“Cismim Avropadadır, beynim, qəlbim Azərbaycanda” - LAYİHƏ

16:30 07-03-2019 | icon 5070 | Layihə
“Cismim Avropadadır, beynim, qəlbim Azərbaycanda” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

İlqar Altay: “Mitinqə icazə veriləndə deyirlər “iqtidar qorxdu”, icazə verilməyəndə də deyirlər “iqtidar qorxdu”

 

 

 

(əvvəli bu linkdə)

 

“Avropada digər dinlərin mahiyyətini diqqətdən kənar buraxmırlar”

 

- ...Siz də Marksın təbirincə, “din tiryəkdir” deyə düşünmədəsiniz?

 

- Din məsələsi müasir Azərbaycanımızın ən mürəkkəb ictimai və təhlükəsizlik problemlərindənidir. Düşünürəm ki, normal din bugünkü gərgin stresli dövrdə cəmiyyətimizin müəyyən təbəqəsi üçün daha çox tərbiyə, davranış, bir də ruhi zənginlik, tapınma, dayaq rolundadır. Ancaq dinin içərisinə dövlət və xalq üçün çox təhlükəli siyasət, xurafat, ekstremizm, fanatizm, məzhəb və milli bölücülük qatılanda, bu artıq siz dediyiniz tiryək rolunda çıxış edir. Bunlar bizim dini məkana xarici dövlətlər və dini mərkəzlər tərəfindən məqsədli şəkildə yeridiləndə, biz də bir cəmiyyət olaraq tərbiyə ilə tiryəki ayırd etmənin qarşısında aciz qalırıq...

 

- Bu problemin həlli ilə bağlı sizin fikriniz nədir - tibbi dillə desək, radikal, yoxsa konservativ müalicə?

 

- Elə dediyim odur, bu həm radikallıq, həm də incəlik tələb edən məsələdir. Xalqın, cəmiyyətin, gənclərin tərbiyə qatına nüfuz etmiş, absorbsiya olunmuş bu dini ekstremisləri çıxardıb rədd etmək lazımdır. Bu, sanki bir orqanizm içində yerləşib bütün bədənə yayılmış təhlükəli, bədxassəli şiş-xərçəngdir. Məcbursan ki, radikal müdaxilə edib cərrahi əməliyyatla kəsib atasan. Bu da elə incə formada edilməlidir ki, digər “üzvlər” zədələnməsin...

 

- Aidiyyətı xüsusi xidmət orqanlarımız, DTX bu “konuda” kifayət qədər işlər görüb və indi də görməkdədir....

 

- Təbii ki, mən də belə düşünürəm. Ancaq bu iş kimisə izləyib hansısa binada, hansısa məclisdə silahlı dini ekstremistlərin zərərsizləşdirilməsiylə bitməz. Bütün bunlar cəmiyyətin və hətta siyasi qüvvələrin içinə belə nüfuz etmişdir. Belələriylə bağlı hansısa qabaqlayıcı tədbirlər görən kimi dərhal gündəmə “insan hüquq və azadlıqları, haqq-ədalət” mövzusu gətirilir. Belələrinin ən çox çəkindikləri, qorxduqları qüvvə cəmiyyətin özüdür, onları ifşa edə biləcək ictimai nüfuza sahib olan insanlar, ixtisaslı tədqiqatçılardır.

 

- Bu gün İlqar Altay xristian Avropasına müsəlman kimliyini və islamın təməl prinsiplərini necə anlatmadadır?

 

- Avropadakı islam təşkilatları, dini qurumlar bu barədə kifayət qədər izahlar verir, maarifləndirmə işi aparırlar. Avropa xalqlarının özləri də cəmiyyət daxilində yayılan digər dinlərin mahiyyətini, prinsiplərini, məramını, məqsədini bilgi və diqqətdən kənar buraxmırlar. Eləcə də hansısa davranışı... Hollandiyanın Venlo şəhərində təhsilini başa vurub, indi vətəndə çalışan qızıma o dönəmdə tez-tez baş çəkirdim. Orada türk müsəlman icması var, məscid də fəaliyyət göstərir. Onlar, nə qədər də nümunəvi, mənəvi-insani, mədəni, dininə etiqadlı və həm də müasir dünyagörüşlü insanlardır!.. Həmin kəslərin 5 il müddətində həm öz soydaşlarımızı, həm öz dindaşlarımızı necə himayə etmələrinin, necə onlara dayaq durmalarını izlədim. Onu da qeyd edim ki, məhz belə insanlıq sevgisinin bəhrəsi idi ki, qızım da onlar kimi namaz qıldı, qızlar cəmiyyətinin sədri oldu. Bu icma Hollandiya hökuməti qarşısında hörmətlidir. Hökumət ayrıca böyük bir sahəni onlara Məscid tikintisi üçün ayırdı. Bununla müqayisədə bizim bəzi qaraguruh aqressiv dindarları heç cür qəbul edə bilmirəm. Çox istərdim ki, bizdə də hamımızın ehtiram edəcəyimiz belə dini mühit olsun - xeyirxah, tərbiyəli, dövlətə, vətənə, millətə bağlı....

 

- Elə isə lütf göstərib, onlarla bağlı bir reportajın hazırlanıb bizim cəmiyyətimizə təqdim edilməsi pis olmazdı, İlqar bəy...

 

- Bir münasib vaxt taparamsa, mütləq bununla bağlı siz dediyiniz reportajı hazırlamağı mən də düşünürəm. Bu, nümunəvi təcürbə kimi pis olmazdı. Buradan Venloya 250 km-dir, Almaniya ilə həmsərhəddir. Biz hamılıqla çalışıb islamın cəmiyyətimizdəki rolunu uzlaşdırmalıyıq. Bu məsələdə ilk əsas yük Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, dini icmaların, ictimai təşkilat və ziyalıların üzərinə düşür.

 

- Deyirsiniz ki, xarakterimdə bir inadcıllıq olub. Bu, siyasət meydanına qədəm qoyandan sonra davam edib, yoxsa həyatınızın İlqar Məmmədov dönəmində qalıb?

 

- İnadcıllıq deyil bu. İnadcılıq, tərslik, tutduğunu buraxmamaq, ətrafı, insanları, fikirlərini nəzərə almamaq kimi psixoloji patalogiyadır. Mən dedim axı, hər bir insan, hər bir şəxs öz fərdi stabil təbiəti, dünyagörüşü, həyat yolu, bu yoldakı dəsti-xətti, xoşladığı, istədiyi, zövqünə uyğun gələn seçimləri etmə qətiyyəti və dayanıqlığı ilə özü bir aləmdir, bir  dünyadır. Bax bu daxili stabillik, dayanıqlıq, seçim qətiyyəti kənardan inadçıllıq kimi görünə bilir. Və hamı bunu edəndə, bu yolla gedəndə “sən niyə inad edib getmirsən, sən niyə bizə qoşulmursan?”, deyirlər. Bir şərtlə ki, bu xasiyyətdə həm də xarici faktorları, mühiti, cəmiyyəti, insanları və fikirləri nəzərə alıb uzlaşdırasan ki, müstəqilliyinə, azadlığına, mənliyinə xələl gəlməyə...

 

- Onda belə çıxır ki, İlqar Altay məhz həmin xarici faktorları nəzərə alaraq öz azadlığını, öz müstəqilliyini qorumaq xatirinə siyasi partiya yaratmaqdan vaz keçib...

 

- Azad düşüncə, sərbəst fəaliyyət, dövlətçiliyimizin, kimliyimizin hər şeydən uca tutulması hər zaman mənim üçün əsas önəm kəsb edən məsələ olub. Siyasi partiya yaratmadan da öz gerçək siyasi potensialımı indi sadaladığım kriteriyalar üzrə nümayiş etdirirəm. Konkret olaraq hansısa siyasi partiya yaratmaq, yaxud hansısa siyasi partiyada təmsil olunmaq məsələsinə gəlincə... Sizin üçün də maraqlı olar. Bu “konuda” ən azı 5 siyasi partiya lideri mənə rəhbərlik etdikləri qurumda ya partiya sədrinin birinci müavini, ya da Ali Məclisin sədri postunu təklif edib. Onlara qoşulmadığıma görə umu-küsü də ediblər. Hətta bəzisi dostluğumuzun xatirinə bu postlardan birini müvəqqəti olsa da, onlar üçün tutmağımı xahiş ediblər....

 

- Bu hansı siyasi partiyaların  liderləri idi və bu xahiş hansı dönəmdə olmuşdu? Müəyyən zaman kəsiyi üçün sizin onların yanında olmağınız bu adamlara nə vəd edirdi?

 

“Ərz edim ki, dini baxışlarıma görə deistəm”

 

- ...........
p.s -cavab vermir. 2000-ci ilin əvvəllərini əhatə edən illərdə baş verən müxalifətdaxili təmaslarla bağlı danışmamağa üstünlük verən İlqar bəy susmağı birliyimiz naminə atdığı addım kimi dəyərləndirir....Susur....biz də israr etmədik...

 

VƏ BELƏLİKLƏ, NÖVBƏTİ SUALIMIZ....

 

- İlqar Altay onu da bildirir ki, “avropalılar dinlərə hörmət edib amma qəbul etməyib birbaş Allaha inanıram, elə də siyasətdə partiyasız birbaşa dövlət və xalqa”... İndi siz həmin siyasi qurumlara qoşulmadığınıza görə peşiman deyilsiniz ki?

 

- Qətiyyən. İndi zaman hər şeyi təsdiq etdi. Razıyam ki, həmin dönəmdə və elə indi də o qurumlardan uzaq olmuşam....

 

- Niyə gizli kodlarla danışırsınız?

 

- Burada heç bir gizli kod yoxdur. Zaman özü mənə seçim etməyə imkan verib ki, öz əqidəmə sadiq qalam, öz siyasi baxışlarımı birbaşa xalqımızın, dövlətimizin rifahı naminə istifadə edə bilim. Və necə ki, etmişəm, elə indi də etməkdəyəm. Mən bununla bütövlükdə siyasi partiyaların fəaliyyətinə kölgə salmaq istəməzdim. Onları da xalq, bu dövlət ilgiləndirir. Sadəcə olaraq, dövlətçiliyimiz naminə mümkün olmayanları mümkün etmək üçün gedilən yolda atılan addımların mahiyyətində bilərəkdən, ya da bilməyərəkdən həyata keçirilən fərqli gedişlər olub. Mənsə siyasi qurumda təmsil olunmadan belə öz seçimimi etmişəm....

 

- Bayaq inanclardan danışdınız, amma özünüzün bu “konuda” hansı mövqedə dayanmanızı demədiniz?

 

- Əslinə baxanda bu məsələ ilə bağlı aşıq şəkildə öz mövqeyimi ortaya qoyuram. Siz bunu mənim daha açıq mətnlə deməyimi istəyirsinizsə, ərz edim ki,mən dini baxışlarıma görə deistəm, birbaşa Allaha inanan.

 

- Bu necə inadçıllıqdır: öncə parlamentə namizədliyinizi verdiniz, alınmadı, sonra bundan vaz keçdiniz. Sonra öz maraqlarınızdan vaz keçib İsa Qəmbəri müdafiə etdiniz, o da Müxalif Ətdən olan ölüləri dirildə bilmədi və İlqar Altay yenə də başqa səmtə üz tutdu. 2013-cü ildə öz prezidentliyə namizədliyinizi verdiniz, burda əldə olunmayan uğur sizi vətəndən köç etməyə sövq etdi. İnadkarlıq beləmi olur?

 

- Bəli, bu, inadkarlıqdır. Bayaq dediyim, bir mühitdə özünü tapana, ürəyincə və təbiətincə seçimini müəyyən edənəcən inadla axtarma... Sizə bir şey deyim; həyatın hansısa sahəsi günlər və dəfələrlə o işi təkrar görmə tələb edirsə, bu artıq spesifik sahədir və sən bu işin sənətkarı olursan. Hətta süpürgəçilik də spesfik sahədir, sən süpürgəni götürüb illərlə küçəni süpürən qadın kimi bunu yöndəmli, keyfiyyətli, tez yorulmadan edə bilməzsən. Siyasət isə daha mürəkkəb spesifik sahədir. Lap kriminalist olma, prokuror ol, siyasət səni top kimi vurub ora-bura atacaq, daha bərkimiş, bilgililər səni fırfıra kimi oynadacaq. Ta ki müəyyən dövr keçib, zərbələr alıb bərkiyincə, o mühitdə və ümumi cəmiyyətdə yer tutunca.

 

“İdarəçiliyə vicdanlı insanlar gəlməlidir”

 

- Deyirlər, kənardan hər şey gözəl görünür. Azərbaycan Almaniyadan necə görünür – iqtisadiyyatı, siyasəti, vətəndaşın sosial durumu?

 

- Doğru, kənardan və xüsusilə də soyuq sakit başla yaşama və düşünmə mühitində prosesləri daha aydın, düzgün müşahidə etmək olur. Almaniyada olsam da, bütün günüm ölkəmizdəki proseslərin müşahidəsi ilə bağlıdır. Ölkəmiz, dövlətimiz, xalqımız üçün çox narahatam - təhlükəsizliyi, yaşayışı və  inkişafı illə bağlı. Cismim Avropadadır, beynim, qəlbim Azərbaycanda. Avropada yeni deyiləm ki, nəyəsə təəccüb qalam, nəyəsə valeh olam, məni özünə çəkə. 1989-cu il Berlin divarları uçandan bəri bura gəlib gedirəm. Hər zaman 2 ya 4 illik çoxgedişli vizam olub. Qardaş, bacı qohumların çoxusu burada yaşayır. Ancaq fikrim öz Azərbaycanımızdadır. Bizim bütün ölkə, idarəçi sistem, cəmiyyət, xalq hamılıqla çalışmalıyıq. Ən əsas insan faktorunu, camaatı hərəkətə, çalışqanlığa gətirmək lazımdır. Xalq işləsin, istehsal etsin, qurub yaratsın, qazansın, özünü saxlasın və bir qədər sonra dövləti də saxlasın. İnsan əlinin zəhmətinin verdyini heç bir neft, sərvət verə bilməz. Sərvətsiz Yaponiya, Almaniyanın inkişafı buna sübutdur. İnsanları aktivləşdirmək, işlək hala gətirmək üçün də, ölkədə haqq-ədalət mühiti, işləməyin maddi maraqlı olması, yaşayış üçün kifayət etməsi şəraiti lazımdır. Rüşvətin, korrupsiyanın, monopoliyanın, məmur azğınlığının kökünün kəsilməsi vacibdir. Bunun üçün də fikrimcə, mütləq ixtisaslı, vicdanlı insanlar gəlməlidir idarəçiliyə. Və bir də ən əsas, qanunçuluğa nəzarət üçün təmiz vicdanlı prokurorluq orqanı və onun müvəqqəti dövr üçün səlahiyyətinin artırılması çox vacibdir.

 

“Yatan xalq”, “müxalifətin içindəki parazitar qüvvə”, bir də “güclü iqtidar”

 

- “Güclü iqtidarın güclü müxalifəti də olar”-deyirlər. Bu “konuda” Azərbaycanın gerçək durumunu necə qiymətləndirirsiniz?

 

- Müxalifəti də, iqtidarı da istehsal edən xalqdır. Xalq güclü iqtidar törədibsə, güclü də müxalifət törətməlidir. Əks halda bu, paradoksdur. Və demək burada bu paradoksu yaradan səbəblər var. Ya xalq zəifdir, yatır, şokdadır, oyana bilmir, ya iqtidar güclüdür buna imkan vermir, ya a da müxalifətin içində boğucu, yatırdıcı parazitar qüvvə var ki, ümumi müxalifəti xroniki xəstəliyə salıb. Ən əsası da, bugünkü müxalifətin 26 il qabaq uduzub, travma almış və sağala bilməmiş köhnə qvardiya monopoliyasında olmasıdır...

“Müxalifətin bu kompleksləşmiş psixoloji və passiv fiziki durumu ilə idarə etmək mümkünsüz görünür

 

- Nə zamansa siz hansısa “keçid hökuməti”nin yaradılması təklifilə də çıxış etmişdiniz? Nə idi bu təklifin mahiyyətində dayanan nəsnələr? Nə idi bu təklifi şərtləndirən səbəblər və o təklifinizin üzərində indi dayanırsınızmı? İndiki müxalifətlə “keçid hökuməti”ni qurmaq olarmı?

 

- Bu, maraqlı, işgüzar sualdır. Mən istərdimki, demokratik, yaxşı inkişaf etmiş ölkəmizin hökumətində öz ixtisasım üzrə işləyəm. İnkişaf etmiş dövlətdə bir sahənin bilicisi kimi ölkənin, cəmiyyətin firavanlığını, təhlükəsizliyini qoruyan şəxs kimi xeyir vermək, elə ən böyük vəzifədir. Ancaq əvvəlcə gərək bu dövləti quraq. Bunun üçün isə hələ ki, məcbursan ki, hara daha çox ehtiyac var, o sahəni qaldırasan. Mənim bir təşəbbüsçü ziyalı vətəndaş kimi öz xüsusi inkişaf proqramım var; sadə və heç başqalarına oxşamayan...Onu bu yaxınlarda tam formalaşdıracam. Bu təxminən belədir; bizə ixtisaslı, bacarıqlı və vicdanlı, həm də mütləq heç bir siyasi partiyanın üzvü olmayan müstəqil insanlardan ibarət işgüzar hökumət lazımdır. Ona görə düşünürəm ki, busəpgidə sırf idarəçilik məqsədli qeyri-siyasi hərəkat, yaxud mütəxəssislər birliyi yaradaq. Bu birlik və hərəkatlara uyğun olan əsil mütəxəssisləri götürək. Bu, istər keçid hökuməti, istərsə hökumətin kadr bazası, istərsə də bu hökumətlə fəaliyyət birliyinə keçib tədricən köhnə kadrları əvəzləmək potensialı kimi ola bilər. Ölkədə xalqın içindən bu cür dəyərli kadrları üzə çıxarmaq, irəli çəkmək lazımdır. Ancaq almanlar kimi hər bir kadra çox sərt formada, güzəştsiz yanaşmaq vacibdir ki, dövlətə hər hansı mənfiliyi olmadan xeyir verə bilsin. Xalq da bunu çox bəyənər. Mən bu işin üstündə işləyəcəm və lazım gəlsə təklifimi verəcəm. Müxalifətin bu kompleksləşmiş psixoloji və passiv fiziki durumu ilə nəisə idarə etmək mümkünsüz görünür.Amma orada da ixtisaslı, bacarıqlı, vicdanlı kadrlar az deyil.

 

- Son günlərdə hakimiyyətin atdığı daha humanist təmayüllü addımların kökündə sizcə nələr dayanır? “Milli Şura” adlanan qrup üzvləri bunu öz “mübarizələri”nin məntiqi nəticəsi olaraq ərsəyə gəldiyini bildirirlər. Sizin gördüyünüz gerçəklik bizim üçün maraqlıdır...

 

“Mitinqin canı bir parça “razı deyiləm” kağızından asılıdırsa...”

 

- Təki elə bir müxalifətimiz olaydı ki, iqtidarı təşviqetmə əməkdaşlıq potensialı və konstruktivliyində olaydı. Bu, iqtidarlı-müxalifətli bütün ölkənin gücü demək olardı. Amma “biz iqtidarı məcbur etdik”, kimi cılız söhbətlər, cəmiyyətin, müxalifətin başını uşaq kimi yozmaqdır. Belə də olmaz. Möhtəşəm dedikləri mitinqin canı bu iqtidarın, bir şəhər icra başçısının müavinin bir parça “razı deyiləm” kağızından asılıdırsa, o mitinq bu iqtidarı nədən qorxudub, nəyə məcbur edə bilər?Bu söz oyunu ilə nə əldə etmək olar? Mitinqə icazə verilir, “iqtidar qorxdu verdi”, verilmir “qorxdu vermədi”?! Hamısı söhbətdir, əməl təşəbbüs hərəkət canlanma isə yox.

 

- Sizcə Azərbaycana ixrac olunan təhlükə daha çox hansı spektrdədir - dini, yoxsa siyasi?

 

- Bu sualın cavabı tapmaq üçün düşünməliyik görək, bu təhlükəni yaradan mənbələr Azərbaycandan nə istəyir. Birisi ölkənin ərazisini istəyir, digəri ölkəni təsiri altında saxlamaq, üçüncüsü ümumiyyətlə bir dövlət kimi məhv etmək, dördüncüsü bu ölkəni silkələyib qarışdırıb öz maddi, sərvət marağını təmin etmək. Və bu təhlükələri ölkənin hansı sektorlarına yönəldirlər? Bu sistemə də uyğun təhlükələr gəlir. Plan da bunu dini ekstremizm, separatçı, milli -etnik, siyasi ekstremizm, ya kriminal və sair təbəqələr variantında həyata keçirməkdir. Bu saat ən güclü təhlükə məncə, dini zəmindədir. Bunun qarşısını almaq üçün konkret konsepsiya lazımdır ki, xariclə, oradakı dini liderlərlə bağlı dini icmalar qadağan edilsin. Həm ümumi dinə və səmimi inanclılara toxunulmasın, həm də bu ekstremistlər zərərsizləşdirilsin. Son zamanlar separatçılıq da çox yer alır. Bundan başqa güclü narkotik axını yeridib gəncləri zədələmək, türmələrdə kriminal avtoritetləri cəlb edib, gəncləri kriminallaşdırmaq və sair pozuculuqlar var. Siyasi təhlükələr də az deyil, siyasi mühiti ələ alıb ictimai-siyasi gərginlik, qarışıqlıq yaratmaqla, ictimai sabitliyi pozmaqla inkişafı, dövlətçiliyi zəiflətmək. Bu məsələlər mənim ən çox diqqətimi çəkəndir. Çünki söhbət bizim “dövlət gəmimizin” zədələnməsindən gedir. Zədəli gəminin içində isə heç nə qura bilmərik, nə daxili nə xarici siyasətimizi.

 

“Qurbağalar varsa, bir az sonra yenə üzə çıxıb quruldayacaqlar”

 

- Etnik separatçılığı yayan, onun qızışdırılmasını birbaşa həyata keçirən Fəxrəddin Abbasovun həbs edilərək Azərbaycana gətirilməsini siz necə qiymətləndirirsiniz – dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində qürur duyulası addım, yoxsa görmək istədikləri demokratiyanı bizə ixrac etməkdə olan Avropa düşüncəsiylə insan haqlarının məhdudlaşdlrılması?

 

- Təbii ki,  o separatçının tutulub gətirilməsi qürur duyulası addım oldu. İctimaiyyəti, xalqı da razı salan, separatçı başqaldırmaları və hətta dini dağıdıcıları da yerində oturdan addım oldu. Ancaq bu, bir növ “qurbağa gölünə daş atmaq” deməkdir, səsləri kəsilir, bir az sonra yenə üzə çıxıb quruldayırlar. Ümumi komleks tədbirlərlə onların gölünü qurutmaq lazımdır ki, kökü kəsilsin, islah olunsunlar. Amma son dövrlər çox azğınlaşmışdılar.

 

- Azərbaycanda son aylarda yeni bir hərəkatın formalaşmasını iddia edən qüvvələr var. Azərbaycan Xalq Hərəkatı adlanır bu təşkilat. Sizcə doğrudanmı bu, xalq hərəkatıdır, yoxsa yenə də xalqın adından istifadə etmənin bir görüntüsüdür?

 

- Bu hərəkat müxalifətin durulması, aydınlaşması, plürallaşması və bir siyasi xəttin monoliyasından çıxması üçün əhəmiyyətli ola bilər. Ancaq oradakı bir çox kadrlarla, potensial və metodlarla perspektivli görmürəm. Sanki 1990-cı illərin siyasi mühitini xatırladır...

 

- Avropada Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri kimi o mühacirlərin “fəaliyyətləri”ni necə qiymətləndirirsiniz?

 

- İlk vaxtlar intensiv fəaliyyətlə bu istiqamətdə yaxşı işlər başlamışdıq. Sonra buradakı siyasi mühacir mühitini, onların qruplara bölünüb dartışmalarını, parakəndəlik və buraxmalığı görüb hələ ki, bu məsələni dayandırdım. Bilirsiniz, Avropa mühiti insana sərbəstlik verir və bu zaman hər kəs sərbəst olaraq özünü buraxıb, öz kimliyini üzə çıxarır. İntellektli, vicdanlı insanlar daha da inkişaf edir, vətəni üçün ümumi xeyirli işləri fikirləşir, təşəbbüslər irəli sürür. Daxilən xarab və vaxtilə ölkədə iqtidarın qorxusundan, ya həyatın gərginliyindən özünü yığcam, qaydalı göstərənlər isə bu sərbəst mühitdə qaraguruha çevrilir, buraxma davranışı, söyüşü və sair...

 

- Bir zamanlar DAK həmsədri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı deyirdi ki, “QHT sektorunun tam əksəriyyəti casus şəbəkəsidir”. Siz də bir QHT rəhbərisiniz və Almaniya sizə də böyük bir sevgiylə qucaq açıb, nə əcəb?

 

- Casusluğu, satqınlığı, xainliyi o adamlar edir ki, zəifdirlər, əllərindən bu həyatda heç bir quruculuq, konstruktiv fəaliyyət, beyinlərinə ideya, təşəbbüs gəlmir. Heç özlərinə də bir gün ağlaya bilmirlər. Və məcburdurlar ki, satqınlıq, xainlik yolu ilə həyatlarını qursunlar. Bir də vicdan, şərəf məsləsi var, xüsusən vətən qarşısında. Bu iki ildə Almaniyanın bütün dövlət və təhlükəsizlik sistemini müşahidə və analiz etmişəm. Bunlar öz dövlət təhlükəsizliyini çox dəqiq və peşəkarcasına, ən əsası da nümayiş etdirmədən qurublar. Bunlar hər şeyi bilirlər. Arxayın olmadıqları mühacirləri bütün müasir texniki imkanları ilə illərlə sakit müşahidə altına qoyurlar. Özü də bir mühacir haqqında kimlərsə yanlış, yaxud düz məlumat versə belə, özləri o şəxsi bilavasitə öyrənib ədalətlə və obyektiv qərar verirlər. Həm də, bunların dövlət idarələrinin həmişə müstəqil və sərbəst olması fikri də boş sözlərdir. Yəni lazım gələndə dövlət və milli mənafe əhəmiyyətli məsələdə ən müxtəlif dövlət instansiyaları və hətta xüsusi sektoru bir yumruq kimi, “xorla” çıxış edirlər. Dövlətlərini bir müqəddəs qədər çox istəyirlər. Bizə də bu lazımdır, lazım olanda belə bir yekdillik. Almaniya, təbii ki, məni də kifayət qədər müşahidə etdi və tanıdı, şükür ki, niyyətim və əməlimdə təmizəm, hər zaman və hər tərəf üçün. Əsas odur ki, insan gərək həyatını elə düzgün müstəvidə qursun ki, onun qara əməl törətmə, qayda qanunu pozmağa, zərər vurumaqla irəli çıxmağa ehtiyacı olmasın. Hər zaman alnı açıq üzü ağ, qürurlu olmağa əsası olsun. Bu olsa, sərbəstlik, xöşbəxtlidir.

 

““Siyasi mühacir” ixracı sistemli şəbəkə halını alıb”

 

- Son 10-15 ildə həmin “siyasi mühacirlər” Azərbaycan naminə hansı uğur əldə ediblər?

 

- Əgər bunların professoru, diplomatı, rektoru, keçmiş xüsusi xidmət orqanı, zabiti biri-birini biyabırçı metodlarla ifşa edir, didişmədədirlərsə, nə ugur olacaq? Nə vaxt başları ayılır ki, vətən də yada düşsün? Siyasi müxalifət mühacirləri də təbii ki, iqtidarın əleyhinə nəsə edirlər. Amma sırf vətən, xalq barədə nəsə düşünən, qeyri-siyasi, ixtisaslı, bigili, savadlı mühacirlərimiz, xüsusən xarici universitetlərdə oxuyan, mütəxəssis kimi işləyən cavanlarımız az deyil. Düşünürəm ki, bunların hamısını vacib kadrlar kimi diqqətdə saxlayıb, vətənə gətirmək lazımdır. Öz halal zəhmətləri ilə Avropa kimi, yüksək standartlı təhsil, ixtisas, bacarıq tələb olunan yerdə özünü doğrultmuş insanları...

 

- İxtisasınızın mahiyyətinə uyğun olaraq deyə bilərsinizmi ki, bu gün Azərbaycanda “siyasi mühacir” ixracıyla məşğul olan çete varmı və varsa bunlar kimlərdir?

 

- Təbii ki, var və bu, artıq təəssüf ki, sistemli şəbəkə halını alıb. Bunlar insafsızcasına çox sadəlövh insanları bədbəxt ediblər. Saxta sənədlərlə bura, uzaq ölkəyə göndərib düzdə qoyurlar. Avropada bununla xüsusi orqanlar mübarizə aparırlar, Azərbaycanda da buna qarşı xüsusi addımlar atılmalıdır...

 

- Övladlarınız indi İlqar Məmmədov dönəmini yaşayır, yoxsa İlqar Altay? Və ümumiyyətlə sizin övladlarınız harada və nə işlə məşğuldular?

 

- Hər kəs öz dönəmini yaşayır, təxminən İlqar Məmmədova oxşamaqla zəhmət, çalışqanlıq, müstəqilliklə. Bir fərqlə ki, onlara nəzarət və tənzim edən İlqar Altay var. İlqar Məmmədov isə tək, özü-özünü tənzim və təmin edirdi hər zaman. Bir də ki, ona yuxarıda Allahı yardım edib, dünyanın, həyatın hər üzünü, yaxşı-pisini, odunu-alovunu göstərməklə, həm də çətin anda ona güc verib çıxartmaqla... Tələbə yoldaşlarım mənə “odda yanmaz, suda batmaz” adı vermişdilər. İllər keçir təsdiq olunur. Hələ ki.. İstəyərdim ki, övladlarım, hətta qızım həyatda düşüb-cıxmış bərkimiş, özü-öz arxasında dayana bilən, hər bir şəraitdə yaşayıb vəziyyətdən çıxan, yəni hərbinin desant növü kimi çevik və dözümlü olsunlar. Amma daha bu qədər, yəni mənim dərəcəmdə də yox...

 

“Bunun cücərtiləri artıq prezident İlham Əliyevin timsalında görünür”

 

- Bu gün Azərbaycanda vətəndaş birliyininin, vətəndaş həmrəyliyinin əldə edilməsi üçün sizcə ilk olaraq hansı addımlar atılmalıdır?

 

- İlk növbədə hökumətin, dövlət hakimiyyətinin xalqa, cəmiyyətə açılması və paralel olaraq xalqın da buna hazırlanması lazımdır. Hərtərəfli mübadilələr, görüşlər, söhbətlər. Qoy xalq sıravi insanlar özünü bu ölkənin sahibi və idarəçisi hiss etsin. Vəzifəlilərlə görüşəndə nəinki özü üçün nəsə xahiş etsin, həm də ümumi ölkəsi, cəmiyyəti üçün yeni fikirini, xeyirxah təşəbbüsünü desin. Burada psixoloji tərəf budur. Bu açılımın, görüşlərin də cücərtiləri prezident İlham Əliyevin timsalında artıq görünür.Davamlı olsun...

 

- Vətən sevgisi nə zaman sizləri Almaniyadan Azərbaycana yola salacaq?

 

- Azərbaycandayam hər gün, hər saat, beynimlə, qəlbimlə, hisslərimlə. Bakıdakı ictimai insandan, siyasətçidən az bilmirəm ölkədəki prosesləri. Hərdən elə analiz verirəm ki, çoxu elə bilir Bakıdayam. Bu səbəbdən, bu iki ildə heç alman dilini fərli öyrənə də bilmədim, utancverici. Halbuki Londında yaşadığım 2 ilin ilk 9 ayında imtahan verib yüksək dil sertifikatı almışdım. Qayıtmaq üçün şərait, şərtlər yetişsin gərək. Mənim kimi mütəxəssis insanlara, onların dövlətə xalqa fayda vermə potensialının reallaşmasına ehtiyac və imkan yaransın. Belə baxıram, yeni gedişat dəyişikliklər hələ ki, pis deyil ölkədə. Çox şükür...

 

“Əksərən oynamıram”

 

- İlqar Altayın ən çox sevdiyi və qol götürüb oynamaq istədiyi rəqs havası hansıdır?

 

- Heç yadıma da gəlmir son oynamağım. Xeyli müddətdir ölkəm də, özüm də eyni gərginlikdə, eyni gündəyik. Və “hənanın yeri...” məsələsi var. Biri var, özünün istəyi, ya kiminsə xatirinə toyda oynayasan, bir də var, elə bir böyük sevincli hadisə baş verir ki, səni, özündən asılı olmayaraq təbii oynadır. Bu, nə hadisə ola bilər? Qarabağımızın azadlığı, ölkənin tam təhlükəsiz, inkişaflı, firavan qurulması...

 

İgid Teymurlu
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin