Elçin Alıoğlu yazır: GÜNAH BİLİRSİZ KİMDƏDİR?

00:21 12-04-2019 | icon 880 | Köşə
Elçin Alıoğlu yazır: GÜNAH BİLİRSİZ KİMDƏDİR?

Və ol çiyinə mütləq biri - insan, qrup, sistem - oturur

 

ELÇİN ALIOĞLU

 

İllər əvvəlin vaqesidi. Qızım həmin gün pəjmürdə gəlibmiş məktəbdən. Anası dedi mənə, saatlar sonra.

Otağının qapısını döydüm, titrək səslə "Gəl, ata" eşitdim.

Qızım masasının arxasında oturmuşdu.

Mənə baxmırdı. Çiyinləri titrəyirdi. Anladım ki, ağlayıb, kirimək istəyib.

Bacarmayıb.

Sakitcə hıçqırır.

Danışdı xeyli dilə tutandan sonra.

Sən demə...

Sinif rəhbəri pul yığırmış. Qızım pul verməyib.

Əvvəl sinif rəhbəri onu ələ salıb - o qadın məni əla tanıdığı halda - "kasıbdı da atan, biz verərik sənin əvəzinə pulu" deyib.

Sonra İtaliyanın Palermo şəhərinin gecə küçələrində sülənən "falsario"ya bənzəyən məktəb direktoru çağırıb yavrunu otağına, danlayıb.

Güldüm.

Dedim ki, qızım, al bu pulu, apar ertədən məktəbə.

Amma bir şərtlə: o sallaqqarın, nasaz breloka oxşayan direktordan mütləq (!) arayış al və o kağızda yazılsın ki, filan tarixdə bəhmənov bəhmən şagird filankəsdən bu qədər pul aldı.

Blankda, direktorun imzası, möhür.

Qızım məktəbi bitirənədək ondan kimsə pul istəmədi. İstəməyə də cürət etmədi. Çün direktor adlanan entomoloji varlıq payını götürmüşdü.

Bu heç.

Gələk "bullinq", yəni təqib-qısnama olayına.

Məktəbi qınayırıq.

"Cəmiyyət günahkardı" deyirik, ədalət tələb edirik, direktorun dar ağacına çəkilməsi istəyirik, "Semaşko" xəstəxanasını qəssabxana adlandırırıq.

Anlayıram sizi.

Düz deyirsiniz.

Amma heyrət edirəm sizlərə.

Sınır batinimdə o qədər nəsnə ki dərddən.

"Cəmiyyət günahkardı" demək və yazmaq psixologiyanın ibtidası sayılan sindromdu.

Məsuliyyətdən qaçmaq üçün kollektiv məsuliyyətin kölgəsinə sığınmaqdı bu. Cəza paylananda az pay düşür ümidi yəni.

"Direktor cəzalansın" deyənlər kütləvi etirazdan yararlanıb əvvəllər, əqdəmdə edə bilmədiyi etirazın, lal harayının, cürət göstərə bilmədiyi əməlin qisasının yanğısını yaşayır.

"Xəstəxana qəssabxanadı" deyənlər daha yaxşı, üzrlər, NORMAL səhiyyə istəyirlər, amma əməli işin konfiqurasiyasını və yolunu düşünmürlər.

Günah bilirsiniz kimdədir?

Övladının 700 ball toplamasını arzulayıb yavrusunu öz təşəxxüsünün subyektinə, qürürlanmaq mənbəyinə çevirmək istəyəndə.

Hər axşam "Gəl buraya, otur, de görüm, dərslərini oxuyubsan? Ver gündəliyini, görüm" süalını verib valideyn missiyasını yerinə yetirdiyi düşünən cahildə.

Halonki ol insan nə zaman övladının inam yeridirmi?

Bunu düşünməli ilk əvvəl.

"Pis uşaqlara qoşulma" deyib alternativi, "yaxşı uşaqlar"ı göstərməyən, övladına yardım etməyəndə.

"Xalxın uşağı" ifadəsini deyib övladında natamamlıq komleksinin özülünü qazan, hər gün o özül üzərində ruh məhbəsi tikən mənəviyyat cəlladında.

"A bala, qoşulma elə işlərə, başını aşağı sal, dərsini oxu" deyib guya müdriklik edəndə. Halonki baş aşağı olanda çiyin azadə qalır və ol çiyinə mütləq biri - insan, qrup, sistem - oturur.

Nə qədər ki, biz sosial şəbəkələrdə "Səndə azərbaycanlı qanı yoxdur!", "Sənin...!" ifadələrini yazacağıq...

Nə qədər ki, "like" əzabkeşi olub şəxsimizi "like"lərin sayı ilə dəyərəndirib mağmınlaşacağıq...

Nə qədər ki, evdəki zinətin dəyərini bilməyib kənardakı misi görəndə "Necəsiniz?" sualı ilə başlayan "məhrəm yazışma" ləhləmələrində olacağıq...

Nə qədər ki...

Nə qədər ki, qədəri anlamayıb qədr bilməyəcəyik...

Biz bilməyəcəyik, görməyəcəyik, canlı ikən öləcəyik və Miktlantekutlinin, Maranın, Tanatosun, Aidin, İzanaminin, Yeşuanın, Əzrailin qəhqəhə çəkdiyini eşitməyəcəyik.

Kim intihar etdi?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI