Siyah örpəkli ANA – QARABAĞ…
"Mənsuriyyə" harayını, "Heyratı" cağrışını gözlə ŞUŞA!..
PAKİZƏ BABAZADƏ
Nə vaxtdır ki, sonsuz kədər, intizar qarışmış məzəmmət dolu göz yaşları üzündə dərin cığırlar açmış bir ANAnın gözləri yollara dikilib, için-için ağlayır. Daha haray salmağa, fəryad qoparmağa gücü qalmayıb. Yaralı ruhundan kükrəyib coşan intiqam dolu üsyan çağrısı, onu yağı əlində qoymuş övladlarının kar olmuş qulaqlarına çatmadığına acı-acı göynəyən, ağarmış saçlarına zülmətdən siyah örpək salmış bir ANA - boynu bükük QARABAĞ...
Yağı tapdağı altında qalan sinəsindən qopan ahlar, didərgin ruhların fəryadına qarışaraq çəkilməz əsirlik yükü altında kövrək bir ümidlə yollara boylanmaqdadır... Ulularımızın qeyrət rəmzi, düşmənin əsrlər boyu əli yetmədiyinə görə "bakirə qala" adlanan şüşə qəlbli ŞUŞAmız çiliklənən qəlbində alınmamış qisasının utanc yükünü daşıyaraq, əyilmiş başını köksü üstdə ovutmaqdadır...
Yasa batıb, qara geyib ŞUŞA dağları!.. Kiçilibdir sinəsinə əl yetməyən Üçmıx zirvəsi... Gözlərindən qan-yaş tökür Bağrıqan dağı... İgidlər səngəri Topxana meşəsi... İsa bulağı... Turşsu oylağı... Xan Bağı... Xəzinə Qayası... gözəllər oylağı Qırxqız yaylağı... saymaqla bitməyir bu qəm karvanı...
"Qız qayası" gözəl qızların şən gülüşünə həsrət... Qürbətdə qalıbdır Vaqifin nazlı durnaları... Köhlən atların kişnərtisindən lərzəyə gələn "Cıdır Düzü"ndə qatır dırnaqları iz salır indi...
Lay-laysız qalıbdır musiqi beşıyimiz... Perik düşüb "Qarabağın bülbülləri".. havalanmır Xanın səsi... Şikəst düşüb "Qarabağın Şikəstəsi"... Seyidin avazı... Bülbülün səsi... Bürümür çölləri Cabbar nəfəsi...
Ruhu gəzir Xan qızının incik-incik! Yaraşırmı ağ saçına bu yaşında bu əsirlik?!. Keçəl Həmzə torundadır Üzeyirin "Koroğlu" su... Ərənlərin torpağında meydan sular "gor oğrusu"...
Vətənində qərib, yurdunda əsir ŞUŞA!.. Gecələr istisinə qızındığın xəyallardan, qəlbininın hansısa bir küncündə közərən ümiddən başqa nəyin qaldı görən? Əsirlik möhnətinə, övlad dediyin bizlərin acizliyinə dözməyib qeyrətli övladların kimi səndəmi ŞƏHİD olacaqsan ŞUŞA?!
Hər gecə xatirələr karvanına qoşulub xəyalən səni qarış-qarış gəzən, didərgin ruhlar kimi eldən-elə köcən yurddaşşlarının ümıdini qırma ŞUŞA!.. Bircə sən etibarsız cıxma! Yoxsa rahatlıq tapmayan ruhların fəryadı ərşi titrədər... soyuq komalarda, isti cadırlarda solub saralan ahılların, həzin bayatılarının odundan dodaqları qarsıyan, yaylıqlarının ucu nəmdən qurumayan ağ birçəkli nənələrin onsuz da içəri axan yaşlardan didik-didik olmuş yaralı qəlblərinin yarası bir daha sağalmaz ŞUŞA!..
Xain əllər səni yağıya versələr də, igidlərin namərd torunda hələ cırpınsalar da, öz Qisas gününü gözlə ŞUŞA!.. "Mənsuriyyə" harayını, "Heyratı" cağrışını gözlə ŞUŞA!..
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi