“İsveçdə aparılan işlər qaneedici deyil - yanlışlıqlar çoxdur"

21:06 08-07-2019 | icon 533 | Cəmiyyət
“İsveçdə aparılan işlər qaneedici deyil - yanlışlıqlar çoxdur"

Eluca Atalı: “Diaspora ilə bağlı bütün tədbirlərdə ön sırada oturan və nitq söyləyən bu fəal mənə dedi ki, Qarabağ haqda danışmağa dəyməz, çünki...”

 

Diaspora - bir toplumun aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafədə yaşaması durumu kimi ifadə olunur. Diaspora sözü yunan dilində "səpələmək "sözündün formalaşmışdır. Bu gün dünyaya səpələnən vətəndaşlarımızın öz torpağının və millətinin mədəniyyətini düzgün təbliğ etməsi, öz haqq səsini dünyaya çatdırması üçün bir-birinə dəstək göstərməsi, bir-birinin dərdlərinə şərik çıxıb, uğurlarına sevinməsi şərti ilə birgə, nizamlı fəaliyyət göstərmələri müasir dünyanın əsas tələbidir. Qlobal dünya nə qədər çalxalansa da, gərginliyi ilə diqqət çəksə də, onu idarə edən insandır və qarşılıqlı əlaqələr, əməkdaşlıqlar problemlərin həllini asanlaşdırır. Bu gün Azərbaycan torpaqlarının işğala məruz qoyulduğu və beynəlxalq aləmin məsələyə hələ də laqeyd yanaşdığı bir dövrdə dünyaya səpələnmiş azərbaycanlıların – diasporaların daha sıx birləşib, Azərbaycan həqiqətlərini dünyaya çatdırmasına daha çox ehtiyac var.

 

Versus.Az “Üç nöqtə”yə istinadən İsveçdə yaşayan yazıçı həmyerlimiz Eluca Atalının İsveçdə Azərbaycan diasporalarının hansı şərtlərlə formalaşması və hansı promlemlərlə üzləşmələri ilə bağlı müsahibəsini təqdim edir.

 

“Diasporada qeyrətli, cəfakeş insanlar çoxdur, amma…”

 

 - Eluca xanım, bu gün Azərbaycan diasporaları və onların ölkə naminə görə biləcəyi işləri necə dəyərləndirirsiniz?

 

- Əvvala deyim ki, məndən ötrü diaspora işində balaca, böyük əməl yoxdur. Əsas olan işi ürəklə, inanıb etməkdir və hədəfə vurmaq lazımdır. Sözümə qüvvət üçün bir hadisəni deyəcəm: yoldaşım dedi ki, İsveçdəki diaspora fəallarımızdan biri və həm də uzun illərdir təşkilat rəhbəri olan bir adam mənlə danışmaq istəyir. Nəhayət danışdıq, istəyi çox sadə idi, dövrün hakiminin ünvanına tərif dolu bir məktub göndərmək gərək idi və həm də çox vacib imiş ki, bunu İsveçdəki diaspora adından edək. Tam əminəm ki, bu hakimə lazım deyildi və inanmadığım bir yolu getmədiyim kimi, inanmadığım əməli də etməyin əleyhinəyəm. Kimisə boğazdan yuxarı tərifləməkdənsə, millətin təfəkkürünü artıracaq bir məsələ ətrafında bir cümləlik düşünməyi üstün tuturam. Çünki insan o işin dalınca getməlidir ki, sabah üçün bir əməl, nişanə qoya biləcək. Gəl ki, millətin ziyalısı ola. Onun borcu layiq olmayana tərif yağdırmaq deyil, onun borcu doğrunu görüb həqiqəti deməkdir. Sözün qısası, diaspora ilə bağlı bütün tədbirlərdə ön sırada oturan və nitq söyləyən bu fəal mənə dedi ki, Qarabağ haqda danışmağa dəyməz, çünki... onun taleyi həll olunub... Onun dediyi o mənfi və mənfur dəyərləndirməni dilimə gətirməyi belə özümə sığışdıra bilmirəm. Onun dediyini bəlkə də sıradan biri deyə bilərdi, amma diaspora rəhbərinin bu düşüncədə olması tutduğu yola saxtakarlıqdır.

 

Yoldaşıma dedim ki, bir erməni zəng edib desə mənimlə danışmaq istəyir telefonu mənə verərsən, amma, bu adam bir də mənimlə danışmaq istəsə, qəti mənə telefon vermə.

Onun dediklərini ermənilər mənə dəfələrlə deyiblər, onlarla döyüşmüşəm, axıra qədər dirənmişəm. Amma öz millətimdən olanın erməni kimi düşünməsi məni sarsıdır...

 

Niyə bunu sizə deyirəm? Bilməlisiniz ki, bizim diasporamızın içindəkilər hamısı saf deyil, çoxusu reklam olunmaq, orden almaq (yeri gəlmişkən, haqqında bəhs etdiyim adam da diaspora fəalı kimi ordenə layiq görülüb), yalmanmaq, yaltaqlanmaq üçün ortada vardılar. Amma bu hamıya aid deyil, diasporada qeyrətli, cəfakeş insanlar çoxdur. Bizdə diaspora ilə bağlı yanlışlıqlar çoxdur. İlk növbədə, çoxları öz ölkəsindən əmr gözləyirlər. Əslində diaspora nümayəndəsi yaşadığı ölkədən öz ölkəsinə mesaj verməli, vətəni, yurdu ilə bağlı yaşadığı ölkədə nə kimi işlər görə biləcəyini səfərbər etməlidir. Təəssüf, diasporada buyruq qulları çoxdur və əmrə müntəzirdilər.

 

- Azərbaycan torpaqlarının sepatçı Ermənistan tərəfindən işğal olunması faktının bir çox hallarda dünya ictimaiyyəti tərəfindən yetərincə məlumatlı olmaması diasporalarımızın fəaliyyətinin düzgün qurulmaması ilə əlaqələndirilir. Sizcə, bu prosesdə diasporaların rolu hansı səviyyədə ölçülməlidir?

 

- Burda iki məsələ var: birinci, ermənilərin tarix boyu vətənləri olmayıb, ona görə də onlar dünyaya səpələniblər. Biz isə türk olaraq daim dövlətimiz olub, siyasi istedadımız imkan verib ki, dövlət quraq və idarə edək. Bizimkilər son bir əsrdə yurdumuzda olan inqilab və hakimiyyət dəyişikliyi ilə bağlı başqa ölkələrə köçməyə başlayıblar. Ermənilər fitrətən sərmayəçidirlər, momministdirlər - pulpərəst. Səpildikləri yerlərdə dövlət, partiya orqanlarına girib, yüksək mövqey tutub, sərmayə yatırmağı bacarırlar. Eyni zamanda onlar uzun müddət təbliğat işinə sərmayə qoyublar, mətbu, çap məhsulları, filmlər çəkdiriblər. Biz bunu bilə-bilə belə təbliğat məsələsinə qədərincə pul qoymuruq. Kütlənin dərk edəcəyi səviyyədə kitabların yazılması, yəni, bədii-publisistik əsərlərin yazılıb yayılması, bədii və sənədli filmlərin çəkilib yayılması vacibdir.

 

- Sizcə diasporaların dünyada öz işini uğurla aparması üçün birinci növbədə tələb olunan əsas şərt nədir və əsas etibarilə nələrə riayət olunmalıdır?

 

- Yurd sevgisi, vətənpərvərlik içdən gəlməlidir, kimə görəsə, nəyin xatirinəsə vətənə xidmət olmamalıdır. Diaspora öz işinin öhdəsindən gəlmək üçün ilk növbədə ölçü Vətən olmalıdır, təbliğatın müasir formalarına sahib olmaq lazımdır.

 

 

“Diasporada qeyrətli, cəfakeş insanlar çoxdur”

 

 

- Qarabağ məsələsi isveçdə necə təbliğ olunur. Bir yazar olaraq necə düşünürsünüz, Qarabağla bağlı yazılan kitablar və bu kitablar üzərindən işğalçı dövlətin ifşa olunması istiqamətində aparılan işlər nə dərəcədə yetərlidir?

 

- İlk növbədə deyim ki, İsveçdə bu yöndə aparılan işlər qaneedici deyil. Necə deyərlər: "Uzaqdan baxana döyüş meydanı asan görünər." Bizim türk olmağımız İsveç cəmiyyətində bizə qarşı bir önyarğı yaradıb, ermənilərin burda uzun müddətli yaşamaları və sözdə qondarma erməni soyqırımı kimi beyinlərə yeridilmiş zəhərli informasiyanı alt-üst edə bilmirik. Keçirtdiyimiz tədbirlərə belə isveçliləri cəlb etmək zor iş olub.

 

- Məlum olduğu kimi Qarabağ münaqişəsinin həlli missiyasını həyata keçirən həmsədr dövlət ABŞ-ın təklifi ilə Azərbaycan xarici işlər naziri Vaşinqtonda erməni həmkarı ilə görüş keçirdi. Sizcə ABŞ- a qədər gedib çıxan problemimizə dünyanın baxışında nə var?

 

- ABŞ-a qədər uzanan problemimizdə bizdən savayı kimsə yurdumuzun dərdin çəkmir. Hər kəs bu münaqişədə özünə pay istəyir. Baxın, Qarabağ problemini bizə yaradan ölkələr MİNSK qrupunun üzvüləridirlər. Eləcə də Amerika, biz onun səmimiyyətinə nə dərəcədə inana bilərik. Amerika və digər münaqişədə yardımçı kimi görünənlər, əslində hamısı regionda sakitlik istəyirlər xam malımızı problemsiz mənimsəmək üçün. Özümüzdən savayı kimsədə çıxış yolu yoxdur. Asif Ata Qarabağ probleminin həllində 3 məsələ, çıxış yolu göstərir: güclü siyasi mövqeyə malik olma, fiziki baxımdan sayca böyük olma, burda 50 milyonluq o taylı-bu taylı Bütöv Azərbaycan nəzərdə tutulur. Üçüncü, iqtisadi gücümüz olmalıdır.

 

- Diasporalarımızdan Qarabağ məsələsində hansı addımların atılmasını gözləməliyik?

 

- Diaspora nümayəndələrinin yaşadıqları ölkələrdəki partiya, təşkilat və parlamentə öz təbliqat vasitələri ilə təsir etmələri vacibdir. Yuxarıda dediyim kimi əsasən də kütləvi informasiya vasitələrinə. T.Qafarlı

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin