Türk Dünyasının əbədi, təkrarsız səs sahibi – Abdulvahit Kuzəçioğlu

22:26 28-05-2019 | icon 1177 | Cəmiyyət
Türk Dünyasının əbədi, təkrarsız səs sahibi – Abdulvahit Kuzəçioğlu

İhsan Kuzəçioğlu: “Atam deyirdi ki, mən Kərkükü, Türkmənelini tanıtmaq üçün pul qazanmağı heç vaxt ağlıma belə gətirmədim....”

 

Evlerinin önü yonca
Yonca kalkmış dam boyunca.
Boyu uzun beli ince
Ninne yavrum nine
Esmer yavrum nine
Ninne nine…

 

 

Yəqin ki, Azərbaycanda bu sətirləri Nərminə Məmmədovanın və Sinan Səidin ifasında dinləməyən və sevməyən yoxdur. Dilimizin əzbəridir desəm, yanılmaram, əslində əzbərləməyə ehtiyac da yoxdur, bir dəfə dinləmək yetər ki, ömürlük yaddaşımıza hopsun. Bu gün səhərdən bir neçə dəfə dinləmişəm, rəhmətlik Nərminə xanım yavrum yerinə yarım oxuyur. Açığını deyim ki, Azərbaycanda çoxları bu ifanı Kərkük xalq mahnısı olaraq bilir. Amma “Evlərinin önü yonca….” Kərkükün əfsanəvi səsi olan Abdulvahit Kuzəçioğlunun minlərlə bəstələrindən biridir.

 

Antalyada olduğum günlərdə qonaq getdiyim gözəl ailələrdən biri də İhsan abi və İlham ablanın evi oldu. Məqsədim onlarla reportaj hazırlamaq, Kərkükdən, Türkmənelindən, Səddam dönəmindəki və 2003-cü ildəki İraqın, türkmənlərin vəziyyətindən danışmaqdır. Nəzərə alsaq ki, İlham abla türkmənlərin aktiv, siyasətçi xanımlarından biri olub, İraqdakı ən kritik dönəmlərdə, Kərkük bombardman ediləndə belə mücadiləsindən geri addım atmayıb. 2007-ci ildən isə Antalyada yaşayırlar. İhsan abi Yurdum Türkməneli Dərnəyinin fəallarından biridir. Eyni zamanda da, Abdulvahit Kuzəçioğlunun davamçısıdır, gözəl səsi, ifaları var. TRT-dəki ifaları izləyicilər tərəfindən böyük sevgi ilə qarşılanır.

 

Əlbəttə ki, Kuzəçioğlu evinə gəlirsənsə, ilk söhbət təkcə Kərkükdə, İraqda, Şərqdə deyil, bütün dünyada tanınan əfsanə insan haqqında – Əbdulvahit Kuzəcioğlu ilə başlayacaq. Gerçəkdən bu ailəni yaxından tanıdığıma görə çox şanslıyam. Yenə də Yurdum Türkməneli Dərnəyinin başkanı Yunus abiyə məni bu qiymətli insanlarla tanış etdiyinə görə təşəkkür edirəm.

 

Beş yaşından Qurani Kərimi xətm edən uşağın səsi qarşısında heyrətdə qalırdılar

 

Abdulvahit Kuzəçioğlu mübaliğəsiz falansız Kərkükün bütün dünyadakı səsi idi. İraqdan Türkiyəyə, Böyük Britaniyaya qədər bu səsi dinləyənlər heyrətdə qalırdılar. 1924-cü ildə Kərkükdə, Çay məhəlləsində anadan olmuşdu. Kiçik yaşlarından gözəl səsi, hafizəsi, ağlı, kitablara, yazıb, oxumağa marağı ilə hər kəsin diqqətini çəkirdi, yaşıdlarından fərqlənirdi. Abdulvahit Kuzəçi Ahmet və Naciye xanımın on övladından biri və ilkləri idi.

 

Beş yaşında məsciddə Qurani Kərim dərsləri almağa başladı. Bunun yanında da türkmən hoyratlarını (laylaları), türkülərini elə avazla oxuyurdu ki, eşidən hər kəs ayaq saxlayıb, sona qədər dinləyirdi. İhsan abi deyir ki, dədəsi (atababası) Ahmet Rızanın da gözəl səsi olub:

 

“Atababam Kərkükdə uzun illər idi kuzəçiliklə məşğul olurdu. (Bizdəki dulusçuluq anlamına gəlir – A.S) Onu Kərkük və ətrafda Kuzəçi Ahmet deyə tanıyırdılar. Çox gözəl əl işləri var idi, kuzəçiliklə məşğul olarkən hoyrat və türkülər oxuyurdu. Atam da kiçik yaşlarından bu türkülərlə böyümüşdü. Kuzəçioğlu soyadımız da buradan gəlir”.

 

Yeddi yaşlı Abdulvahit Kərkük qalasında ibtidai və orta məktəbə gedir. İbtidai sinifdə oxuyarkən onun qeyri-adi səsi, istedadı musiqi müəllimi Namık Əfəndinin diqqətini çəkir. Bundan sonra Namık Əfəndinin kamanının müşayiəti ilə məktəbdə bütün türkcə marşları o səsləndirir. Dərslərində əlaçı olmaqla bərabər, məscidlərdə düzənlənən mevlid mərasimlərində də iştirak edirdi. Qurani Kərimdən surələr, dini qasidələr oxuyurdu. Eyni vaxtda da Kərkükün tanınmış məqamşünası Molla Sabirdən məqam və hoyrat üsullarını öyrənirdi. Molla Sabirin qardaşı məqamşünas Molla Taha İraqda çox böyük şöhrət sahibi idi, Abdulvahit də onun qramafon vallarını dinləyir, daha çox öyrənirdi.

 

1944-cü ildə 20 yaşında Kərkükdəki İraq Neft Şirkətində işə başlayır. Onunla eyni şirkətdə musiqini çox sevən, hətta olaraq işləyən Dayı Kadir, kamançı İlham Mərdan, səs sənətçisi və ud çalan Memet Kalayı, türkülər söyləyən Satı Körpülü çalışırdı. Birlikdə kiçik musiqi qrupu qururlar. Həmin dönəmdə Kərkük bələdiyyə başkanı Şamil Yakubinin düzənlədiyi musiqili, ədəbi toplantılarda qrup olaraq çıxış edirlər. Abdulvahit həm söz yazırdı, həm də musiqi bəstələyirdi. Səsi isə ALLAH vergisi idi.

 

Londonda BBC radiosunda Qurani Kərim oxuyan türk

 

1952-ci ildə İPC (İraqi Petrol Company) ixtisasartırma kurslarına qatılmaq üçün İngiltərəyə göndərilir. İhsan abi deyir ki, bu səfər atamın həyatında çox böyük rol oynadı:

 

“Həmin vaxt Londonda BBC radiosunun Ərəb xidmətinin müdiri Naim Basri İraqın Radio müdiri Aziz Şellaldan atamın İngiltərədə olduğunu öyrənir. O, atamı BBC radiosuna dəvət edir. Bildirir ki, onun qeyri-adi, gözəl və güclü səsi olduğunu çox eşidib və radio üçün ifasını yazdırmaq istəyir. Eyni zamanda da, bu ifaların radionun fonduna daxil ediləcəyini deyir”.

 

Londona ixtisasartırma üçün gedən Kuzəçioğlunun önündə yeni bir səhifə açılır. BBC radiosunun Ərəb və Türk xidmətləri üçün ifalarını yazdırır. BBC-nin Ərəb xidmətində Qurani Kərimdən parcalar oxuyur.  Radionun Türk xidməti üçün Kərkük hoyratları və türküləri yazdırır. Abdulvahit Kuzəçioğlunun BBC radiosunda yayınlanan ifaları qısa zaman kəsiyində ona böyük şöhrət qazandırır. İhsan Kuzəçioğlu deyir ki, həmin illərdə xalq radioya çox maraq göstərirdi, hər kəs dinləyirdi:

 

“Xüsusən Yaxın Şərqdə çox dinlənən BBC radiosunun Ərəb və Türk xidmətlərinin yayımları, İraqda, eyni zamanda türkmən toplumu arasında böyük həyəcan yaratmışdı. London radiosundan atamın ifalarını eşitmək onlar üçün böyük qürur idi”.

 

İngiltərədən döndüyündə yüzlərlə insan onu alqışlarla qarşıladı

 

Londondan qayıtdıqda onu qarşılamağa çox sayda insan gəlmişdi. Özü də onları görən də öncə təəccüblənmişdi. Amma BBC radiosundakı çıxışları, ifaları ilə nəinki İraqda, yuxarıda qeyd etdiyimiz kimi Yaxın Şərqdə qısa zamanda adından söz etdirməyi bacardı. Əslində Kuzəçioğlu İngiltərəyə gedərkən qarşısına belə bir məqsəd qoymamışdı, sadəcə, ixtisasartırma kursuna göndərilmişdi. ALLAH vergisi olan səsi ilə hər gün şöhrəti daha çox artırdı.

 

İraqın məşhur musiqiçiləri olan Cəmil və Münir Bəşir qardaşları onunla yaxın dostluq əlaqələri qurdular. Çəmil Bəşirin kamanın müşayiəti ilə səsini ifalarını lentə yazdırdı. Kuzəçioğlunun qramafon valları əl-əl gəzirdi, bütün evlərdə səslənirdi.

 

1954-cü ildə tanınmış folklorşünas, araşdırmaçı, yazar Ata Tərzibaşı ilə birlikdə Türkiyəyə səfər edir. İstanbul radiosunda Kərkük hoyrat və türkülərindən ibarət ifaları lentə yazılır. Sonrakı illərdə isə Ankara və İstanbul radiolarında yeni ifaları lentə alınır və davamlı olaraq səsləndirilir. Eyni zamanda, Erzurum, İzmir, Çukurova, Diyarbəkir və digər radiolarda da Abdulvahit Kuzəçioğlunun ifaları verilirdi və tez bir zamanda Türkiyə dinləyiciləri tərəfindən tanınmağa və sevilməyə başladı. Kərkükdə də ifalarından ibarət qramafon valları satışa çıxardı, hər gün satışların sayı artırdı. Türkiyə dinləyiciləri onun ifalarını sevirdilər, ifaları isə o qədər məşhurlaşdı ki, təkcə radiolarda deyil, Türkiyə musiqiçilərinin də repertuarına daxil edilməyə başladı. Vallarını çıxaran musiqi firmalarının sayı artırdı. Yolcu, Muhalif, Matarı, Muçula və digər hoyratları Türkiyədə heyranlıqla dinlənilirdi. Türkiyənin həmin dönəmdə məşhur sənətçiləri Nezahat Bayram, Müzaffer Akgün, Neriman Altındağ Tüfəkçi və digərləri Küzəçioğlunun türkülərini ifa etmək üçün sıraya düzülmüşdülər. Onun “çakmağı çak çıragı yandırmamışam” türküsü ötən əsrin 60-cı illərində Türkiyədə trendə çevrilmişdi, günümüzdə də sevilir.

 

Kərkükdə Qızılay Yardım dərnəyində musiqi qrupu yaradır və ayda bir dəfə xalq üçün konsert düzənləyir.

 

Bağdad radiosunun Türkməncə Bölümü Kuzəçioğlunun səsi ilə yayıma başlayır

 

İhsan Kuzəçioğlu deyir ki, 1959-cu ilin 1 fevralında Bağdad radiosunun Türkcə bölümünün açılışı oldu və yayına atamın səsi ilə başladılar:

 

“Sonra türkməncə bölümdə ifalarının sayı 150-ni ötmüşdü. Türkmən hoyratları, türküləri ilə birlikdə özünün yazdığı sözlərə də bəstələdiyi musiqilər xalq arasında çox sevilirdi. Eyni zamanda böyük türkmen şairi, fikir adamı Mehmet İzzət Hattatın da yaradıcılığına müraciət edir, şeirlərinə musiqilər bəstələyirdi”.

 

Haşiyə:

Açığını deyim ki, böyük türkmən sənətkarının oğlu İhsan abigilin evində qonaq olandan, Abdulvahit Kuzəçioğlu barədə eşitdiklərimdən sonra onun irsini daha çox araşdırmağa başladım. Əslində, uzun illərdi ki, Azərbaycanda bizim xalq mahnısı kimi tanıdığımız mahnılar var ki, bunların sözü də, bəstəsi də Abdulvahit Kuzəçioğluna aiddir. Hansı ki, o mahnıları Rəşid Behbudov, Zeynəb Xanlarova kimi məşhurlar ifa ediblər. Bu barədə ayrıca yazacağam.

 

İhsan abi deyir ki, hələ o dövrdə atası Azərbaycan musiqisini və mahnılarını da səsləndirib. Azərbaycan musiqisinə böyük sevgisi olan Kuzəçioğlu “Samovar almışam silənim yoxdur”, “Ollam boyuna qurban”, “Ay qız tovuz kimisən, nə gözəl bəzənmisən” və s. mahnıları ustalıqla ifa edib və sevdirib. Hər yerdə də bunların Azərbaycan musiqisinə məxsus olduğunu xüsusi qeyd edib.

 

Bir nüansı da qeyd edim ki, ALLAH Kuzəçioğluna elə bir səs bəxş etmişdi ki, bəzən ən böyük səhnələrdə belə əlinə mikrafon almazdı. Örnəyi İstanbul Açıq Teatrında verdiyi konsert zamanı mikrafonsuz oxumağı minlərlə izləyicini heyrətdə qoymuşdu. Alqışlar ara vermirdi.

 

İraq Petrol Şirkətindən əməkli olduqdan bir müddət sonra da oxumağa davam etdi. 1990-cı ildə 66 yaşında sənətdən ayrıldı. Amma yenə də seyriçi kimi qatıldığı konsert proqramlarında, toplantılarda onu sevənlər oxumasını xahiş edirdilər.

 

Haşiyə:

Abdulvahit Kuzəçioğlu səsi, sənəti o qədər zəngindir ki, nə qədər yazsan, araşdırsan yenə də azdır. Qeyd edim ki, onun üçün hər şeydən öndə ailəsi gəlirdi. Hər zaman ona dəstək olan, güc aldığı ailəsi. Kuzəçioğlu 1945-ci ildə Kərkükün Yuxarı Zeve məhlləsində yaşayan Ali Osmanın qızı Behice xanımla ailə qurmuşdu. Onların bu evlilikdən on bir övladı olub. Beşi oğlan, altısı qız olan övladlarından biri – Perihan uşaq olarkən dünyasını dəyişir. Sonra dünyaya gələn qızlarına onun adını verirlər. Hazırda atasının yolunu davam etdirən Mehmet Kuzəçioğlu Kərkükdə yaşayır. İhsan abi də səs sənəti ilə məşğuldur, ifaları atasını xatırladır. Hər ikisinin TRT-də, konsert proqramlarındakı ifaları alqışlarla qarşılanır, günümüzdə İraq Türkmən musiqisini Türk Dünyasında layiqincə təmsil edirlər.

 

“Kərkükü, Türkmənelini tanıtmaq üçün pul qazanmağı heç vaxt ağlıma belə gətirmədim”

 

İhsan abi deyir ki, atası mindən artıq mahnının müəllifidir, onların çoxunun da söz yazarı özüdür. Eyni zamanda, Türkiyədə 150-dən artıq qramafon valları çıxıb, BBC, İraq, Türkiyə radiolarının fondunda ifaları saxlanılır. Türkiyənin ən məşhur müğənniləri onun ifalarına müraciət ediblər:

 

“Bütün bunlara baxmayaraq, bu illərdə bir qəpik belə pul almayıb. Hətta atama bu barədə çoxları deyirdi. Bir dəfə mən də dedim, gülümsəyərək üzümə baxdı. Cavabı indiki kimi yadımdadır. Dedi ki, oglum mən Kərkükü, Türkmənelini tanıdmaq üçün pul qazanmagı heç vaxt aglıma belə gətirməmişəm”.

 

İraq Türkmən musiqisini bütün dünyaya tanıdan, bənzərsiz səsə, istedada sahib olan təkcə 20-ci əsrin deyil, bütün dövrlərin məşhur ismi olan Kuzəçioğlunun adı bu gün də İraqda, Kərkükdə, Türkmənelində böyük sayğı və sevgi ilə anılır. Yaradıcılığına, ifalarına maraq hər gün daha çox artır, sevilir.

 

Söhbət zamanı İhsan abi atasının əsasını gətiri. Deyir ki, son illər bu əsa ilə gəzirdi. İndi yadigar olaraq saxlayırıq.

 

Abdulvahit Kuzəçioğlu 2007-ci ildə 83 yaşında dünyasını dəyişib. Canından çox sevdiyi Kərkükdə dəfn olunub.

 

Bu yazını hazırlayarkən Abdulvahit Kuzəçioğlunun 30-dan çox ifasını dinləyirəm, bəzilərini təkrar-təkrar. Sözün əsl mənasında bu səsin sehrinə düşməmək, mənəvi qida almamaq mümkün deyil. Bir daha əmin oluram ki, Abdulvahit Kuzəçioğlu ALLAHIN Türkmən toplumuna, Türk Dünyasına bəxş etdiyi əbədi, təkrarsız bir səsdir.

 

Ağanisə Sultanova
/Antalya, Türkiyə/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin