Fəzail İbrahimli ilə SİYASİ ŞAHMAT oyunu - LAYİHƏ

18:12 01-05-2018 | icon 385 | Layihə
Fəzail İbrahimli ilə SİYASİ ŞAHMAT oyunu - LAYİHƏ

“Gəncliyimdə onun vurğunu idim...”

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbəti qarşılaşması Milli Məclisin deputatı, professor Fəzail İbrahimli ilə oldu.

(əvvəlki müsahibələrin linkləri - Fuad Əliyev, Əli Əliyev, Aydın Mirzəzadə, Sərdar Cəlaloğlu)

...Şahmat taxtasını masa üzərində açıb, yavaş-yavaş fiqurların hərəsini öz damasına düzürük və bütün diqqət onun üzərinə yönəlir...

... Fəzail İbrahimliyə layihəmizdən bəhs etsək də, onunla masaüstü oyun oynayacağımızı deməmişdik... bir növ özümüzü də sürprizlərə hazırlamışdıq...

- Fəzail müəllim, telefonda sizə “müsaüstü oyun” layihəsindən bəhs etsək də, sizə soruşmadan özümüzlə Şahmat götürdük. Yəqin ki, oyunu bilrsiz?

- Şahmat mənim ən çox sevdiyim masaüstü oyundur. Gəncliyimdə çox oynamışam.

Bununla da narahatlığımıza son verildi. Fəzail müəllim, Şahmatla bağlı fikirlərinə davam edir.

Şahmat çox fəlsəfi oyundur, burda dünya üzərində gedən siyasət var. Fiqurların düzülüşünə fikir verin, bura bir döyüş meydanıdır. Burda da şah, vəzir, zabit, at, top və sıravilər var...

“Həmin gündən geri çəkildim”

- Gəncliyinizdən sevdiyiniz şahmat oyunu sizin üçün ən çox nəyi ifadə edir?

  • Şahmat həm ağır, həm də müdrik bir oyun növüdür. Gənc yaşlarımda bu oyuna çox bağlı idim. Subay vaxtı bəzən dostlarımla yığışıb gecə yarısına qədər oynayırdıq, bəzən də səhəri şahmatla açırdıq. Yəni bu dərəcədə vurğunu idim. Sonradan hiss elədim ki, uduzanda çox əzab çəkirəm. Çünki mən uduzmağı sevmirəm və uduzmamaq üçün dəridən-qabıqdan çıxırdım, o qədər düşünürdüm ki, yuxuma da girirdi... Düzdür, uduzmağı da bacarmaq lazımdır. Amma mən həmişə özümə bir sual verirdim: niyə o səni udmalıdır? Bir dəfə ən yaxın dostlarımdan biri ilə oynayanda hiss elədim ki, biz yaxın dostluğumuzu unudub, sanki düşmən cəbəsində olan adamlar kimi hərəkət edirik. Həmin gündən şahmatdan geri çəkildim. İndi isə artıq deyə bilərəm ki, heç ayda bir dəfə oynamıram. Deyim ki, bunu çox dərindən bilirəm, xüsusi qabiliyyətlə oynayıram, yox. Sadəcə şahmatı sevirəm və oynaya bilirəm. Bu da bir məktəbdir, şahmatı oynamaq üçün gərək o məktəbi keçəsən.

- Təxminən neçə yaşdan şahmat oynamağa başlamışdınız?

- Elə orta məktəb illərindən. Amma axıra qədər bu oynu dərk edə bilmədim. Yəni mən bu oyunda özümü ustad hesab edə bilmədim. Çox sakit, ziyalı bir oyundur. Burda düşüncə, təfəkkür, dərketmə var. Təsadüfi deyil ki, bəzən həyatı şahmatla müqayisə edirlər. Rusların bir sözü var: “xod s konyom” - atla gediş. Bax, həyatda da elə məqamlar olur ki, sən “atla gediş” etməli olursan.

Siz fiqurlara fikir verin, bax bu sıravilər sağa-sola vura bilir, amma ancaq düz gedirlər. Topu görürsüz, bu ancaq düz gedir, düz də vurur. Vəzirin istiqaməti sağ və soldur. Amma atın çox qəribə gedişi var. Bu mənada “xod s konyom”- məsəli təsadüfi yaranmayıb. Bu, gözlənilmədən zərbə deməkdir. Vəzirlə at ikisi birləşəndə isə, çox böyük qüvvəyə çevrilir, topun edə bilmədiyini edə bilirlər. Çünki top yolunda maneələr olarsa dayanır, at isə geri qayıdıb və təzədən irəli çıxmaqla hədəfə çata bilir. At həm də kişiliyin ən böyük rəmzlərindən biridir.

- Şahmatda “rəqiblər” nədənsə xüsusi fiqur kimi atı seçir, bunun başqa anlamı var?

- Burda fəlsəfi yanaşmalar var. Tarixən kişilərin atı olub. Qəhrəmanlarımız - Babəkimiz, Koroğlumuz həm də öz atları ilə öyünüblər. Məsələn, Koroğlunun Qır atı, Nəbinin Boz at dillərə dastan olub. İgidin silahı ilə yanaşı, atları onun hərəkət sürətini, gücünü, nüfuzunu müəyyən edib.

- At, kişinin namusu da sayılarmış...

  • Ümumiyyətlə, keçmiş kişilər bir-birinə sataşanda, yaxud mesaj verəndə atının yalınını, quyruğunu kəsərmişlər. Artıq bu, müharibəyə gətirən əlamətlər idi...

“Vəziri güclü olmayan Padişah məğlubdur”

- Fiqurlardan kardi – vəzir də güclüdür... Amma nədənsə o dərəcədə üzərinə gedilmir...

- Bilirsiz, ümumiyyətlə, VƏZİR müzakirə olunmur. Vəziri güclü olmayan Padişah məğlubdur, idarə edə bilmir. O Padişahlar uğur qazanır ki, onun vəzir-vəkili güclü olur. Atın getdiyi istiqamətlə vəzirin istiqaməti fərqlidir. VƏZİR tam azaddır, sağa-sola, düz gedir. Vəzir çox böyük qüvvədir. Ona görə də onu müzakirə etmək olmaz. Vəzir tam meydan sahibidir. Vəziri udan tərəf demək ki, çox böyük güc sahibidir. Ona görə də qədim dövrlərdə hər hansı bir təhlükə yarananda padişahların ilk müraciəti kimə olurdu - “Vəzir-Vəkil!”... Ağlı dərin olan vəzirlərin padişahları həmişə qələbə çalırdı. Güclü padişahların vəzirləri zəif idisə, onların uğurları az olurdu. Çünki bütün güc vəzirin üzərindədir...

“Onu udmaqdan heç zövq almaram”

- Fəzail müəllim, buyurun, gediş edə bilərsiniz.

Fəzail müəllim, masa üzərində düzülmüş Şahmatı və oyunçumuzu sual dolu təbəssümlə izləyir...sonra ...

- Siz mənimlə şahmat oynamaq istəyirsiniz?

- O şərəfə nail olmaq istərdim...

- Mən oynamaq istəmirəm.

- Niyə?

- Çünki xanımı udmaq istəmirəm, udsam bunu özümə qəbahət sayacam, yox, siz məni udsanız, onda da xəcalət çəkəcəm.

- O zaman çalışarıq heç-heçə edək, zatən məqsəd kimin udması deyil...

- Hə, heç-heçə nəticəyə razılaşmaq olar.

- Fəzail müəllim, gözəl bir ŞAH gedişi etdiniz. Oyunun nəticəsi artıq əvvəlcədən müəyyən olundu...

- Çünki mənim qarşımda bir xanım əyləşib, onu udmaqdan heç zövq almaram... (gülür)

“İnsan mənfi enerji ilə yaşamamalıdır”

- Deməli fiqurlardan atı xoşladınız...

- Ona görə ki, at çətin gediş etməyi bacaran fiqurdur.

- Çətinliklə əldə olunan uğurlar nədənsə daha şirin gəir insana... Bəlkə də buna görədir.

- Elədir...

- Yəqin siz də bu mövqeyə çatana qədər müəyyən əziyyətlərdən keçdiniz?

- Eehh, mən həyatın bütün qatlarından keçmişəm. İndi də həyatın çətinlikləri ilə üz-üzə yaşayıram. Bəlkə də kənardan çox rəvan, çox xoşbəxt həyatı olan bir obrazım görünə bilər. Amma mən heç vaxt problemlərimi nə ailəmə, nə uşaqlarıma, nə də kənara sirayət etdirmirəm. Çünki kimisə dərdinə şərik eləməklə dərdin həll olunmur. Vəziyyətdən çxmaq üçün dərdin çarəsini tapan adamla bölüşmək olar. Ona görə də mən problemlərim olsa da, özümü elə apamışam ki, sanki hər şey rəvandır. Bunun da bir səbəbi var. Mən insan psixologiyasını yaxşı anlayıram. Bilirəm ki, mən o dərdi kiməsə yükləməklə heç nə qazanmıram, əksinə... Məsələn, kənardan baxan adam məni heç vaxt dərd-kədər içində görə bilməz. Çünki insan mənfi enerji ilə hərəkət edib, yaşamamalıdır. Sənin nə ixtiyarın var ki, öz mənfi enerjini başqasına yükləyəsən. Məsələn, mən sifətindən zülüm və məşəqqət tökülən adamların yanında oturmuram. Çünki mən onun mənfi enerjisini qəbul eləməyə hazır deyiləm. Əgər ona mənfi enerji vermirəmsə, niyə onun mənfisini götürməliyəm.

“Lampa işığı, peçin üstündə qızardılmış çörək, motal pendiri, nehrə yağı ...”

- Maraqlıdır ki, hər hansı məsələyə münasibət bildirərkən milli köklərimizə söykənən kifayət qədər maraqlı misallar və bənzətmələr edirsiniz... Düşünürəm ki, bu təsadüfi ola bilməz...

- Mən heç vaxt fikirləşib söz axtarmıram, söz ehtiyatım həmişə var. Birincisi ona görə ki, mənim valideynlərim çox rəvan danışan insanlar olublar. Mən Yardımlı rayonunda doğulub, böyümüşəm. Ora hələ 1963-cü ildə elektrik  çəkilib. O vaxt 11 yaşım var idi, təxminən 5-ci, 6-cı sinifdə oxuyardım. Biz aildə 9 uşaq idik. Dediyim vaxtdan bacılarımın üçü, qardaşlarımın ikisi ailə qurub ayrı yaşayırdılar. Həmin vaxtlar evdə üç qardaş, bir bacı, atam-anam olurduq. Demək, elektrik yoxdursa, televiziya, radio da yoxdur, hər şey məhduddur. Yardımlının bir dağ kəndi, qar vurub yerə, dünyadan təcrid olunmusan, nədən ləzzət ala bilərsən... Mənim rəhmətlik atam, indi düşünürəm ki, nə boyda ağıllı insan olub, nələr edib... O ailədə böyük bir mənəvi layihə yaratmışdı. Biz bütün qış aylarında üç qardaş növbə ilə hərəmiz bir nağıl oxuyandan sonra yatardıq, özü də lampa işığında... Üzü üstə uzanardıq, nağılı oxuyan lampanın yanında olardı. Çünki 5 lampa yandırmaq olmurdu, neft qənaəti məsələsi var idi...

- O mənzərəni heç vaxt unutmarsınız...

- Hə, o lampa işığından aldığım zövq, təəssürat yadımdadır. Amma lampa işığı, peçin üstündə qızardılmış çörək, motal pendiri, nehrə yağı 100 faiz yadımdadır... (gülür və şirin təbəssümlə o illərin xatirəsi anılır-red)... Hər dəfə çörək yeyəndə o səhnə yadıma düşür...
Lampa işığında nağıl oxumağımız bizim üçün bir qiraət dərsi idi. Bu, televiziya evimizə gələnə qədər o cür də davam etdi.
...Mən dərsə tez getmişəm, 6 yaşımda. ...Bizim oralar payız vaxtı çox gözəl olur, hər yer yaşıl, təmiz... Hava bir az da isti olan kimi insanlar çıxıb gəzişirlər. Məktəb evimizə yaxın idi. Mən də bir az təpərri, zirək uşaq olmuşam. Qardaşım onda 3-cü sinifdə oxuyurdu. Baxırdım, uşaqlar tənəffüsə çıxan kimi mən də onların yanına qaçardım. Baxça yox, bir şey yox...ən yaxşı məşğulyyətim bu idi...

...Anamın əmisi oğlu məktəbdə sinif müəllimi işləyirdi. Məktəbə gedəndə məni sinifə aparardı əlini çiynimə salıb məktəbi gəzdirərdi, nə bilim qələm, dəftər verərdi. Günlərin bir günü məni çağırdı ki, gəl otur sinifdə. Təxminən sentyabrın axırları idi, gedib oturdum. Müəllim birinci sinifə əlifba yazdırırdı, uşaqlar lövhəyə çıxıb çətinliklə nəsə yazırdılar. Birdən əlimi qaldırdım, özü də ona dayı deyirdim, dedim dayı, olar mən gəlim yazım? Dedi olar, amma dayı yox, müəllim... Gəldi lövhədə hansı hərfi yazdısa, mən onun şəklini çəkdim. Götürdü mənə bir qələm, bir də dəftər verdi ki, sabah dərsə gələrsən. O dövrün qanunlarına görə o yaşda 1-ci sinifə uşaq qəbul etmək olmazdı. Yanvara qədər adım jurnalda olmayıb. Bilmədim, o necə etdi ki, o qanunları yarıb mənim adımı jurnala yazdı. Beləcə, mən 1-ci sinifə getdim...

O səhnəni oxuyanda hönkürtü ilə ağladım...”

...Yadımdadır, biz Koroğlu dastanını oxuyanda, yenə də gəlirik AT-ın üstünə, yəqin ki, siz də o səhnə ilə tanışsınız. Koroğlu artıq qocalıb və tüfəng yaranır. Koroğlu soruşur bu nədir, deyir tüfəng. Soruşur, neyniyə bilir, deyir atırsan, adamı öldürür. Koroğlu deyir, hələ məni vur... inanmır ki, balaca bir dəmir kənardan adamı öldürər. Deyir, vursam ölərsən, heyvana atəş açır, heyvan ölür. Onda Koroğlu misri qılıncı qoyur yerə, deyir, kişilik zamanı getdi. Mən o səhnəni oxuyanda hönkürtü ilə ağladım, yarımçıq qaldı...

- Səbəb nə idi?

- Koroğlunun qocalığı, qılıncından imtina etməsi mənə dəhşətli gəlmişdi. O dastanda olan Keçəl Həmzə obrazını görəndə, fikirləşirəm ki, onlar qədim nağıllarda da olub, 19-cu əsirdə də, indi də var... bilirsiz də, keçəl Həmzə Bolu bəyin bacısı Dona xanımı istiyirmiş. Bolu bəy bacısını Keçəl Həmzəyə o şərtlə verəcəkdi ki, o, Koroğlunun atını oğurlasın. Çünki Koroğluya qalib gəlmək ancaq bu yolla mümkün ola bilərdi... Sizin layihənin mətləbinə gəlib çıxırıq...

...Qır atı oğurlamaq Koroğlunu məğlub etmək deməkdir. Keçəl Həmzə gəlib girir bunların qılığına. Bunu mehtər götürürlər, amma Qır atı yox, Dür atı tapşırırlar. Bu da hər dəfə Dür ata yem verəndə, Qır atı da yemləyir, onu özünə öyrədir. Sonra fikirləşir ki, Dür atı aparsın, Bolu bəy nə biləcək ki, bu Qır atdır, yoxsa Dür at. Dür atı qaçıranda Koroğlu bundan xəbər tutur, dalınca çapır. Buna çatana yaxın Keçəl Həmzə özünü atır dəyirmana. Cildini dəyişib dəyirmançı kimi bunun qabağına çıxır. Koroğlu soruşur ki, bura adam girdimi, deyir hə. Koroğlu atdan düşüb ambara girəndə, Keçəl Həmzə sıçrayıb atılır Qır atın üstünə gedir. Bax, bu səhnədə də mən sarsılmışam. Koroğlu gəlir, Nigar, dəliləri buna salam vermir... Məğlub qayıdıb... Koroğlu da götürüb sazı basır sinəsinə deyir:

Keçər dövran belə qalmaz, şad ol könül, nə məlulsan,
Dəlilərim salam almaz, şad ol könül, nə məlulsan.
Geydiyim igid kürküdür, dünya Süleyman  mülküdür.
Dövlət ki, var, əl çirkidir, şad ol könül, nə məlulsan.
Koroğluyam, deyim sənə, od tutub alışdı sinə.
Aşıqlığım bəsdir mənə, şad ol könül, nə məlulsan...

Koroğlunun, igidin, mənim qəhrəmanımın düşdüyü bu səhnə məni o vaxt çox kövrəldib. Deyim ki, bu gün Koroğlu dastanını əzbər bilirəm.

“İndi Koroğlu dünyası deyil, namərd dünyasıdır”

- Koroğlunun qılıncını yerə qoyması səhnəsi bir anlıq mənim də fikirlərimi özü ilə problemlərin dalınca apardı və indiki mövcud durumumuza gətirib çıxardı. Əslində təsirli bir səhnədir. Fikirləşdim ki, görəsən indiki “Koroğlular” öz “qılınc”ını hansı məqamda yerə qoyub və bu gün sizi narahat edən nədir?

- İndi Koroğlu dünyası deyil, namərd dünyasıdır. İndi mən Koroğlu axtarmıram. Xocalı qətliamını, ərəb dünyasına tutulan divanı, körpə ərəb uşaqlarının naləsini eşidəndə Suriya, İraqda ayrı-ayırı dövlətlərin mənafeyinə görə insanların al qana boyandığını görəndə, bu qənaətə gəlirəm. Mən açıq deyəcəm, Rusiya ilə Amerikanın savaşı xalqların xöşbəxtliyinə yox, onların bədbəxtliyinə tuşlanmış  addımdır. Bəli, bu gün Koroğlunun qılıncı yerə qoyulub. Mən artıq Koroğlu qılıncı axtarmıram. Bu gün beynəlxalq güc kimin əlindədirsə, qanun da onun tərəfindədir...

Amma həyatdır, barışıb yaşamalıyam... Ona görə də bütün varlığımla, ruhumla gecə-gündüz Tanrıya dua edirəm ki, məni övladlarımın, cəmiyyətin, dostlarımın yanında şərəfsiz və üzüqara eləməsin.

Mən 1982-ci ilin may ayında Bakı Dövlət Universitetinə müəllim təyin edilmişəm. 17 ildir millət vəkiliyəm. Əgər bu gün mənim 1 sot torpağım, bağım yoxdursa, hər halda bu mənim zəifliyim deyil.

- Həyatda hər şeyi öz axarına, öz rəvanına buraxmısınız...

- Halal danışacam, deyim ki, böyük məmnuniyyətlə istəyərdim ki, maddi cəhətdən bir az bundan fərqli yaşayım. Amma bu gün mənim gücüm buna çatır. Mən qapılar açıb heç kəsdən nə isə istəməmişəm.  İstəmək fikrində də deyiləm. Deputat olmaq o demək deyil ki, kimdənsə nəsə xahiş eləməlisən, kiminsə qapısını açmalısan. Mən bu məsələdə bir qədər özünə qapanan adamam. Övladlarım Bakıda yaşayır, amma yayda qalmağa bağım yoxdursa,  fikirləşirəm ki, görəsən bu mənim acizliyimdir, yoxsa taleyin qismətidir. Bunu fikirləşirəm. Amma çox rahat yaşayıram. Qapım döyüləndə qorxmuram. Çünki ya qohum-əqrəbadır, ya da qayğısı olan adamlar. Çəkinəcək bir şey yoxdur, neynəmişəm ki, kimsə qapıma qisas almağa gəlsin...

- Cəmiyyətin maddiyyat marağında olan axınından kənarda durursuz. Amma hardasa  özünüzü qınayırsız...

- Yox, qınamıram. İnsanın istəmək hüququ var. İstərdim ki, gözəl bir bağım olsun, dincəlməyə şəraitim olsun. Bilirsiz, insanın içərisindəki nəfs və ağıl həmişə bir-biri ilə mübarizə aparır. Görürsüz, körpəykən uşaq əlini ilana uzadır, niyə? Çünki nəfsi var, ağıl yoxdur. Bir az keçəndən sonra qəddar analar uşaqları əlini yandırmaqla, şeytan, cinnən qorxudurlar... Demək qorxu hissi var. Uşaqların yaşına uyğun olaraq ağlı, istəyi və nəfsi olur. Bunlar yaşa görə tarazlaşır. Müqəddəs Quranda da deyilir ki, 7 yaşıa qədər uşaq evin şahıdır, 14 yaşa qədər evin dostudur, köməkçisidir. Uşaq 21 yaşına qədər ağıl tapmırsa, burax taleyin ümidinə, Tanrı sənin günahından keçər. Çünki 21 yaşında qız da, oğlan da tam formalaşır.

...Qəbir evinə qədər insanın içində bir müharibə gedir. Nədir o nəfslə ağlın, xeyirlə şərin müharibəsi? Kim nəfsinin bələdçiliyi ilə gedirsə, “it hürən” tərəfə, kim ağlının bələdçiliyi ilə gedirsə o, “işıq gələn” tərəfə gedir. Ona görə də baxırsan ki, böyük vəzifədə işləyir nəfsinin bələdçiliyi ilə gedir düşür türməyə...

“Məcnun obrazının nə mənəvi, nə siyasi heç bir təsiri yoxdur”

- Bu, sevgi məsələlərində daha çox önə çıxır. “Ağlım ürəyimlə, hisslərimlə bacarmır” sözünü çox eşitmişik. Yaxud, dünya yaranışından ağlın,  yoxsa ürəyin haqlı olub-olmadığı çox müzakirə edilir.

- Sevgi məsələsində də ağlın bələdçiliyi əsas rol oynamalıdır. Ağıl yüksək olarsa, hətta sevgi də ona tabe olmalıdır. Hisslər ağıla üstün gəlirsə, o uduzur.

- Səhraya düşən Məcnun kimi...

- Məcnun, Leyli obrazlarını qəbul eləmirəm. 13 yaşlı Qeys firavan yaşayıb, hər şeyə nail olub, indi də bir qız istəyib. Qızı ona verməyən kimi dəli olub düşüb çölərə... Bu Məcnun obrazının cəmiyyətə nə mənəvi, nə siyasi - heç bir təsiri yoxdur. Biz də bunu dəstəvuz eliyib çıxarmışıq dünyaya... Belə çıxır ki, biz oğlanlarımıza deyirik ki, 13 yaşında sev, istədiyini almasalar düş səhralara. Bu obrazda  məqsəd nə olub, biz hələ axıra qədər gedib ona çata bilməmişik. Başa düşə bilmirəm, tutaq ki, mənim oğlumun 13 yaşı var, Qeys kimi gedir kimisə sevir, bizə uyğun olmayan ailədən birini istəyir. O qızı mən almayanda da düşür səhralara, başlayır şeir deməyə... bu obraz mənə çatmır...

- Fəzail müəllim, oyuna qayıdaq, belə başa düşdüm ki, nərdi xoşlamırsız...- Nərddə təsadüfən düşən xalların arxasınca gedirsən, şahmatda isə düşüncələrin... 

  • Nərddə, ortada olan o sümük var - zər, sən ondan asılı olursan. Şeş düşürsə ol
  • ursan xoşbəxt, yek düşürsə olursan bədbəxt. Qalırsan yeklə, şeş arasında...

- Amma bu oyunu da  bilirsiz?

  • Yaxşı bacarıram, amma oynamıram. Mən nərd oynayanların 90 faizinin mübahisə etdiyini görmüşəm. O bunun əlini tutur, bu onun sözünü kəsir, səs-küy... Amma ola bilər ki, evə bir qonaq gəlib, ürəyi istəyir, deyir gəl bir nərd ataq. O da elə bir adamdır ki, orada heç bir mübahisə ola bilməz. Oynayırıq...

“Kim ONUN şirinliyinə aldanır, həyatını məhv edir”

- Şahmatda siyasi olan nədir?

- Burda iki tərəf vuruşur. Güclü kimdirsə, o da udur. Hesab edin ki, siz Napaleonsuz, mən də Rusiya. Mən də özümü kimə bənzətdim (gülür). Bu döyüşdür, siyasət deyil. Buna ona görə siyasət deyirlər ki, vuruşda ağıllı hərəkətlər etməlisən. “Atla gediş” buna deyilir...

Götürək müharibələri. Atı qoyaq  kənara. Siyasət ağlın, düşüncənin həyatda reallaşmasıdır. Amma siyasətə başqa cür baxanlar da var. Siyasət həmişə uğurlu düşüncə deyil. Məsələn, Əli (ə.s) 24 il müxalifətdə olub. 570-630 Məhəmməd Peyğəmbər, 630-632-yə qədər Əbu Bəkir, 632-634-ə qədər Ömər, 634-dən 644-ə qədər Osman, 656-dan 661-ə qədər Əli. O, 24 il müxalifətdə olandan sonra namaz qılıb, siyasətə gəlib.

- Belə deyirlər ki, siyasət çirkabdır...

- Yox, elə deyil. Mən onun tərifini sizə deyəcəm... Əlinin (ə.s) oğluna məktubu var, deyir: oğul, siyasət səhra səmalarında görünən buluddur. Buluddursa, yağış yağmalıdır, amma o, insanları aldadıb çəkilib gedir. Siyasət, mələk libasına girmiş eybəcər qarı vücududur. Deyir, insanlar onun mələk simasına tamah salır, sonra gedib onun içərisindəki eybəcərliyi görəndə özünə və dünyaya nifrət edir.  Siyasət balıqçının  işinə bənzəyir. Deyir, siyasət səhranın qırağında oturub ac balıqları yemləmək istəyən balıqçıya bənzəyir. Siyasət qəssab işinə bənzəyir. Nəhayət deyir, siyasət qatı zəhər qatılmış baldır. Kim onun şirinliyinə aldanır, həyatını məhv edir.

- Siz də bu siyasətin içindəsiniz...

- Mən millət vəkili kimi siyasətçiyəm. Mənim siyasətim dövlətə, seçicilərimə xidmətdir, düzgün mövqedir, dövlətin strateji kursunda iştirak, müstəqillik haqqındakı mənfi düşüncələrə mənfi münasibət, müsbət düşüncələrin tərəfində olmaq və şəxsi nümunəmlə cəmiyyətdə nüfuz qazanmaq. Yəni elə etmək ki, sənə nifrət etməsinlər. Mənim siyasətim budur.

“Əslində siyasətçi elə duyğusal olsa yaxşıdır”

- Siz çox duyğusal insansınız. Bu duyğusallıqla siyasət necə uyuşur?

- Əslində, siyasətçi elə duyğusal olmalıdır ki, onu saxta danışıqlarla aldada bilməsinlər. Duyğusallıq çox yaxşıdır. Duyğusal insan heç vaxt pis adam ola bilmir. Duyğusal insan dərk etdiyi üçün mənfi nüansları çox tez hiss edir. Yaxşıdır, ona görə ki, kiminsə qarşısında pis duruma düşmürsən, pisdir ki, sən içindən didilirsən, əzab çəkirəsən.

- Duyğusal insanlar həm də güclü olurlar.

- Ona görə ki, o, tərəfmüqabilini tez tanıyır. Amma bizim insanların ən böyük problemi də odur ki, o, özünü hamıdan ağıllı hesab edir. Tərəfmüqabilini özündən ağılsız hesab edirsənsə, demək sən problemlisən...

... Diqqət oyuna yönəlib. Növbəti gediş Fəzail müəllimindir...

  • Götürdüz?
  • Bəli, artıq döyüş başlandı... Bax, bunu mən götürə bilməzdim, götürsəydim uduzardım. Sizin atınız da buranı gözləyir, vəziriniz də.
  • Nədənsə həmişə bu balaca fiqurları qabağa verirlər.
  • Bəli, birinci piyadalar qurban gedir. Onlar elə bunun üçündür.

- Fədailərdir.

- Amma onlar sabahın vəziri ola bilərlər.

- Fəzail müəllim, eyni zamanda sualıma cavab da verə bilərsiz?

- Bəli-bəli, siz məni danışdırın, o da məni udsun (gülür).

- Deyirlər ki, həyat bir oyundur, siz necə düşünürsüz?

- Mən bu cür fikirləşmirəm. Həyat Tanrının insanlara bəxş etdiyi ən böyük payıdır. Sadəcə kimsə ona oyun kimi yanaşır, kimi insan, kimisi də tale kimi... Xoşqədəmin verilişində belə şeylər var. Gedib alkaşın birini tapıb gətirir, özü də lingini vura-vura...

- Nəyi vura-vura?

  • Lingini. Yəni ayaqları əsə-əsə... yeni sözdür ... Baxıram, o burda bir qadının taleyi ilə oynayıb, iki uşaqla qoyub gedib. Rusiyada da bir qadının qoltuğuna bir uşaq verib. Axırda da gedib küçədə alkaşlıq edir və bunu da gətirirlər ki, tapmışıq. Bu adamın övlada sevgisi yoxdursa, vətəndə nə işi var.  Məsələn, həyat onun üçün oyundur. Mənim üçün isə oyun deyil. Mən necə oyun kimi baxa bilərəm ki, övladımın qızdırması qalxanda Tanrıya yalvarıram ki, birdən başına bir iş gəlsə birinci mənim canımı al...

...Atam rəhmətə gedəndən sonra anam 10 il mənimlə qaldı. O vaxt axşam da dərs deyirdim. Gəldim gördüm ki, həyətdə təcili yardım var, anam qibləyə tərəf uzanıb, rəngi-başı ağarıb. Mənim də anama  böyük sevgim olub. Nə isə... Özünə gələndən sonra çıxdım çölə, əl götürüb Tanrı dərgahına dedim ki, Tanrım onun 9 uşağı var, hərəsinin ömründən1 il, mənimsə ömrümdən 2 il al ver anama, qoy 10 il də  yaşasın. And olsun Qurana, düz 10 ildən sonra həmin ayda rəhmətə getdi...

- Allah rəhmət eləsin.

- Mən Allaha necə inanmayım. Bu cür adam həyatı oyun saya bilməz. Amma adam var, anası rayonda qalır, illərlə onu görmür, gözü yaşlı qalır, gedib ona baş çəkmir. Mənim valideynlərim nə qədər rayonda yaşadılar, bir dəfə də olsun hansısa sanatoriyaya getmədm. Axı onlar 9 ay oturub fikirləşirdilər ki,  yay gələcək, uşaqlarım evə yığışacaq. Yoxsa, onlar kəndə gözləri yolada qalsın, mən də gedim Kislavodskidə kef edim? Bu olmayıb. Biz halallıqla, zəhmətlə böyümüşük...

...Mənim babam bəy olub. Şura hökuməti onun yurdunu yandırıb. Sonralar bəy kəndi olduğuna görə onun bərpasına icazə verməmişdilər.

Bir dəfə kəndə getmişdim, anamla görüşəndən sonra soruşdum ki, bəs atam hanı, dedi bax, orda uzanıb. Atamın 80 yaşı var idi. Ağ bənizli, çox yaraşıqlı kişi idi, saqqal qoyurdu, xətliyirdi. Gördüm ki, yatıb, yuxudan ayılana qədər gözlədim. Ayılandan sonra dedim burda niyə yatırsan. Çünki həmin yer evdən bir az aralıda dağılmış bir yer idi. Dedi oğul, bizim burda ikimərtəbəli evimiz var idi, onu yandırdılar. O vaxt mənim 21 yaşım var idi, özüm də nişanlı idim. Mən evlənə bilmədim, biz olduq düşmən, burdan ora, ordan bura... Dedi ki, mən bura gəlməmişəm dincəlim. Mən hər dəfə bura gələndə gözümü yumuram, atam, anam, bacılarım, qardaşlarım və keçirdiyim o həyat lent yazısı kimi gözümün önündən keçir. Qibləyə uzanıram ki, Tanrı burda mənim canımı alsın. Mənim gözlərim yaşardı. Dedim Tanrım, mənə imkan ver, burda balaca yer eliyim, atam gəlsin məskunlaşsın.

1973-cü ildə kənddə müəllim işləyəndə atamla bir söhbətim olmuşdu. Televizora baxırdıq, evdə atam, anam mənəm. “Novosti”-də Banqladeşdə Vicudi Rəhmaninin devrildiyini göstərirdilər, dəhşətli mənzərə idi... Deyirəm ki, belə hökumət olarmı, yaxşı ki, bizdə belə deyil. Atam dedi bala, sovet hökuməti dağılandan sonra sizdə də belə olacaq. Dedim sovet hökuməti dağıla bilər, topu, tüfəngi... Dedi bala, top-tüfəng dağıtmayan evi Allah dağıdır.  Bu hökumət haram tikə üzərində qurulub. Mənim evimi yandırdılar, varımı-dövlətimi əlimdən aldılar, özümü qulaq elədilər, mənim sürümlə, at ilxımla kolxoz qurdular, filankəsi də qoydular başına. Mən bunu onlara halal eləməmişəm. Mənim kimi milyonlarla insanları məhv elədilər. Mən onu zəhmətlə qazanmışdım. Haram üzərində qurulan hökumət dağılacaq və mən sənin yaxandan tutub buraxmayacam. 2 il yaşasaydı, deyəcəkdi ki, gördün? Təsəvvür edin ki, o, 1989-cu ildə rəhmətə getdi, 91-ci ildə SSR-i dağıldı...

1993-cü ildə ulu öndər gəldi, sabitlik yarandı. Mən dərhal bu işin üstünə düşdüm. Onda universitetdə işləyirdim. Sənədləri toplayıb Milli Məclisə göndərdim, təsdiq olundu. O vaxt Prezident İlham Əliyev deputat idi. Mən ona yaxınlaşdım və bütün bunları danışdım. O kömək elədi və mən  istəyimi yerinə yetirdm. Nəzəri çertiyoj əsasında üç professor qardaş əl-ələ verib babamın yurdunda bir bina ucaltdıq.

Bax bu, mənim ata-baba yurduma olan hörmətimdir... Bunlar içəridən gələn hisslərdir. Bu gün 17 ildir mənim qəbuluma gəlib 17 dəqiqə gözləyən adam olmayıb. Biz unutmalı deyilik ki, Tanrı adamı “ağ at”ın belinə mindirəndə, yerə çırpmağını da bilir. Yenə də gəldik o AT-ın üstünə...

“Söyüşlə uğur qazanan nə bir dövlət, nə də bir xalq olub”

- Çox maraqlı xatirələr danışdınız.

- Mən uduzum, canınız qurtarsın (gülür).

- Fəzail müəllim, seçki ərəfəsindəyik, daxili siyasətdə siyasi partiyaların fəaliyyəti və bir-birinə münasibətində baş verənləri necə qarşılayırsınız? Proseslərə mövcud yanaşmalar sizi qane edirmi?

“Rəqibimiz” ciddi şəkildə oyuna köklənib, elə düşündüm ki, sualı eşitmədi.

- Fəzail müəllim, dinləyirsiz məni?

- Eşidirəm... Deyir, “ana, mənim dərdim vətən dərdidir”... Bu gün çox dərindən düşünüb hərəkət eləməliyik. Azərbaycanın geosiyasi vəziyyətini, böyük dövlətlərin Azərbaycan marağını nəzərə almalıyıq. Biz bu maraqlar altındakı niyyətləri görməliyik. Dilimizə, dinimizə, əxlaqımıza və  müstəqilliyimizə qarşı uzanan iti caynaqları görməliyik. Suriyanı gözümüzün önünə gətirməliyik. Liviyada baş verənləri görməliyik. O Liviya ki, dünyanın ən varlı ölkəsi idi. Orada adi tibb işçisi 1000 dollar pul  alırdı. Hamısı viran qalıb. Bunların hamısını görüb ölkəni qarışdırmaq, üz-üzə dayanmaq olmaz. Mən bunların əleyhinəyəm. Hər şey sivil qaydada, döyüşsüz, demokratik yolla, insafla, ədalətlə həll olunmalıdır...

...və məndən sizə bir dənə Şah... Burda mənim tüfəngli əsgərim dayanıb.

- Neynəməli, qaçaq da... Fəzail müəllim, mümkünsə eyni zamanda sualıma da cavab verin.

- Yox, artıq burda mən iki cür düşünə bilmərəm (gülür), kifayət qədər mürəkkəb durumdayam...

- Elə o durumla bağlı soruşmaq istəyirdim...

- Bir dənə də Şah verirəm sizə...

- Vəssalam...

- Mənə elə gəlir ki, yüz ölçülüb, bir biçilməlidir.  Dünya üzərimizə gəldiyi bir məqamda daxili sabitliyi qorumalıyıq. İstər müxalifət düşərgəsi olsun, istərsə də iqtidar ambissiyalarla yox, ağılla düşüncə ilə hərəkət etməlidir. Söyüş, savaşla uğur qazanan nə bir dövlət olub, nə də bir xalq. Ona görə də təmkinli olmaq lazımdır. Müəyyən məsələlər var ki, ona ehtiyatla yanaşmaq lazımdır.

“Bu nə toydur, nə yas, bir-birimizə divan tutmaqdır”

- Fəzail müəllim hansı qanunun qəbul olunmasını istərdiniz?

- Azərbaycanda toy, yas mərasimlərini nizama salan bir qanunun qəbul olmasını istərdim. Çünki toylarımızda çox ifrata varırıq. Yaslarımızda da ifratçılıq çoxdur. Məsələn, baxırsan ki, cavan oğlu ölüb, amma onun dərdi bir yana, mərasimin təşkili ilə məşğul olmalıdır. O yasda kimin boğazından çörək gedər. Amma hamı “cəngəl-bıçaq müharibəsi”nə çıxır. Bu bizə lazım deyil. Yaslar sadə şəkildə yola verilməlidir. Eləcə də qəbiristanlıqda məzar daşlarının eyni qaydada olması məsələsi də öz həllini tapmalıdır. Bunlar məni düşündürən məsələlərdir.

Yaxud, toylarımızda 10 nəfərlik stola 100 nəfərin qidası qoyulur. Axı o sadə süfrə olsa daha yaxşı olar. Qiymətlərə baxırsan, 100-150 manatdır. Bir adam necə 100 manatlq yemək yeyə bilər. Maraqlıdır ki, toy sahibi camaatı soyub talayır və axırda da topladığını restoran sahibinə verib gedir. Üstəlik  300-500 adama borclu qalır. Axı az məbləğlə də iş görmək olar. Bu nə toydur, nə yas, bir-birimizə divan tutmaqdır.

- Yazılmayan qanunları yazılı qanunlarla necə nizamlamaq olar, bu mümkündürmü?

- Tacikistanda verilmiş qərar var. Toya 150 nəfərdən artıq qonaq çağrıla bilməz. Toy olar dostlarla, qohumlarla. Hə, siz mənə sual verin ki, bəs sən oğlunun toyunu necə elədin?

- Necə?

- Mən də elə bu camaat kimi. Birinci uşağımın toyunda az adam çağırmışdım. Təxminən 100 nəfər mən, 100 nəfər də qudam. İnanın ki, sonra  rəy yaratdılar ki, millət vəkili olub deyə heç kəsi bəyənmir. Amma ikinci toyda bu “səhvimi” düzəltdim. Hamını dəvət etdim. Çünki biri o birindən soruşur ki, Fəzail müəllim səni toya çağırdı, o biri də deyir ki, əşşi mənə deməz, o deputatdır. Bax bu əxlaq öldürür bizi. Çox sağ ol deyən yoxdur ha...

“İctimai qınaq olmadan dövlət qərarları ilə heç nə eləmək olmur”

  • Bizim insanların düşüncəsinə hakim olan çox yaxşı bir məqama gəlib çıxdınız. Cəmiyyətimizdə vəzifə insandan hörmətli hesab olunur və insanların bir-birinə münasibəti də buna görə qurulur. Bu xarakteri necə dəyişmək və qarşısını necə almaq olar?

- Siz özünüz də ruhdan düşmüş şəkildə soruşursuz. İctimai qınaq olmadan dövlət qərarları ilə heç nə eləmək olmur. Tutaq ki, biri rüşvətxordur, hamı da bunu tanıyır, amma toya gələndə mikrofonu birinci ona verirlər. O da deyir ki, demək mən düz yoldayam. Onu yasda mollanın yanında oturdurlar. Ay kişi, sən bunu toya çağırma, yasda mollanın yanında oturtma, təcrid elə... Əksinə, toy sahibi öz toyunu onunla səciyyələndirir ki, filankəs toyunda iştirak edib. Bundan sonra həmin adan əməllərini niyə tərgitməlidir ki... Yəni ictimai qınaq olmalıdır.

“”Məndən ötdü, qardaşıma dəydi” prinsipi cəmiyyəti iflic edib”

  • Bunu formalaşdırmaq lazımdır, amma necə?
  • İctimai qınaqla bağlı bir epizod danışım. 2 il qabaq Yasamal parkı açıldı, hamının da bundan xəbəri oldu. Camaat üçün bundan gözəl töhfə ola bilməzdi. Təxminən 6 ay sonra isə park cəhənnəmə döndü. Velosipedi alıb buraxdılar cammatın üstünə və bu azmış kimi parkı itlərin görüş yerinə çevirdilər. Yaxud, velosiped uşağı vurub yerə yıxır, amma bir nəfər buna reaksiya vermir. Ətrafda gedənlərin 20-30 nəfər onu götürüb sındırmalı, tullamalı idi. Niyə susursuz, deyə soruşanda, deyir türməyə düşmək fkrim yoxdur. Bir tərəfdən də düz deyir. Mən bu barədə Milli Məclisdə çıxış elədim və dedim ki, prezidentin bizə verdiyi əmanətə kim xəyanət edir? Bu cəsarət sahibi kimdir ki, parkı itlərin görüş yerinə, velosipet meydanına çevirib. 2 ildən sonra yığışdırıldı. İndi orda rahat gəzə bilərsən. Amma orda məndən başqa da bir neçə deputat gəzirdi, hələ mənə deyirdilər ki, nə işin var. “Məndən ötdü qardaşıma dəydi” prinsipi cəmiyyəti iflic edib.
  • Demək, birinci cəmiyyətin qorxu hissini götürmək lazımdır...

- 1982-ci il idi, aspiranturada oxuyurdum, traleybusda bir hadisə ilə qarşılaşdım. Demək, hamı oturub, bir nəfər əlində pencək, çamadanla traleybusa mindi. Görünürdü ki, rayondan gəlib. Sonra başqa bir nəfər də mindi. Ayaq üstə duran yalnız ikisidir. Birdən bu, Bakı ləhcəsi ilə rayonluya “ala o tərəfə dur da” dedi və 1 dəqiqə keçmədi, onu nətər vurdusa, oğlan çamadanın üstünə yıxıldı. Bax şahmat oyunu da bu ağılı tələb edir. Düşündüm ki, buna cavab verməliyəm, amma bəlkə idmançıdır, boksyordur, vurub məni onun böyrünə aşırdar. Yanımda oturan cavan cüssəli oğlana dedim ki, sən görmədin onu. Dedi gördüm. Dedim niyə susursan? Dedim dur ayağa məni müdafiə elə, onu vuracam. Gözünə döndüyüm oğlan, sən demə bu ona da çox mənfi təsir edib. Mən durana qədər onu vurub aşırdı. Qadınlar qışqırır, onu söyür, gücləri çatmır, kişilər oturublar. Demək mən traleybusda yoxamsa, o cavan oğlan yoxdursa, o sakitcə çıxıb gedəcəkdi. Yəni bu içdən gəlməlidir. Başqa çarəsi yoxdur, insanda ədalət hissi olmalıdır.

  • Fəzail müəllim, seçkilərə gedirik, yəqin bu hiss orda da lazım olacaq?

- Bəli, seçkilərə gedirik. İnsanlara dözüm, səbr, bir də ədalət hissi arzulayıram. Bu gün cənab Prezident çox şeyləri qurub, qoşub. Onun buna mənəvi haqqı var. Amma seçkini xalq müəyyən edir və xalq son sözünü deyəcək. Sizə də uğurlar arzu edirəm, özümə də...

- Biz də oyunu uduzuruq...

- Mənə elə gəlir ki, bu oyun heç-heçə bitir. Onsuz da mən sizin uduzmanıza imkan verməyəcəm...

  • Fəzail müəllim, ətrafl, maraqlı söhbətiniz üçün sizə minnətdarıq. Sizinlə bir masanı paylaşmağın özü bizim uğurumuz idi.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Onlar “hər zaman Azərbaycanın yanındayıq” dedilər

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

"Savadlı qadın mollalara ehtiyac var"

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

Nazir yeni modelin mahiyyətini açıqladı

350 azərbaycanlı tələbə...

Pendir və şor məhsulunun bazarı bağlandı

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi...

Aşura günü bu ünvanlarda könüllü qanvermə aksiyaları keçiriləcək

Xanımların nəzərinə