“Bu gün Türkiyənin hədəfi nüvə enerjisidir"

00:03 03-07-2019 | icon 425 | Dünya
“Bu gün Türkiyənin hədəfi nüvə enerjisidir"

Hazırda Dünyada yalnız 9 ölkənin sahib olduğu nüvə silahı hələ də dövlətlərin əsas güc simvollarından biri hesab olunur. Bir çox ölkələr məhz buna görə nüvə silahına malik olmağa çalışır. Hesab olunur ki, nüvə silahı həm də təhlükəsizlik təminatıdır.

 

Qeyd edək ki, hazırda ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa kimi ölkələrlə yanaşı, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin də nüvə silahı var. İranın nüvə fəaliyyətləri məhz İslam Respublikasının kütləvi qırğın silahı əldə edə biləcəyi təhlükəsi səbəbindən ciddi beynəlxalq təzyiqlərə məruz qalır. Mediada zaman-zaman yer alan məlumatlarda İranla yanaşı bir çox başqa ölkələrin də nüvə silahı əldə etməyə çalışdığı qeyd olunur.

Maraqlıdır, bəs NATO-nun 2-ci ordusuna sahib Türkiyə nədən nüvə silahı əldə etmək istəmir?
Qeyd edək ki, 2019-cu ilin beynəlxalq reytinq sıralamalarına görə, Türkiyə ordusu dünyanın ən güclü orduları sırasında 7-cidir. Ancaq 1952-ci ildən NATO üzvü olan Türkiyənin nüvə silahı yoxdur. Daha doğrusu, Türkiyədə nüvə silahı olsa da, bu silahlar ABŞ-a məxsusdur. Ötən əsrin 60-cı illərində Karib böhranı zamanı məlum olmuşdu ki, ABŞ SSRİ-yə qarşı istifadə etmək məqsədi ilə Türkiyə ərazisində “Yupiter” raketləri və nüvə başlıqları yerləşdirib. Hətta bir neçə il əvvəl yerli media Türkiyədə hələ də 60-70 arası nüvə başlığının olması barədə xəbər yaydı. Ancaq bu silahlar Türkiyəyə deyil, ABŞ-a məxsusdur.

Yeri gəlmişkən, bir neçə il əvvəl Rusiya və Türkiyə arasında nüvə sahəsində əməkdaşlıq anlaşması əldə olunub və anlaşmaya əsasən Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” nüvə mərkəzi inşa edəcək. Ancaq bu, daha çox dinc məqsədli nüvə enerjisi əldə etmək məqsədlidir. Çünki mütəxəssislərə görə, nüvə silahı əldə etmək üçün daha böyük texniki infrastruktur, yüksək texnologiya və imkanlar lazımdır. Əlbəttə, Türkiyənin bunları təmin etmək üçün imkanları var. Ancaq təbii ki, bunun üçün həm də beynəlxalq razılaşma olmalıdır. Türkiyə beynəlxalq birliyin aktiv üzvlərindən olduğu üçün nüvə silahı üçün beynəlxalq aləmlə əlaqələrini kəsməsi və ya qarşı gəlməsi real deyil.

Bundan başqa nüvə silahı əldə edən ölkənin həm də onu hədəfə çatdırmaq üçün ballistik raketlərə ehtiyacı var. Türkiyənin isə hazırda belə bir silahları və ya istehsal texnologiyası yoxdur. Yəni bu gündən başlasa belə, hətta uzun zaman tələb edə bilər.

Hazırda dünyada nüvə silahı istehsal etmək hüququ 5 dövlətə məxsusdur. Bunlar BMT TŞ-nin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyadır. Eyni zamanda, “Nüvə Silahlarının Yayılmasına Qarşı Anlaşmaya” əsasən ilk dəfə nüvə sınağını 1967-ci il yanvarın 1-dən əvvəl keçirmiş ölkələrin nüvə silahına malik olmaq haqqına sahibdir. Maraqlıdır ki, nüvə silahına sahib olan digər 4 ölkə bu anlaşmanı imzalamayıb. İsrail, Hindistan və Pakistan bu anlaşmaya imza atmayıb, Şimali Koreya isə 1985-ci ildə imzaladığı anlaşmadan 2003-cü ildə çəkilib. 3 il sonra, 2006-cı ildə ilk nüvə sınağını keçirən Şimali Koreya nüvə silahına sahib olduğunu açıqlayıb.

Türkiyədə Karib böhranı zamanı ABŞ tərəfindən Türkiyə ərazisində, konkret olaraq Adana vilayətində yerləşən “İncirlik” hərbi-hava bazasında “Yupiter” ballistik raketləri və 50-90 ədəd arasında B61 tipli nüvə bombasının yerləşdirildiyi bildirilir. 2017-ci ildə açıqlanan rəqəmlərə əsasən hazırda dünyanın 14 ölkəsində 107 fərqli ərazidə 15 minə yaxın nüvə başlığı mövcuddur. Bu başlıqların təxminən yarıya qədəri aktiv, istifadəyə hazır olanlardır. Təkcə ABŞ-ın dünyanın 5 ölkəsində 6 fərqli nöqtədə nüvə silahları var. Belçika, Almaniya, Hollandiya, İtaliya və Türkiyədə ümumilikdə ABŞ-a məxsus 150 nüvə başlığı var. Bunlardan ən azı, 50-si Türkiyədədir. Hesablamalara əsasən Rusiyada 7000, ABŞ-da 6800, Fransada 300, Çində 260, İngiltərədə 215, Pakistanda 130, Hindistanda 120, İsraildə 80 və Şimali Koreyada 10 ədəd nüvə başlığı mövcuddur.

 

Versus.Az xəbər verir ki, politoloq, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay bildirib ki, Türkiyə son 55 ildə nüvə sisteminə sahib olmaq istəsə də, Ankaranın NATO müttəfiqi ABŞ buna mane olub. Ən son olaraq Ankaranın Rusiya ilə “Akkuyu” Nüvə Stansiyasının tikintisi ilə bağlı anlaşdığını xatırladan Oktayın sözlərinə görə, hazırda 150 türkiyəli tələbə Sankt-Peterburqda nüvə enerjisi mühəndisliyi üzrə təhsil alır: “Bu gün Türkiyənin hədəfi nüvə enerjisidir. Çünki Türkiyədə istehsalın genişlənməsi enerji məsrəflərinin azalmasından keçir. Bu səbəbdən də nüvə enerjisinin əldə olunması Türkiyədə iqtisadiyyatı canlandıracaq”.

Türkiyənin nüvə əldə etməsi ilə bağlı prosesdən danışan H.Oktayın sözlərinə görə, ABŞ administrasiyası Türkiyənin nüvə enerjisi əldə etməsinə açıq şəkildə etiraz etməsə də, buna mane olub: “Bundan sonra Türkiyə hakimiyyəti alternativ mənbələrə müraciət etdi. Cənubi Koreya ilə nüvə stansiyasının tikilməsi ilə bağlı razılaşma əldə olundu, ancaq koreyalılar texnologiyanın verilməsi prosesini yubatdılar. Bununla da proses ləngidi. Daha sonra isə Rusiya ilə Mersində Akkuyu stansiyasının tikilməsi anlaşması imzalandı. Bu layihənin reallaşması Türkiyə sənayesi, iqtisadiyyatı üçün böyük dəstək olacaq. Məhz Akkuyu layihəsindən sonra Türkiyənin bu stansiyanı qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyacı yarandı və bu məqsədlə S-400 zenit qurğuları alındı. S-400 sistemləri məhz nüvə stansiyasını və Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün alınır. Çünki bilindiyi kimi, indi Aralıq dənizində yeni enerji ehtiyatlarının tapılması ilə bölgədə gərginlik yüksəlib. Bu mərhələdə Türkiyə üçün güclü hava hücumundan müdafiə sistemləri lazımdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin