Qadınlar üçün lazımlı kitab

15:55 26-04-2019 | icon 2021 | Ədəbiyyat
Qadınlar üçün lazımlı kitab

“Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu"

 

Martın 25-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində həkim-ginekoloq Firəngiz Rüstəmova və dərman bitkiləri ilə müalicə üzrə mütəxəssis Fuad Mahmudovun müəllifliyi ilə yazılmış  "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabının təntənəli təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri Dilarə Cəbrayılova, Sona Əliyeva, YAP Qadınlar Şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, əməkdar jurnalist Mətanət Ağamirli, Versus.Az saytının baş redaktoru Tahirə Qafarlı, politoloq Nəzakət Məmmədova, tibb üzrə fəlsəfə doktoru Gülnarə Sübhanqızı, əməkdar həkim Arzu Məhərrəmova, AGAT sədri Nərgiz Xələf, tanınmış ictimaiyyət nümayəndələri və digər media mənsubları iştirak ediblər.

 

Tədbiri Mətanət Ağamirli açıb. O, iştirakçıları salamlayıb və xanımlara təqdim olunan kitabın qadın sağlamlığı və gözəlliyi üçün vacib nəşrlərdən olduğunu vurğulayıb.

 

“Bu kitabda böyük zəhmət, böyük sevgi və ürək var”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova sağlamlığa hədəflənmiş belə bir kitabın işıq üzü görməsinə görə qadınları təbrik edib və onları ilk növbədə bir-birinə dəstək olmağa çağırıb:

 

“Biz qadınlar bir-birimizin sevincinə sevinc, uğuruna uğur qatmaq üçün toplaşmalıyıq. Bu gün bizim daha çox buna ehtiyacımız var. Çünki biz qadınlar bir-birimizə dəstək verməsək, qiymət verməsək, keçdiyimiz tarixə baxıb öyrənməsək, heç nə əldə edə bilmərik. Hər bir qadın bir işıqdır. Bu gün isə biz Firəngiz Rüstəmovanın işığına toplaşmışıq”.

 

Sədaqət Qurbanova sağlamlığın məhz təbabət üsulu ilə qorunmasından bəhs edən “Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabını yüksək qiymətləndirib. Öz sağlamlığı üçün əsasən təbii üsullarla müalicəyə önəm verdiyini deyən Sədaqət xanım, məhz ilkin xəstəliklərdən qorunmaq üçün bu kitabı ən gözəl vasitə hesab edib:

 

“Çünki indiki zamanda tibb aləmində farmokologiya biznesə çevrildiyi üçün insanlar dərmanlara şübhə ilə yanaşır. Mən dərman qəbul etmirəm. Ancaq təbii üsullarla müalicə olunaram. Sağlamlığımızı qorumaq üçün belə kitablar bizim köməyimiz olacaq. Bu kitabda böyük zəhmət, böyük sevgi və ürək var. Bu kitab insanların, xüsusilə də qadınlarımızın sağlam, gözəl olmasına hədəflənib. İnanıram ki, insanlar öz sağlamlıqlarını qorumaq üçün bu kitabdan istifadə edəcəklər”.

 

“Bu kitab xanımlar üçün bir töhfədir”

 

Millət vəkili Dilarə Cəbrayılova ictimai-siyasi, sosial sahədə özünün fəallığı ilə seçilən xanımların hər birinin öz sahəsində cəmiyyət üçün xeyirli olduğunu deyib. O, işığına toplaşdıqları kitabın çox peşəkarlıqla yazıldığını qeyd edib:

 

“Sağlamlıq ailədən, evdən başlamalıdır. Hər bir evdə təbii üsullarla müəyyən xəstəliklərin qarşısını almaq üçün istifadə edilir. Bu kitabda da xəstəliklər və onun təbii üsullarla müalicəsi haqqında geniş məlumatlar verilib. Bu kitab xanımlar üçün bir töhfədir”.

 

“Bu kitab onların da çox köməyinə gələcək”

 

Millət vəkili Sona Əliyeva günümüzdə dərmanlardan düzgün istifadə məsələsinin çox aktual olduğunu önə çəkib. O, qloballaşan dünyada sənaye və texnologiya sahəsinin inkişafının insan orqanizminə təsirlərinin əks efektini bildirib:

 

“Bəşəriyyət həmişə başladığı yerə geri dönür. Bu gün dünyada alternativ tibbə qayıdış mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrində - Koreyada, ABŞ-da, qonşu İranda alternativ tibbdən geniş şəkildə istifadə olunur. Azərbaycanda da yerli mal olaraq bitkilərdən istifadə halları artıb. Firəngiz xanımın xanımlara hesablanmış bu kitabı alqışlanmalıdır”.

 

Millət vəkili vurğulayıb ki, bəzən rayonlarda qadınlara həkimə getməyə imkan vermirlər. Bu mənada bu kitab onların da çox köməyinə gələcək:

 

"Düşünürəm ki, bu, həqiqətən praktik kitabdır. Bu gün tibb sahəsində nəzəri kitablar geniş yayılıb, amma sırf sadə insanların başa düşəcəyi dildə yazılan belə kitabların sayı çox azdır. Bitkilərin heç zaman orqanizmə mənfi təsiri yoxdur. Bu baxımdan sizin kitab dəyərlidir”.

 

Tədbirdə iştirak edən xalq təbabəti üzrə terapevt Seyfəddin Əsəd kitabın əhəmiyyətindən danışıb. O, son illər dünya ölkələrinin bir çoxunda təbii üsullarla müalicəyə böyük önəm verildiyini və bu prosesin Azərbaycanda da yüksək səviyyəyə çatdırılması üçün mühüm işlərin görülməsinin vacibliyini qeyd edib. Seyfəddin həkim, təqdim olunan kitabı varaqladığını və həmin kitabda insanlara lazım olan məsləhətlərn, reseptlərin olduğunu, düzgün və hər birinin dəqiq şəkildə qeyd olunduğunu deyib. Bildirib ki, bu kitab insanların təbii üsulla müalicəyə cəlb olunması və bu prosesin inkişaf etdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir və insanlar üçün lazımlıdır.

 

Tədbir iştirakçıları, eləcə də Firəngiz xanımın həmkarları bu kitabı MÜƏLLİFİN bir insan, qadın, ana olaraq gözəl xüsusiyyətlərinin, aydın düşüncələrinin təzahürü kimi xarakterizə ediblər. İştirakçılar məhz gözəl məqsədlər naminə yazılan bu kitaba görə Firəngiz xanıma minnətdarlıqlarını ifadə ediblər.

 

Kitabın müəllifi Firəngiz Rüstəmova tədbirə iştirak edən xanımlara və digər iştirakçılara təşəkkürünü bildirib:

 

"Qədimdən xalq təbabəti, bitkilərlə müalicə geniş yayılıb və bu müalicə metodu 21-ci əsrə qədər gəlib çatıb. Bir çox xəstəliklərin dərman bitkisi ilə müalicəsi mümkün olduğu kimi, bəzi xəstəlikləri dərman bitkiləri ilə müalicə etmək doğru deyil. Ümumdünya Səhiyyə Təşkilatı da bu müalicə üsulu haqqında məlumat paylaşır və müalicəvi xarakterli bitkiləri fitopreparat adlandırır. Kitabı yazmaqda məqsədim bu bitkilərin müalicəvi əhəmiyyəti haqqında cəmiyyəti, xüsusilə də qadınları məlumatlandırmaqdır. Bu kitab vasitəsilə xanımlarımız ginekoloji əməliyyatlardan sonra hansı bitkilərdən istifadə edilməsi lazım olduğunu öyrənəcəklər. Sağlam qadın, sağlam gələcək, xoşbəxt ailə deməkdir”.

 

Qeyd edək ki, "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" -müəllifin üçüncü kitabıdır. Firəngiz Rüstəmovanın bundan əvvəl 2018-ci ildə "Hor sivilizasiyası və onun günümüzdə izləri" və Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim" kitabı işıq üzü görüb.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol