“Nəinki ölkə miqyasında, bütün dünyaya sübut etmişəm ki, mən əlil deyiləm” - MÜSAHİBƏ/VİDEO

15:10 05-04-2019 | icon 2208 | İdman
“Nəinki ölkə miqyasında, bütün dünyaya sübut etmişəm ki, mən əlil deyiləm” - MÜSAHİBƏ/VİDEO

Gündüz İsmayılov: “Yetər ki, içimizdə olan neqativlərə qalib gələk, Azərbaycan insanı olaraq bir-birimizə dəyər verək”

 

 

Dünyada Paralimpiya Hərəkatının tarixiylə bağlı məlumatlarda deyilir ki, “bu oyunlar Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır”.

Azərbaycanda əlil idmançıların olimpiya idman təşkilatlarının yaranması tarixi 1996-cı ilin 9 fevral tarixi götürülür. Ölkəmiz ilk dəfə 1996-cı ildə Atlantada iki belə idmançı ilə olimpiya oyunlarında iştirak edib. İlbəil əldə olunan irəliləyişlər fonunda bu idman növünə artan maraq sağlamlığı məhdud vətəndaşlarımızın cəmiyyətə inteqrasiya olunmasına, ətraf aləmin bu kəsimə daha da diqqətlə yanaşmasına bir təkan verib. Məhz bunun nəticəsi idi ki, Bakıda keçirilən paralimpiya yay olumpiya oyunlarında ölkəmizi 28 idmançı təmsil edərək iki idman növündə 24 medal əldə ediblər. Şübhəsiz ki, bu uğurların əldə edilməsində idmançılarımızın əməyi böyükdür.

 

Versus.Az qazandığı uğurlarla Azərbaycanda pauerliftinq üzrə paralimpiya idman oyunlarına marağın artmasında böyük əməyi olan, ölkəmizə ilk qızıl medalı gətirən dəfələrlə Avropa və olimpiya çempionu olmuş GÜNDÜZ İSMAYILOVla müsahibəni oxucularımıza təqdim edir. Onu da qeyd edək ki, Gündüz bəylə söhbətimiz “GülSam” Əlilləri Reabilitasiya İctimai Birliyinin sədri GÜLNARƏ SƏLİMOVAnın evində baş tutdu və Gülnarə xanım da öz dəyərli fikirlərini bizimlə bölüşdü, bir çox məsələlərə aydınlıq gətirdi.

 

“Mənim ilk uğurum fiziki məhdudiyyəti özümdə görməməyim oldu”

 

- Xoş gördük sizi, Gülnarə xanım! Xoş gördük sizi, Gündüz bəy.

Gündüz bəy, hələlik Gülnarə xanımı yormayaq, mümkünsə siz özünüz bu idmana gəlişinizlə bağlı oxucularımıza məlumat verərdiniz. Və təbii ki, ümumi müzakirəmizin gedişi boyu Gülnarə xanım da söhbətə müdaxilə edə bilmək haqqını özündə saxlayır (hamı gülüşür)...

 

- Öncə sizə təşəkkür edirəm ki, biz idmançıları yada salır, bizlərin unudulmaması üçün hər zaman gərəkən addımları atırsınız. Əslində elə cəmiyyət tərəfindən bizə münasibətdə sərgilənən müsbət yanaşmanın özü də qazandığımız uğurlarda həm də bir stimulverici qüvvədir.

Hər bir insan öncə öz içindəki məniylə danışmalı, içində olan bütün qorxu hissinə qalib gəlməyi bacarmalıdır. Hər kəs özünə “mən bunu edə bilərəm, mən bunu etməyə qadirəm” fikrini təlqin etməklə həyatda öz mübarizəsini, həyatda öz mücadiləsini aparmalıdır. Mənim ilk və ən böyük uğurum fiziki məhdudiyyəti özümdə görməməyim olub. Və bu, həm də psixoloji bir durumdur. Sağlamlıq imkanları məhdud olanlar, ümumiyyətlə hər bir kəs özünə bu xüsusiyyəti aşılamlıdır. Çoxu deyə bilər ki, mən sənə əyri gözlə baxmıram. Amma həyat özü göstərir, həyat özü hər şeyi faş edir ki, yox, bunu deyənlərin çoxu elə sənə əyri gözlə baxırmış. Məhz bunu nəzərə alaraq, həmin baxışları heçə endirmək üçün öz bacarığın, öz qabiliyyətin, öz baxışlarınla bu adamdan üstün olmağa çalışmalı və bunu əldə etməlisən.

 

- Aparılan müşahidələrin özü də bizim danışıq dilimizdə olan terminlərə müəyyən mənada sanki yeni baxış, yeni yanaşma tərzi tələb edir. Yəni bu gün “fiziki cəhətdən məhdudiyyətli insanlar” adlandırılan vətəndaşlarımızda olan mübarizliyi, onlarda olan dözümü, onlarda olan iradəni, onların üzündə olan daimi təbəssümü görəndə adam istər-istəməz düşünür ki, yox, bu insanlar başqalarına nisbətdə daha pozitivdilər. Sizlərin düşüncələrinizdə qaynayan həyat enerjisi belə ifadələrin də korrektə olunmasını zəruri edir və elə o səbəbdən də hesab edirik ki, sağlamlığı məhdud insanlar ifadəsinin işlənməsi daha yaxşı olardı. Buna münasibətdə sizin də fikriniz maraqlı olardı.

 

- İnsan yaşadıqca qüsur da onunla yaranır. İnsan özü kəşfedici məxluqdur. Yaxşını da, pisi də yaradan insanın özüdür. Yəni, əlil arabasında da olmaq olar, əlil arabasından durmaq da olar. Bu da bir taledir, bu da bir alın yazısıdır. Və biz həm də öz taleyimizi yaşayırıq. Ancaq yaşadığımız zaman çərçivəsində daim mübarizədə, daim mücadilədə olmaq, daim öz üzərində işləmək hissindən insan gərək heç vaxt uzaqlaşmasın. Mənim bugünkü durumum, əldə etdiyim nailiyyətlər, rekordlar və nəticələr ancaq və ancaq öz iradəm sayəsində əldə olunub. Dayanmadan irəliləmək, səni addım-addım izləyən pisliklərə qətiyyən baxmamaq, hətta bunun fərqinə belə varmamaq, bayaq da dediyim kimi, öz qabiliyyətin, öz bacarığın, öz fərdi keyfiyyətlərinlə səni hədəf kimi qiymətləndirənlərdən üstün olmaq. Hansısa əlil arabasında oturan insan heç zaman pessimist olmamalıdır ki, mən qaça bilmirəm. Əksinə, o adamlar hər zaman fikrində, xəyalında yaşatmalıdır ki, mən qaçıram, mən qaçmağa qadirəm. Və belə düşüncə tərzi adamı arzuladığı nöqtəyə çatdıra bilir.

 

- Yəni, bir növ sən mütəmadi olaraq həm də imitasiya ilə məşğul olmalısan...

 

“İçimdə indiki uğurlarımın cücərtilərini bəsləmişəm”

 

- Bəli, buna imitasiya deyilir. Mən hələ uşaqkən 3 yaşımda məni paralic vuranda belə şeyləri hiss edirdim. Özüm-özümə təlqin edirdim ki, mən dünyada ən güclü adam olacam. Mən bu duyğularla yaşayır, həm də bu duyğuları yaşadırdım. Özüm üçün çatacağım hədəfləri müəyyənləşdirmişdim və hər zaman, hər an bu hədəflərə çatmaq uğrunda illərlə bütün neqativlərə qarşı mücadilə etmişəm...

 

- Deməli, Gündüz İsmayılov ilk olaraq qələbələrini öz düşüncələrində, sonra da idman arenalarında qazanıb.

 

- Bəli. Müəyyən komplekslər var ki, insan birinci bunlara qalib gəlməlidir. Öz qorxusuna, öz inamsızlığına son qoyandan sonra insan öz rəqibləri üzərində qələbə çala bilər.

 

- Neçə yaşınızda idmana gəlmisiniz?

 

- Bu il mənim 47 yaşım olacaq. 3 yaşımdan məndə problem var. 44 ildir ki, həyatla mübarizə aparıram, döyüşürəm. Hər zaman öz üzərimdə işləyirəm, ağır çəkilərlə işləyirəm, bütün bunları beynimlə hərəkət etdirirəm, inkişafın yollarını arayıram. Özümü hər zaman çətinliklərə hazır saxlayıram, həmişə güclü olmalıyam. Söhbət ondan getmir ki, mən hansısa bir yarışda udum. Mən daxilimdə çempion olmalıyam. Bunu fiziki cəhətdən sağlamlığı məhdud insanların hər biri öz qəlbində yaşada bilsə, onlarda heç bir problem ola bilməz. Və onlar çox şeyə qadir olarlar. İnsanı yaşadan hərəkətdir. Belə bir şey var: qaça bilmirsən yeri, yeriyə bilmirsən iməklə, iməkləyə bilmirsən nəsə bir hərəkət elə...

 

- Yəni, yaşam tərzində bir dinamika olmalıdır...

 

- Bəli, insanı yaşadan onun hissləridir, hərəkətdir. İnsan həmişə nəsə yaratmalıdır.

 

“Həyatda hər şeyi hazır görənlərdə paxıllıq hissi baş qaldırır”

 

- Bu gün fiziki cəhətdən sağlam olan insanlar sanki mənəvi cəhətdən qüsurludurlar. Amma sizlərin əhval-ruhiyyənizdə olan mübarizə əzmini görəndə adam bu həyatı bütün eybəcərlikləriylə qəbul edir, yaşamaq eşqi bir az da artır. Daxilinizdən püskürən bu qüvvəyə təkan verən nədir?

 

- İnsan oturduğu yerdə çox şey istəyir. Bilirsiz, həyatdan inciyən, həyatdan küsən, pessimist əhval-ruhiyyədə olan insanlar kimlərdir – onlar üçün həyatda hər şey hazırdısa, bu adamlar həyatdan daha çox şeylər istəyirlər. Onu əldə edə bilmir və hardasa belələrində paxıllıq hissi baş qaldırmağa başlayır, komplekslər baş qaldırır...

 

(bu arada “GülSam” Əlilləri Reabilitasiya İctimai Birliyinin sədri Gülnarə xanım Səlimova da söhbətimizə qoşulur)

 

GÜLNARƏ SƏLİMOVA: - Mən çox üzr istəyirəm, söhbətə qoşulduğum üçün....

 

- Üzr istəmək nə üçün, Gülnarə xanım? Əksinə, sizin fikirləriniz həm bizim, həm də bütövlükdə cəmiyyətimiz üçün dəyərlidir, buyurun.

 

- Ötən illərdə mən çox şeylərin şahidi olmuşam, dəfələrlə görmüşəm ki, əli, ayağı sağ olan bir insan öz çıxışlarında, öz davranışlarında daha çox pessimist əhval-ruhiyyədən çıxış edir. Düzdür, belə yanaşmalar adama bir az qəribə gəlsə də, ancaq yenə də düşünürsən. Düşünürsən ki, bu, mənim xislətimdir, o da onun xislətidir. Bayaq Gündüz qardaşımızın da vurğuladığı kimi, hər kəsin içində bir kompleks yaşanmaqdadır. Məhz bu komplekslərlə mübarizədə də hər kəsin xisləti beləcə üzə çıxır, adam özünü, sözünü, davranışını, insanlara münasibətini, həyata baxışlarını, içində yaşatdığı bu və ya digər keyfiyyətlərini bəyan edir. Bu gün əli, ayağı yerində olan insanların pessimist ruhda danışmalarını görəndə mən əsil məhdudiyyətli kimi onları görürəm. Belələri mənəvi cəhətdən məhdudiyyətlidilər.

 

- Dəyərli fikirlərinizə görə sizə təşəkkür edirəm, Gülnarə xanım. Sizin yanaşmanızda bu günümüzün gerçəkləri öz əksini tapıb.

Elə bu kontekstdə bir idmançı kimi Gündüz bəyin fikirlərini də bilmək istərdik. Gündüz bəy, bax 2 aprel tarixli bu günümüzdəki sizinlə görüşümüz torpaq uğrunda apardığımız mübarizənin Aprel Zirvəsinin və Dünya Autizm Maarifləndirmə Gününün qeyd edildiyi vaxta düşdü. Bir idmançı olaraq siz Azərbaycan İnsanının bugünkü döyüş ruhunu, bugünkü döyüş əzmini necə qiymətləndirirsiniz?

 

“Bu insanları unudursansa, demək ki, Azərbaycana qarşısan”

 

- Doğrudan da, elə sizin də vurğuladığınız kimi bizim görüşümüz xoş bir günə təsadüf edib. Elə sizin təbirinizcə desəm, torpaq uğrunda apardığımız mübarizənin Aprel Zirvəsi bir daha onu göstərdi ki, biz hər an ermənilər tərəfindən işğal edilən torpaqlarımızı almaq qüdrətindəyik. Bunun üçün bütün daxili potensialımız və sabaha inamımız da var. Özünə inam olan yerdə qələbə hər zaman səninlədir. İnşəAllah mən inanıram ki, tez bir zamanda o torpaqlarımızı düşmənlərdən azad edəcək, məhz həmin yerlərdə Azərbaycan bayrağını dalğalandıracağıq. Necə ki, biz idmançılar bütün çətinliklərə, bütün məhrumiyyətlərə baxmayaraq dünyanın ayrı-ayrı nöqtələrində Azərbaycan adını zirvələrə qaldırmışıq və bundan sonra da qaldırmaqda israrlıyıq, eləcə də itirilən yurd yerlərimizdə də inşəAllah o xoş anları millətimiz yaşayacaq. Və buna tam əminəm. Yetər ki, içimizdə olan neqativlərə qalib gələk, Azərbaycan insanı olaraq bir-birimizə dəyər verək. Problemlərimizin önlənməsində, qarşılaşmasında, bu problemlərin aradan qaldırılmasında bir-birimizə dayaq duraq ki, yetişən nəsilə dövlət-vətəndaş sevgisini əməli şəkldə göstərə bilək. O Şəhidlər bizim uğrumuzda canlarını fəda ediblər, onların arzularını, onların istəklərini, onların vətən torpaqlarının azad edilməsi uğrunda apardıqları mücadiləni bizlər davam etdirməliyik - fərqi yoxdur, ya ön cəbhədə, ya mətbu sferada, ya idman arenalarında. Unutqanlığımıza son qoymalıyıq, Azərbaycan bayrağına sarılaraq Azərbaycan adını ucalara qaldıran, yaşadan insanlar bir an üçün deyil, bütün zamanlarda yad edilməli, onların özü də Azərbaycan naminə qorunmalıdırlar. Kimliyimizdən, harada işləməyimizdən asılı olmayaraq hər kəs bu dövlət, bu millət qarşısında öz məsuliyyət hissini dərk etməlidir. Əgər sən bu gün itirilmiş torpaq uğrunda canını fəda edən insanı unudursansa, əgər sən bu gün Azərbaycan bayrağını zaman-zaman dünya dövlətləri arasında ən ucalıqlara qaldıranları yaddan çıxarırsansa, əgər sən bu gün qələmiylə Azərbaycan dövlətçiliyini, Azərbaycan millətçiliyini hər şeydən üstün tutub bunun uğrunda mücadilə aparan jurnalisti görməzliyə vurursansa, əgər sən bu gün həmin autistləri, həmin sağlamlığı məhdud olan insanı yaddan çıxarmağa çalışırsansa, demək ki, sən bu insanlara qarşı yox, sən Azərbaycana qarşı düşmən mövqedəsən...

 

- Tamamilə fikirlərinizlə şərikəm, Gündüz bəy. Biz öz insanımıza qiymət verməyi, öz insanımızı dəyərləndirməyi, öz insanımızın problemlərinə öz problemimiz kimi yanaşmağı bacarmalıyıq. Unutqanlıq bizim ən böyük düşmənlərimizdəndir. Nə yazıq ki, bizdə edilən xoş əməllərin tez bir zamanda unudulması xəstəliyi də var. Və belə yanaşma tərzi şübhəsiz ki, yetişən nəslin dünyagörüşünə də pis təsir edir, onlarda sapındırıcı meyilləri üzə çıxarır. Siz öz təcrübənizdə heç belə kənar təsirlərin, laqeyd yanaşmaların şahidi olmusunuzmu?

 

- Yox, kənar təsirlər heç zaman mənə mane olmayıb. Mənim öz əqidəm, mənim öz ruhsal dünyam var. İçimdə yaşatdığım və məni yaşadan o əqidəni mən heç nəyə dəyişmərəm. Və heç bir təsir də içimdə yaşatdığım Azərbaycan sevgisini, yurd sevgisini, oba sevgisini, insanlıq sevgisini öldürə bilməz. Bugünkü gündə də nəinki ölkə miqyasında, bütün dünyaya sübut etmişəm ki, mən əlil deyiləm. Çünki mən hal-hazırda ciddi, sağlam, professional idmançılar arasında bir neçə dəfə dünya çempionu olmuşam. Artıq yenə də hazırlaşıram ki, onlarla rəqabət apara biləm.

 

- Siz professional idmançısınız, sizin tövsiyyələriniz cəmiyyətimizə şübhəsiz ki, daha çox yararlıdır. Sizcə sağlamlıq imkanları məhdud olan uşaqların idmana cəlb edilmələri və elə bununla da onların cəmiyyətə inteqrasiyası prosesində nədən və necə başlamaq lazımdır?

 

“Zala girdim, məni oradan qovladılar, dedilər ki...”

 

Hər bir uşağın özündə nəsə olmalıdır. Məsələn, dediyim kimi məndə 3 yaşımdan başladı bu proses. Məni o zaman paralic vuranda valideyinlərim deyirdilər ki, bundan ümumuiyyətlə olmaz. Mənə imkan vermirdilər, məni qoymurdular zallara... Mən də məcbur oldum, başladım gizli surətdə məşq etməyə....

 

- Zaldan kənarda...

 

- Bəli, düşürdüm aşağı, məktəbin həyətinə gedirdim. Orada stadion var idi, turniklər, kubik daşları var idi. O daşları qaldırıb turnikdə dartınırdım. Yayı, qışı stabil olaraq orada işləyirdim öz üzərimdə. Orada yaşayan insanlar da məni tanıyırdı. Belə-belə özümü inkişaf etdirməyə başladım. Sonradan 16 yaşımdan etibarən artıq zallara getdim. Yəni, bu yaşa qədər küçədə məşğul olmaq məcburiyyətində olmuşam.

Həm adi insanlar, həm də idmançılar arasında çox adam olub ki, mənim əqidəmi, iradəmi qırmağa çalışıb. Deyirdilər ki, yox e, səndə heç nə alınmayacaq,..budu...budu.. Ancaq bütün hallarda mən dözüb durdum, heç kimə qulaq asmadım, ancaq öz daxilimdə indiki uğurlarımın cücərtilərini bəsləyirdim. Amma hələ də saymıram ki, mən hansısa nöqtəyə çatmışam. Mən yenə də o xəyalları yaşadıb, yarışmaq istəyirəm.

 

- Bu gün necə, sizə müasibətdə həmin yanaşmalar yenə də varmı?

 

- Bu gün də mənə deyirlər ki, artıq 46 yaşın var, elədiyini eləmisən də, o ağır çəkilərdə işləmək ziyandır sənə. Əgər kimsə istəyirsə ona fiziki məhdudiyyətli insan kimi baxmasınlar, demək ki, o, əldə etdikləriylə sağlam adamdan üstün olmalıdır. Baxın, indi bir yerdə oturmuşuq. Əgər ortalıqda nəticələrim olmasaydı, mənə də sıradan bir məhdudiyyətli insan kimi baxacaqdılar. Görünür mənim problemim həm də mənim güclü olmağıma dəlalət edib. Görünür Tanrı istəməyib ki, mən havayı qazananlardan olum.

 

GÜLNARƏ XANIMIN MÜDAXİLƏSİ:

- Bilirsiniz, mənə elə gəlir ki, bizim kimi sağlamlığı məhdud olan insanlarda məhdudiyyəti olmayan insanlardan daha yaxşı, daha çox mübarizə əzmi var. Bizim yaşam tərzimizdən irəli gələrək bizdə məsuliyyət, bizdə iradə daha çoxdur. İçimizdə yatan hisləri oyatsaq, mənə elə gəlir ki, elə ən gözəl yazıçı, ən gözəl musiqiçi, ən gözəl rəssam biz ola bilərik. Sadəcə burada özünü dinləmək, özünə qulaq asmaq, özünü formalaşdırma cəhdinə əməl etmək istəyi lazımdır ki, gerçək potensial üzə çıxa bilsin...

 

- Zənn edirəm ki, Gülnarə xanım, həm siz, həm də Gündüz bəy gerçək potensialınızı üzə çıxaran insanlarsınız. Daha doğrusu, o potensialın necə gücünü üzə çıxarmaq üçün durmadan, dayanmadan çalışan insanlarsınız. Və bu da cəmiyyətimizə yönəli müsbət bir yanaşmadır.

Gündüz bəy, məşqçi heyətinin seçilməsində, onların fərdlərə yanaşmasında sağlamlıq imkanlarının məhdud olması faktı necə nəzərə alınır? Siz də bir məşqçisiniz, o uşaqlarla işləmək məşqçilər üçün çətinlik yaratmır ki?

 

“..İlk medalı qazanan mən olmuşam”

 

- Şəxsən mənim məşqçim olmayıb, həmişə tək olaraq məşq etmişəm. Amma özüm bir çox idmançıyla çalışıram, onlayn məşqlər aparıram, xarici idmançılara məsləhətlərim olur.

 

- Siz özünüz sağlam uşaqlarla məşğul olursunuz?

 

- Bəli, kim istəyirsə öz köməyimi əsirgəmirəm. Qayda qaydadır, nəticə də ortalıqda olan nəticə.

 

- Bugünkü zalların maddi-texniki bazası sizi qane edirmi?

 

- Yox, mən özüm, dediyim kimi, küçə hazırlığından başlayaraq sonrakı inkişaf xətti üzrə bacarığımı daha da artırıb necə deyərlər tam hazır bir vəziyyətdə paralimpiya komitəsinə gəlmişdim. İlk olaraq paralimpiya çempionu da mən olmuşam. Bu sahədə Azərbaycan Avropadan və dünyadan ilk medalları qazanan da mən olmuşam. Və beləcə paralimpiya xırda-xırda tanınmağa başladı, beləcə həm axın, həm də idmançılarımızın sayı çoxaldı.

 

- Gündüz bəy, deyir əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir. Təbii ki, bu qidalanma təkcə maddi nemətlər baxımından deyil, bütövlükdə sənin qarşında duran problemlərin həll edilməsindən keçir. Mənə maraqlıdır, ilk paralimpiya çempionumuzu, Azərbaycan bayrağını göylərə qaldıran, Azərbaycan adını dünyaya tanıdan Gündüz İsmayılovu bu gün hansı problemlər daha çox narahat edir? Varmı belə problemləriniz, problemlərinizin həllində aidiyyatı strukturların, məmurların buna münasibətdə mövqeləri necə olub?

 

- Verdiyiniz dəyərə görə təşəkkür edirəm sizə. Və mən ümumiyyətlə arzu edirəm ki, Azərbaycan adına can fəda edən insanlarımız, idmanımızın, mədəniyyətimizin, elmimizin, mətbuatımızın inkişafında rolu olan hər bir soyadşımız heç zaman unudulmasın, Dövlətimiz tərəfindən, Ulu Öndərimiz rəhmətlik Heydər Əliyev tərəfindən, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev tərəfindən, Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən, bütövlükdə cəmiyyətimiz tərəfindən hər zaman böyük diqqət və qayğıyla əhatə olunan insanlara münasibətdə məmurlarımız da bir az hörmətlə yanaşsınlar. Axı bu insanları seçilmişlərimiz də cəmiyyət üçün bir qazanc sanıblar. Belə olan halda hansısa bir məmurun bu adamlara sayğısız münasibətini necə başa düşmək olar?

 

“Məşqçinin özünün ortaya qoya biləcək uğurları olmalıdır”

 

- Sizə münasibətdə belə sayğısızlıq olubmu və kimlər tərəfindən?

 

- Yox, mən tək özümü nəzərdə tutub belə söyləmədim ki. Mən bütövlükdə cəmiyyətimizin sağlam bur durumda qalması üçün zəruri olan addımlardan danışdım. Ona görə də istər idmançı olsin, istər jurnalist olsun, istər hansısa icra nümayəndəsi olsun, bax bu kontekstdən çıxış etməlidir ki, cəmiyyətimiz də ayaqda dura bilsin. Və inşəAllah biz bir cəmiyyət olaraq öz varlığımızı necə qoruyub saxlamışıqsa, ümid edirəm ki, bundan sonra da daha qətiyyətli addımlarla bu yolu davam etdirəcəyik.

 

- Paurliftinqdə ən güclü idmançılar hansı ölkədədir?

 

- Ən güclü idmançılar Amerikada olub. Ancaq son dövrlərdə Rusiya idmançıları elə bir sıçrayışla önə keçiblər ki, hətta amerikanların özləri belə mat qalıblar. Bu sahədə artıq hər kəs “Rusiya məktəbi”ndən danışır...

 

- Dediyiniz “Rusiya məktəbi”ndə nəyə üstünlük verirlər ki, bizdə o addım atılmır?

 

- Burada bir çox səbəblər var. Və bunun həm obyektiv, həm də subyektiv səbəbləri çoxdur. Mən istəməzdim ki, biz hansısa səbəb axtarışına çıxıb dinamik fəaliyyətimizdə bir susqunluq yaradaq. İstənilən halda mən ümid edirəm ki, Azərbaycan idmançıları da rus həmkarları kimi öz məktəblərini yaradacaq və böyük uğurlara imza atacaqlar.

 

- Bəlkə bizim ruslardan fərqli olaraq məşqçi problemimiz var?

 

- Bilirsiz, bu məsələdə hansısa detal üzərində köklənmək düzgün olmazdı. Hesab edirəm ki, bütün bunlar adamdan kompleks yanaşma tələb edir. Və şükür ki, bu gün Azərbaycanda da bu istiqamətdə işlər getməkdədir. Məşqçinin özünün ortaya qoya biləcək uğurları olmalıdır ki, tələbə də ondan nəsə götürə bilsin. Mən 3 ilə yaxındır ki, artıq sağlam idmançılarla yarışıram. Təbii ki, idmançı da hər kəs kimi bir adamdır. İdmançının da hər kəs kimi öz problemləri, öz arzu və istəklərini gerçəkləşdirmək üçün qarşısına qoyduğu prioritetlər var. Çox istərdim ki, bu məsələdə məmur təbəqəsi, aidiyyatı strukturlar idmançılarımıza dəstək olmaqla problemlərinin həllində ortaq şəkildə iştirak etsinlər...

 

- Heç şübhəsiz ki, bu, belə də olmalıdır. Baxın, dövlətimizin başçısı cənab İlham Əliyev vurğulayır ki, “xalqın bir nömrəli xidmətçisi mən özüməm”. Bu kontekstdə sizin problemlərə, sizin istəklərinizə münasibətdə yerli icra başçıları və aidiyyatı strukturlar özlərini “xalqın xidmətçisi” təqdim edə biliblərmi?

 

- ...(dərin fikrə gedib ah çəkir) ..İlham Əliyev cənablarının tövsiyyə xarkterli o çıxışı bütün cəmiyyətimizə bir örnək olmalıdır. Və zənn edirəm ki, olacaq da. Konkret mənə gəlincə...(yenə də nəsə fikirləşir)...Mən həyatda ağlamağı xoşlamıram və çalışıram da heç zaman ağlamayım. Qarşıma çıxan çətinlikləri də özümün dinamik inkişafımda bir mərhələ kimi dəyərləndirmişəm, hansısa problem kimi yox. Hər pisliyin daxilində belə həmişə yaxşılıq axtarmağa çalışmışam. Və bu, mənim həyat kredomdur. Ağrısıyla, acısıyla, dərd-səriylə, sevinciylə, qəmiylə mən bu həyatdan zövq almağı hər kəsə tövsiyyə edirəm.

 

- Kimi özünüzə güclü rəqib görürsünüz?

 

- Burada çəki dərəcəsi var. Kifayət qədər güclü idmançılar var həm Rusiya, həm də Amerika idmançıları arasında.

 

- Tokioda 2020-ci ildə keçiriləcək paralimpiya idman oyunlarında iştirak edəcəksinizmi?

 

- Mən hər zaman öz məşqlərimi davam etdirirəm. Bir gün belə olsun bu məşqlərdən yayınmamışam. Tokioda keçiriləcək idman yarışlarında da iştirak etmək arzum var və buna da hazıram. Hal-hazırda əldə etdiyim nəticələr Tokioda mənə qızıl medalı verə bilər. Bəzi işlər var, alınsa, iştirak edəcəyəm, alınmasa... Və buradan bütün dünyaya səslənirəm. Kimsə mənim haqqımda yanlış fikirdədirsə, yaxud yanlış fikirlər səsləndirisə, buyursun meydana, mən qaldırdığım çəkinin heç olmasa yarısını qaldırsın.

 

- Unudulmaq qorxusu içinizi işğal etməyib ki?

 

- Yox, qorxu hissi mənə yaddır. Çalışıram ki, hər zaman bütün məsələlərə münasibətdə, dostlara və dost olmayanlara yanaşmada içimdə xoş duyğular, xoş təəssüratlar yer alsın. Kimsə öz pis niyyətindən, pis əməlindən əl çəkmirsə, nədən bizlər öz yaxşı keyfiyyətlərimizi o pisliklərin əsirinə çevirməliyik. Ancaq sualınıza cavab olaraq deyim: istəməzdim ki, mən Azərbaycanda unudulum...

 

- Hər birinizə çox təşəkkür edirəm və bundan sonrakı fəaliyyətinizdə sizlərə uğurlar diləyirəm.

 

- Biz də sizə təşəkkür edirik...

 

İgid Teymurlu
Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı