“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi “aktyorluq” edirlər”

17:51 12-03-2019 | icon 1230 | Siyasət
“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi “aktyorluq” edirlər”

Ekspert və partiya sədrləri siyasi partiyaların bir-biri ilə əlaqələri və münasibətlər sistemindəki durumu barədə Versus.Az-a danışdılar.

 

 “Münasibətlər çox da ürəkaçan deyil”

 

 

 

 

AMİP sədri Əli Orucov siyasi partiyaların əməkdaşlığı ilə bağlı münasibətlərin zəifliyinə təəssüf hissi ilə yanaşıb:

 

“Azərbaycan siyasi arenasında olan partiyaların bir-biri ilə münasibətləri ürəkaçan deyil. İqtidar-müxalifət arasında düşmənçilik mövqeyi uzun illərdir davam edir. Bu düşərgə bir-birinə rəqib kimi yanaşmadığından inkarçılığa, qəzrəzliliyə, hətta təqhirlərə belə rəvac verilir.

 

Sivil cəmiyyətlərdə iqtidar-müxalifət münasibətləri qarşılıqlı hörmətə və normal rəqbətə əsaslanır”.

 

Ə.Orucov deyib ki, AMİP olaraq ölkədə Azərbaycan konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərən, xalqın və millətin maraqlarını hər şeydən üstün tutan, etik və demokratik normalara riayət edən bütün siyasi qüvvələrlə əlaqələri və normal münsibətləri var.

 

 

 

“Siyasi partiyalar bu barədə ağılla düşünməlidir”

 

 

 ALDP sədri Fuad Əliyev siyasi partiyalar arasında əməkdaşlıq münasibətlərinin sağlam məcrada qurulması və uğurlu bir nəticənin alınması üçün birinci növbədə liderlərin ictimaiyyətə təqdim etdiyi məqsəd və məramlarına sadiq qalmalarını vacib sayıb. O, yeni toparlanan ictimai-siyasi kəsimin öncə vətən, dövlət, xalq qarşısındakı məsuliyyətini doğru-düzgün müəyyən etməsini mühüm sayıb.

 

Partiya sədrinin sözlərinə görə, hadisələrin gedişi göstərir ki, müxalifətdəki bəzi qurumlar, fərdlər hələ də keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmayıb. Hələ də partiyaların bir çoxunda proseslərə, birliklərə qeyri-səmimi yanaşma və daha çox dağıdıcılıq xarakterli əməllər müşahidə olunur.

 

F.Əliyev bildirib ki, bir çox hallarda türkçülük, millət, xalq, demokratiya, bütövlük və cəsarətdən ağızdolusu danışanlar əməldə bu ideyalardan uzaqdırlar:

 

“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi "aktyorluq" edirlər. Təklif vermək əvəzinə boş-boş danısırlar. Bəziləri isə özlərini "aparıcı" fiqur hesab edir və iş görmək əvəzinə intriqalarla məşğuldurlar. Azərbaycan türkü olmayanlar türkçülükdən danısırlar”.

 

Bu mənada partiya sədri hesab edir ki, siyasilərin problemlərə qeyri-səmimi münasibət sərgilədiyi bir vaxtda istənilən normal əlaqələrin, əməkdaşlıqların qurulmasından söz gedə bilməz:

 

“Təbii ki, müəyyən partiyalarla əlaqələrimiz var və onu genişləndirməkdə maraqlıyıq. Ancaq biz demokratiyanın, insan hüquq və azadlıqlarının, ən əsası da birgə addımlar atmaqla torpağımızın işğaldan azad olunması naminə qüvvələrimizi birləşdirməliyiksə, bir-birimizi arxadan vurmaqla heç nəyə nail ola bilmərik. Ona görə də, bir çoxlarının əsəbləri tarıma çəkilir və hadisələri kənardan izləməyi daha məqsədəuyğun hesab edirlər. Amma bir araya gəlməməyə, sağlam əməkdaşlıqdan qaçmağa haqqımız yoxdur. Nəhayət siyasi partiyalar bu barədə ağılla düşünməlidir”.

 

 

“AMİP və AXCP öz qüvvələrini bu birlikdən ayırmaqla müxalifətə böyük zərbə endirdi”

 

 ADP-nin sədr müavini Daşqın Nuriyev bildirib ki, hazırda siyasi partiyalar arasında ciddi qütbləşmə var. Bu da müxalifət partiyalarını ciddi şəkildə itələyir və əlaqələrin pisləşməsinə səbəb olur:

 

“1992-ci ildə Əblüfəz Elçibəyin hakimiyyətə gəlişi belə bir ümid yaratmışdı ki, partiyalar azad siyasi addımlar ata biləcək. 1995-ci ildə qəbul olunan Konstitusiyaya əsasən isə partiyaların seçkilərdə proporsional və mojaritar  iştirakçılığı təsbit olundu. Bu qanuna əsasən hər bir partiya deputat seçkilərində həm şəxsi, həm də partiya şəklində öz namizədliyini irəli sürə bilərdi. 2002-ci ildə proporsional seçkinin ləğv olunması bütün ümidləri “suya düşürdü”.

 

D.Nuriyev bildirib ki, 2003-cü ildə müxalifətin İsa Qəmbərin ətrafında tam birləşə bilməməsi, AMİP və AXCP-nin öz qüvvələrini bu birlikdən ayırmaları müxalifətə böyük zərbə oldu:

 

“2005-ci ildə isə parlament seçkilərində razılaşmanın əldə olunmaması müxalifətin sıradan çıxmasına səbəb oldu. Hakimiyyət müvəqqəti qələbə çalsa da, sonrakı hadisələri göz önünə gətirə bilmədi. Müxalifət və eyni zamanda azad mətbuat olmayan yerdə də özbaşnalıq olar. 2005-ci ildə pul kütləsinin gəlməsi ilə hakimiyyətdəki məmurlar “bezpredel”lik etdilər. Müxalifət bir-birini satılmaqda ittiham etdi və xalqın gözündə xəyanətkar, satqın obrazı yaradılaraq gözdən salındı. Bəzi partiya liderləri elə anlayırdı ki, ADP-ni nüfuzdan salsalar, üzvləri onun ətrafında birləşəcək. Ancaq zaman göstərdi ki, bu düşüncə kökündən yanlışdır və belə hallar müxalifəti bütövlükdə nüfuzdan salır”.

 

D.Nuriyev hesab edir ki, hazırda müxalifət partiyalarının birləşməsi mümkün deyil:

 

“Çünki partiya sədrləri “mənim ətrafımda 500 adam var, sənin ətrafında 100 nəfər, demək, mən üstünəm” prinsipi ilə fikirləşirlər. Partiyalar xeyli nüfuzdan düşüb. Çörək pulu qazana bilməyən xalq bu partiyalara tabe olmaq istəməyəcək. Öz işini təbii ki, öz zoru ilə həll edəcək”.

 

 

“İqtidaryönlü partiyalarla əlaqələrimizi daha da genişləndirməyi düşünürük”

 

 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov siyasi partiyaların bir-biri ilə əlaqələrinə normal yanaşdığını və vacib hesab etdiyini deyib:

 

“Hədəfləri və platformaları bir-birinə yaxın olan, eyni düşərgəni təmsil edən partiyaların bir-birilə təşkilati və ideoloji-siyasi müstəvidə əlaqələr qurması tamamilə qanunauyğundur. Seçki dönəmlərində müttəfiq partiyaların yığışıb seçki blokları formalaşdırmaları siyasi partiyaların ən geniş yayılmış əməkdaşlıq formalarından biridir. Eləcə də, cari siyasi proseslərin gedişində də partiyalar ölkə gündəmindəki bu və ya digər zəruri məsələlərin diktəsi ilə bir araya gələ və bloklar, ittifaqlar şəklində birləşə bilərlər.

 

Məsələn, Qarabağ kimi ümummilli məsələ ilə bağlı ölkəmizin maraqlarına zidd hər hansı bir təhlükə yaranarsa, o zaman siyasi partiyaların vahid mövqedən çıxış etməsi, vahid koordinasiya şurasında, mərkəzində bir araya gəlməsi mümkündür”.

 

Ə.Hüseynov eyni zamanda siyasi partiyaların hazırki münasibətlər sistemindəki durumuna birmənalı yanaşmaq istəməyib. Bildirib ki, ölkəmizin siyasi spektri rəngarəngdir və fərqli ideologiyalara ən müxtəlif siyasi hədəflərə malik olan çoxsaylı partiyalar var. Onun fikrincə, bu partiyalar arasında rəqabət hallarını da, sıx müttəfiqliyi də, əlahiddə fəaliyyətə üstünlük verənləri də müşahidə etmək mümkündür:

 

“Digər partiyalarla əlaqələrimizə gəldikdə, biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq digər partiyalarla əlaqələrə və əməkdaşlığa böyük önəm veririk. Söhbət təbii ki, iqtidaryönlü partiyalarla əməkdaşlıqdan gedir. DADP iqtidaryönlü partiyalar arasında fəallığı ilə seçilən partiyalardan biridir. Müxalifət partiyaları ilə əlaqələrimiz mövcud deyil. Çünki bir-birinə diametral əks cəbhələrdə, düşərgələrdə qərarlaşmış partiyalarıq. Biz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu özümüz üçün əsas Yol Xəritəsi kimi seçmişik və Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyirik. Hakim Yeni Azərbaycan Partiyası ilə münasibətlərimiz çox normaldır. İqtidaryönlü partiyalarla əlaqələrimizi daha da genişləndirməyi düşünürük”.

 

 

“Qarşılıqlı etimadın olmaması onları belə ittifaqlardan çəkindirir”

 

Siyasi ekspert Əlabbas Məhərrəmli bildirib ki, artıq son parlament seçkilərindən sonra siyasi partiyaların, xüsusilə, müxalifət partiyalarının ikitərəfli münasibətlərini rəsmiləşdirmələrinin şahidi olmamışıq. Onun sözlərinə görə, ötən dövrlərdə olduğu kimi, tərəflərin öz üzərlərinə müəyyən öhdəliklər götürdüyü  siyasi ittifaqlar yoxdur. Ə.Məhərrəmli bu vəziyyətin yaranma səbəblərini önə çəkib:

 

“Bəzi müxalifət partiyaları ayrı-ayrılıqda hesab edirlər ki, təkbaşına fəaliyyət göstərmələri daha məqbuldur. Yaxud da, qarşılıqlı etimadın olmaması onları belə ittifaqlardan çəkindirir. Ancaq onu deyə bilərik ki, əksər partiya rəhbərləri lazım olanda bir araya gələrək, məsələləri müzakirə edə bilirlər. Bunun nəticəsi olaraq, Xalq Hərəkatının yaradılmasını göstərə bilərik. O Hərəkat müxalifət düşərgəsini tam əhatə etməsə də, orada çox sayda partiya təmsil olunur. Həmin partiyaların mövqelərində bəzən ciddi fərqlər ortaya çıxsa da, hələ ki, birgəliklərini qoruyurlar. Ancaq ümumi götürəndə, müxalifət daxilində qarşılıqlı inkar mövqeyində dayanan partiyalar var və onların münasibətlərindəki gərginlik qalır”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi