GERÇƏK İSLAM VƏ XOXAN OBRAZI

19:28 03-10-2017 | icon 1243 | Köşə
GERÇƏK İSLAM VƏ XOXAN OBRAZI

İGİD TEYMURLU

“YA ŞEYX”, BƏLKƏ BU BARƏDƏ SİZ DEYƏSİNİZ...

Salam olsun Sizlərə, “YA ŞEYX”! Allahu-Təala oruc, namazlarınızı, etdiyiniz duaları da qəbul etsin! Məhərrəm ayında cəmi müsəlman bacı və qardaşlarımıza İlahi Əmrlərin yerinə yetirilməsində onlara güc və qüvvət naminə Uca Yaradandan ən xoş arzularımı diləyir, “YA ALLAH!” deyərək bunları ərz edirəm:

“YA ŞEYX” həzrətləri, bilmədiyim şeyləri Sizdən soruşmaq mənim borcum, cavab verməksə Sizin boyun yükünüzdür. Elə ol səbəbdən də mən borcumdan çıxıram, lütfən Siz də yükünüzə sahib çıxın. Cənabü Şeyx, məhərrəm ayı olduğu üçün elə ilk sualım da bununla bağlıdır. Görən Sizin əzadarlarınız bilirmi ki, itirilən, ermənilər tərəfindən işğal olunan torpaqlarımızda 25 ildən artıqdır ki, bu gün məscidlərimizdə uğrunda sinə döyülən, haqqında mərsiyələr söylənən, ağlaşma məclisləri qurulan imam Hüseyn (r.a) yad edilmir? Hanı bə imam Hüseyn aşiqlərinin o Səhabənin Yoluna sadiqlikləri, yurdumuzun bütövlüyü uğrunda aparmalı olduqları mücadilə? Özünü imam Hüseyn aşiqi kimi göstərən millət sayca bir neçə dəfə özündən az dılğır erməninin zəbt etdiyi torpaqlarımızda nədən öz İlahi Sevgisini tərənnüm edən mərsiyələrini oxuya bilmir? İmam Hüseyn (r.a) Yolunun fəlsəfəsində Haqq uğrunda gedən mücadilə var və bu gün bizim haqqımız ermənilər tərəfindən tapdalanıb, bütün bunların fonundasa biz hələ də imam Hüseynə şəbədələr həsr edib ağlamaqdayıq. AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, siz bir müddət öncə buyurdunuz ki, bu məhərrəmlik ayında ağlamağı, sıtxamağı öz əndazəsində edin. Zatən biz də belə qəbul etdik. Baxmayaraq ki, sizin əshabələrinizdən olan, teleşoularda “ekspert”lik edən “ilahiyyatçı” “axı biz dədə-babalarımızdan belə görmüşük” deyə öz savadsızlığını ortaya qoydu. Axı Quran ayəsində də buyurulur ki, “onlar dədə-babalarını misal gətirərərək deyəcəklər ki….” kimi örnək var. Üstəlik Siz deyən də olmadı – yəni, bu ağlaşmalar, sıtxamalar öz əndazəsini aşdı. AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, Siz yerli-yataqlı bunun izah olunmasını buyurmasanız da, ancaq mən bilmək istəyirəm: “Kərbəla müsibəti”ndən (b.e 680-ci ili) öncə məhərrəmlik ayının ilk ongünlüyünü başda Peyğəmbər (s.a.s) Əfəndimiz, Raşidi xəlifələri (Əbu Bəkr, Ömər, Osman, Əli)m (r.a) olmaqla cəmi müsəlmanlar hansı formatda keçiriblər? Və ərəblərin o zaman hakimiyyət uğrunda apardıqları mübarizə nədən bunca müqəddəsləşdirilib? Tarixə ekskurs edəndə axı Peyğəmbər soyundan olanların mübarizələri sonrakı dövrlərdə də davam edib, ancaq imam Hüseynlə (r.a) müqayisədə həmin kəslərin mübarizəsi bu səviyyəyə qaldırılmayıb, nədən Peyğəmbər soyunun fərdləri arasında belə ayrıseçkillik edilib? Və nədən imamətlik fars qızından (Yezdəgirdin qızı Şəhrəbanu) doğulan Zeynalabidinlə (r.a) davam etdirilib? BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, siz buyurursunuz ki, müsəlman qadının başından çarşabı əskik olmasın gərək. Zatən biz də belə qəbul edirik. Ancaq di gəl ki, bu ayinədə bizim cəmiyyətimiz nədənsə bir az əyri görsənir axı. Sizin dediyiniz və bizim də qəbul etdiklərimiz bu gün bizim qəbul etmədiyimizlə sizin də demədiyiniz sözlərin ağuşunda xoşhallanıb qalıb. Uzağa getməyək, elə Bakını götürək. Dünyada nə qədər müsəlman təriqəti deyirsən, hamısı axışıb gəlib Bakıya. Əcəb eləyirlər, tolerant ölkəyik də, qoy gəlsinlər. Şəxsən mən təriqətçiliyi qəbul etməsəm də, ancaq o kəslər ki, islamın təməl prinsiplərini qəbul etməklə məntiqə söykənən davranışlar nümayiş etdirir, bax elələrini din bacı və qardaşlarım tək qəbul edirəm. Zatən sizin də dəfələrlə vurğuladığınız kimi müsəlmançılığı təriqətlərə bölmək həm Peyğəmbər (s.a.s), həm də Onun Səhabələri tərəfindən qəti şəkildə rədd edilib. Ancaq nədənsə özünü Əli (r.a), Əbu Bəkr (r.a), Ömər (r.a), Osman(r.a) “tərəfdarları” kimi göstərənlər öz “həqiqətləri”nə söykənən iddialarını nəyin bahasına olursa-olsun, cəmiyyətin beyninə yeritmək istəyirlər. “Əli aşiqləri” sağlığında Peyğəmbər (s.a.s) tərəfindən Cənnətlə müjdələnən kəslərin bir qismini nəinki qəbul etmir, hətta….. Dini inanclara olan sayğısızlıqla nümayiş etdirilən belə rəzalətin qarşılığında əsil həqiqəti söyləyə biləcək və bunu sübut edə biləcək din alimimiz yoxmu? Deyin həqiqətləri və sübut edin, biz də bilək. İlahiyyatçılarımız susmaqla islamı parçalayıb təfriqəçiliyi daha da inkişaf etdirirlər! AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, Peyğəmbər (s.a.s) tərəfindən gözəl adlarla mükafatlandırılan və sağlıqlarında Cənnətlə müydələnən Kəslər barədə yağdırılan hədyanları əgər mən eşidirimsə, heç şübhəsiz ki, Siz də eşidirsiniz. Çünki, Sizin də mənim kimi iki qulağınız var və əlhəmdülillah, yəqin ki, qulaq sağlamlığınız da cappacaq yerində olar. Bizim kimilər maddi durumun çətinliyindən həkim yoxlanışından keçməkdən ötəri banklara müraciət edib kreditə girirlər və onu da “devolvasiya” deyilən şoğərib zəhərə döndərib “verəcəksən kasıb oğlu” deməklə insanları intihara sövq edir. Şükürlər olsun ki, elə Sizlərin də timsalınızda səlahiyyət sahiblərimiz belə “devolvasiyalar”ın və bu şoğəriblərin təhdidlərindən demirəm ki, Karlovıy Vardasınız, ancaq hər halda uzaqdasınız. Bəli, adam çox pul alanda çox da xərcləyir. Nə sirri-xudadır ki, dini sfera başda olmaqla digər səlahiyyət sahiblərimiz biçarə fəhlə qədər əmək haqqı almasalar da, ancaq “mnoqokratnı” hacıdırlar, heç banklara da borclu deyillər. Sizlər yorğanınıza görə ayaqlarınızı uzadırsınız. Kasıbın da yorğanı olmadığından elə hara gəldi tir-şap uzanır, hansı bank gəldi, neçə faizlə pulu sırıdı fərqinə varmadan sabaha çıxmaq üçün bu gününü bir təhər yola verir. Ödəniş vaxtı gələndə də qalır lüt ətcəbala. Səlahiyyət sahiblərimiz də çöldə qalan həmin yalın ayaqları görməz olurlar. Ancaq qonşusu ac ikən yeyib-içməni özlərinə haram sanan Peyğəmbər (s.a.s) və onun Səhabələri öz əbalarıyla kənardakı yalın ayaqların üstünü örtmüşlər, “ya Şeyx”! Özlərini həmin kəslərin aşiqləri, davamçıları tək təqdim edən bugünkü molla tayfasının oxuduqları moizələrdəsə bambaşqa ruh var. Balaca komasının kandarında asılan pərdəni belə dünya malı kimi dəyərləndirərək Allaha sığınan, haqqın yolunda cusmağı bizlərə haram buyuran, bütün malını-mülkünü islam yolunda qoyaraq Peyğəmbərə(s.a.s) sadiqliyini əməliylə sübut edərək Ondan Ad alan Səhabələrdən gətirilən hədislərlə bizə islamı təbliğ edənlərin davranışları arasında böyük təzad var. Biz Onların da qəbul etdikləri Haqq Yoluyla getmirikmi, gediriksə onda ətrafımızda baş verənlərə laqeydlik, hər bir kəsin öz “həqiqəti” uğrunda çarpışmağı nə deməkdir? AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, Siz buyurursunuz ki, (daha doğrusu, buyurulur) hər bir müsəlman kişinin saqqal qoyması bir fərzdir və hər bir qadının da bürünməsi İlahi Əmrdir. Zatən biz də belə qəbul edirik. Ancaq nədənsə elə bir müddət öncə “müğənni” kimi təqdim olunan bir qisim varlıqlar bizdən olmayan həmcinsləriylə birgə “kim daha seksualdır?” -deyə, tok-şoular düzənləyəndə, homoseksualizmi antitəbliğat formasında təqdim etməklə əslində birbaşa bu gerizəkalılığı, Lut Peyğəmbərin qövmünə məxsus yaşam tərzi kimi təbliğ ediləndə, siyasi, iqtisadi, maliyyə fahişəliyinə göz yummaq tendensiyası ilə baş verənlərə münasibət göstəriləndə nədən saqqal da, hicab da yaddan çıxdı. Xaricdən “idxal olunan” “din bilicilərimiz”in səsləri eşidilməz oldu və indi də eşidilmir? Axı göz önündə tapdalanan haqlar var. Mahiyyətində bir feyz görməsəm də, saqqallar ələ salınır, hicablıların ünvanına min cür hədyanlar yağdırılır. Texnoloyi imkanlardan istifadəni ailə tərbiyəsinə uyğun olaraq əxlaqsızlıq səviyyəsinə endirənlər montayları “reallıq” kimi təqdim edirlər və etməkdədilər də. Di gəl ki, bütün bunları seyr edən “din biliciləri”nin mövqeyi yenə də görünməz olub. Cəhaləti yaşam tərzinə çevirənlər qalsın bir yana, özünü ziyalı sayanlarımız belə, saqqaldan, çarşabdan qorxduqlarını, onları “xortdan, xoxan” , “terrorist” kimi dəyərləndirmələrini günün reallığı kimi təqdim edirlər. Təqdim olunan “”xortdan, xoxan, terrorist”dən qaçmaq günün tələbidirsə və bu, “gerçəklikdir”sə, onda nədən QMİ-nin yetkililəri xalqın cəhalət yuxusundan ayılması və qurtulması üçün bir iş görmür? HANI Sizlərin bu istiqamətdə aparmalı olduğunuz maarifləndirmə işləri? HANI Sizlərin səviyyəsiz şou proqramlarında “ekspert”lik edənlərinizin cavab haqqı? Xristian dünyasını mən bir yana qoyuram, “islam inanclı” müasir gəncliyin beyninə islam “terrorist yetişdirən”, “əxlaqsızlığı hicabla pərdələyən” din kimi yeridilib. İslama nifrət formalaşdırma meyllərinə haqq qazandırma özünü dindar saysa da, əslində dindən xəbəri olmayanların əllərində bir vasitəyə çevrilib. Məclisə aş gələndə “birinciliyi” az qala İlahi buyruq kimi sırımağa çalışan molla tayfasının bütün bunlara münasibətdə susqunluq nümayiş etdirməsi hansı inancın mahiyyətindən doğur, “ya Şeyx”? AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX”, Sizin Qazilər Şurasının üzvləri də mahiyyət etibarilə mənəviyyatımızın öləziməsinə hesablanmış verilişlərin “ekspertləri” qismində artıq teleulduzlara çevriliblər. Hətta bir çox hallarda özlərini xeyirxah əməl sahibi, mesenant kimi də göstərirlər. Bir müsəlmanın başqa bir müsəlmana həyan olması, ona əl tutması həm də dinimizin özəl sandığımız keyfiyyətlərindəndir. Bunu biz belə dəyərləndiririk, əslində bu, insanlığın mahiyyətindən doğan nəsnələrdir. Ona qalsa təkcə Ronaldonun harada bir əzilən, döyülən, harada bir ac müsəlman varsa, ona əl tutması cəm halda bəlkə də QMİ-nin tarixi boyu etdiklərindən belə çoxdur. Əl tutmaq ümumiyyətlə insani keyfiyyətdir. Və buna müsəlmanlar daha çox əməl edirlərsə, xub, çox gözəl. Alqışlanasıdır. Ancaq fərq ondadır ki, Ronaldo alın təriylə qazandığı pulları kasıb-kusuba paylayır, bizim mollalarımız isə cəhalət dövründən qalma metodlarla milləti aldadıb aldıqları pulla aldadıcı yestlər edirlər. Maarifləndirmə işinin aparılması fonunda QMİ-nin təşəbbüskarlığı ilə bağlı hələ ki, bir şeyin şahidi olmamışıq. Bəlkə din adından çıxış edən bir qisim Şeyx Nəsrullahlara millətin çox şeydən hali olması sərf eləmir. Gör nə gündəyik ki, hansısa “hacı” “ağa, vallah içəcəyəm” ifadəsini həcc səfərində belə, dilinə gətirməkdən həzz aldığını qürurla söyləyir və ona nifrət bəsləyənlər də QMİ sədrindən bu kateqoriyadan olan Kefli İcgəndərlərdən “hacı” titulunun alınmasını təvəqqe edirlər. Aha, deyəsən Azərbaycansayağı dini təbliğ mexanizmi peyda olub – Cənnətə indulgensiya qəbzləri paylanacaq, kütləvi seyid istehsalına başlanılacaq! Budur da Sizin ölkə müsəlmanlarına aşıladığınız dini səviyyə. Təriqətçilikdən özünə don geyinməklə Saqqala güvənərək özlərini Qazı adlandıranların bütün günahları Yamağın üstünə atmaları həm də “sərçə nədir ki, bozbaşı da nə ola!?” həqiqətini ortalığa qoyur. AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX” həzrətləri, Azərbaycanda kiminsə öz halal puluyla həccə getməsi haqda fikir yürüdə bilməsəm də, ancaq doğrusunu Allah bilir. Çünki bizim halal əmək haqqımız, halal müavinətlərimiz ancaq bu sətirləri yazmaq üçün kağız-qələm almağa yetə, ya da yetməyə. Hələ bir qaldı həcc ziyarətindən dəm vurmaq. Axı bizim mollalar oturub kiminsə ölməsini gözləyirlər ki, bir az çörək pulu qazana bilsinlər. Başqa yerdən gəlirləri olmayan azəri mollasının haradasa oxuduğu mühazirədən pul qazanma ehtimalından danışmaq da bir xülyadır. Çünki özləri Qumda, Ərəbistanda, Türkiyədə təhsil alıb qayıdandan sonra da bir növ həmin ölkələrin Azərbaycanda səlahiyyətli nümayəndələri kimi davranır və qayıdışlarıyla bu məmləkətdə “sünnilik”, “şiəlik”, “vəhabilik”, “nusayrilik” formatında olan təfriqəçiliyin təbliğatçılarına çevrilirlər. Yerdə qalan cəhalətin bətnindən çıxan mollalar da həmin oxumuşların əlində bir vasitəyə çevrilməklə biçarə milləti dartan-yırtan əlində qoyub hər biri öz ünvanınca həcc ziyarətlərinə tədarüklə məşğul olurlar. Məmur büdcəni talan etməklə, millət vəkili zillət vəkili statusunda davranaraq haqqa göz yummaq, əldə fürsət varkən nəsil-nəcabətinə “əl əli yuyar, əl də üzü” prinsipini rəhbər tutaraq gün ağlamaqla, dilənçi kökünə salınmış müəllimlər “şüşə pulu”, “fond pulu”, nə bilim nə puluyla, həkimlər yalandan kəsib doğramaqla, sürücülər bir-birinin haqqını tapdaladıqlarına görə yol boyu qeybət edib söyüş söyməklə, bələdiyyələr torpaq satmaqla, icra strukturları haqq qoymaq, haqq ödəməklə, satıcı çəkidə aldatmaqla, alıcı da ah-vayla pul qazanır və…. və beləcə könülləri qıra-qıra bu sadalanan şəxslər həccə gedib “ad” alırlar. Həcc zamanı Şeytana atılan daşları heç Şeytanın başına dəyməmiş paketləyərək bizim hacılara catmaqla milyardlar qazanan Səud övladları da bu pulları islamiyyətin qəsdinə dayanan avropalı madmuazellərin göbəklərinin üstünə tolazlayırlar. İmam Hüseynə (ə) məqbərə yapdıraraq Onun bütün bəşəriyyətə örnək olacaq Mübarizəsinin, Mücadiləsinin fəlsəfəsini dünyaya çatdırmağa çalışan, o dövlətin ərazisində yaşayan türklərin haqlarını “uf” belə demədən tapdalayan dünənin bədəvi ərəbləri də Kərbəla ziyarətindən əldə olunan milyardların hesabına əl Məktumun uşaqları kimi ov ovlayıb, quş quşlayırlar. Məşhədə ziyarəti möhür və təsbeh, səccadə ticarətinə çevirən farslar da bizim ziyarətlərimizdən qazandıqları milyardların hesabına öz müsəlman qardaşını qanına qəltan edən erməniylə birgə iş yapmaqdan həzz alırlar. Bu səpkili “hacı, kərbəlayi, məşədi” “istehsalı” inanmıram ki, Allah qatında bəyənilə. AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

… QƏRƏZ, bütün bunları ərz elədim ki, bəlkə bir şey öyrənə biləm. İnanıram ki, bir müsəlman olaraq bildiklərinizi bizimlə bölüşməyin fəzilətini Siz bizdən daha yaxşı bilirsiniz, Şeyx həzrətləri. İndisə deməyim odur ki, yenə də salam olsun Uca Yaradana! Yaradan bizləri Varlığın ən fəzilətlisi kimi yaratsa belə Bizlər hələ də Onun Adəm övladına göndərdiyi İlahi Əmrlərin mahiyyətini yetərincə dərk etməmişik. Dağa, daşa düşməyək, dərk etsəydik, mən də təqdim olunan bu köşədə hörmətli Şeyximizə “YA” deyə müraciət etməzdim. Axı hər şeyə Qadir Olan və insana hər şeyi verən də, alan da Odur, biz “YA” deyəndə ONU çağırmalıyıq, başqasını yox…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI