Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

13:00 24-06-2019 | icon 658 | Cəmiyyət
Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

Yüksəl Mehmet İzzət: “Atam Səddamın partiyasına üzvü olmadığına görə bizi “xalq düşməni” elan etmişdilər”

 

IV yazı

 

(əvvəli ötən sayımızda)

 

Ötən yazıda qeyd etdiyim kimi Mehmet İzzət Həttatın böyük qızı Yüksəlin məktəbdən evə qayıdarkən maşınla vurulmasına cəhd edilməsi əslində ailəyə və həbsdə olan ataya xəbərdarlıq idi. Çünki Səddam rejimi görürdü ki, həbsdə işgəncələrə məruz qalmasına, mal varlıqlarına əl qoyulmasına, ailəyə edilən basqılara baxmayaraq, Mehmet İzzət ideyalarından əl çəkmir.

 

Həmin vaxt onun susdurulması türkmənlərin susması anlamına gəlirdi. Bu isə mümkün deyildi. Yüksəl xanımın dediklərindən:

 

“Avtomobil olayı baş verəndən sonra Səddam rejimi düşünürdü ki, atam belə demək mümkünsə təslim olacaq. Çünki, artıq övladının həyatı təhlükədə idi. Amma bu nə məni, nə də atamı qorxudurdu. Düzdü, anam, qohumlarımız çox narahat idi. Anam deyirdi ki, yol gedəndə, evə gələndə ehtiyatlı ol, bu hadisə yenidən təkrarlana bilər. Mən ona ürək-dirək verirdim. Atam da hadisədən xəbərdar idi və yanına gedəndə bu barədə söhbət etmişdik. Avtomobil hadisəsi atamı da, məni də daha mübariz etmişdi. Əvvəllər oldugu kimi yenə də arxamızca adamlar gəlirdi, qeyd etdiyim kimi müxtəlif variantlara əl atırdılar və bunlar hamısı atamı tutdugu yoldan çəkindirmək üçün edilirdi. Mən artıq liseydə oxuyurdum. Təbi ki, bir liseylinin ən böyük arzusu universitet tələbəsi olmaq idi. Bu həm mənim, həm də atamın, ailəmin arzusu idi. Liseydə məni “xalq düşməni”nin qızı kimi tanıdmışdılar. Dediyim kimi, atam BAAS partiyasının üzvü deyildi, ümumiyyətlə, ailəmizdə, qohumlarımızda da heç kim Səddamın partiyasına xidmət etmirdi. BAAS – dan olan bir türkmən liseyli qızı öyrədilmişdi, tez – tez mənə söz atırdı, “xalq düşməni”nin qızı kimi qələmə verməyə çalışırdı. Bütün bunlar mənə təsir etmirdi, əksinə atamla, ailəmlə qürur duyurdum. Ona başa salmaga çalışırdım ki, vaxt gələcək sən dərk edəndə geç olacaq, hərəkətlərindən, türkçülükdən utanacaqsan. Sonu da elə oldu. Universitetə imtahan versəm də, qəbul olunanlar siyahısında adım çıxmadı. Gözlənilən olsa da, yenə də üzüldüm, amma öncədən də bilirdik ki, Səddam rejimi mənim universitetə qəbul olmamı qadagan edib...”.

 

Gənc Yüksəl universitet arzularının qarşısına sədd çəkilməsinə üzülsə də, ən böyük üzüntüsü özündən yaşça kiçik olan bacı-qardaşlarının məktəbdə yaşadıqları idi. Qardaşı Barbaros geçə məktəbində oxuyub, gündüzlər işləsə də, həm məktəbdə, həm də işlədiyi yerdə təzyiqlərlə qarşılaşırdı. Bütün bunlar ailəyə tapşırıg əsasında edilən basqıların bir hissəsi idi. Barbarosun yaşı kiçik olsa da, işləməyə məcbur idi. Mustafa Kamal orta məktəbin üçüncü sinfində oxuyurdu, liseyə getmək, sonra ali məktəbə qəbul olunmaq onun da ən böyük arzusu idi. Amma imkan vermədilər. Atası həbsdə olsa da, yenə də basqı məqsədilə onu polisə aparmaq, sorğu-sual etmək istəyirdilər. Belə vaxtlarda Yüksəl heç nədən çəkinməyərək, gələn adamların qarşısını kəsir və deyirdi ki, artıq atamı günhsız yerə həbs etdiniz, bütün düzənimizi pozdunuz, mal varlıgımıza əl qoydunuz, indi nə istəyirsiniz? Mustafa Kamal uşaqdır, onu aparıb, sorğu-sual etməkdə nə məqsədiniz var, indi nə istəyirsiniz?

 

Cüneyt 3-cü sinifdə oxuyanda güləş üzrə keçirilən çempionatda birinci yeri tutmuşdu, artıq milli güləşçi idi və beynalxalq yarışlarda iştirak etməliydi. Geçə - gündüz hazırlaşırdı, güləşlə nəfəs alırdı. Amma onun yarışlarda iştirakına qadaga qoyulur və güləş yıgmasından uzaqlaşdırılır. Bu hadisə Cüneytə çox təsir edir, uzun müddət özünə gələ bilmir.

 

Yüksəl abla deyir ki, Zümrüdlə, Yurdum balaca idilər. Aglayırdılar ki, bizim atamız yoxdur. Məktəbə də qəbul etmirdilər. Yurdum neçə dəfə ogurlamaq istəmişdilər.

 

Əslində Mehmet İzzət Həttatın, onun ailəsinin başına gətirilənlər Səddam rejiminin bütövlükdə türkmənlərə olan nifrəti idi və bütün türkmən toplumunu əhatə edirdi.

 

Səddam türkmən qızları ilə evlənən ərəblərə ev, maşın, qızıl, pul bagışlayırdı, səbəbi isə...

 

Səddamın bütün cəhdləri İraqda türkmənlərin sıxışdırılmasına, onların millət kimi yox olmasına hesablanmışdı. Yüksəl abla deyir ki, rejimin yazılmamış, amma türkmənlərə yönəlik qanunu vardı:

 

“Səddam göstəriş vermişdi ki, türkmən qızları ilə evlənən ərəblərə ev, maşın, qızıl, pul, bahalı əşyalar hədiyyə edilsin. Birincisi, türkmənlər ölkənin ən mədəni, savadlı, öz dəyərlərinə, adət-ənənələrinə baglı olan toplumu idi. İkincisi, Səddam planının əsası ondan ibarət idi ki, ərəblərlə evlənən türkmən qızlarının dünyaya gətirdikləri övladları evdə, ailədə ərəb dilində danışacaqlar, o mühitdə böyüyəcəklər, tərbiyə alacaqlar və getdikcə ərəbləşmə prosesi başlayacaq. Bir yandan milliyyətçiləri, türkçüləri həbs edib zindanlara salır, edam etdirir, həbsdən çıxanlar da xəstəliklər nəticəsində bir müddət sonra ya ölürdülər, ya şikəst qalırdılar, bir tərəfdən də türkmənlərin bu torpaqlarda nəslini kəsmək üçün ərəblərlə evləndirirdi, daha dogrusu, məcbur edilirdilər. Təbii ki, Kərkükdə, digər bölgələrdə ailələr buna qarşı çıxırdılar, etirazlarını bildirirdilər. Amma Səddama qarşı çıxmagın sonu bəlli idi. Mənim anam evdar qadın olsa da, dünyagörüşü geniş idi. Atam kimi o da həmişə deyirdi ki, biz nəinki, ərəbə, Səddamın partiyasının üzvü olan türkmənə belə qız vermərik. Yadımdadır, bir qonşumuz vardı, bacım Zümrüdə elçi gəlmişdilər. O vaxt atam da, anam da dedi ki, çox böyük səhv etmisiniz bizim qızlarımız yalnız milliyyətçi, türkçü biri ilə ailə qura bilərlər, sənin oglun isə BAAS partiyasının üzvüdür. BAAS – n üzvü olmaq o demək idi ki, Səddam rejiminin bütün tapşırıqlarnı sorgu – sualsız yerinə yetirir. Həmin rejim isə yuxarıda qeyd etdiyim kimi İraqın türk varlıgına nifrət edirdi”.

 

Ölüm hökmünə məhkum edilən ərəblərin yerinə həbsdə olan türkmənləri edam edirdilər

 

Ötən yazılarımda da qeyd etmişdim, uşaqlıqdan İraqda türkmənlərin yaşadıqlarını bilirdim, daha dogrusu, doqquz yaşımdan. Rəhmətlik babam onlar barədə o qədər danışmışdı ki, böyüdükcə düşünürdüm, jurnalist olanda mütləq İraqa səfər edəcəyəm, türkmən qardaşlarımızla görüşəcəyəm. Böyüdüm, BDU – nun jurnalistika fkültəsini bitirdim, jurnalist oldum, üç dəfə İraqa səfər etdim. Təəssüf ki, heç birində Kərkükə gedə bilmədim. O zaman bilirdim, Səddam rejimi azərbaycanlıların, xüsusən də jurnalistlərin Kərkük, Türkmənelinə səfər etmələrinə icazə vermir. Yadımdadır, 2000 – ci illərdə Səddamın milliyyətcə türkmən olan müşaviri vardı, adı Abdüllətif Bəndəroglu idi. Özünü şair, folklorşünas kimi təqdim etmişdi. İraqa bütün səfərlərimizdə bizi müşaiyət edirdi. Ondan neçə dəfə xahiş etmişdim Kərkükə getməyi. Bagdadla Kərkük arasında məsafə çoxlugunu, havaların çox isti oldugunu (sentyabrda İraqda 50 dərəcədən artıq isti olur), səfər proqramında Kərkükün nəzərdə tutulmadıgını və s. sözlər deyirdi. Əlbəttə, butün bunların söz oldugunu, əslində, siyasi məna daşıdıgını yaxşı bilirdim. Amma açıgını deyim ki, Səddamın, Səddam rejiminin türkmənlərə düşmən oldugunu, onlara qarşı soyqırım həyata keçirdiyini bilmirdim....

 

Yüksəl abla Əbu – Qreyb zindanında türkmənlərin başına gətirilən zülmlərdən danışır. Bagdad da və Kərkükdə səfərdə olarkən türkmən qardaşlarımız, Səddam soyqırımının qurbanı olan ailələrin övladları, yaxınları bu barədə danışmışdılar. Yüksəl abla da deyir ki, çox vaxt ölüm hökmünə məhkum edilən ərəblərin yerinə həbsdə olan türkmənləri edam edirdilər:

 

“Səddamın türkmənlərə nifrətinin həddi yox idi. Ordusunda, ya başqa sahədə xidmət edən hansısa ərəbi həbs edirdilər və ölüm hökmünə məhkum edilirdi. Bəzən onların yerinə türkmənləri edam edirdilər. Kənardan baxanda sual oluna bilər ki, bu necə baş verə bilər? Edama məhkum etdiyi ərəb barədə sonradan fikrini dəyişirdi, onu başqa ad, soyadla ölkədən çıxarırdılar, yerinə isə həbsdə olan türkmənləri edam edirdilər. Çünki çox vaxt edam olunan türkmənlərin cəsədləri ailələrinə verilmirdi, edam olundugunu da gizlədirdilər. Elə türkmənlər var ki, bu günə qədər dogmalarından, yaxınlarından xəbər ala bilmirlər. Vəziyyət o həddə idi ki,bəzən insanlar edamdan sonra cəsədin ailəsinə verilməsi, dəfn etmələri üçün dua edirdilər...”.

 

Bütün zülmlərə, işgəncələrə baxmayaraq öz yolundan döndərə bilmədikləri türkmən xalqının böyük oglu Mehmet İzzət Həttatı Əbu – Qreyb həbsxanasında zəhərləyirlər.... Bu barədə növbəti yazımda.

 

Ağanisə Sultan
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”