Əli Əliyev: “Bu debatların bircə müsbət tərəfi o oldu ki...”

16:29 24-03-2018 | icon 837 | Siyasət
Əli Əliyev: “Bu debatların bircə müsbət tərəfi o oldu ki...”

“Dünən satılıb, bu gün özünü təmizə çıxaran adamlar heç də...”

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Versus.az-a müsahibəsi.

 

- Əli bəy, hazırda namizədlərin təşviqat prosesi davam edir. Seçki prosesində iştirak edən, namizədliyi qeydə alınmayan partiya sədri olaraq növbəti addımlarınız nə olacaq?

 

- Sonrakı addımlarımızı müzakirə edəcəyik. İlk növbədə MSK-nın haqqımızda çıxardığı yanlış qərarın hansı siyasi nəticələr doğurması, eləcə də seçkilərə münasibət və ölkədə gedən proseslərlə bağlı qərarımız olacaq. Bu üç məsələyə aydınlıq gətirilmədən nəsə söyləmək çətindir.  Yəqin ki, bayramdan sonra hüququ müstəvidə prosedurları  başladacağıq. Böyük ehtimalla seçkilərin qeyri-legitim olması barədə qərarın üzərində dayanacağıq. Bunu 2013-cü ildə də etmişdik. Eləcə də digər siyasi qüvvələrlə birlikdə mövcud siyasi situasiyaya aydınlıq gətirilməlidir. Çünki hakimiyyətdə siyasi qərar qəbul edən tərəf hələlik hegemonluq edir və yalnız özlərinin nəzarət etdiyi, regional baxımdan yaxın olduğu şəxsləri önə çəkməkdə davam edirlər.

 

- Seçkidə 8 namizəd iştirak edir və proses rəvan şəkildə gedir. Sizin qeyri-legitimliklə bağlı qərarınız partiyanıza, ictimaiyyətə nə verəcək?

 

- Söhbət bunun bizə nə verəcəyindən yox, ölkədə gedən seçki prosesindəki qanun pozuntularına və hakimiyyətin  müdaxiləsinə qiymət verməkdən gedir. Bu gün ölkədə prezident tipli hakimiyyət var və o, Azərbaycanda İcra hakmiyyətini, digər hakimiyyət qollarını nəzarətdə saxlayır. Eləcə də ölkədəki mövcud vəziyyətin mühafizəkarcasına saxlanmasında maraqlı olan və “nə qədər idarə edə bilirik, o qədər də saxlayaq” düşüncəsində olan qrup var. Bu mühafizəkar “qartımış” qrup, “kalon”, Azərbaycanda hakimiyyəti istismar edib, onun sona qədər talan edilməsində maraqlı görünürlər. Artıq hakimiyyətin daxilində olan ağıllı adamlar hadisələrin belə davam edə bilməyəcəyi qənaətinə gəlib. Bu şəxslər yaxşı başa düşürlər ki, belə davam edərsə, ölkəni çox mənfi perspektivlər gözləyir. Düşünməyi bacaran qrup hələlik mühafizəkar qrupa güc gələ bilmir. Bilirəm ki, bu seçkiləri də həmin mühafizəkar qrup idarə edir və onlar həm regional, həm  şəxsi idarəçilik və asılılıq, çərçivəyə salınma potensialı baxımından namizədləri çeşidləyirlər. Bu proses onların sosializmdən qalmış təfəkkürünün nəticəsidir. Bunlar müxtəlif fikirliliyi qəbul etmirlər. Biz prosesin iştirakçısı olan siyasi qüvvə kimi bütün bunlara münasibət ifadə etməliyik.

 

“Namizədlərə mövzudan kənara çıxmağa icazə verilmir”

 

- Dediyiniz kimi “çeşidlənmiş”, “çərçivələnmiş”, namizədlər teledebatlarda özlərini nə dərəcədə ifadə edə bilirlər?

 

- Siz debatların gedişinə fikir verin, hətta mövzular da ümumi olaraq verilir. Təkcə Sərdar Cəlaloğlunun öz təşəbbüsünü nəzərə almasaq, heç bir namizədə mövzudan kənara çıxmağa icazə verilmir. Amma Sərdar bəy də hakimiyyəti dozalanmış şəkildə tənqid edir. Yerdə qalan namizədlər əsas prosesləri kənarda qoyub, törəmə məsələlərdən danışırlar. Bu da onu göstərir ki, hakimiyyət siyasi taleyini həmin qrupa həvalə edib və onlar 2013-cü il seçkisindn fərqli heç nə etmək istəmirlər.  

Bu komanda yeri gəldi, gəlmədi İlham Əliyevə də təzyiq etmək cürətində bulunur. Bu seçkinin keçirilməsinə məsul olan şəxslər bütün dünyanın neqativini İlham Əliyevə yönəldirlər. Guya biz Tural Abbaslı ilə qeydə alınsaydıq dünyada inqilab baş verəcəkdi? Xeyir! Yalnız o ola bilərdi ki, tənqidlər bir qədər sərt olacaqdı. Amma bu heç bir halda inqilaba gətirib çıxarmayacaqdı. Mən inqilab tərəfdarı deyiləm. Birinci gündən ölkədə legitim prosesin tərəfdarıyam. Amma görün bu şəxslər nə edir, seçkidə kimlərisə kənarda saxlamaqla ölkəyə neqativ əlavələr edirlər.

 

- Sərdar Cəlaloğlunun dozalanmış şəkildə çıxış etdiyini qeyd edərkən nəyə işarə etdiniz?

 

- Mən Sərdar bəyi yaxşı tanıyıram, şəxsi dostluq münasibətlərimiz var. Onu Azərbaycanın ən çox mütaliəsi olan adam kimi qəbul edirəm. O, kifayət qədər hazırcavab, İP-si böyük, siyasi təcrübəyə görə masanın ətrafında oturan insanların hamısından bir neçə baş üstün olan siyasətçidir. O, aparılan debatların lideri olsa da, hesab edirəm ki, daha yaxşı, daha əsaslı, daha elmi, daha müqaisəli şəkildə hakimiyyəti tənqid edə bilər. Ümid edirəm ki, Sərdar bəy növbəti çıxışlarında hakimiyyətin problemlərini çılpaqlığı ilə ortaya qoyacaq və seçkiyə gələn əhalinin rəğbətini qazana biləcək.

 

- Əli bəy, dediyiniz kimi, münasibətlərinizin də çox yaxşı olduğu Sərdar Cəlaloğluna hansısa formada dəstək verməyi düşünürsünüzmü?

 

- Bu siyasi prosesin iştirakçısı kimi bizə qarşı ədalətsiz davranış olmasaydı, seçki marafonunda namizədlərə fəal dəstəyimiz ola bilərdi. Ancaq bir halda ki, bizə qarşı belə münasibət sərgiləndi, biz heç bir namizədə rəsmi dəstək verə bilmərik. Sərdar bəyə ancaq texniki, qeyri-rəsmi mənada dəstəyimiz mümkündür. Əlbəttə ki, bir siyasətçi kimi namizədlərin arasında özümə yaxın hesab etdiyim Sərdar bəyin yanındayam. Amma partiya olaraq ona rəsmi heç bir dəstək ola bilməz, çünki seçkinin qeyri-legitimliyi barədə qərar verməyi düşünürük.

 

- Seçkiləri təhlil edərkən, yenilikçi addım kimi AXCP-dən olan Razi Nurullayevin adı xüsusilə qeyd edilir.

 

- Ötən seçkilərə nəzər salsaq, bu il yeni namizəd təkcə Razi Nurullayevdir və o, AXCP adına iddia edir. Mənə elə gəlir ki, onun seçki prosesinə qoşulmasında bu iddianın həlledici rolu olub.

 

“Zahid Orucun milli barışıqla bağlı çıxışı müsbət dəyərləndirilməlidir”

 

- Siz təxminən namizədlərin çeşidləndiyini, çıxışların idarə olunduğunu qeyd etdiniz. Amma çıxışlarda tənqidlər də olur.

 

- Heç bir süni proses cəmiyyətin maraqlarını ifadə edə bilməz. Namizədlərin qeydiyyata alınmasından tutmuş prosesdəki sünilik çox qabarıq şəkildə görsənir. Dediyim kimi, ölkədə namizədlər sırasında heç bir dəyişiklik baş vermirsə, bu, siyasi durğunluğun, siyasi bataqlığın göstəricisidir.

Amma bu debatlarda diqqətinizi maraqlı bir detala yönəltmək istəyirəm. Belə ki, bu kampaniyanın içərisində İlham Əliyevin ən ciddi təmsilçisi Zahid Orucdur. Rəqib mövqedədir, amma hesab edirəm ki, rəqibin də üstün keyfiyyətlərinə qiymət vermək lazımdır. Zahid Oruc birinci çıxışında çox maraqlı bir müraciət etdi. Bu, milli barışla bağlı idi. O müraciətin içərisindəki detallar yanlış ola bilər, orda qabardılan məsələlər düzgün qoyulmaya bilər, amma əminəm ki, “evdə” hazırlanmış, razılaşdırılmış o müraciət, hakimiyətin növbəti dönəmə olan münasibətinin göstəricisidir. Bu onu göstərir ki, hakimiyyət “daha belə davam edə bilməz” qənaətinə gəlib. Ona görə də Zahid Oruc milli barışla bağlı cəmiyyətə müraciət etdi və mən hesab edirəm ki, düzgün müraciətdir. Çünki Azərbaycanda siyasi mübarizə söyüş səviyyəsinə, ailələrin məsələyə qatılmasına, valideynlərin təhqir olunmasına qədər gəlib çıxıb. Bu, Azərbaycan mentallığına, əxlaqına, mənəviyyatına yaraşmayan siyasi tərzdir. Ona görə də hesab edirəm ki, bu debatların bircə müsbət tərəfi o oldu ki, hakimiyyət ölkədə siyasi proseslərin daha belə davam edə bilməyəcəyini  nümayiş etdirmək məcburiyyətində qaldı.

Hesab edirəm ki, milli barışığa nail olmaq üçün Məhəmmməd Əmin Rəsulzadənin, ondan qabaq olan Şah İsmayıl Xətainin, Ağa Məhəmməd şah Qacarın, Nadir şahın, Azərbaycan dövlətinin müstəqilliyi yolunda qan tökmüş, ömrünü həsr emiş bütün böyük kişilərimizin, o cümlədən  Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısısndakı böyük xidmətləri qeyd olunmaqla milli barışa nail olmaq lazımdır. Bu gün Azərbaycan cəmiyyətində olan və siyasətə gətirilmiş küçə tərbiyəsi ilə bağlı tərz aradan qaldırılmalıdır. Bu mənada Zahid Orucun milli barışıqla bağlı çıxışı müsbət dəyərləndirilməlidir. Seçkinin ilk günündə belə müraciətin olması bir vətəndaş, siyasətlə məşğul olan şəxs kimi məni ümidləndirir ki, hakimiyyətdə bu düşmənçilik xəttinin Azərbaycana ziyan gətirdiyini başa düşməyə başlayıblar. Mən bu məsələnin pozitiv məqamını qeyd elədim.

 

- Siz özünüz belə bir barışığın əldə olunması üçün hansı addımları atmağı düşünürsünüz?

 

- Biz həmişə milli barışıqla bağlı bir yoldayıq. Biz Azərbaycanın dövlətçilik maraqlarını daim müdafiə etmişik. 2013-cü ildə Moskvanın Azərbaycan müxalifəti və hakimiyyətinin bir hissəsi ilə əlbir olaraq hazırladıqları Milli Şura layihəsinin qurulmasının əleyhinə çıxan yeganə partiya olmuşuq. Moskava maraqlarına şirniklənməmişik və dövlətçilik maraqlarını müdafiə eləmişik. 2016-cı il Aprel hadisələri zamanı siyasi fəaliyyətimizi dondurmaqla bağlı ilk bəyanat verən partiya olmuşuq.  Biz ümumili məsələlərdə daim dövlətçilik mövqeyində dayanmışıq və bundan sonra da belə olacaq. Hesab edirəm ki, hakimiyyətin milli barışıqla bağlı etdiyi çağırışa qarışılıq vermək lazımdır.

 

- Bir çox siyasilər Sərdar Cəlaloğlunu müxalifətin tək namizədi, intellektli, təcrübəli bir siyasətçi kimi qeyd edirlər. Bu yanaşmaların üzərində dayanıb, onun gələcəkdə vahid namizəd kimi önə çıxarılması mümkün ola bilərmi?

 

- Bu barədə seçkidən sonra danışmaq mümkündür. Bu çox həssas məsələdir. Mən heç kəsi vahid namizəd kimi görmürəm. Bu seçkidə hakimiyyətin qərarını analiz etmək istəmirəm. Təbii ki, Sərdar Cəlaloğlunun seçkiyə qatılmasının qərarını hakimiyyət verib. Bunun hansısa motivi var, nədən ibarətdir bilmirəm. Əgər bizim müxalifəti bir araya gətirmək niyyətimiz varsa, bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. Hakimiyyətin haqqında müsbət qərar verdiyi namizədi vahid namizəd kimi görə bilmərik.

 

“Bu hakimiyyətdən nəsə almağa ən şanslı adam mənəm”

 

- Əli bəy, bu gün sizin də haqqınızda deyə bilərlər ki, siz hakimiyyətin hansısa istəyi ilə hərəkət edir və danışırsınız. Çünki bizim indiki situasiyada belə yanaşmalar adi hala çevrilib.

 

- Biri var nəsə deyilir, biri də var nəsə görünür. Kimlərsə əyani surətdə bu hakimiyyətdən mandat alıb. Gözəgörünməyən tərzdə maliyyə yardımı, qərərgah alan, qəzet işlədən, internet saytları yaşadan siyasi partiyalar var. Heç kəs mənim haqqımda belə bir faktı ortaya qoya bilməz. Dünən satılıb, bu gün özünü təmizə çıxaran adamlar heç də böyük məsələlərə iddia etməsinlər. Satqın satqındır. Biz elə işlə məşğuluq ki, burda sözlərə, şaiyyələrə yox, faktlara qiymət vermək lazımdır. Əgər mən Əli Əliyev bu hakimiyətdən bir şey almışamsa çıxarıb qoysunlar ortaya. Bir dənə söz deyə bilərlər ki, “bu hakimiyətə lazım deyil, ona görə heç nə vermirlər”. Gözlərinin içinə qədər yalan deyirlər. Azərbaycan müxalifətində bu hakimiyyətdən nəsə almağa ən şanslı adam mənəm. Həmişə o şansım olub, təkliflər də olub. Sadəcə olaraq mən ləyaqətimi yaxşı şəraitə, uşaqlarımın xaricdə oxumasına, özümün kanfort yaşamağıma, bağ, ev almağıma satmamışam. Mən bu siyasətə qarın otarmağa gəlməmişəm. Kim o sözü desə, onun cavabını verməyə hazıram. Əgər mən bu hakimiyyətin adamıyamsa niyə məni parlamentə buraxmırlar? Niyə məni namizəd kimi qeydə almırlar? Niyə hakimiyyətdən bir dənə qərərgah, qəzet almamışam?

 

- Sözlərinizdən belə çıxır ki, bu minivalla siz parlamentə düşmək istəməyəcəksiz. Çünki düşsəniz sizə “satıldı” deyəcəklər.

 

- Hələlik məni heç bir prosesə buraxmırlar. Sabah bu hakimiyyətin tərzi necə olcaq bilmirəm. Onu da bu gün proqnozlaşdırmaq olmaz. Bu gün görünən odur ki, çatı olmayan adamları heç bir prosesə buraxmırlar. Çünki bunlar idarə olunan proses istəyir. Baxın, namizədlərin heç biri ölkənin birinci şəxsi olan İlham Əliyevi tənqid eləmir. Halbuki uğurlarla yanaşı bütün problemlərin məsuliyyəti də onun üzərindədir. Müxalifətin vəzifəsi isə pis tərəfləri tənqid eləməkdir. Ona görə də ətrafını vurub, prezidenti qorumaq müxalifətçilik deyil. Təlimat alıb fəaliyyət göstərmək də müxalifətçilik deyil.

 

T.Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol