"Tezliklə Laçında da bayrağımız dalğalanacaq"

09:01 25-04-2019 | icon 504 | Qarabağ
"Tezliklə Laçında da bayrağımız dalğalanacaq"

"Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Ata-babalarımız bu torpaqlarda yaşayıb, onu becərib, qoruyub, onun uğrunda vuruşublar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər"

 

Versus.Az-ın məlumatına görə, bu sözləri əslən Laçın rayonundan olan leytenant Abbasəli Bəşirov deyib.



Gənc zabitlə "N" hərbi hissəsində tanış oldum. 1996-cı ildə Qax rayonunda anadan olsa da, onun ürəyi yenə də Laçınla döyünür. Gözlərinə baxdıqca Vətən həsrəti çəkdiyini görməmək mümkün deyil. Elə bu həsrət Abbasəlinin yolunu hərb sənətinə bağlayıb. 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc zabitimiz daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Nəhayət, 2018-ci ildə leytenant rütbəsində xidmətə başlayıb. Artilleriya bölməsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə birbaşa cavabdeh olan zabit ordumuzda xidmət edənlərin hər birində vətənpərvərliyin, yurda bağlılığın yüksək səviyyədə olduğunu qeyd etdi:

"Bu gün hamımızın qəlbində torpaq həsrəti var. Təkcə ata ocağından didərgin düşmüş qaçqın və köçkünlərimiz yox, bütövlükdə Azərbaycan xalqı Qarabağı azad görmək arzusundadır. Bu həsrətdi, bu sevgidi bizləri yaşadan, bu torpağa bağlayan. Hərdən zəng vurub atamla danışanda mənə telefonda dediyi son kəlməsi "Oğul, tezliklə qələbə müjdəsini verin bizlərə" sözləri olur. Mən Laçında olmamışam, oraları görməmişəm. Ancaq atamın göstərdiyi şəkillərdə, kövrələ-kövrələ dediyi sözlərdə, həsrət dolu baxışlarında görmüşəm Laçınımızı. Onlara söz vermişəm ki, tezliklə bayrağımız Laçında da dalğalanacaq. Bütün xalqımız da əmin olsun ki, Azərbaycan əsgəri bir qarış torpağını belə güzəştə getməyəcək. Tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə işğalda olan torpaqlarımızı azad edərək xalqımıza qələbə sevincini bəxş edəcəyik.



Zabitə “Komandir olmaq asandırmı?” sualını ünvanladım. Leytenant A.Bəşirov sualıma cavab olaraq dedi:

"Əsgərlər yalnız fərdi tapşırıqlara görə cavabdehlik daşıyırlar. Komandir isə bütün kollektivə görə məsuliyyət daşıyır. Buna baxmayaraq şəxsi heyət öz vəzifələrini bilir və cavabdehliklərini dərindən dərk edir. İndi bölməni idarə etmək çətin deyil. Əsgərlərimiz vəzifə borclarını günü-gündən daha da dərindən öyrənir, verilən tapşırıqları vaxtında icra edirlər. Bilik və bacarıqlarını artırmaq üçün müntəzəm olaraq onlara döyüş hazırlığı dərsləri keçirilir. Ona görə də onların əksəriyyəti hərbi xidmətlərini əsgər kimi başa vurduqdan sonra könüllü olaraq yenidən ordu sıralarına qatılırlar.

Leytenant Abbasəli Bəşirov forma daşımağın qürurverici, zabitlik peşəsinin ən şərəfli peşə olduğunu da qeyd etdi. "İnsanın nəyə qadir olduğu onun işi və əməli ilə ölçülür. Bütün əməllərin zirvəsi isə Vətənin müdafiəsində dayanmaqdır. Ən yüksək vətəndaşlıq Vətənə xidmətdir. Bütün şəxsi heyətin xidmətindən razıyam. Hər kəs Vətənə şərəfli xidməti ilə qürur duyur. Nə qədər ki, ürəyimiz Vətən sevgisi ilə döyünür, başımızın üstündə üçrəngli bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü naminə canımızdan keçməyə hazırıq."



Məhəmməd Nəsirli
/"Azərbaycan Ordusu"/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI