Jurnalist istirahət edərsə… – SORĞU

17:58 04-09-2017 | icon 816 | KİV
Jurnalist istirahət edərsə… – SORĞU

ƏN GÖZƏL İSTİRAHƏT İŞLƏMƏKDİR

Yay aylarında mətbuatda yaranan məlumat qıtlığı müxtəlif aspektlərdə təhlil olunur. Media ekspertləri bu durumu “mövsüm simptomu” kimi bütün fəaliyyət sahələrinə şamil edir və ictimai-siyasi prosesin təbii davamlılığı kimi səciyyələndirirlər.

Bir çox hallarda ictimai fikirdə elə təsəvvür yaranır ki, jurnalistin istirahət etməyə nə vaxtı var, nə də haqqı. Beləcə, xəbərsiz yaşaya bilməmək kimi “peşə xəstəliyi” olan jurnalistin istirahət etməsi qeyri-adi qarşılanır. Sanki jurnalist – müxbir, repartyor istirahətə gedərsə, dünya hadisələrlə dolub-daşar, xəbərsiz məhv olar.

Versus.Az jurnalistin peşə məsuliyyətindən dolayı onun nə dərəcədə sakit başla, heç nəyi düşünmədən istirahət etməsinin mümkünlüyünü  elə bu peşənin öz sahiblərindən soruşub. Gəlin görək bu peşənin sahibləri informasiyadan kənar istirahət edə bilirmi?

“Jurnalist üçün istirahət işləməkdən daha çətindir”

Milli.az portalının baş redaktor müavini Elçin Alıoğlu bildirib ki, istirahətdə olduğu qədər heç zaman işləri çox olmur:

“Sözün açığı, son 26 ildə istirahətin nə olduğunu tam mənada nə hiss etmişəm, nə də buna can atmamışam. Anlayıram ki, normal istirahət bacarığı sivilliyin üstün mərhələsidir, amma nə fayda, görünür, içimdəki “proletarlıq” həmin o aristokratik zümrə mənsubluğuna çatmağıma imkan verməyib. Jurnalist üçünsə istirahət işləməkdən daha çətindir.

Bundan dolayı, düşünmürəm ki, jurnalistin istirahəti var. Olsa-olsa, yəni ən yaxşı halda, beyin qısamüddətli olaraq mobil telefonlarda olduğu kimi, “Air Mod”a, yəni kənar informasiyanın qəbullanmaması rejiminə keçirilə bilər. Hadisələrdən, informasiyalardan kənarlaşmaq mümkün deyil. Bakıdan nə qədər uzaqlaşsaq da olaylar, xəbər daim beynin qapısını döyür və onları içəri buraxmamaq müşkül məsələdir”.

Elçin Alıoğlu yekun olaraq bu yay yaxşıca istirahət etdiyini deyib:

“Bakıdan çox uzaqda, dağlarda, aşağıya baxdıqda buludların göründüyü yerdə. Son illərdə ilk dəfə olaraq telefonu və interneti qapadım, tam 11 saatı bütünlüklə relaksa həsr etdim. Beləcə, Nirvana ilə Şambalanın simbiotik qarışığının həzzini daddım”.

“Bu aclıq qarşısında “ağ bayraq” qaldırdım”

Jurnalist Əmrah Fəqanoğlu bildirib ki, jurnalistin peşə xəstəlikləri sırasında daim xəbər aclığı əsas yer tutur. O hansı məkanda, hansı situasiyada olmasından asılı olmayaraq, özündə daim xəbər aclığı hiss edir. Mütləq ölkədə və dünyada baş verən mühüm yeniliklərlə maraqlanır, xəbərləri təqib edir. Çünki xəbər aclığı onun həyat tərzinə çevrilib:

“Şəxsən mən məzuniyyətdə olduğum müddətdə xəbər aclığından qurtula bilmədim və bu aclıq qarşısında “ağ bayraq” qaldırdım.

Məzuniyyət dövründə ailəmlə bərabər doğma rayonum Ağsuda oldum, yayın qızmar günəşini o ki, var hiss etdim. Tələbəlik dostum Mirzəmməd Mirzəliyevin təşəbbüsü ilə İsmayıllı rayonuna səyahət xoş təəssürat yaratdı. “Ögey ana ” filminin lentə alındığı dağın qarşısında çəkdirdiyim şəkil mənim üçün unudulmaz xatirəyə çevrildi. İsmayıl bacısı üçün itburnu yığmağa məhz həmin dağa gəlmişdi… Göyçay çayının mənbəyinə doğru getdik, bir neçə çayın qovuşduğu, dağların arasındakı ərazi olduqca əsrarəngiz idi. Düşünürəm ki, İsmayıllının böyük turizm potensialı var. Amma bir şeyi etiraf edim ki, harda olsam da məkana və olaylara jurnalist yanaşmam məni heç zaman tərk etmir”.

“Bəzi istirahət etmək hüquqlarımız tanınmır”

www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı Əmək Məcəlləsinə görə, hər bir işləyən vətəndaşın il ərzində müəyyən vaxtlarda istirahət etmək, məzuniyyətə getmək haqqına sahib olduğunu, o cümlədən jurnalistin də istirahət etmək hüququnun olduğunu deyib:

“Azərbaycan mediasında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması hallarına çox rast gəlinir. Söhbət ondan gedir ki, bəzi KİV-lərdə jurnalistlərin məzuniyyət götürmək və istirahət etmək hüquqları tanınmır. Bəzi saytlarda və qəzetlərdə jurnalistlərə yalnız bir həftəlik məzuniyyət verilir. Hətta qanuni məzuniyyət gününün sayı düzgün hesablanmayan KİV-lər də var. Məsələn, bəzi KİV-lərdə məzuniyyət iş stajına və vəzifə səlahiyyətinə görə hesablanmır və bütün işçilər eyni və çox az müddətə məzuniyyətə göndərilir. Digər bir problem də odur ki, jurnalistlərin məzuniyyət pulları hesablanmır və verilmir. Məsələn, bəzi KİV-lərdə hər hansı bir jurnalist məzuniyyətə göndəriləndə ona məzuniyyət pulu verilmir və yalnız işlədiyi günlərə görə maaş və qonarar hesablanır. Tutaq ki, mən 100 manat maaş və 200 manat qonarar alıram. Əgər 15 günlük məzuniyyətə gedəsi olsam, mənə 100 manat maaş və işlədiyim 15 gün üzrə hesablanmış qonarar verilir. Hətta bəzi KİV-lərdə məzuniyyətə gedən jurnalistlərin maaşları da təxminən 50 faiz azaldılır. Bütün bunlara görə də bəzi media nümayənələri məzuniyyətə getmək istəmirlər. Üstəlik, məzuniyyət günlərinin əvəzinə mətbuat nümayəndələrinə hər hansı bir formada kompensasiya və ya təzminat ödənilmir. Bu səbəbdən də jurnalistlər özlərinin məzuniyyət hüquqlarından tam istifadə edə bilmir və bununla da Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri KİV-lərin rəhbərliyi tərəfindən kobud şəkildə pozulur. Bütün bunlar da o deməkdir ki, jurnalistikada stimullaşdırıcı vasitələrdən, ən azı məzuniyət günlərinin düzgün hesablanmaması və kompensasiya verilməməsi üzündən bəzi mətbuat nümayəndələrinin «adı var, özü yox» yay tətilindən sonra tam yüksək enerjili və yüksək əhval-ruhiyyə ilə işə başlayacağı barədə düşünmək çox gülüncdür.
Sualınızın ikinci hissəsinə gəlincə, mən «Həftə içi» qəzetinin redaktoru kimi keçən ilin fevralın 1-dən öz hesabıma məzuniyyətdəyəm. Maliyyə problemlərinə görə redaksiyamız bu günədək mənə bir qəpik pul belə ödəməyib. Ona görə də keçən ilin fevralın 1-dən bu günədək jurnalistlik fəaiyyətim 2-3 müsahibə, 3-4 reportaj və bir neçə xəbər hazırlamaqla yekunlaşıb. Yəni, maaş almadığım üçün bütün enerjimdən və potensialımdan tam istifadə etməmişəm və belə demək olarsa 1 il 7 aydır öz hesabıma istirahətdəyəm. Bu səbəbdən də jurnalistlik fəaliyyətimi yenidən bərpa etmək və potensial imkanlarımdan tam istifadə etmək üçün bu ilin iyulun 21-də özümün şəxsi saytımı və mərkəzimi yaratmışam. Artıq öz fəaliyyətimi Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru kimi davam etdirəcəyəm”.

“Əgər jurnalistika qanınıza işləyibsə tətil də, iş də eynidir”

Yenicağ.az saytının rəhbəri Aqil Ələsgər sorğumuza ötən il yazdığı kiçik bir dialoqla giriş verib:

“- Qardaş, hardasan?
– İstirahətdəyəm.
– Nə iş görürsən?
– Sayta yazı qoyuram.

Qısası, jurnalistika peşədən çox sevgidir, tutkudur. Əgər jurnalistika qanınıza işləyibsə tətil də, iş də eynidir.

Mənə gəlincə, üç ayda 3-5 gündən artıq dincələ bilməmişəm. Fəqət ciddi işlər fədakarlıq tələb edir. Bu səbəbdən də az istirahət, çox iş. Bu rejimə alışmışıq”.

“İşinin vurğunu olan insanlar üçün çətin deyil”

karabakhmedia.az saytının redaktoru Ramil Cəbrayıl bildirib ki, onun üçün tətildən sonra iş həyatına uyğunlaşmaq çətin prosesdir. Amma  işinin vurğunu olan insanlar üçün operativ iş fəaliyyətinə başlamaq o qədər də çətin deyil:

“Mənim üçün ən yaxşı istirahət bölgələrə getmək, getdiyim yerlərin görməli yerləri ilə tanış olmaq, yerli sakinlərlə ünsiyyət qurmaqdır. Azərbaycanın bir çox bölgələrində olmuşam. Ən yadda qalanı isə avqust ayında Naxçıvan səfərim oldu. İlk dəfə idi ki, Azərbaycanın bu qədim tarixə malik diyarında olurdum. Naxçıvan zəngin tarixi irsi, dadlı mətbəxi və yüksək qonaqpərvərlik ənənələri ilə özünəməxsus fərqli cəhətləri olan bölgələrdən biridir. Memar Əcəminin şah əsərini – Mömünə Xatun məqbərəsini ziyarət etmək mənim üçün ən yadda qalan gün oldu”.

“Kimsə düşənmədən istirahət etdiyini deyirsə, inanmayın”

Vətəninfo.az-ın baş redaktoru Nahid Canbaxışlı təbii olaraq jurnalistin də istirahətə ehtiyacının olduğunu bildirib. Çünki il ərzində davamlı yeni  informasiyalar əldə edib onu oxuculara çatdırmaq üçün kifayət qədər zehni əmək sərf edilir:

“Digər tərəfdən, hər bir normal insan kimi jurnalist də bir insandır və onun da istirahətə ehtiyacı var. Şəxsən mən gün ərzində  göz yorğunluğunu aradan qaldırmaq üçün 1-2 saat istirahət edirəm.

Kimsə heç nəyi düşənmədən istirahət etdiyini deyirsə, inanmayın. Bu mümkün deyil. Harda olursan ol, mövcud mühitdən asılı olmayaraq istər-istəməz hansısa bir mövzunu düşünürük. Amma əsas odur ki, beynimiz xalqımız və dövlətimiz üçün işləsin”.

“Jurnalistin istirahət zamanı da beyni iş rejimində olur”

“Kaspi” qəzetin jurnalisti Aygün Asimqızı hansısa jurnalistin xəbərlərin içindən tam mənada uzaqlaşıb istirahət edə biləcəyini ağlına belə gətirə bilmir:

“Ən azından sosial şəbəkələr buna imkan vermir. İstər-istəməz orada xəbərləri oxuyuruq. Düzdür, bir aylıq məzuniyyət bizə istirahət üçün verilsə də, jurnalist daim axtarışda olduğu üçün ona ayrılan bu sərbəst zamanı yeni nələrsə tapmağa sərf edəcək. Mən bildiyim, jurnalistin istirahətdə olduğu zaman da beyni iş rejimində olur, sadəcə onu istirahət müddətində tətbiq etmir”.

İstirahətdən sonra işə alışmağa gəlincə, Aygün Asimqızı elə bir çətinlik olacağına inanmadığını deyib:

“Çünki əvvəlki illərdəki təcrübəm göstərir ki, heç bir problem yaşanmır. Həm də bizim qəzet məzuniyyət müddətində həftədə bir dəfə çıxırdı, ona görə arada yazmışıq deyə, əlimiz işdən soyumayıb. İnşallah yeni mövsümdə də daha böyük enerji ilə işimizə davam edəcəyik”.

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı