“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb

14:20 01-08-2019 | icon 414 | Mədəniyyət
“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb

“Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Dünya irs siyahısına daxil olan sahələrə malikdir. Biz dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə toplaşmışıq. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm”.

 

UNESCO-nun Baş direktoru xanım Odre Azulenin Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dediyi bu sözlər “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan sayında bir daha diqqətə çatdırılır.

 

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gələn “Culture Guide” kataloqunun avqust buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir.

 

“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisi Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin müasir dövrdə mədəniyyətlərarası dialoqa töhfələrindən, son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

 

30 iyun – 10 iyul tarixlərində Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası da bu il ölkəmizin mədəni həyatında ən mühüm beynəlxalq hadisədir. Nəşrdə Azərbaycanın Dünya İrs Komitəsinə üzvlüyü və cari ildə bu qurumda sədrlik etməsi, 43-cü sessiyasının gedişi, qəbul olunan qərarlar və ümumilikdə UNESCO-nun bu mötəbər tədbirinə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyəti barədə söz açılır. Həmçinin paytaxtın mədəniyyət ocaqlarında xarici qonaqlar üçün təşkil olunan tədbirlərdən bəhs olunur.

 

Eyni zamanda “Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq şəhərdəki mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar verilib. Sənət mövsümünü başa vurmuş teatrlar və bir sıra konsert müəssisələri avqust aynda istirahətdə olsa da, digər mədəniyyət ocaqlarının – kino zallarının, qalereyaların, eləcə də əyləncə məkanlarının bu ay üçün də maraqlı tədbirlər proqramı var.

 

Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

 

“Culture Guide” kataloqunun hər sayında ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələri, eləcə də paytaxtla yanaşı, regionlarımızdakı dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. Nəşrin avqust buraxılışında UNESCO-nun Dünya irs siyahısına yenicə daxil edilmiş Şəkinin tarixi-mədəni irsi, eləcə də Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında yer alan nümunələrimizdən milli muğam sənəti, Azərbaycan xalça sənəti, Lahıc misgərlik sənəti barədə materiallar təqdim olunur.

 

“Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızdakı mədəni sərvətlərin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır. “Keçmişin abidələri – tarixin izləri” başlıqlı yazıda isə Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır.

 

2009-cu ildən etibarən hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqi xəritəsində özünə layiqli yer qazanıb. “Bir həftə musiqi və ömür boyu təəssürat” başlıqlı yazıda 31 iyul – 5 avqust tarixində Qəbələdə 11-ci dəfə keçirilən festival barədə məlumat verilir.

 

“Culture Guide” avqust ayının mədəniyyət təqviminə də nəzər salır. 2 avqust – Azərbaycan Kinosu Günü və milli kinematoqrafın tarixi, 17 avqustda (1942) anadan olmuş dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında yazılar bu qəbildəndir.

 

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Culture Guide”ın ilk səhifəsində Əməkdar rəssam Ələkbər Rzaquliyevin “Şəki darvazası” qrafik əsəri əks olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin