yerdə özünü xalq hərəkatı adlandıraraq başqalarını da müxalifətçi olmamaqda suçlayır. Fuad bəy, mən adından istifadə etdiyiniz sadə xalqı bir yana qoyuram, bu, necə xalq hərəkatıdır ki, hələ 103 siyasətçidən cəmi cümlətani 18-i sizin yanınızdadır və hələ iddiada da bulunursunuz ki, biz xalq hərəkatı yaratmışıq. Xalq sizləri dəstəkləmir, yoxsa siz “xalq”ın adından istifadə etməklə xalqı aldatmaqdan həzz alırsınız?

 

- Siz nədən belə qiymətləndirirsiniz, burada kiminsə kimi aldatmağından söhbət gedə bilməz. Fuad Əliyev də bu hərəkatda partiya sədri kimi yox, sıradan bir fərd olaraq iştirak edir. Orada bizdən başqa sabiq deputatlar var, orada bizdən başqa QHT sədrləri, jurnalistlər var, orada bizdən başqa Qarabağ uğrunda döyüşən adamlar var, əlillər var, orada bizdən başqa regionlarda yaranan təşkilatların nümayəndələri var. Bütün bunlar xalqın nümayəndələridir.

 

- Hərdən adama elə gəlir ki, birliyinizə belə adın verilməsində bir brakonyer niyyət var. Potensialı olduğundan qat-qat artıq göstərmək üçün sanki bu ad sizə həyan olur. Hərəkat deyəndə mənim gözümün önünə ötən əsrin 1988-89-cu illəri gəlir. O zaman böyük bir imperiyaya sinə gərən insanlar nə əcəb yanınızda yoxdur?

 

- Necə yəni, yoxdur.... İsgəndər Həmidov..

 

- İsgəndər Həmidov...sonra?

 

- Rəhim Qazıyev, Əhməd Oruc....

 

“Bütün bunlar müxalifəti parçalamaq üçün nəzərdə tutulub”

 

- Meydan Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı, “azadlığı üçün bir milyondan yuxarı imza yığılan” Etibar Məmmədov, İlyas İsmayılov, Qorbaçova qiyabi ölüm hökmü oxuyan Tahir Kərimli, Xalq Cəbhəsini yaradanlardan olan Zərdüşt Əlizadə, ömrünü bu Vətən üçün fəda etməyə hər zaman hazır olan Arif Paşa, İsa Qəmbər, Lalə Şövkət xanım, Əvəz Temirxan, o zamankı ilk mitinqin aparıcısı Ənvər Əliyev hardadır? Bu adamları sizin dediyiniz hərəkatdan uzaq gəzməyə vadar edən səbəblər nədir? Bu adamlar da xalqımızın nümayəndələridir.

 

- İndi görünür onlar belə qərar veriblər ki, fəaliyyətlərini ayrıca şəkildə davam etdirsinlər. Onların qərarına da biz müdaxilə edə bilmərik ki?

 

- Siz Qarabağ Komitəsindən istefa vermisiniz?

 

- Yox, mən istefa verməmişəm. Qarabağ Komitəsinə biz üzv olmuşuq. Xalq Hərəkatı yarananda bizim Məramnaməmizdə də yazılmışdı ki, biz fəaliyyətimiz dövründə Qarabağ Komitəsi yaradacağıq..

 

- QAT-a alternativ?

 

- Yox, bu hərəkat daxilində olan komitədir. Və hərəkat daxilində bu komitə yaranandan sonra bizim Qarabağ Komitəsində təmsilçiliyimiz məntiqsiz idi. Qərara gəldik ki, biz Xalq Hərəkatında varıqsa, elə bu hərəkat daxilində olan Qarabağ Komitəsində iştirak edək. Hazırda orada fəaliyyətimizi dayandırmışıq. Və bunun da heç bir quruma alternativliyi yoxdur. Bunu hakimiyyətə yaxın mətbuat belə formatda təqdim edir. Bundan qabaq da deyirdilər ki, AXH Milli Şuraya alternativ olaraq yaradılıb. Bütün bunlar müxalifəti parçalamaq üçün nəzərdə tutulub.

 

- Qarabağ adından istifadə edərək özünün siyasi sferada ayaqda durmasını təmin edən qüvvələr sizcə nədən tapdalanan, işğal altında inləyən Qarabağın özünə sahib çıxa bilmir? Qarabağ kartı deyəsən yaman düşərli olub çoxlarına.

 

- Mən Qarabağ adıyla özü üçün nəsə əldə edən bir şəxs tanımıram. Qarabağ adıyla hansısa dəyirmi masaların təşkil edilməsi hesab etmirəm ki, bu addan siyasi divident naminə istifadə olunmanın görüntüsüdür..

 

- QAT-ın fəaliyyətini necə dəyərləndirirsiniz?

 

- QAT bu məsələdə daha fəal, daha radikal addımlar atıb. Keçirilən yürüşlər, icasəsiz aksiyalar da buna bir sübut idi..

 

- Akif Nağı səhərdən axşama qədər icazəli, icazəsiz aksiyalar keçirsin, sizlərin yaratdığınız Qarabağ Komitələri səhərdən axşama qədər dəyirmi masalar təşkil etsin, necə ki, ötən 30 ildə də edilib. Bunun itirilmiş torpaqlarımızın geri qaytarılmasına nə dəxli var. Nə iş görülüb bu müddət ərzində? Sizin icazəli, icazəsiz aksiyalarınızın və Ermənistan-Azərbaycan müharibəsi başlayan zaman Qarabağa köçürülən ermənidən doğulan xorenlərin indi 30 yaşı var. Müxalifətçilik beləmi olur?

 

- Qarabağ adıyla keçirilən istənilən icazəli, icazəsiz aksiyalar, dəyirmi masalar ancaq və ancaq problemin həllinə xeyir gətirən məsələdir. Xarici mətbuatı da izləyirəm. Bir var biz danışmayaq, dinməyək, piketlər keçirməyək, hər şey unudulacaq. Amma biz daim səfirlərlə görüşəndə ilk olaraq bu məsələni qaldırırıq. Gündəmdə saxlayırıq, hələlik gücümüz buna çatır. Biz hakimiyyətdə olmalıyıq ki, dediyimizi də həyata keçirə bilək..

 

- Yenə də şirin vədlər... Sizin kimi hakimiyyətə can atanların hər biri beləcə şirin vədlər verirlər. İnanmaq məsələsini qoyaq bir yana. Sizcə kiminsə hakimiyyətdən getməsi və kiminsə hakimiyyətə gəlməsi xalqın maraqları çərçivəsində olur, yoxsa qlobal güclərin?

 

- Yooox, sözsüz ki, birinci növbədə gərək xalq özü marağında olsun ki, hansı siyasi qüvvəni iqtidara gətirir. Amma istənilən halda bu məsələdə əsas söz sahibi qlobal güclərdir.

 

- Fuad Əliyev Azərbaycanın indiki siyasi, hərbi, iqtisadi, sosial durumunu necə qiymətləndirir?

 

- Siyasi durum ürəkaçan deyil....

 

- Nələr olmalıdır ki, ürəyimiz açılsın?

 

- Siyasi düşərgənin hansı tərəfində dayanmasından asılı olmayaraq hər kəsi öz potensialına görə qiymətləndirmək lazımdır. İqtidar bu potensiallardan istifadə etmir....

 

- Hərbi imkanlarımız necə?

 

- Müşahidə etdiyim, gördüyüm hər halda pis deyil, Cənubi Qafqazda Azərbaycan ordusunun gücü daha böyükdür.

 

- İqtisadi sahədə?

 

- Region dövlətləri sırasında iqtisadi baxımdan Azərbaycan ən axırıncı yerdədir. Baxmayaraq ki, neftimiz, qazımız var, amma nefti qazı olmayan Ermənistan, Gürcüstan qat-qat bizdən irəlidir. Çünki onlarda monopoliya yoxdur, bizdə hər bir sahə kiminsə monopoliyasındadır.

 

- Bu necə irəlidə olmaqdır ki, Ermənistan bir forpost olaraq həm də Rusiyanın ayırdığı kreditlərin girovu kimi varlığını sürdürməkdədir?

 

- Yooox. Orada monopoliya yoxdur.

 

- Necə monopoliya yoxdur? Bəs İrəvanda hakimiyyəti qəsb edən Qarabağ klanına qarşı düzənlənən aksiyalar nəyin göstəricisi idi?

 

- Orada hər bir vətəndaş - istər İrandan, istər Türkiyədən, istər Rusiyadan, istər başqa xarici ölkədən olsun, gedib nə istəsə gətirə bilər. Şirkətlər normal işləyə bilir. Amma bizdə monopoliya var. Heç kim özbaşına şirkət açıb gedib xaricdən hansısa malı gətirə bilmir. Yaxud bir maşın mal gətirəndən sonra ikincisinə icazə verilmir....

 

- Azərbaycandakı sosial durumla bağlı demədiniz.

 

“Saakaşvili gördünüz necə o monopoliyanı məhv etdi”

 

- Sosial durumun müqayisəsində də ən axırıncı yerdəyik. Təbii sərvətlərimiz bol olsa da, ancaq o təbii sərvətlərdən gələn gəlir xalqın deyil, bir qrupun əlində cəmlənir. Bugünkü iqtidar əmək haqlarını, müavinətləri qaldırıram deyəndə ancaq faizlə danışır, manatla yox. Çünki artırdıqları 5 manat, 6 manat utancvericidir. Ona görə 15, 20 faiz deyib qürrələnirlər. Baxın, Gürcüstanda bizdən də qat-qat artıq monopolist düşüncəli məmurlar var idi. Saakaşvili gördünüz necə o monopoliyanı məhv etdi. Gör necə cəmiyyət qurdu Saakaşvili.

 

- Deyirlər ki, AXH-nin yaranması elə iqtidarın özünün sifarişidir?

 

- Kimə sifariş verilib, onu deyə bilərlər?

 

- Yəqin AXH-ni yaradan, AXH-də təmsil olunan sizlərə sifariş olunar da.

 

- Həmişə müxalifətin birliyi yarananda o birliyi pozmaq üçün belə yanaşmalar sərgilənir. Əgər dırnaq arasında desək, bunu hakimiyyət yaradıbsa, nəyə görə yaranan gündən üzvlərimiz həbs olunur, rayon təşkilatlarımızı yaratmağa imkan vermirlər. Hər gün təzyiqlər var, hər gün təhdidlər var. Məntiqsiz və cəfəngiyyat fikirlərdir bunlar.

 

- AXH-dən istefalar olubmu?

 

- Yox, əksinə, hərəkatımız günü-gündən genişlənməkdədir. Hər gün axın var.

 

- AXH-nin təmsilçiləri kimi beynəlxalq təşkilatların nümayəndələriylə olan danışıqlara daha çox Elşad Musayevlə Fuad Əliyevin cəlb edilməsi həm də sizləri canlı hədəfə çevirmək üçün nəzərdə tutula bilərmi?

 

- Biz onsuz da hədəfdəyik. Təkcə biz yox, İdarə Heyətinin bütün üzvləri eyni taleni yaşamaqdadır. Sadəcə olaraq orada iş bölgüsü olub və biz də beynəlxalq məsələlərə baxırıq.

 

- Ümumyyətlə, AXH-nin başlıca məqsədi nədir, bu hərəkat nəyi əldə etməyə çalışır?

 

- Azərbaycanda demokratik mühitin yaradılmasına, demokratik seçkilərin keçirilməsinə nail olmaq.

 

 “Güc olaraq formalaşandan sonra hakimiyyət özü bizi dialoqa dəvət edəcək”

 

- AXH-nin əldə etmək istədiklərinə meydanlara çıxmadan iqtidarla qarşılıqlı dialoq şəraitində nail olmaq mümkündürmü?

 

- Xalq Hərəkatında bu gün hakimiyyətlə dialoq məsələsi gündəmdə deyil. Hazırda təşkilatlanma işini görürük. Bundan sonra yüksək səviyyədə Məclis keçirmək nəzərdə tutulub. Sonra mitinqlərə başlamaq. Hələ ki, hakimiyyətlə dialoqa getməyi fikirləşmirik.

 

- Qorxmursunuz ki, sizi dialoqa deyil, meydanlara çıxmağa önəm verdiyinizə görə zorakı yollara üstünlük verməkdə günahlandırarlar?

 

- Biz hesab edirik ki, güc olaraq formalaşmalıyıq və bundan sonra hakimiyyət özü bizi dəvət edəcək. Əks halda heç kim bizimlə dialoqa getməyəcək.

 

- Səhv etmirəmsə, sizin rəhmətlik atanız bir çox yerlərdə yüksək vəzifələrdə işləyib. O cümlədən bir müddət rəhmətlik atanız Bakı Şin zavodunun direktoru da olub, eləmi? Neçənci illər idi bu?

 

- Təxminən 1971-ci idən 1981-ci ilə qədər Şin zavodun direktoru olub.

 

- Xəbəriniz varmı ki, həmin Şin zavodun sonrakı direktoru, indi isə Vətəndaş Həmrəyliyi Partiyasının yetkilisi olan Felmar Ələkbərlinin birbaşa rəhbərliyi ilə orada həyətdə Məhəmməd Əmin Rəsulzadənin büstü hələ sovet zamanından qoyulub? O büstü nə zamansa ziyarət edib, qarşısına bir gül dəstəsi qoymusunuzmu?

 

- Yox, ziyarət etməmişəm və təbii ki, gül dəstəsi də qoymamışam ora. Mən sosial şəbəkədən oxudum ki, Felmar müəllim ora gedib, oranı ziyarət etmək istəyib, polis onu həmin yerə buraxmayıb. Məlumat mənim üçün maraqlı oldu ki, yəni, o zavodda belə bir büst var.

 

- Getmək istəmirsiniz o büstün qarşısına bir gül dəstəsi qoymağa?

 

- Hər il Novxanıya gedirik. Felmar müəllimlə mənim şəxsi tanışlığım da var. Çox yaxşı bir ziyalıdır, ağsaqqaldır. Mən elə o vaxtdan Felmar müəllimi tanıyıram.

 

- Bildiyim qədərində rəhmətlik atanız Rəsul Quliyevlə çox isti münasibətdə olub və ona yardımda da bulunub. Bəs Rəsul Quliyev necə, o münasibətlər müqabilində Fuad Əliyevə hansısa yardımda bulunubmu, yoxsa atanızın yaxşılıqlarını çoxdan unudub?

 

- Rəsul müəllim atam işləyəndə sex rəisi olub. Sonradan atam bu zavoddan gedəndə Rəsul müəllim haqqında söylədiyi müsbət rəy onun daha yüksək vəzifələrə doğru irəliləyişində bir tramplin olub. 1986-cı ildə mən məktəbi bitirəndə biz atamla birgə Rəsul müəllimin qəbuluna getdik. Rəsul müəllim dedi ki, qoy gəlib mənim yanımda idarədə işləsin. Atam dedi ki, yox, sən bunu fəhlə kimi işə götür. Rəsul müəllim dedi eşidərlər ki, Ağası müəllimin oğlu burada fəhlə işləyir, bir az pis çıxır. Ancaq atam razılaşmadı. Və həmin fəhləçilik mənim üçün bir həyat məktəbi oldu. Onda mən Rəsul Quliyevin idarəetmədə çox gözəl rəhbər olduğunu görmüşəm.

 

- Sonrakı dövrlərdə Rəsul Quliyevlə əlaqələriniz olubmu?

 

- 20 ildən çox müddət sonra - 2010-cu ildə ilk görüşümüz olub Rəsul Quliyevlə. O ildən sonra biz birgə fəaliyyətdə olmuşuq. Onun Amerikadakı, Avropadakı görüşlərində iştirak etmişəm....

 

Fuad Əliyevin havası – “Barı Naxçıvan”

 

- Deyirlər “Bakıda 30 min erməni gəlini var Azərbaycanımızın”....

 

- 60 min..

 

- İndi mən 30 min eşitmişəm də... Sizcə o gəlinlərin doğduqlarından bizim siyasi düşərgəyə yeridilə bilərmi?

 

- Dəfələrlə demişəm, Sülh Platforması adı altında ermənilərin Bakıya gətirilməsi düzgün deyil. Mən burdan bura ziyarət üçün Nardarana gedə bilmirəm, amma neçə ildən sonra ermənini bura gətirib onu qəbir üstə aparırlar. Bu, bizə təhqirdir.

 

- Qarabağ probleminin həllində Fuad Əliyev hansı yola üstünlük verir - hərbi, yoxsa danışıqlara köklənən siyasi yola?

 

- Biz siyasi yol məsələsinə 10 il bundan öncə nöqtə qoymuşuq. Qardaş dövlətlərlə müqavilə bağlayıb, torpaqlarımızı hərb yoluyla azad etməliyik.

 

- Fuad Əliyevin ən çox sevdiyi mahnı və qol götürüb oynamaq istədiyi rəqs havası hansıdır?

 

- “Barı Naxçıvan”...

 

- Təşəkkürlər...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin