Ata, ana olmayın, övladını sevən insan olun
"El-oba nə deyər", "qohum-qardaşdan ayıbdır" məngənəsi
ELÇİN ALIOĞLU
Zaqatalada 17 yaşlı Gülər İsmayılova intihar edib. Asıb özünü. Valideynləri zorla nişanlamaq, onu ərə vermək istədikləri üçün...
Bu, intihar yox, qətl tarixçəsidir.
Bir qız doğulur. Nur topu. Siması Şəms işıqlı, təbəssümü cahanlara bədəl.
İməkləyir, yıxılır, qığıldayır, böyüyür.
Çanta alırlar ona. Oynadığı dostları kimi, məktəbə gedir.
Oxuyur, oxunur, dinləyir, dinlənir.
Hər gün bir gün böyüyür, saçları simasını oxşayır, səsi divarları və tavanlı məkanı, evi süsləyir.
Sevinir, ağlayır, ümid edir.
Dinləyir, dinlənir...
Günlərin o günündə sevir. Sevilirmi? Yəqin.
Onunçün dünya pakdı, ümiddi, arzudu. Nələr var xəyalında, bir bilsəz.
Qəlbi çırpınır, əlləri əsir gələcəyini düşünəndə. Xəyallanır, atasına, anasına güvənir.
Axı onlardır böyük bildikləri, böyük dedikləri...
Günlərin bu günündə o böyüklərin qaşları çatılır. Gözlər sərt, üz təbəssümlü amma.
Nişan olacaqmış. Qızı istəməyə gəliblərmiş.
Halbuki qızcığazı istəyən var, onun da istəyəni istədiyi yaşantı.
Böyüklər nə böyük qəddarmış - qız anlayır.
Böyüklərin nə kiçik ürəkləri varmış - qız ağlayır.
Böyüklərin anlamı nə cılızmış - qız içinə yıxılır.
Ağlayır. Dada yetmir ki, kimsə...
... İnkişafdan, demokratiyadan, gələcəkdən, keçmişdən, müsəlmanlıqdan, türklükdən, ulusdan, dünyadan, Babəkdən, Əlidən, Vəlidən, Pirvəlidən danışırıq.
Biz, valideynlər.
Övladımızla danışmırıq. Xitab edirik. Ağıl qoyuruq başına.
Halbuki...
O baş boş deyil, var ağıl orada.
Biz yaratdığımıza düşmən oluruq.
Özümüzə görə.
Lənətə gələsi "el-oba nə deyər", "qohum-qardaşdan ayıbdı" kimi sözlərin məngənəsində burulan, özümünzdən pullu və güclünün qarşısında əyilən qəddimiz kimi əyilən təşəxxüs çarığında özümüzü azad sanırıq.
Əsəbi, yorğunluğu, dərdi, istəyi, ümidi yükləyirik böyük hikkəmizdən o kiçik, çəlimsiz çiyinlərə.
Ki, get, mənim yolumu get, mən çəkdiyimi çək, mən dədəmin sözündən çıxmamışam, anam deyən olub, qızım.
Get, mənə, ona, bizə yaxşı olsun.
Ayıbdı, özümüzdən utansaq da... Ayıbdı.
Ayıbdı kimə?
Qəssabına döndüyümüz, əzabdarına çevrildiyimiz övladımıza, ya bizə?
Smartfonla danışan, Türkiyədəki siyasi vəziyyəti müzakirə edən, Fələstindəki ərəblərə qəmlənən, amma mağaranın divarlarında sürüşən barmaqlarının giziltisindən qurtula bilməyən atalar və analar...
Nə olar - ata, ana olmayın.
Övladını sevən insan olun.
Anlayan olun.
Sonra dərdinizi dərk etməmək üçün...
Onunla sizi bir kiçik ürəyin ayırmaması üçün...
Xəbər lenti
Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu
"O nerden bilsin?" üçün bir araya gəldilər