Moskva danışıqlarından nə gözləyək?

20:01 19-04-2019 | icon 623 | Qarabağ
Moskva danışıqlarından nə gözləyək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə Moskvada keçirilən görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, məsələnin həllinə hərtərəfli zəmin yaratmır. Çünki keçirilən bu kimi görüşlərdən sonra Ermənistanın rəhbərləri, yüksək rütbəli hərbçiləri, müəyyən siyasi dairələri bir-birinə zidd olan fərqli fikirlər səsləndirir və münaqişənin gərginləşməsinə səbəb ola biləcək bəyanatlar verirlər.

Bu mülahizələr Ermənistanın ayrı-ayrı dairələr tərəfindən idarə olunduğunu göstərir və onun acınacaqlı vəziyyətindən xəbər verir.

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada baş tutan görüşünə və bu görüşdən sonra verilən bəyanatların, ilkin razılaşmaların Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Qarabağ münaqişəsi zəminində hakimiyyətə gələn və bu fonda hakimiyyətini qoruyub-saxlamağa cəhd edənlər ölkənin çıxılmaz vəziyyətə düşməsinin, kimlərinsə quluna çevrilməsinin fərqində deyillər:

“Onlar populist çıxışlarla, millətçi bəyanatlarla xalqı ələ almağa, sakitləşdirməyə, ümidləndirməyə çalışırlar.

Ermənistanın baş naziri Paşinyanın, eləcə də, müdafiə nazirinin, ayrı-ayrı millətçi şəxslərin çıxışları da məhz bu məqsədə xidmət edir.

Ancaq reallıqlar başqa nəticələri göstərir, yəni Ermənistanın iqtisadi, siyasi, mənəvi böhran içərisində yaşamasından, xalqın keçmiş və indiki ölkə rəhbərlərinə nifrətindən, etimadsızlığından xəbər verir.

Azərbaycanın iqtisadi inkişafından və hərbi qüdrətindən xəbərdar olan erməni xalqı müharibə başlayarsa, hansı bəlalara düçar olacağını yaxşı anlayır.

Bu səbəbdən də onların çoxu müharibə istəmir, orduya övlad verməkdən imtina edir, ölkənin  acınacaqlı vəziyyəti haqqında açıq-aşkar bəyanatlar səsləndirirlər.

Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bu səbəbdən ATƏT-in, beynəlxalq təşkilatların vasitəçiliyindən, hər hansı görüşlərdən imtina etmir. Ancaq bu görüşlər səmərəli olmalı, münaqişənin gələcək həlli üçün imkanlar yaratmalıdır. Əks təqdirdə, hərbi yolun seçilməsi qaçılmazdır. Bunu erməni xalqı və rəhbərləri yaxşı anlamalıdırlar”.

Millət vəkili, politoloq Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan öz qətiyyətli mövqeyi və addımları ilə Ermənistanı əvvəlki mövqeyindən geri çəkilməyə məcbur etdi.

“Ermənistan təkid edirdi və hər vəchlə çalışırdı ki, danışıqlar Azərbaycanla onun işğal etdiyi zona arasında keçirilsin. Ancaq Azərbaycanın qətiyyəti Ermənistanı sonda məcbur etdi ki, yenidən danışıqlar stolu arxasında əyləşsin.

İkincisi, yeni hakimiyyət sosial məsələlər dalğasında hakimiyyətə gəldiyinə görə əhalinin sosial durumunu yaxşılaşdırmalıdır. Amma artıq yeni hökumət onu da yaxşı dərk edir ki, Dağlıq Qarabağ problemini həll etmədən bu, mümkün deyil. Ona görə də Dağlıq Qarabağ problemini istənilən formada həll etməlidir.

Üçüncüsü, Moskva danışıqlarının hələlik elan edilən nəticəsi bundan ibarətdir ki, müəyyən humanitar əlaqələr bərpa ediləcək. Bu, əsirlikdə və həbsdə olan Azərbaycan və Ermənistan vətəndaşlarının yaxınlarının qarşılıqlı surətdə onları ziyarət etməsidir.

Bu, hər iki ölkə rəsmilərinin, ziyalılarının, jurnalistlərinin müəyyən məhdud sayda qarşılıqlı şəkildə səfər etməsidir.

Mən ehtiyat edirəm ki, Ermənistan müəyyən müddətdən sonra bu öhdəliyindən də imtina edə bilər. Ona görə ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın Azərbaycan nümayəndələrinə göstərməyə heç nəyi yoxdur.

Ermənistan jurnalistləri və yaxud övladları ölkəmizdə həbsdə olan erməni valideynləri Azərbaycana gələrkən burada inkişaf etmiş ölkə, stabillik, abad şəhərlər, müasir tələblərə cavab verən kommunikasiya, gələcəyə ümid, Azərbaycan xalqının qətiyyətini görəcəklər.

Hansı ki, bunların heç biri Ermənistanda yoxdur. Bunlar o ruhu Ermənistan cəmiyyətinə aparacaqlar, gördüklərini danışacaqlar.

Rəsmi erməni mətbuatı, təbii ki, bunları verməyəcək, amma istər-istəməz mətbəx söhbətləri, siyasi söhbətlər, qonşu söhbətləri Azərbaycan həqiqətlərini Ermənistan cəmiyyətinə çatdıracaq. Mümkündür ki, müəyyən dövrdən sonra Ermənistan bunun qarşısını almaq üçün bu əlaqələrdən imtina etsin.

Eyni zamanda, vacib bir məqam odur ki, Azərbaycan rəsmiləri danışıqlar barədə vaxtaşırı Azərbaycan cəmiyyətini məlumatlandırır. 

Digər tərəfdən, yaxşıdır ki, Azərbaycan ictimaiyyəti hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayır. Bu onu göstərir ki, Dağlıq Qarabağ məsələsi bir qrupu narahat edən məsələ deyil, bu, on milyonu narahat edən bir məsələdir.

Bu qətiyyətimizlə, bu birliyimizlə problemi həll etməyimiz mütləq mümkün olacaq”, - A.Mirzəzadə əlavə edib.oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...