Bu BİZik! …elə ÖZÜMÜZ…

16:33 24-06-2017 | icon 809 | Köşə
Bu BİZik! …elə ÖZÜMÜZ…

PAKİZƏ BABAZADƏ

Bu BİZİK… Dün necəydiksə, elə bu gün də eləcəyik… Necə deyərlər: “dün də kürkün ayni ölmuş, ters çevirmiş, giymişiz”…

Bu gün rəhmətlik “ölülər”sayağı əynimizə kəfən geydirilmiş “azadlıq” yol ayrıcında qalaraq hansı tərəfə gedəcəyimizi hələ də fikirləşib tapa bilmirik…siyasi oyunlarda “piyada” olduğumuzdan bizi hey xanadan-xanaya çəkirlər…bizləri “mat” qoymaq üçün…

Axtalanmış qeyrətimiz qara saçını ağ hördüyümüz V ə t ə n -in harayına hay verə bilmir…harayı kar olmuş qulaqlarımıza çatmadığı üçün aciz-aciz göylərə boylanmaqdadır…

Bizim bu günkü papaqlarımız atalarımızın dünənki papaqları qədər qədir-qiymətə malik deyil…odur ki, nə qədər gec deyil qeyrətə gəlib papaqlarımızı (əgər tapa bilsək) qabağımıza qoyub (türkün məsəli) bir fikirləşək: ayə, dün kim idik, bu gün kimik?…
düşdüyümüz girdabdan qurtarmaq üçün hər birimiz özgə ağlından çox öz ağlımıza güvənməli, öz yolumuzu özümüz seçməliyik… tanrının və tarixin aciz millətlərə rəhmi gəlmir. Bu gün biz a c i z i k…
zaman-zaman tarixə və millətlərə öz hökmünü diqtə etmiş türklərin bu günkü övladları olan bizlərə keçmişə boylanmaq bir təsəlliyə çevrilib. Bu gün seçim öncəliyi qarşısında çaşıb qalmış, gələcəyə şübhənin kriteriyasından baxan bizlərin varlığının təsdiqi kimi son ümidi keçmiş şöhrətimizdən bərk-bərk yapışıb təsəlli tapmaq acizliyidir…
Ölən ruhumuzun hayına qalmayıb, həyatın qaranlıq döngələrində azıb qalmış vücudumuzu birtəhər sürüyüb aparmağa calışırıq. Yumruq kimi birləşib lazımi təpəyə vura bilmədiyimizdən, zəif barmaqlar kimi öz təpəmizi döyəcləyirik! Müdrük Şeyx Nəsrullahlar isə öz müdrik işlərindədirlər… Çünki çox gözəl bilirlər ki, biz elə dünənkiyik, heç dəyişməmişik.
Bu gün hər birimiz akvariuma salınmış, azadlığına qalın şüşələr arxasından baxan balıqlar kimiyik. Sanki bütöv bir millət yavaş-yavaş ölüyə çevrilməkdədir. Bu gün bir parça torpağını almağa iqtidarı çatmayan bir millətin sabah bütöv bir ölüsünü basdırmağa görən torpaq tapılacaqmı?..
Tarix çoxdan sübut etmişdir ki, xalq o zaman özgür ola bilər ki, onun özgürlük təlabatı şəxsi mənafeyindən üstün olsun. Bu gün hər birimizin borcu, daxilimizdəki biganəlik, laqeydlik sindromlarını atıb, Milli Onurumuzu sürüşkən siyasətlər döngəsindən çıxarıb dirçəltmək, yaşatmaqdir… Biz isə hələ də şüurumuza hopdurulmuş köləlik, qorxu saprogenlərindən azad ola bilməmişik, payımıza düşən əzablara səbrlə dözərək, “dözümlü xalq” fəxri adı altında iri addımlarla köləlik çirkabının ən dərin qatlarına enməyimizdən xəbərimiz olmayıb. Aylar, illər ötdükcə başlıca vəzifəmiz boş xəyallara dalıb ara-sıra passiv müqavimət göstərməklə illəri tarixin qaranlığına gömmüşük… dərdimizə elliklə ağlamaq əvəzinə, hər birimiz öz dərdimizə tək-tək ağlayırıq. Tək gözün yaşı isə ancaq tək yaxanı islada bilər… Özünün akme dövrünü yaşayan yarımallahlar pleyedası isə milyonların halını görüb, səslərini eşitmirlər… Çünki saraylarının eyvanından hər şey gözəl görsənir…
Xalq üçün ağlamaqdan gözləri kor olanların kreslo mübarizəsi uğurla bitdikdən sonra kreslonun arxasını çevirib xalqla özləri arasında sərhəd yaratması dərdlərimizin başlıca səbəbidir.
Dəlisi ağıllıya ağıllısı dəliyə oxşayan cəmiyyətdə RAHAT adamlar və NARAHAT adamlar yaşamaqdadır. RAHAT adamlar toxluqdan, NARAHAT adamlar yoxluqdan kütləşib. Varı olanlar acıqca varlanırlar, olmayanlar isə onların acığına yoxsulluqla dostlaşırlar…
Bizlərə baxıb ürəyi bulanan Tanrı da çoxdan daşımızı atıb, ta biz tərəflərə hərlənmir… Cavab atəşi ilə “susdurulan” düşmən də öz işindədir. Bilir ki, nə qədər dünənkilər bu gün də “başdadır” onlara zaval yoxdur…
Bütünlüklə total qula çevrilən cəmiyyət mütiliklə allahlar panteonuna xidmət etməkdədir…
Biz həm də fitri istedada – unutmaq istedadına malikik. Dünəni elə tez unuduruq ki… Ona görə də soyuq komalarda, təndir çadırlarda “can qurban” edənlərin faciəsi hələ də davam edir… Vallah bu torpaq da dözümdə lap özümüzə bənzəyib, bizi hələ də üstündə saxlayır…
Bu gün bizə Sabirlər, Cəlillər daha çox lazımdır ki, acı göz yaşları içərisində hayqırsınlar: “ey, mənim zavallı millətim, heç dəyişməmisən, dün necəydinsə, bu gün də eləcəsən, əgər şeyx nəsrullahların cənnət vədlərinə inanırsansa, demək elə həminkisən… Yuxunuz şirin olsun, ölülər!..
…Yaşam dünyamızın bədbin mənzərəsindən hər birimizin təlx ovqatının pəncərəsindən nimdaş, solğun rənglərlə boylanır g ə l ə c ə k…
Vallah nə deyirsiniz deyin, mənim özümüzə yazığım gəlmir. Ancaq hərdən düşünürəm ki, Vətən boyda yekə yaylıq gərəkdir ki, oturub hönkür-hönkür ağlayasan… Elə ağlayasan ki, səsimiz bəlkə gedib Tanrıya çata, o da insafa gəlib şüurumuzun gözünə bir az işıq göndərə…

Hər bir hakimiyyət ikiqütblü olur – ÖZÜNÜNKÜLƏR və ÖZGƏLƏR. Hakimiyyət piramidasının iyerarxik düzülüşündə yerini bərkidib oturmuşların iyrənc “sədaqətini”, layiq olmadıqları adı almaq üçün sifətdən-sifətə girən, yaltaqlığın ən eybəcər viruslarına yoluxmuş “kölgələr” teatrının mahir ifaçıları olan sənətsiz “sənətkarların” ürək bulandıran umacaqlı sevgisini görəndə ürəyimdən özgə millət olmaq keçir…
Dostoyevskinin bir kəlamını xatırlamaq yerinə düşər: “…öz miskinlik və zəifliyini dərk etmək cəhətdən biabırçılığın elə bir həddi var ki, insan artıq bundan o tərəfə adlaya bilmir və bu həddə çatanda biabırçılığın özündə misilsiz nəşə duyur…”
Plebey ruhumuzla həyatın alt qatlarına enə bilmirik, üst qatlarda sürünməkdəyik… Yarımallahların dilənçi sədəqəsinə bənzəyən mərhəmətini şərəf bilənlərin şərəfsizliyi küçüldür bizi… Küçümsənən mənliyimiz yol azıb mənzilinə gəlib çata bilmir…

Düşüncə sahiblərindən biri xalqları iki yerə bölmüşdü: – çəkic və zindan. Milli mənliyini qoruyan, mübariz, haqqını tələb etməyi bacaran xalqı ÇƏKİC, hər zülmə dözən zəif xalqı isə ZİNDANa bənzətmişdi… İçimizdəki passionarların uyqulu olduğu indiki dönəmdə hələ ki, zindanıq, çəkicə dönməyimiz isə…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI