Milli Azadlıq Qərargahının 60-cı ili – ARAŞDIRMA

18:37 16-12-2017 | icon 2127 | Araşdırma
Milli Azadlıq Qərargahının 60-cı ili – ARAŞDIRMA

Sabah – dekabrın 17-də Milli Azadlıq Qərərgahının (MAQ) 60 ili tamam olur. Sədri Oktay Eldəgəz olan MAQ 1957-ci ildə SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılıb. MAQ 1982-ci il dekabr ayının 12-də Ağdamın Mərzili kəndində öz fəaliyyətini dondurub.

Bir qədər əvvəl Versus.Az MAQ sədrinin həyat yoldaşı Rəfiqə xanım Rəfilinin redaksiyamıza gələrək Oktay Eldəgəz-MAQ-la bağlı danışdığı xatirələrini, onun yerinə yetməyən vəsiyyətindən yazmışdı.

“Nəyə görə MAQ-ın tarixi lazımi səviyyədə təqdim olunmur?”

Həmin vaxt Rəfiqə xanım MAQ-ın ildönümünün dövlət səviyyəsində qeyd olunması təşəbbüsü ilə bir sıra dövlət orqanlarına, eləcə də Yazıçılar Birliyinə və bir sıra partiya rəhbərlərinə müraciət edəcəyini bildirib, tək istəyinin Oktay Eldəgəzin yada salınması, sayılması olduğunu deyirdi. Lakin MAQ-la bağlı hər hansı dövlət tədbirinin keçirilməsi ilə bağlı bizə bir məlumat gəlməyib…

Rəfiqə xanımı narahat edən suallar:

Axı, nəyə görə 1957-ci ildən başlayan və tərkibində 95 nəfər ziyalısı olan Milli Azadlıq Qərargahının fəaliyyəti dövlət və demokratik düşərgə tərəfindən anılmır;

Nəyə görə Oktay Eldəgəzin adı Rəsulzadənin davamçısı kimi çəkilmir;

Nəyə görə MAQ-ın tarixi lazımi səviyyədə təqdim olunmur;

Dekabrın 17-də MAQ-ın yaranmasının 60 illiyi tamam olacaq. İstərdim ki, Oktayın da adı çəkilsin və sayılsın. Necə ki, Elçibəy, Xalq Hərəkatı sayılır, o cür də MAQ sayılısın. Axı Rəsulzadədən sonra onun davamçısı Oktay Eldəgəz olub, sonra Əbülfəz Elçibəy gəlib. O zaman MAQ-dan niyə danışılmır?

MAQ-ın 60 illiyi ilə bağlı apardığımız araşdırmada Rəfiqə xanımı narahat edən suallarla bağlı bir neçə siyasi partiya rəhbərlərinə, ekspertlərə müraciət etdik. Xəbəri olub cavab verənlər də oldu, xəbərsiz olub cavab verməyənlər də…

Fəzail İbrahimli: “Bu suallarda kifayət qədər məntiq və tələb yükü var”

Millət vəkili Fəzail İbrahimli Versus.Az-a bildirib ki, tariximiz, milli azadlıq hərəkatı, milli ruhun davamçıları ilə bağlı olan bütün məsələlər diqqətlə öyrənilməli, araşdırılmalıdır. Tarixçi alim eyni zamanda bildirib ki, Eldəgəzin həyat yoldaşı Rəfiqə xanımın verdiyi suallarda kifayət qədər məntiq və tələb yükü var:

“Milli Azadlıq Hərəkatı Oktay Eldəgəz kimi insanların çiyinlərindən keçib gəlib”

“Bu, heç vaxt gündəmə çıxarılmayan məsələ olub. Yazıçıların, ədəbiyyatçıların, tarixçilərin 100-də biri bu haqda məlumata malikdir. Ona görə də hesab edirəm ki, bu, kifayət qədər öyrənilməli olan xalqın tarixidir. O dövrdə yaranmış belə xarakterli məsələlər kommunist ideologiyası üçün sovet hökumətinin əleyhinə olan bir düşüncə idisə, əslində 90-cı il hadisələrinin, milli azadlıq hərəkatının yaranmasına bir zəmin idi. Milli Azadlıq Hərəkatı Oktay Eldəgəz kimi insanların çiyinlərindən keçib gəlib. Çünki milli ruhun daşıyıcıları qələm sahibləri, ziyalılardır və onlar o ruhu qırmadılar. Aprel çevrilişindən sonra milli ruhun içərilərində, çölündə, məxfi, açıq sətiraltı formada qoruyub saxladılar və nəhayət Azərbaycan müstəqillik yoluna qədəm qoydu. Ona görə də bu xarakterli hadisələri öyrənib, onların mənəvi haqlarını verməliyik”.

“Dövlətimiz milli azadlıq hərəkatı ilə bağlı məsələlərə çox həssas yanaşır”

F.İbrahimli bildirib ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı və MAQ-ın fəaliyyəti dövlət səviyyəli tədbirlərdə qeyd olunmalıdır:

“Dövlətimiz milli azadlıq hərəkatları ilə bağlı məsələlərə çox həssas yanaşır. Milli Azadlıq Hərəkatının öndərlərinə dövlətin münasibəti məlumdur. Cümhuriyyətin yubileylərinin keçirilməsi, o insanların ayrı-ayrılıqda xatirələrinin yad edilməsi prosesi var. Əgər biz gedib Fransada Topçubaşovun məzarını düzəldiriksə, yaxud Bakının mərkəzində onlara xatirə abidəsi qoyulursa, artıq bu, dövlətin milli azadlıq hərəkatına, onun liderlərinə olan münasibətidir.”

O.Eldəgəzin evinin qarşısında baralyefin vurulması ilə bağlı rəsmi orqanlara edilən müraciətin nəticəsiz qalması ilə bağlı məsələyə də birmənalı yanaşmayan F.İbrahimli təşkilati məsələlərlə bağlı heç kəsin məsuliyyəti öz üzərinə götürmək istəmədiyini vurğulayıb:

“Axı Bakı Şəhər İcra Hakimiyyətinin özünün bu məsələ ilə bağlı kifayət qədər bilgiləri yoxdur”

“Bunlar müəyyən qədər siyasi yönümlü məsələlərdir. Baralyefdən əlavə ilk növbədə hərəkatın tarixi öyrənilməlidir, xalqa çatdırılmalıdır. Əgər MAQ-la bağlı məlumat azdırsa, Bakı Şəhər İcra Hakimiyyəti birdən birə gətirib ora baralyef qoya bilməz. Bu, araşdırılmalı, haqqında kitablar yazılmalı, konfranslar təşkil olunmalıdır və sair. Axı Bakı Şəhər İcra Hakimiyyətinin özünün bu məsələ ilə bağlı kifayət qədər bilgiləri yoxdur. Ona görə də birinci növbədə bu tarix öyrənilməlidir.”

KXCP sədri, Xalq Hərəkatının iştirakçısı Mirmahmud Mirəlioğlu: “Elçibəyin adı Rəsulzadədən sonra ona görə çəkilir ki…”

“Oktay Eldəgəzin adını eşitmişəm və bilirəm. O təşkilatda Bəxtiyar Vahabzadənin də adı çəkilir. O, öz şeirləri ilə Azadlıq hərəkatında yer alan bir şəxsdir. Əgər təşkilat ardıcıl fəaliyyətdə olubsa, birinci növbədə Bəxtiyar Vahabzadə özü bu məsələləri deməli və adının çəkilməsində iddialı olmalı idi. Çünki parlamentin üzvü idi, hər kəslə də açıq şəkildə danışa bilirdi, hökumətdə nüfuzu var idi. Çünki o, “Gülüstan”ı yazan şair idi. Elçibəyin adı Rəsulzadədən sonra ona görə çəkilir ki, o, bir məktəb qoya bildi.

“Eldəgəzin də adı milli dirçəliş üçün mübarizə aparanların sırasında  çəkilməlidir”

1911-ci ildə bir Müsavat yaranmışdı və başqa uzunmüddətli nəticəsi olan təkilatımız yox idi. Belə olsa da təbii ki, biz heç kəsi unutmalı deyilik. Eldəgəzin də adı milli dirçəliş üçün mübarizə aparanların sırasında  çəkilməlidir.

2018-ci il Cümhuriyyət ili elan olunub. Həmin gün heç kəsi unutmaq olmaz, o cümlədən Eldəgəz də yada salınmalıdır.

O cümlədən, 1957-ci ildə Qız qalasının üstündə üçrəngli bayrağımızı qaldıran iki soydaşımız olub. 1958-ci ildə Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını saxlayan adamlar var idi. Amma sonrakı vaxtlarda elə bir vəziyyət yarandı ki, ardıcıl fəaliyyət olmadığına görə devrildi. Elçibəyin rəhbərliyində Azərbaycan Xalq Cumhuriyyətinin bütün atriburtları bərpa olundu. Bunları unutmaq olmaz. Bəyin hansısa şairdən sitat gətirdiyi məhşur bir sözü var idi: Vətən eşqi qalmış bizə babalardan bir yadigar. Bu misra sovet şairinin idi, amma onu həmişə deyirik. Azərbaycan Cümhuriyyəti ortaya konkret bir iz qoydu. Bu gün onun bayrağını, gerbini müstəqil dövlətin atriburtları kimi qəbul edirik”.

Nəsimi Məmmədli: “Oktay Eldəgəzin siyasi əsaslarla həbs edilməsi o dövr tariximizi zənginləşdirən faktlardandır”

Siyasi ekspert Nəsimi Məmmədli Versus.Az-a bildirib ki, Oktay Eldəgəzin siyasi əsaslarla həbs edilməsi, təqib olunması o dövr tariximizi zənginləşdirən faktlardandır və öz müvafiq qiymətini alması ədalətli olar:

“Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanda uzun müddət çox amansız repressiyalar aparıldı. Milli oyanışa təkan verə biləcək siyasi təfəkkürlü şəxsiyyətlər müxtəlif üsullarla məhv edildi, ictimai fəallığa səbəb olacaq bütün sosial-siyasi incəliklər tam nəzarət altına alındı.

Bütün basqılara baxmayaraq müxtəlif dönəmlərdə bu işğala qarşı açıq və gizli dirəniş davam etdi. Lokal silahlı üsyanlardan tutmuş, kiçik gizli dərnəklərə qədər bir çox faktlar sadalamaq olar. Sovet siyasi sisteminin Stalinin ölümündən sonra nisbətən yumşaq siyasətə keçid etməsi təbii ki, ölkədə müəyyən qapalı siyasi müzakirələrə də zəmin yaratdıMəhz “Milli Azadlıq Qərargahı”nın yaranması da bu dövrə təsadüf edir.

Tarixi qaynaqlarda bu Qərargahın fəaliyyəti barədə dolğun məlumatlara rast gəlməsək də, müəyyən mülahizələrlə tanışıq. Ağır repressiya ehtimallarının davam etdiyi bir vaxtda milli oyanışa təkan verən, hansısa ictimai-siyasi funksiyaları həyata keçirməyə çalışan istənilən qurumda birləşən insanların fəaliyyəti təbii ki, təqdir olunmalıdır. O cümlədən də mərhum Oktay Eldəgəzin siyasi əsaslarla həbs edilməsi, təqib olunması da o dövr tariximizi zənginləşdirən faktlardandır və öz müvafiq qiymətini alması ədalətli olar.

“Çağdaş tariximizdə MAQ-nın yaratdığı hansısa siyasi nəticələrdən danışmaq çətindir”

MAQ-a obyektiv siyasi qiymət verərkən mütləq onun fəaliyyətinin yaratdığı siyasi nəticələrə nəzər salmaq lazımdır. Çağdaş tariximizdə MAQ-nın yaratdığı hansısa siyasi nəticələrdən danışmaq çətindir. Elçibəyin rəhbərliyi ilə ali məqsədinə çatan Hərakatı isə hansısa kiçik dərnəklərin gizli fəaliyyəti ilə müqayisə etmək mümkün deyil. Bu Hərəkat o qədər nəhəngdir ki, onu nəinki sovet xalqı, hətta bütün dünya görürdü.

MAQ-ın öz dövrü üçün gördüyü işləri tarixçilər tədqiq etməli və gələcək nəsillərə çatması üçün məqalələr yazmalıdır. O qurumun tarixdə istinad edəcəyimiz hansı siyasi nəticələrə nail olduğunu faktlarla üzə çıxarmalıdırlar. Əks halda onun hansısa ictimai-siyasi nəticələrindən danışmaq asan olmayacaq”.

İqbal Ağazadə: “Siz MAQ-ın Oktay bəyin işlərini ortaya qoyun, cəmiyyət zaman-zaman öz qiymətini verəcək”

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, MAQ sovet dönəminin ağır vaxtlarında yaranıb və ciddi fəaliyyət göstərə bilməyib. Onun sözlərinə görə, MAQ-la bağlı yetərli təbliğat aparılmayıb və o qərərgahın gördüyü işlər və planları barədə az adam məlumatlı olub:

“MAQ sovet dönəminin ağır vaxtlarında yaranıb və ciddi fəaliyyət göstərə bilmədiyinə görə nəticə etibarilə unudulub. Azərbaycan üçün çalışan, onun azadlığı üçün vuruşan hər bir adam, fərqi yoxdur. O liderdir, öndərdir, sıravidir – hər kəs, o cümlədən Oktay bəy də unudulmamalıdır. Düşünürəm ki, Qərərgahın hansı işləri görməsi barədə cəmiyyətə daha çox informasiya vermək lazımdır. Siz MAQ-ın, Oktay bəyin işlərini ortaya qoyun, cəmiyyət zaman-zaman öz qiymətini verəcək.

“Məğlubiyyət o qədər yetim olur ki, heç kəs onu ortadan götürmək istəmir”

Məsələn, 1988-ci il prosesi qalibiyyətlə nəticələndi. Ona görə də iddiaçıları çoxdur. 1918-ci ildə də Cümhuriyyət yarandı. 1957-ci ildə başlayan prosesin isə heç bir nəticəsi olmadı. Məğlubiyyət o qədər yetim olur ki, heç kəs onu ortadan götürmək istəmir. Bir az obyektivliyi qəbul etmək lazımdır. Mən hərəkatın sıravi üzvü olmuşam, lideri olmamışam. 1992-93-cü illərdə hakimiyyətdə olmamışam, tələbə olmuşam. Ona görə də o dövrə, Milli Azadlıq Hərəkatına baxışım bir az başqadır. 17 oktyabrda mənim “Başımızı qatdılar, Qarabağı aldılar” başlıqlı bir yazım çıxıb. Orda bu məsələlərdən bəhs etmişəm.

“Kimi kimin varisi hesab edirlərsə, onu da qəbul eləmirəm”

Mənim o proseslərə münasibətim bir az başqadır. Ümumiyyətlə varislik məsələsini qəbul etmirəm. Kim Cümhuriyyət istəyirsə, hamı Rəsulzadənin davamçısıdır. Kiminsə varis olaraq xüsusi qeyd olunmasını qəbul etmirəm. Kimi kimin varisi hesab edirlərsə, onu da qəbul eləmirəm. Müstəqil Azərbaycanın qurulmasını istəyən hər kəs Rəsulzadənin varisidir. Necə yəni, məhz filankəs onun varisidir. Bəs onda mən kiməm, mən cümhuriyyət istəmirəm?! Mən bunun üçün canımı vermirəm?!. Rəsulzadənin yerinə, adına iddia etmirəm. Amma mən də onun ideyalarının yaşaması uğrunda çalışıram.”

Fuad Əliyev: “Bu fədakar insanlar 1918-ci ildə Şərqdə ilk dəfə yaranan Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, Versus.Az-da MAQ-la bağlı gedən müsahibədən sonra partiya olaraq bu təşkilatın fəaliyyətini araşdırıb, bir daha tədqiq ediblər. Tarixi faktlara istinad edən ALDP sədri hesab edir ki, MAQ-ın ildönümü yüksək səviyyədə qeyd olunmalıdır. Partiya MAQ-ın 60 illiyini bu məsələni qaldıran Oktay Eldəgəzin həyat yoldaşı Rəfiqə xanımın evində qeyd ediblər. ALDP sədri MAQ-ın 60 illiyi ilə əlaqədar O.Eldəgəzin adına təsis etikləri “Fəxri diplom”u gül dəstələri ilə birlikdə R.Rəfiliyə təqdim edib.

 “MAQ üzvləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar”

“Sovet imperiyasına qarşı yaranan bu təşkilat gizli şəkildə fəaliyyət göstərib. MAQ üzvləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Hesab edirəm ki, bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçubaşovun və digərlərin Şərqdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”.

Əli Əliyev: “…təbii ki, bu yubiley geniş qeyd olunmalı, o prosesdə iştirak etmiş şəxslərin xatirəsi yad edilməlidir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev MAQ barədə geniş məlumata malik olmadığını deyib:

“Sizin saytda müsahibəni oxuduqdan sonra, araşdırma aparıram. Bir qism mənbələrə görə həqiqətən də MAQ ciddi təşkilat olub və milli ideyaların yaşadılamsı üçün mühüm əhəmiyyət kəsb edirOqtay Eldəgiz böyük tarixi şəxsiyyət və fədakar insan olub. Oxuduğum mənbələrdə yazılanlar düzdürsə, təbii ki, bu yubiley geniş qeyd olunmalı, o prosesdə iştirak etmiş şəxslərin xatirəsi yad edilməlidir.
Biz 50-60-cı illərdə baş vermiş proseslərə obyektiv yanaşmalı, haqqı olan şəxslərin dəyərini verməliyik. Əlbəttə ki, Azərbaycan tarixi yaxşı tədqiq edilməlidir. Hələlik siyasi konyuktura buna imkan vermir. Belə geniş və kapital tutumlu, siyasi iradə və istəyə bağlı işlərin görülməsi üçün təkcə istək kifayət deyil, həm də imkan olmalıdır. Bunu isə siyasi hakimiyyətdə olanlar etməlidir. İnşallah hakimiyyətə gələriksə, belə tarixi haqsızlıqlara qarşı sərt mübarizə aparacağımızı dəqiq ifadə edirəm. İndiki şəraitdə isə Oqtay Eldəgəz və MAQ-ın yubileyi ilə bağlı  müəyyən işlərin görülməsi üçün aidiyyatı adamlarla əlaqə saxlayırıq.”

Sərdar Cəlaloğlu: “Oktay Eldəgəzin adını indi eşidirəm”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Versus.Az-a MAQ-la bağlı məlumatsız olduğunu bildirib. Onun fikrincə, əgər bu gün ictimaiyyət Milli Azadlıq Qərərgahının fəaliyyəti barədə məlumatsızdırsa, bu, həmin təşkilatda olanların bu işi düzgün təbliğ edib ictimaiyyətə atdırmaması ilə bağlıdır:
“O, necə milli azadlıq hərəkatının nümayəndəsi olub ki…”

 “Göründüyü kimi o təşkilat qapalı olub. Açıq olsaydı, ən azı xalq hərəkatında iştirak edən insanlar bu barədə məlumatlı olardılar.  Azadlıq hərəkatında az-çox iştirak edən adamlar bu barədə çox az bilgiyə malikdirlərsə, onda sıravi insanlar heç nə edə bilməzlər. Düşünürəm ki, belə bir vəziyyətin yaranmasında məhz o təşkilatda olan ziyalıların sakit dayanması olub. Bu, təşkilat olsa belə, onun mövcudluğu haqqında açıq-aydın bilgi yoxdur.”

“Milli azadlıq hərəkatında Elçibəylə müqayisə olunacaq heç kəs yoxdur”

S.Cəlaloğlu eyni zamanda qeyd edib ki, milli azadlıq hərəkatında Elçibəylə müqayisə olunacaq heç kəs yoxdur:
“Oktay Eldəgəzin adını indi eşidirəm. O, necə milli azadlıq hərəkatının nümayəndəsi olub ki, Azərbaycanda onu heç kəs tanımır? Bunun günahı həmin tarixin düzgün araşdırılıb, düzgün təqdim olunmamasındadır. Əgər onun adını eşitməmişəmsə, necə təbliğ edib, yubleyinin keçirilməsində iştirak edə bilərdim.”

TARİXİ YADDAŞ:

Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirib, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb.

Oktay Eldəgəz: “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”

1937-ci ildəki repressiya Oktay Eldəgəzin yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər.

O.Eldəgəzin tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı: “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”.
O, qəlb ağrılarını da çəkə bilmirdi. Sonralar 1956-cı ildən Uzaq Sibirdən, Ufa, Novosibirski, Maqadan, Perm, Orenburq və b. həbs yerlərindən bəraət qazanıb qayıdanlarla söhbətlər aparır, yazılarına məlumatlar toplayırdı.

O.Eldəgəz 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat edir.

25 il MAQ sədri

O.Eldəgəz 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ilin dekabr ayından MAQ-ın 25 il sədri olub. O, bu müddət ərzində Sumqayıtda keçirilən mitinqə rəhbərlik etmişdir. MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış, daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil etmiş, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olmuşlar.

“İlin superulduz yazarı”

O.Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərib. Sovet dövrü yaradıcılığında bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunub. 1997-ci ildə O.Eldəgəzin məqalələri “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Uluş”, “Müsavat”, “Azadlıq”və s. qəzet və jurnallarda dərc edilib. 414 nəfərlik oxucu arasında keçirilən sorğuda “ilin superulduz yazarı”nı müəyyən etmək üçün elan verilir. Bu titulu almaq O.Eldəgəzə nəsib olur. Həyatı boyu arxiv və kitabxanalarda işləyən, yorulmaq bilməyən bu ədəbi xadim, bütün qəzetlərdə müxtəlif yazılarla tez-tez çıxış edirdi, yazıları dərc olunurdu. Arxivlər açılır, qaranlıq səhifələr işıqlanır, onun qadağan olunmuş hadisələr haqqında yazıları xüsusi yer tutur.

“Bu, Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi”

1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı. Beləliklə, 1962-ci il dekabrın 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlir. Belə bir çətin tarixi dövrdə 2-3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100-ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın yaradıldığı elan edilmiş, qərargaha sədr O.Eldəgəz, müavin isə görkəmli alim, akademik X.Məmmədov seçilmişdir.

İlk ümumrespublika əhəmiyyətli əməliyyat

1956-cı il, sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-nin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Bu zaman MAQ hələ təşkilatlanmamışdı. Lakin gələcəkdə MAQ-ı qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və X.Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar. Belə bir vaxtda onlara kömək edəcək şəxs milli azadlıq mübarizəsinin əsas simalarından olan, Azərbaycan SSR-nin Nazirlər Sovetinin sədri Sadıq Rəhimov idi ki, o da bu tapşırığı yerinə yetirməyi öz öhdəsinə götürdü. Həmin vaxt kömək edə biləcək olan şəxslərdən biri də MK-nin 1-ci katibi İmam Mustafayev idi ki, o da mərkəzdən qorxduğu üçün aramsız təziqlərin nəticəsində geri çəkildi. Lakin Azərbaycan SSR-nin şərti yumşaq tərzdə Kreml rəhbərliyinə yetirildi. Nəhayət, Azərbaycan SSR-nin istəyi SSRİ-nin rəsmi mövqeyi kimi İran dövlətinə bildirildi ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu, ilk növbədə Sadıq Rəhimovun və təzəcə sürət almış MAQ-ın başlanğıc uğurları idi.

MAQ-ın məlum üzvləri

Oqtay Eldəgəz – Tarixçi, müəllim
Xudu Məmmədov – Professor, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)
Sadıq Rəhimov – Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirləsr Sovetinin Sədri (1954-1958)
Yusif Məmmədəliyev – Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərb. SSR EA akademiki (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərb. SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı
Əlisöhbət Sumbatzadə – Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki (1958)
Hüseyn Arif – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989)
Əsədulla Qurbanov – Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu”-nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri
Bəxtiyar Vahabzadə – şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000)
Yusif Vəliyev – Azərbaycan aktyoru, Azərbaycanın əməkdar (1960) və xalq artisti (1979), film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs.
Rüstəm Səfərəliyev – partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.
Bəxtiyar Məmmədov – Azneft birliyinin baş mühəndisi.

Tahirə Qafarlı
Vürsus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı