GÜLÜMSƏYƏN KÖLƏLİK

15:59 18-10-2017 | icon 1045 | Köşə
GÜLÜMSƏYƏN KÖLƏLİK

Pakizə Babazadə

Köləlik, özü də Gülümsəyən köləlik zəruri şeydir… Alber Kamyu bu müddəanı hansı mənada işlədib doğrusu bilmirəm. Hansısa bir əsərində oxuduğum bu fikir uzun illərdir ki, beynimin bir küncündə pərçimlənib qalıb…

Nəhayət tapdım… Təsadüfən köləlik haqqında bir fikrə rast gəldim.  Köləliyin hər növünün alçaldıçı olduğunu söyləyən müəllif, könüllü itaəti də köləliyin bir növü kimi dəyərləndirir. Amma köləlik və könüllü itaət arasında fərq olduğunu bildirərək qeyd edir ki: “…köləlik insanı alçaldır, könüllü itaət isə ruh yüksəlişi, insanın öz üzərindəki zəhmətinin məhsuludur. Kölələr üsyan arzusu ilə yaşayırlar, həyata öz iradələri ilə boyun əyənlər isə öz mənəvi-əxlaqi seçimlərini edib sakit vicdanla yaşayırlar. (Yeri gəlmişkən Sartra görə vicdan elə kölə əxlaqının məhsuludur). Əslində isə zülmə məruz qalan hər insan qul sayıla bilər”.

Görünür Kamyunun zəruri şey kimi tanımladığı Gülümsəyən Köləlik bu ikinci qismə, yəni könüllü itaət edənlərə ünvanlanıb. Bu Gülümsəyən Köləliyin sahibləri: – sürüyə qoşulmağın verdiyi rahatlıq duyğusundan ötrü həqiqi azadlıqlarını qurban verməkdən, köləlik mühitinə uyğunlaşıb məsləkini, ideallarını gündəlik həyat və qazanclarına satmaqdan çəkinməyirlər. Köləlik üçün doğulan bu könüllü buxovlanmış kölələr Russonun təbirincə desək, hər şeylərini, özəlliklə bu buxovlardan azad olmaq istəyini də itirirlər, hətta, onlar köləliyi sevməyə belə başlayırlar…

Soljenitsin haqlı olaraq yazırdı ki: – “öz ruhunu qorumağa təpəri çatmayanlar qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə belə də desin; mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun…” – Budur Gülümsəyən Köləlik – könülli itaətin görünməyə üzü…

Ulular hədəfi zəncirlərdən qurtulmaq olmayan bir kölə min il yaşasa nəyə yarar – demişlər. Müsbət mənada heç bir şeyə yaramazlar, bu təbiidir, amma mənfi anlamda onların topluma, onun inkişafına vurduğu ziyanlar ölçüsüzdür. Təbii ki, hər bir istibdad rejiminin öz hiyləgər məqsədli siyasətini həyata keçirmək, xalqın fikri qüdrətinin yüksəlməməsi, qaranlıqla bəslənməsi və millətin şüursuz və iradəsiz bir topluma çevrilməsi üçün Platonun “heç nəyə dəyməyən könüllü qular” adlandırdığı “itaətkar vətəndaşlara”,  bu Gülümsəyən Köləliyin sakinlərinə böyük ehtiyacı var. Ruhsal olaraq intihar etmiş bu kölələr mənsub olduqları topluma bulaşıcı xəstəlik kimi nüfuz edir, mikrob yuvası kimi hər tərəfdə kök salırlar.

Köləliyin ümumiyyətlə 3 başlıca səbəbi göstərilir: QORXU, GÜVƏNSİZLİK CƏHALƏT…

QORXU-nun Qulu olmaq Köləliyin ən başlıca səbəbidir. Bu səbəbdən antidemokratik rejim xalqın əl-qolunu bağlamaq, əsarətdə saxlamaq üçün QORXU növlərindən geniş istifadə edir. Məmur vəzifəsini, müəllim aylıq yaşam ehtiyaclarının yarısını belə, qarşılamayan işini, əsl sənətkarlar yaradıcılıq tutquları naminə dözüb dayandıqları səhnəni, saxta sənətçilər sədəqə kimi aldıqları saxta titul və üzsüscəsinə dırmaşdıqları yerləri, məddah “ədiblər” ağalarının dilənçı mərhəmətini, elmsiz zəkalar zəbt etdikləri mövqelərini…. itirmək Qorxusu ilə kölələşdirilir…

İkinci GÜVƏNsizlikdir ki, xalqla düşünən beyinlər, dissidentlər, barmaqsayı ziyalılar, eləcə də az-çox canıyanan siyasətçilər arasındakı  Güvən bağlarını qoparmaq üçün hər cür ixtilaf toxumu səpir və bu alaq otlarını cücərdib toplumun hər tərəfini sarırlar. Dissidentləri bir-birinə düşürüb başlarını siyasi qovğalarla qarışdırır, bəzilərinin şantaj, bəzilərinin də “hörmət” vasitəsilə neytrallaşdırırlar. Hətta içlərindən məddah kölə növləri də törəyir ki, antrapologiya, biologiya,  psixologiya… və s. kimi (hətta elmlərin ağsaqqalı, dünyagörmüş fəlsəfə belə) təsnifatda aciz qalır.

Üçüncü  CAHİLLİKdir ki, toplumun əməlli bir qismini əhatə edir və bu da son nəticədə fərdə, şəxsiyyətə deyil, kütləyə əsaslanan milli şüurun deformasiyasına gətirib çıxarır. Burda cahillik dedikdə yanlış anlaşılmasın deyə ərz edim ki, mən ictimai-siyasi cahilliyi nəzərdə tuturam ki, onun da formulu: “nəyimə lazımdır”- ənənəsidir. Yoxsa ki, nözənbillah başqa şeylərdə şeytana papış tikirik. Xalqın hər təbəqəsi öz zehniyyətinə uyğun gələnə inanıb qəbul edir. Xalqın (kütlənin) zehninə bir şeyi qəbul etdirmək nə qədər çətindirsə, orda kökləşmiş bir fikri çıxarmaq ondan da çətindir. Kütlə çox zaman məsuliyyət yükünün ağırlığından, düşünmək əziyyətindən qaçmaq üçün öz “qənaətlərinə” özünü inandırır və illər keçdikcə zehnlərdə kök salan bu qənaətlər bütləşir, şüurlara hopub qalır və bu Cahillik özgürlük hissini, insanın “mən”ini öz qaranlıq hücrələrində əsir edir, boğur. Bir düşüncə sahibi bu  CAHİLLİK formulunu çox dəqiq təsvir etmişdir: “Saraylar xalqın cahilliyindən tikilir. O, saraylarda özünü hökümdar sayanların varlığı o ölkədə kölə olmağı seçənlərin əsəridir”.Hegelin təbirincə desək, Ağa ona görə Ağadır ki, kölə onu ağa kimi tanıyır.

Ulularımız Xalqı torpağa bənzədiblər. Ona hansı toxumu səpdinsə onun məhsulunu biçməli olursan. Azadlıq toxumu səpənlər Azadlıq, Köləlik toxumu səpənlər Köləlik məhsulu biçməyə məhkumdurlar. Hamımıza məlumdur ki, irsiyyət qanununa görə pis vərdişlər yaxşılara görə daha asan  keçir, münbit torpağa düşmüş toxum kimi sürətlə cücərib inkişaf edir. O üzdən bu zəhərli toxumların yayılıb kökləşməsinin qarşısını almaq, onu məhv etmək üçün toplumun sağlam təfəkkür tərzinə malik, taleyini xalqının taleyindən ayrı tutmayan aydın fikirli nüsxələrin boynuna böyük məsuliyyət düşür…

…Bu Kamyu da çox qəribə adam olub. İndi də deyir ki: “Əgər hamımız günahkarıqsa, demək demokratiya elə budur”.Doğrusu onun bu səfər də nə demək istədiyini anlamadım. Çox güman ki, Platonsayağı demokratiyanı nəzərdə tutub. Yəni insanlar, (hətta heyvanlar da) o qədər azad olurlar ki, sonunda anarxiyaya gətirib çıxarır və hamı birlikdə günahkar olur. Nə isə… bunu biləmədim… Amma dəqiq bildiyim bir şey var ki, bizdəki əqli və mənəvi köləlik mühütindəki demokratiya Gülümsəyən Köləliyin demokratiyasıdır…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol