“Elçibəy hakimiyyətinin qüsurları Heydər Əliyevin hakimiyyətə gəlişini qaçılmaz etmişdi” - LAYİHƏ

12:06 04-03-2019 | icon 4941 | Layihə
“Elçibəy hakimiyyətinin qüsurları Heydər Əliyevin hakimiyyətə gəlişini qaçılmaz etmişdi” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

 

İlqar Altay: “Xalqın ziyalısına məkirli niyyətlərini gerçəkləşdirmə yolunda bir vasitə kimi baxırsansa, onda daha heç kim sənin yanında olmayacaq”

 

 

Bu gün Azərbaycana sırınan demokratiya pərdəsi altında fərqli formatlı, fərqli məzmunlu çabalama problemi yaşanmaqdadır. Seçilmişlərimizin bir çoxu demokratiyanın ən ilkin şərti olan Cavabdehlik və Məsuliyyət hissindən yan keçməklə yaşanan problemləri, qarşılaşdığımız çətinlikləri ancaq qarşı tərəfin boyun yükü kimi təqdim etməklə özlərini gələcəyimizə Mikelancelonun Qozbel Mediçisi kimi gözəllik mücəssəməsi timsalında sırımağa çalışırlar.

 

“Həmin auditoriyadan siyasət meydanına gəlmişəm”

 

...İsa Qəmbərlərin, Əli Kərimlilərin zaman-zaman siyasi və maddi potensiallarından istifadə etdikləri, onları canlı hədəfə çevirdikləri və bütün bunların sonucu olaraq Azərbaycanın timsalında problemlərimizə ikili standartla yanaşan Qərbə qazandıra biləcəyi aydınlarımızdan biri də kriminalist-hüquqşünas İlqar Altaydır - Avropadakı Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri. Çoxundan fərqli olaraq İlqar bəy hökumətin ünvanına yerli-yersiz çıxışların yox, ortaya alternativ fikir və ideyalar qoymağın tərəfdarıdır. O da Sərdar Cəlaloğlu kimi şəxsiyyəti “cəmiyyətin hüceyrəsi” sanır, Sərdar bəyin “əgər bu gün hüceyrə ölüdürsə, bundan bədən əmələ gələ bilməz” fikrilə tam olaraq razılaşır.

Beləliklə, Versus.Az-ın Söz Meydanının növbəti Döyüşçüsü İLQAR ALTAYdır.

 

- Kənd müəllimləri ailəsindən çıxan İlqar Altay siyasət meydanına hansı auditoriyadan gəldi?

 

-  Bu 1999-cu illərə təsadüf edir. O illərdə mənim həm uğurlu təhsilim, həm də paralel olaraq biznes irəliləyişim vardı. Çoxları yalnız birisini arzu etdiyi halda, mən tibb və hüquq ali təhsilinə yiyələnmişdim. Tibb təhsili üzrə məhkəmə-tibb eksperti ixtisasına yiyələnmişdim. Eyni zamanda hüquq üzrə elmi dərəcəli aspirant təhsilim var idi. Ədliyyə sistemində hüquqi gibernetika üzrə baş elmi işçi idim. Bu da mənə imkan verirdi ki, qanuni çərçivədə bizneslə də məşğul olum. Bakıda, Orta Asiyada, Rusiyada firmalarım, xeyli uğurlu işlərim var idi. Halal, rüşvətsiz qazancım vardı. Bütün uğurlarımda böyüdüyüm mühit, kənd müəllimləri ailəsində aldığım tərbiyə əsas rol oynayıb. Bakı, Moskva, London və dünyanı dolaşıb təhsilimi inkişaf etdirmişəm, təcrübə və maddi imkanlar əldə etmişəm. Həmin auditoriyadan siyasət meydanına gəlmişəm.

 

- Bütün bunları İlqar Altaydan öncəki İlqar Məmmədov əldə etmişdi - valideyinlərinin 30 manat kirayə pulundan da imtina edib özü biznesini quraraq öz başını dolandırmaqla savad, bacarıq əldə edən İlqar Məmmədov. Bəs siyasətə gələn İlqar Altay neylədi?

 

- Xarakterinə uyğun olaraq müstəqil, borcsuz, öhdəliksiz İlqar Altay 1999-cu il hüdudunda siyasətə gəldi. Yenə də halal zəhmət, yenə də heç bir kömək olmadan... Özümə, yaxınlarıma halal zəhmətlə hər şeyi əldə edəndən sonra öz elmi, siyasi potensialımdan, daxili enerjimdən dövlətimiz, millətimiz naminə istifadə etməyə qərar verdim. Vətəndaş olaraq öz dövlətinə sahib çıxmanın nümunəsini ortaya qoyanlar sırasında olmaq istədim. Nə dərəcədə buna nail olmuşamsa, hər şey göz qabağındadır.

 

- Söylədiklərinizi əsas götürsək, belə potensiallı bir kəsə məntiqlə istər hakimiyyət, istərsə də müxalifət tərəfindən hansısa bir təklif də olunmalıydı? Olubmu belə təkliflər?

 

“Sərbəstliyi sevən adamam”

 

- O zaman Ədliyyə Nazirliyi Ekspertiza Elmi Tədqiqat İnstitutunda hakim yeri üçün seçim edirdilər. Bununla bağlı iki nəfər elmi dərəcəli hüquqşünasa - mənə və iş yoldaşım Əlisoltan Osmanova təkliflər gəldi. O, Agır Cinayətlər üzrə Məhkəməyə hakim getdi…

 

- Sizin potensialınız ora getməyə imkan vermirdi?

 

- Yox, sadəcə olaraq ora mənlik deyildi və bundan imtina etdim. Bu, mənim xasiyyətimə uyğun deyildi, hər gün mantiya geyin, kabinetdə, zalda otur, eyni iş və eyni həyat, sıxıntılı olardı mənim üçün. Ona görə də imtina etdim.

 

- Bəs işin özüylə xarakteriniz arasında bir uyğunluq var idimi?

 

- Görmürdüm belə uyğunluğu. Mən daha çox sərbəstliyi sevən adamam, aktiv fəaliyyətin tərəfdarıyam, ekspert-kriminalistika ixtisasıma uyğun olaraq dinamik işdən yanayam. Moskvada, Rusiyada işlədiyim kimi hadisə yerinə çıxmaq, hər gün yeni əməliyyatda, müxtəlif hadisələrlə üzbəüz olmaq və ölkədə cinayətkarlığın qarşısının alınmasında xüsusi effektli fəaliyyət göstərmək tərzi təbiətimə uyğun idi. Həm də qətl, qəza və sair kimi hadisələrdə nadir mütəxəssus idim.

 

- Sizdən başqa belə mütəxəssis yoxdur bəyəm?

 

- Mən həm tibbi ekspert, həm də hüquqşünas-kriminalist kimi iki vacib ixtisasa sahib mütəxəssis olaraq daha çox dəyər gətirə bilərdim. 7 il tibb, 5 il hüquq, 3 il aspirantura təhsillərim var idi. Ancaq hakim üçün yalnız 5 illik hüquq təhsili də bəs edir. Bizim ölkənin problemlərindən biri də ixtisassızlıq problemidir. Əsil konkret sahə üzrə mütəxəssis çatışmazlığıdır. Söhbət diplomdan getmir. Öz ixtisası üzrə diplom alsa da, bunu öyrənməyib ixtisas ala bilməyənlərimiz yetərincədir. Müasir dünyada konkret olaraq ixtisaslar bölünüb, keyfiyyət gətirən mütəxəssisə ehtiyac daha böyükdür. Biz bir dövlət olaraq mütləq bu keyfiyyətin səviyyəsini qaldırmalıyıq.

 

Ramil Usubovun imzası və “uyğun gəlməyən şərtlər”

 

- Və beləliklə, İlqar Altay öz ixtisası üzrə axtarışa çıxır...

 

- O zaman İlqar Altay yox, İlqar Məmmədov... Bəli, buna görə Respublika prokurorluğuna müraciət etdim, orada mənim istəyimlə uzlaşan ölüm işləri üzrə şöbə var idi. Sənədlərimi qəbul etsələr də, məsələ xeyli gecikdi, uzandı. Ona qədər paralel olaraq Polis Akademiyası kriminalistika kafedrası rəisliyinə sənədlərimi istədilər. Burada da sənədlər hər bir instansiyadan keçdi. Bircə Ramil Usubovun imzası qalanda nəsə şərtlər də uyğun gəlmədi. Arada bununla bağlı İnstitutumuzun direktoru Fuad Cavadov müəyyən çabalar göstərdi, bir müddət Tibb Unversitetində “Hüququn Əsasları” fənnindən mühazirə dedim....

 

- Və beləcə gəlib yetişdik yeni minilliyə...

 

- Hə, beləcə gəlib yetişdik yeni minilliyə. 2000-ci ilin parlament seçkiləri gəlib yetişdi. Rəhbərliyə bildirib, müstəqil namizəd kimi, 100 saylı Şəmkir seçki dairəsindən o zaman YAP-ın icra katibi olan Mübariz Qurbanlıya alternativ oldum.

 

- Hansı maraq sizi Mübariz Qurbanlıya alternativ olmağa sövq etdi?

 

- Dövlətçiliyimizə olan sevgim məni bu siyasi prosesə qoşulmağa sövq etdi. Bayaq vurğuladığım kimi mən öz gerçək potensialımdan dövlətçiliyimizin inkişafı üçün daha böyük meydan axtarırdım. Və parlament seçkisi də burada bir tramplin rolu oyanyırdı..

 

- Nəticə necə oldu?

 

- Orada böyük ədalətsizliklə qarşılaşdım. Mübarizəmdən geri çəkilmədim və bu, rəhbərliyin də xoşuna gəlmədi. İnadkarlığımın sonucu olaraq işdən çıxdım. Beləcə, bu yol, bu həyat özüm də hiss etmədən məni siyasət okeanına atdı.

 

- Dediyiniz “ədalətsizliklə qarşılaşma” sizi küskün insan olaraq müxalifət qapısını döyməyə, oradan içəri keçməyə itələdi, öyləmi?

 

- Bəli, mən də o qapıdan beləcə içəri keçdim. Həmin siyasi burulğanda artıq 19 ildir ki, çarpışmaqdayam. Müəyyən mənada bu burulğanlar adamı bərkdən-boşdan çıxarır, daha da möhkəmləndirir, həyatı daha yaxşı görürsən, kimin kim olduğunu daha yaxşı anlayırsan.

 

- Nəvə-nəticələri İlqar Altaydan “baba, sən ötən əsrin sonunda ermənilərin Qarabağ fitnələri baş qaldıranda, torpağımız uğrunda azadlıq mübarizəsi gedəndə harada idin?” soruşanda bunları deyəcəksiniz?


- Əlbəttə keçdiyim həyat yoluna ayna tutacam. Apardığım mübarizənin ana xəttini də bizdən nəvə-nəticələrimizə torpaq itkisinin, həlli müşkülə çevrilmiş məsələlərin qalmaması təşkil edir. Şükür ki, bu mənada nəvə-nəticəyə, əsas da həmvətən gənclərimizə izah verəsi sözümüz, əməlimiz var. Qarabağ qovğasında bilavasitə iştirak bir neçə variantda qismət olub insanlarımıza. Ya o yerdə yaşayıb, o agrı dəhşətləri, işğalı ailəndə, üzərində hiss edəsən. Ya hərbçi kimi, ya o vaxt könüllü müdafiə dəstələrində vuruşmaqla, ya da vacib lazımlı mütəxəssus kimi. Mən o zamanlar siyasətin içində olmayan şəxs kimi, öz ixtisasım üzrə dövlətimizin vacib, müharibədən az fərqi olmayan kriminal sahəsi ilə qovğada idim. Və bir an yetişir ki, bu vacib ixtisasını da götürüb getməlisən Qarabağ qırğın zonasına. Mən də ezam olundum....

 

- Bu nə vaxt olub?

 

- 1991-ci ilin yayında. Onda bizim Şuşada istintaq qrupumuz var idi, onlara köməyə getmişdim....

 

- Onda hələ aktiv müharibə başlamamışdı, Xocalı soyqırımı törədilməmişdi ermənilər tərəfindən.

 

- Bəli. Hələ onda Dağlıq Qarabağ yarımfaktiki və yarımformal olaraq bizim, ancaq faktiki olaraq rus hərbisinin nəzarətində idi. Amma ermənilər bizim oradakı əhaliyə qarşı çox qırğınlar törədirdi, silahlı birliklər təşkil edirdilər....

 

“Ermənilər Şükür müəllimi girov götürdülər...”

 

- O qrupun rəhbəri kim idi?

 

- Prokurorluq tərəfdən rəhmətlik Şükür Rzayev qrupun rəhbəri idi. DİN tərəfdən Mabud müəllim, gərək ki, Əliyev idi soyadı. Çox risqli, təhlükəli şərait idi. Təsəvvür edin, uzaq kənddə bizim bir ailəni qətlə yetiriblər və bizi-silahlı istintaq-əməliyyat qrupunu hadisə yerinə gedib müayinə-axtarış keçirmək üçün rusların əli avtomatlı, BTR-li əsgərləri müşayiət edirdi. Görün indi yazıq silahsız əhalimiz nə çəkirdi. Ermənilər çox qudurğan azğın idilər. Ermənilərin qoca arvadları istintaq qrupunun üzvlərinin kimliyini bilib daşla-kəsəklə hücum etdilər üstümüzə bir dəfə - düz Əsgəran prokurorluğu qabağında. Rus əsgərləri güclə sakitləşdirdi. Cavanları da silahlı idilər və gecələr terrorla məşğul olurdular. Görün ki, arada o boyda yaşlı vəzifəli prokuror, Şükür müəllimin özünü girov götürdülər. Məni danlamışdı ki, çılğınsan, risklisən, ya öldürəcək, ya girov götürəcəklər səni, işə salacaqsan bizi, çox keçmədi kişi özü düşdü, nə qədər həyəcan var idi. Uzun, gərgin danışıqlardan sonra 20 günə kimi saxlayıb üzə çıxarıb qaytardılar yaşlı insanı. Qarabağ gözümüz baxa-baxa, rəsmi ərazimiz ola-ola, rəsmi hakimiyyət biz, hüquq-mühafizə orqanı biz, amma əlimizdən çıxırdı. Elə bil Ermənistana getmişdik istintaq aparmağa. Bizə qarşı saymazlıq var idi.

 

- Özünüz də vurğuladınız ki, siz də kriminalist hüquqşünassınız. Adətən kriminalistlər öz fikirlərini lakonik və detallı şəkildə izah etməyi çox gözəl bacarırlar. Vəzirov dönəmindən ta indiyə qədərki dövrdə biz dəyişən hakimiyyətlər zamanında nəyi itirib nəyi tapmışıq? Və bunu ayrı-ayrılıqda vurğulamağınızı istərdim: Vəzirovun vaxtında nəyi itirib, nəyi tapdıq: Mütəllibovun vaxtında nəyi itirib, nəyi tapdıq, eləcə də digərlərinin.

 

- Maraqlı sualdır. Müstəqillik əldə olunandan bəri bütün hakimiyyətləri və nə itirib qazandığımızı əhatə edir sualınız. Bilirsiniz, həyat məntiq üzərində qurulub. Məntiq isə nəticə ilə ölçülür. Əgər bir prosesin sonu uğurla nəticələnirsə, proses boyu baş verən müsbət və hətta mənfi hallar ümumi nəticəyə qulluq edir. Və mənfi hal da müsbətin formalaşmasına xidmət edir. Nəticə uğursuz olacaqsa, deməli, mənfi imiş baş verənlər. Mən hesab edirəm ki, bütün baş verənlərə, çətinlik, əziyyət və hətta Qarabağ dəhşətlərinə rəğmən, bu qovğaların içində də bizim dövlətin və vahid xalqın formalaşması prosesi gedir.

Elə, son günlər dövlətçilik və xalqın birliyinə qarşı çıxan "importnu" dindarların ifşası, separatçılara qarşı xüsusi xidmət orqanlarımızın uğurlu əməliyyatını və xalqın da buna ümumi dəstəyini götürək. Ancaq sovetlər dağılandan sonrakı durumumuz həddindən artıq çox agır, müəmmalı idi….

 

- Əlimizdə olan imkanlar baxımından, yoxsa…

 

- Dünya birliyi və güclərinin dövlətimizi, bizi tanıması baxımından. Söhbət faktiki tanımadan gedir. Bu baxımdan gürcülərə, ermənilərə olan münasibətlə müqayisədə hər zaman Azərbaycana ikili yanaşma mövcud olub. Bu gün Azərbaycanımız öz mənfisi və müsbəti, eləcə də dünyanın bizə münasibətdə olan mənfi ya müsbət baxışı ilə birlikdə oturuşmuş dövlətə çevrilib…

 

- Amma Ermənistanla müqayisədə bu “oturuşmuş dövlət”ə Qərbin timsalında, lap elə bir çox Şərq ölkələrinin də timsalında yanaşmalardakı ikili standart  hələ də davam edir.

 

- Belə yanaşma da həmin dövlətlərin özlərini təqdimetmənin bir formasıdır. Həmin dövlətlərin açıq-aşkar ermənilərin tərəfində olmasına baxmayaraq, ötən bu 26 ildə heç bir dövlət içi Ermənistanın özü qarışıq Dağlıq Qarabağı müstəqil "Artsax" kimi tanımadı. İçi Ermənistanın özü qarışıq bu ərazi işğal zonası olaraq qalmaqdadır. Bu da Azərbaycan dövlətinin rəsmi ərazi bütövlüyü statusunu pozub. Ermənilər ona görə də işğalga 7 rayonu saxlayır ki, biz məcbur olub onların fitnələrinə razılıq verək. Demək, razılığımız lazımdır, bu olmadan heç kim Dağlıq Qarabağı bizdən rəsmən qopara bilmir. Demək, biz bir dövlət kimi varıq. Əgər varıqsa, BMT, dünyadan aldığımız qanuni "dövlət kupçamız varsa" demək, qalan daxili və xarici problemlərimizi bu müstəvinin üzərində quracağıq. Amma sovetlər dağılan ilk dövrdə bunu tanımırdılar. İddia edirdilər ki, guya 1918-də bu dövlət qanunsuz olaraq qurulub.

 

- Necə yəni “qanunsuz”? Kim idi və kimdir belə düşünənlər?

 

- Belə düşünənlər olub və indi də var. Bunu sizə bir tədqiqatçı olaraq deyirəm. Bu gün erməni, bizdəki irançı dindarlar, separat qüvvələr həmin düşüncədədilər. Ancaq mən öz varlığım qədər əminəm və nikbinəm ki, kimin necə düşünməsindən asılı olmayaraq inşallah, bizim əsil uğurlarımız hələ irəlidədir.

 

- Belə nikbinsinizsə, nədən Avropaya sığınmısınız?

 

- Bu gün məmur özbaşınalığı ucbatından, monopolist düşüncə ucbatından xalqımız çox əziyyət çəkir və bütün bunlardır bizləri qürbətdə qalmağa məcbur edən səbəblər. Bayaq verdiyiniz sualın cavablandırılmasından bir az uzaq düşsək də, qısaca onu deyə bilərəm ki, ötən 30 ildə Vəzirovdan başlayaraq ta indiyə kimi baş verən mənfi və müsbət hallar bir labüdlük, həyatın ümumi qanunauyğunluğudur və bütün bunlar düzlərin yaranışı üçün olub. Beləliklə, Vəzirov hakimiyyətinin qüsur, mənfiliyi Mütəllibovun, Mütəllibovun qüsur və mənfiliyi Elçibəyin, Elçibəy hakimiyyətinin qüsur və mənfilikləri də Heydər Əliyevin hakimiyyətə gəlişini qaçılmaz edib, ehtiyac və vaciblik yaradıb.

 

- İndiki dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəlişini necə qiymətləndirirsiniz?

 

- İlham Əliyevin dalbadal, əhalinin rifahı və dövlət quruculuğu istiqamətində atdığı addımlar, sürətli müsbət mütərəqqi islahatlarında da yəqin ki, hökumətin, ayrı-ayrı məmurların öncə buraxdığı səhvlər, mənfiliklərdən çıxarılan nəticənin rolu var. Yəni səhv öz ağrılı dağıdıcı zərərləri ilə birlikdə, sonrakı düzün yaranışı üçün səbəbdir.

 

“Müxalifətə və İsa Qəmbərə siyasi və maddi dəstəyim birtərəfli olub”

  • Sizin siyasətdəki səhvləriniz də düzün yaranışı üçün olub? 2000-ci ildən aktiv siyasətə qoşulandan sonra İsa Qəmbərin həvarisi kimi davranırdınız. Amma deyəsən sonradan siz də Yəhuda İskaryot kimi dəyərləndirildiniz.

 

- Mənim dövlətçiliyimizin, millətçiliyimizin qorunması baxımından siyasətdə səhvim olmayıb. Ancaq atılan addımların başqaları tərəfindən müxtəlif səpkidən qiymətləndirilməsi artıq mənim səhvim yox, fərdlərin yanaşmasıdır. Bəli, belə bir şey olub. Hər zaman belə olub ki, bir hökumətin dövründə fəaliyyət və irəliləyişdən qalan, öz enerji və təşəbbüslərini reallaşdıra bilməyən şəxs yeni bir hökumət və siyasi şərait istəyir. Bu istək onu alternativ kimi gördüyü siyasi müxalifətə aparır.

 

- Siz də İlham Əliyevə alternativ olaraq “9 ilə bir monoqrafiyanı yaz bilməyən” İsa Qəmbəri görüb ona həvarilik etməyə başaladınız, öyləmi?

 

- Adətən öz daxili siyasi xətti olan insanlar partiyasız qalmaqla müxalif siyasi təbəqəyə qoşulur. Mənim müxalifətə və İsa Qəmbərə siyasi və maddi dəstəyim birtərəfli oyun olub. O adamlar bunu öz insaflarıyla da deyə bilərlər. Mən bunu təmənnasız, səmimi qəlbdən etmişəm. Necə ki, 2003-cü ildə ziyalılardan Musa Yaqub, Azər Zeynalov, Flora Kərimova, eləcə də də mən….

 

- Nəticəsi nə oldu sizin dəstəyinizin – Yəhuda İskaryotluqmu? Sonradan Azər Zeynalov da deyəsən siyasi yöndən belə demək mümkünsə, “ağıllandı”.

 

-Yığcam, obyektiv, obrazlı desək, belə oldu. Bizim hamımıza bir gəmi təklif etdilər, mindik, yola çıxdıq...

 

- Nə gəmi? Kim təklif etdi o gəmini sizlərə?

 

- Obrazlı formada o gəmini zaman bizə təklif etdi… Niyyətimiz də səmimi idi, xoş idi… Və bu gəminin içinə siyasətin bərkinə-boşuna düşmüş çevik siyasətçi gəmiçilər də mindi. O gəminin necə idarə olunmasında iştirak etməyən, qərarların qəbulunda onların fikirləri, rəyləri soruşulmayan ziyalı, mütəxəssis insanlar da var idi burada. Və beləcə gəmi qəzaya uğradı. Yəqin ki, "Titanik"dəki kimi ən çoxu sürənlərin səhvi, naşılığı, gerçəkliyə uyğunsuz yanaşmalarının nəticəsi idi bu. Gəmi dağılıb, hamı okeana töküləndə baxdıq ki, bu siyasilərin fərdi xilasetmə vasitələrindən olan qoruyucu jiletləri var, sahilə üzürlər

 

- Siyasi və maddi potensialı ilə o siyasətçilərə köməkdə bulunan İlqar Altaydasa o jilet yox idi.

 

- Yox idi, bizdə heç nə yox idi. Biz ziyalıları fərdi deyil, kollektiv maraqlar düşündürürdü.

 

- Siz bu təlatümün qurbanı oldunuz, yoxsa sahilə üzüb çıxdınız?

 

- Sahilə üzüb çıxa bildim. Hərəmiz bir taxta, bir ağac parçası tapıb onunla bir-təhər sahilə çıxanda “bağışlayın, bir iş idi oldu” deməkdənsə, incidilər ki, “siz niyə bizim standart yolumuzla xilas olmadınız və batmadınız”.

Xalid Əlimirzəyev Müsavat partiyasını tərk etdi, incidilər. Flora Kərimova yeni seçkidə İham Əliyevi dəstəklədi, incidilər. Mən bunların bütün ifadələrini, bir-biri əleyhinə televiziyalardakı çıxışlarını, içəridəykən və çöldəki bazarlıqlarını gördüm, məni - müstəqil öhdəliksizi topa tutdular. Özləri də sonradan utanmaz formada hakimiyyətlə danışığa girib mandat alıb parlament kreslosuna yayxalandılar.

 

- Kim idi o yayxalananlar sırasında?

 

- Elə həmin qüvvələrin ətrafında olanları deyirəm. Bunlar kimi üzü üzlər görüb zərbəyə davamlı, siyasətdə dəyirmanın gözündən ölü salsan, diri çıxanlara nisbətdə biz, kövrək ziyalılar əliyalın qaldıq. Qaldıq çürümədə. Yazıq Xalid Əlimirzəyev, Musa Yaqub, Azər Zeynalov, Flora xanım nə günə düşdülər, infarkt, stress keçiriblər. Demək, öz xislətindən olan siyasilər nə ifadə yazırsa yazsın, çıxış edir etsin, mandat alsın, vəzifə alsın, iqtidarın şəninə şeir desin, kitab yazsın və sonra da "kruq" vurub geriyə dönsün olar? Bu satqınçılıq deyil, hə?

 

- Kimlər idi “kuruq” vuran siyasətçi?

 

- Konkretlik baxımından həmin qüvvələrin içindən çıxan parlament təmsilçiləridir o “kuruq” vuranlar. Amma bunun qarşılığında o qüvvələr təşkilatın heç bir dərin qatında olmayan, müzakirə fikir, qərarlarında iştirak etməyən xeyirxah ziyalı mütəxəssisləri iqtidarın yanında yer almaqda suçlayırlar.

 

- Görünür bunlardan üz döndərdinsə, müstəqil düşüncəni, sərbəst ifadəni ortaya qoydunsa, onların dediklərinə “ləbbeyk” demədinsə, deməli, “iqtidara satılbsan”...

 

- Bunlar belə düşünürlər. Bəli, bunlardan üz döndərəndə “satqın” olursan onların düşüncəsində. Bunların öz ölçü cihazları, insanlıq üçün öz stereotipli meyarları var. Bu düşüncədə olanın kimliyindən asılı olmayaraq daha heç kim bunların yanına gəlməz. Əgər sən xalqın ziyalısına intəhasız iddialarını, məkirli niyyətlərini gerçəkləşdirmə yolunda bir vasitə kimi baxırsansa, onda daha heç kim sənin yanında olmayacaq...

 

- “Bitərəf” İlqar Altay İsa Qəmbərin yanında dayanıbsa, bu həm də özü-özünüzü qəbul etməməyin görüntüsü sayıla bilərmi?

 

- Tarixin, həyatın yolları paralel olduğu qədər, kəsişən də olur. Bir şəhərin xəritəsini açın, baxın nə qədər paralel küçələr, maşın yolları varsa, o qədər də kəsişən küçə, yollar var. İnsanın həyat yolu da belədir, görürsən, hansısa məqam və şəraitdə yollar kəsişdi, iki şəxs hansısa dövr üçün yanbayan oldu. Ancaq bu o demək deyil ki, o insanın özlüyü itir. Bir insan da bir partiyadır, öz daxili və xüsusi məramnamə, nizamnamə, ya proqramı ilə. Təbii ki, özlüyü olub, onu saxlayandan gedir söhbət. Bir də ki, İsa Qəmbərin də yanı var, halı var bu saat, öz yanında, hayındadır..., Allahdan aşağı...

 

- Allahdan aşağı siyasətimizdəki, iqtisadiyyatımızdakı, bank sektorumuzdakı yerdəki monopolist allahlarımız amma deyəsən yaman çoxalıb.

 

- Bizi bəndəlikdən çəkindirən elə həmin dediyiniz “yerdəki Allahlar”ın davranışlarıdır. Bir şeyi bilmək lazımdır ki, revanşizm hər dəfə müsbət nəticə vermir. Və hətta öldürücü zərbə gətirir...

 

- Hansı hallarda?

 

- Əvvəlki məğlubiyyətinin səbəbini və səni döymüş rəqibinin gücünü düzgün analiz və heç olmasa, daxilən etiraf etməyəndə... Yəni, mən o vaxt gül kimi oturmuşdum taxtda, niyə düşdüm, niyə uduzdum, hansı qüsurum vardı, ümumiyyətlə bu işi bacarma imkanında idim, ya yox?..

 

“Nə ilə, hansı güclə revanş götürəsəksən?”

 

- Deməli, məsələyə özünütənqid formasında, cavabdehlik və məsuliyyət hissinin ortaya qoyulması prizmasından yanaşmanın tərəfdarısınız.

 

- Eynən. Yoxsa ki, mən güclü idim, bacarardım. Qoymadılar, nə bilim çaşdırdılar, hürkütdülər, indi də təzədən revanş götürməliyəm! Nə ilə, hansı güclə və potensialla? Nokdaun alan boksçu başa düşmür ki, elə belədən deyil bu, qayıdır, bir də atlır rəqibin üstünə və bu dəfə artıq birdəfəlik nokaut alır. Siyasət xəyalpərəstlik yox, real ölçü-biçi yeridir.

 

- Maraqlı səfərləriniz olub: gah Kilivlendə, gah İrana, gah Kosovaya, gah Təl-Əvivə ezam olunmusunuz. Kimlər sizi bu marşrutlar üzrə yönləndirirdi və bu səfərlərdə siz Azərbaycan naminə, yoxsa kiminsə maraqları xatirinə nəyisə əldə etməyə çalışırdınız?

 

- Sizin jurnalist kimi müsahibə və ya məqaləniz fərqli səbəb, motiv, məqsədlə olduğu kimi, mənim də araşdırma səfərlərim, yazılarım fərqli məqsədlərlə olub....

 

- Biz Zərdabi ənənələrindən bəhrələnib informasiya yaymaq, maarifləndirməklə məşğuluq və bu da sosial sifarişdir, bəs sizinki?

 

- Səmimi və açıq deyəcəm ki, əksərən öz namimə edirdim bunları. Desəm ki, Təl-Əvivə Aralıq dənizində baş vermiş Türkiyə-İsrail, "Mavi Mərmərə" insidentini xalqımız naminə araşdırmağa getmişdim, axı bunun bizə elə bir ciddi həyati əhəmiyyəti yoxdur. Eləcə də Polşa prezidenti Lex Kaçinski və arvadı qarışıq bütün dövlət elitasının həlak olduğu təyyarə qəzası üçün Varşava, Smolensk, Moskva araşdırmalarım da elə həmin qəbildəndir.

 

- Bəs bayaqdan Vətən, dövlət maraqlarından danışırsınız. Amma indi bəlli olur ki, atdığınız addımlarda həm də öz maraqlarınız olub?

 

- Bəli, dediyiniz kimi, həm də öz maraqlarım olub. Niyə özüm üçün? Həm iqtidar, həm müxalifətdən soyuq düşmüş dövr idi, bir qədər də bəzi qüvvələrin sıxıntılı təzyiqi altında. Bu səfərlərimlə həm passivləşib depressiyaya düşməyin qarşısını alırdım, həm də doğrusu, ictimaiyyət önündə gündəmdən düşüb unudulub itməmək məqsədini güdürdüm. Görürsünüz gedib, bu araşdırmaları etmişəm ki, yayılıb.

 

- “Qara transplantasiya mafiyası”nın üzvləri barədə nə deyə bilərsiniz?


- “Qara transplantasiya mafiyası” spesifik qanunsuzluqdur. Çox böyük gəlir gətirən, çox da amansızlıqla törədilən əməl olaraq, yalnız imkanlı beynəlxalq mafiyanın işidir. Bunu bizim postsovet məkanındakı mafiyalar bacarmazlar. Söhbət insanların iç orqanlarının çıxarılıb başqa ehtiyacı olanlara çox baha qiymətə satılmasından gedir. Bunu etmək üçün mafiya qrupunda iştirak edən xųsusi həkim-cərrahlar olmalıdır. Bu orqan, üzv elə bir əşya, pul qızıl deyil ki, kimisə soydun, ya öldürdün götürdün, getdin, satdın. Bu, daxili orqanı, böyrəyi, ciyəri və sair götürəndən sonra xüsusi saxlama şəraiti lazımdır, bir neçə saatdan sonra destruktizasiya olunub nekrozlaşır, xarab olur. Sonra da ən çətini, onu başqa çəxsə köçürməkdir. Bunu da etmək üçün xüsusi klinika, cərrahlar, bu bədən üzvünün köçürülən şəxsə bioloji uyğunluğunu öncədən bilmək lazımdır. Ən çox İsraildə, Kosovoda, Ukraynadadır bu məsələ. Bir ucu da gəlib Bakıya çıxmışdı bunun, ABU klinikasına. Xeyli səfərdə olub araşdırma apardıq, Bakı məsələsi qaranlıq qaldı nəsə......

 

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol