İGİD TEYMURLU YAZIR: BU, HƏMİN 713 SAYLI HƏRBİ HİSSƏDİR Kİ...

07:50 30-04-2019 | icon 2374 | Şəhidlər və şahidlər
İGİD TEYMURLU YAZIR: BU, HƏMİN 713 SAYLI HƏRBİ HİSSƏDİR Kİ...

LAÇIN HƏSRƏTLİ RUHUMUZ VƏ CƏNNƏTDƏN XƏBƏRSİZ ÇAĞALAR

 

....Kimisinin saçları ağarmış... kimisinin saçları tökülmüş. Kimisinin bədən çəkisi artmış, kimisinin bədəni lap sısqalaşmış.. Kimisinin yaxınları “Laçın” deyə-deyə həyatla vidalaşmış, “dədə-baba yurdlarımızı azad edəndən sonra o elin, o obanın torpağından bir ovuc gətir, tök qəbrimin üstünə deyib, qoy ruhum dincəlsin” vəsiyyətini etmiş,  kimisinin də Laçın kimi bir Cənnətdən xəbərsiz olan qurd ağızlı çağaları bu dünyaya gəlmiş...

 

Beləcə zaman ötüb, dərdlərimiz də elə zamanın özü kimi qartıyıb... Biz indi qartımış dünyanın şirin nağıllarıyla səhərimizi açır, günümüzü yola veririk. Dünyanı hörümçək toru bürüyüb. Biz də Qarabağımızla bu hörümçək torunun tən ortasında...Bu torun içində həm məhvolma təhlükəsi, həm də elə bu torun içindəcə siyasi, iqtisadi, ideoloji,hərbi fəndlərlə mahir bir oyunçuya çevrilmə şansı var...Və günün birində bu nahaq dünyada “üstündən neçə illər keçib, dost olun, barışın bu reallıqla” diktəsindən doğan dəhşətlı üzləşmək qorxusu da var..

 

713 SAYLI HƏRBİ HİSSƏ VƏ GÖZ YAŞI AXIDAN QƏLƏM

 

Bu gün həm ölkənin içində, həm də dışında baş verən proseslər artıq Azərbaycan insanına çox şeyləri anladıb, insanların fizionomiyası dəyişsə də, ortalıqda dəyişməyən bir şey var - o da yurd sevgisidir. Vətənə, elə, obaya, dədə-babalarımızın uyuduğu məkana, babalarımızın bizə miras qoyub getdikləri sevgili məmləkətə olan sevgi dəyişməyib...

 

O Müqəddəs Sevgi 27 il bundan öncə birgə döyüş yoluna çıxan, “Vətən bizi yetişdirib bu ellərə yolladı” hayqırtısıyla düşmənin bağrını yaran 713 SAYLI HƏRBİ HİSSƏnin döyüşçülərinin nəhayət ki, bir yerə cəm olduqları məkanda apaydın görünməkdə idi. Bu görüşü, bu görüşdə cəm olan keçmiş döyüşçülərin baxışlarında duyulan hisləri yazmaq üçün qələm özü də göz yaşı axıdır....

 

LAÇIN BATALYONUNUN ƏSGƏR ANDI

 

Ürəyi Vətən, yurd eşqiylə döyünən Oğlanların gözündən sezilir – onların içində yatızdırılan döyüş əzmi hələ də öz yerindədir. Hələ də bu Oğlanların əlləri başqa ipə sapa yatmır. O əllər düşməni gəbərdəcək tətiklər üçün darıxır. O əllər Vətənimizin işğal altında qalan yurd yerlərindəki daşını, çınqılını sığallamaq üçün darıxır. Darıxan əllərin titrəyişi üzümüzü qusullayan göz yaşlarımızda parıldayır..Yaşarmış gözlərimizdə Şəhid qardaşlarının Kölgəsi görünür...

 

713 saylı hərbi hissənin Döyüşçüləri Şəhid qardaşlarının Ruhu qarşısında baş əyməklə onların qisaslarının düşməndən mütləq alınacağına görə ƏSGƏR ANDI içirlər...

 

 

HOÇAZ YÜKSƏKLİYİNDƏ, SARIBABADA, QIRXQIZ YAYLASINDA DOLAŞAN NİGARAN RUHLAR

 

Yurdun azadlığı uğrunda əsgər andı işdiyiniz qəzanız mübarək olsun, mənim döyüşçü qardaşlarım!

 

Sizin yaşarmış gözlərinizdə nələr yox idi!?...

O Yaşarmış Gözlərdə bizim dözümümüzü Hoçaz yüksəkliyindən, Sarıbabadan, Qırxqız yaylasından tənə vuraraq seyr edən babalarımızın Ruhu var...

 

O Yaşarmış Gözlərdə bu gün Qarabağ səması üstündə qıy vuran Kəsik Qolların, Kəsik Qıçların Harayı var...

 

O Yaşarmış Gözlərdə 8 martda kimin və necə təbrik etdiyini bilmədiyimiz əsir götürülmüş qız-gəlinlərimizin çağırışı var...

 

O Yaşarmış Gözlərdə dərdlərimizə biganə qalan demokratik dünyanı opiorfin “yağışı”na tutma qəzəbi var...

 

O Yasarmış Gözlərdə Ali Baş Komandanın əmriylə “qalx ayağa Azərbaycan!” istəyindən doğan dərhal antiterror əməliyyatına başlamaq həvəsi var...

 

Və o Yaşarmış Gözlərdə rus və erməni birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsində misilsiz xidməti olan 713 saylı hərbi hissənin əsgərlərinin bir yerə cəm olunması, cəm halında Ali Baş Komandanın əmrinə əsgər andı içmə sevdası, bu hərbi hissənin əsgərlərinə qarşı atılan addımlarda edilən yanlışların tez bir zamanda aradan qaldırılması istəyi var idi...

 

BU, HƏMİN 713 SAYLI HƏRBİ HİSSƏDİR Kİ...

 

Təsadüf, ya da düşünülmüş bir addım olsa da, 713 saylı hərbi hissənin keçmiş döyüşçülərinin “20 Yanvar abidəsi” önündə cəm olub dərdlərini bölüşmələrində də tarixin acı həqiqətləri gizlənməkdədir. Məhz 20 Yanvarda millətimiz təzədən doğuldu. 20 Yanvar ayrılıqda fərdlərin faciəsi olsa da, ancaq bütövlükdə millətin Doğum Günü idi. Rusiya imperiyasının qaniçənliyi sonradan Xocalıda 366-cı motoatıcı diviziyanın vəhşiliklərində də öz əksini tapmışdı. Sonradan Ermənistanın Rusiyanın forpostuna çevrilməsi və şimal ayısının Qarabağla bağlı min cür oyundan çıxması da heç kimə sirr deyil...

 

713 saylı  hərbi hissənin döyüşçülərinin məhz bu məkanda toplanmaları bəlkə də ruhdan gələn bir məsələ, özümüzə qayıdış idi ...Özümüzə qayıtdıq və bir anlığa düşündük ki, ey vaaah, bu, həmin 713 saylı hərbi hissədir ki...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, Laçının işğalından sonra formalaşdırılıb yurd yerlərimizi azad etməyə könüllü olaraq yollanmışdı..

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, döyüşçülərin özlərinin də dedikləri kimi “bir avtomatla düz Laçına qədər gedib çıxmışdılar”...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, Ağdərənin alınmasında birbaşa iştirak etsə də, ancaq bu konuda “adı heç bir sənəddə çəkilmir”...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, o zamankı müdafiə naziri Rəhim Qazıyev elə versus.az saytına verdiyi geniş müsahibədə guya bunların varlığından xəbərsiz olub...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, “Laçının işğalından öncə səlahiyyətləri əlindən alınan”, özünü bu yurdun fədaisi sanan Arif Paşa da bizə verdiyi müsahibədə belə bir canfədailər ordusundan xəbərsiz olduğunu bildirir...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, rəhmətlik Elçibəy hakimiyyətinin siyasi oyunbazlığının qurbanı oldu...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, AXC-Müsavat hakimiyyətinin parlament sədri, baş naziri həmin döyü.çülər haqqında guya “bilgisiz” olublar və bu da hörmətli Pənah Hüseynin yenə də “versus.az”a verdiyi müsahibədə öz əksini tapıb. Amma həmin Elçibəy hakimiyyəti, həmin baş nazir, həmin parlament sədri, həmin müdafiə naziri Leyla Yunus kimi bir ermənipərəsti MN-də analitik-informasiya mərkəzinə rəhbər qoyulmasını çox gözəl bilir və çox gözəl də dərk edirdilər. Azmı olub əsgərlərimizin adlarıyla çağırılıb güllələnməsi?..

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, səsiylə Levitanı xatırladan Şəmistan Əlizamanlı 1992-ci ildə hər gün xəbər yayırdı ki, “ordumuz filan, filan kəndi düşməndən azad edib”...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, o zamankı Cəbhə hakimiyyətinin min cür oyunundan xəbərsiz olsa da, qanı və canı bahasına torpağın azadlığı uğrunda mücadilə edib qan töküb, torpaq suvarıblar...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin monopolist və dağıdıcı düşüncəsinin qurbanı olub, hətta 701 saylı briqada komandiri rəhmətlik Zaur Rzayevin özü belə müharibə sonrası bir çox hallarda əsgərinin hayına qalmayıb, ya da qala bilməyib...

 

Bu, həmin 713 saylı hərbi hissədir ki, 701 saylı briqadanın tərkibində olub.  Hissənin komandiri rəhmətlik Süleyman Əhmədov olub. Rota komandirləri Rəhman İsgəndərov, rəhmətlik  Vaqif müəllim, Budaq Budaqov olub.

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, bütün “nədənlər”ə baxmayaraq yenə də öz keşmiş ampluasındadır. Bu hərbi hissənin əsgərləri olan keçmiş döyüşçülərin çoxu o zamankı ordu rəhbərliyində təmsil olunanların yarıtmaz fəaliyyətləri ucbatından hətta öz veteran statuslarını belə almasalar da, ancaq düşündükləri yurd yeri olub, döyüş əmrini gözləməklə hər zaman Ali Baş Komandanın yanında olduqlarını apaydın şəkildə ortaya qoyublar...

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, üstündən düz 27 il keçəndən sonra indi bir yerə cəm olub, sosial şəbəkə üzərindən “713-cü batalyon” qrupunu yaradıb, Vətən, dövlət və dövlətçiliyimiz naminə milli birliyimizin formatını ortaya qoymaq istəyir.

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, öz adıyla yaratdığı qrupun qapılarının hətta başqa hərbi hissələrdə döyüşmüş bütün keşmiş cəbhə yoldaşlarının üzünə açıq olduğunu bəyan edir. Ancaq bir şərtlə ki, qrup daxilində dövlətçiliyimizə, millətçiliyimizə zərrə qədər xələl gətirəcək bir ifadə olmamalı, “hərbi sirr” sayılan məqamlar barədə danışmamalı, heç bir siyasi qurumun maraqları istiqamətində fikirlər səsləndirməməli, döyüşçü olaraq yalnız və yalnız Ali Baş Komandanın əmrini gözləyən əsgər kimi davranmaq bütün qrup üzvlərindən tələb olunur. Qrupa nəzarət yaradılan İdarə Heyəti tərəfindən həyata keçirilir. Səsləndirilən şərtlərə əməl etməyən hər bir kəs anındaca qrup üzvlüyündən xaric olunacaq...

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, sağ qalan bütün döyüşçüləri bir yerə cəm edib əsgərlərimizə dayaq durmaq, onlarla vətənpərvərlik konusunda söhbətlər aparmaq, yetişən nəslə əsgər andının mahiyyətini anlatmağı qarşısına məqsəd qoyub...

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, hər bir əsgəri haqqında özəl informasiyaları belə toplayıb onun keçdiyi döyüş yoluna işıq salacaq, sonradan bütün bunları kitab halında tariximizi yaşatmaq üçün geniş ictimaiyyətə təqdim etməyi də qarşısına məqsəd qoyub...

 

Və bu, həmin 713 saylı hərbi hissədir ki, “biz bu və ya digər səbəblər ucbatından müəyyən döyüşləri uduzmuşuq, ancaq müharibəni yox” deyir. Keçmiş döyüşçülər bu fikirdədilər ki, müharibə bu gün də davam edir – həm siyasi sferada, həm iqtisadi sferada, həm ideoloji sferada, həm də hərbi müstəvidə. Bu baxımdan da biz bir millət olaraq hamılıqla fəaliyyətimizi hərbi rels üzərinə çıxarmalı və döyüş əmrinə hər an hazır olmalıyıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı