Paşinyan Qarabağda nə demək istədi?

18:43 06-08-2019 | icon 1498 | Kürsü
Paşinyan Qarabağda nə demək istədi?

 

ELNUR MƏCİDLİ yazır: İstənilən halda mövqeyimiz birmənalı olaraq işğal altındakı bütün ərazilərimizin geri qaytarılması olmalıdır.

 

Paşinyanın “Qarabağ Ermənistanındır” deməsi, uzun illərdir ki, Ermənistanı və işğal edilmiş əraziləri idarə edən Qarabağ klanını hakimiyyətdən bir dəfəlik uzaqlaşdırma prosesinin davamıdır.

 

Ermənistanda hazırda liderləri və üzvləri korrupsiya ittihamıyla həbs olunan, hüquqi və siyasi təzyiq altında olan Qarabağ klanı, erməni xalqının vətənpərvərlik duyğuları üzərindən yenidən öz gücünü qazanmaq istəyir.

 

Bu fonda Paşinyan daha milliyyətçi görünməklə yanaşı, Rusiya dəstəkli bu klanı tamamilə təmizləməyə cəhd edir.

 

Ermənistanın daxili siyasətini və daxilində baş verən ictimai-siyasi hadisələri izləyən hər bir oxucu yaxud mütəxəssis bilir ki, Paşinyanın inqilabi proseslə hakimiyyətə gəlişi heç də asan olmadı.

Sarkisyan və Köçəryanın liderliyində haçalanmış Qarabağ klanının Paşinyanın parlamentdə baş nazir seçilməsinin qarşısını almaq cəhdləri, Paşinyanın ancaq ikinci səsverməylə baş nazir seçilə bilməsinə baxmayaraq, məclisdəki çoxluğun Qarabağ klanına aid olması, keçən ilin sonunda yeni baş nazirin parlamenti buraxması və yeni seçki təyin etməsiylə nəticələndi.

 

Parlament seçkilərində 70 faizdən bir qədər artıq səs alaraq bir az da güclənən Paşinyan, Qarabağ klanına qarşı daha sərt addımlar atacağının anonsunu verdikdən sonra Qarabağ klanı da daha sərt müdafiəyəyə keçdi və “rusiyapərəst” ittihamlarına qarşı ictimai şəkildə Qarabağ kartını oynamağa başladı.

 

Bu klana yaxın yazılı mətbuat və saytlar, Paşinyanın Qarabağı Azərbaycana peşkəş verəcəyi tipli yazılarla təzyiq etməyə və onun ictimai rəydə siyasi nüfuzunu azaltmağa çalışdılar.

Ermənistan baş nazirinin oğlunu Qarabağa hərbi xidmətə yollamağa məcbur qalması da bu klanın ona qarşı yönəltdiyi ittihamların bir təzahürü idi.

 

Paşinyan bu klanın əlindən bütün arqumentləri alaraq və onları birdəfəlik Ermənistanın siyasi səhnəsindən silməklə öz hakimiyyətini gücləndirmək və Ermənistanın Rusiya boyunduruğundan qurtularaq Avroatlantik məkana inteqrasiyasını istəyir.

 

Qarabağ klanı həmişə Qarabağı Ermənistandan ayrı, müstəqil bir ərazi kimi görüb, bütün çətin siyasi məqamlarda Qarabağ arqumentini ortaya ataraq, Azərbaycanla müharibə şəraitini əsas gətirərək siyasi stabilliyi qorumağa çalışıblar.

 

Həmçinin, sırf bu klanın illərdir, apardığı təbliğat nəticəsində Ermənistanda Dağlıq Qarabağın danışıqlarda ayrı bir dövlət kimi iştirakının vacibliyi ilə bağlı ictimai fikir formalaşıb.

Bu klanın Ermənistanı idarə edən liderləri də uzun illər Dağlıq Qarabağın qondarma təmsilçilərinin də danışıqlarda iştirakını istəyərək, danışıqların konstruktiv yöndə irəliləməsini əngəlləyiblər.

Azərbaycan konfliktin tərəfi olaraq sadəcə, Ermənistanı tanıyır və ATƏT-in Minsk qrupunun vasitəçiliyində ikili danışıqlarla sülh yolu və ən əsası böyük səbrlə işğal olunmuş ərazilərin azad edilməsinə çalışır.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması əsasında Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət haqqının verilməsinə açıq qapı qoyması, ATƏT-in Minsk qrupunun həmsədrlərini böyük əksəriyyətlə qane edir.

 

Lakin Azərbaycanın dəfələrlə sərt etirazı və kəskin mövqeyinə baxmayaraq, Rusiya dəstəkli Qarabağ klanının qondarma təmsilçi obrazı formalaşdırmaqla, israrla danışıqların tərəfi olmaq istəyi, ikitərəfli dialoqların inkişafını tıxayan əsas amildir. Bu da təbii ki, artıq 23 ildir, aparılan danışıqlarda heç bir əsaslı nəticənin olmamasına rəvac verir. 

 

Paşinyan baş nazir olduqdan sonra Qarabağla bağlı danışıqlarda Qarabağ klanının uzun illərdir, formalaşdırdığı fikri təkrarlamaq məcburiyyətində idi. Lakin Azərbaycan prezidentinin qətiyyətini görəndən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qondarma respublika təmsilçilərinin iştirakının mümkün olmadığını gördü.

 

Eyni zamanda, həm Rusiyanın Qarabağla bağlı Ermənistana təsir imkanlarını azaltmaq, həm də Qarabağ klanının “sonuncu qala”sı sayılan qondarma respublikanın təmsilçilərinin Ermənistanın daxili siyasətinə təsirini sıfırlamaq üçün Qarabağa səfərlərini sıxlaşdıraraq, rəsmi İrəvana qarşı zaman-zaman özbaşınalıq nümayiş etdirən separatçı qüvvələri kənarlaşdırmaqla, idarəetməni birdəfəlik olaraq mərkəzi hakimiyyətə birləşdirmək istədiyi ehtimal olunur.

 

Birmənalı olaraq, Paşinyan hakimiyyətinin güclənməsi, o cümlədən Ermənistanda demokratik institutların inkişafı birbaşa Qarabağ klanının Ermənistan siyasətindən uzaqlaşdırılmasından asılıdır. Ancaq bundan sonra Paşinyan Qarabağda yerli icra orqanlarını tam nəzarətə ala bilər, Qarabağ münaqişəsi ətrafında konstruktiv danışıqlarla bağlı Ermənistan daxilində müsbət ictimai rəy formalaşdıra bilər.

 

Qərb ölkələrinin tövsiyyəsi ilə Paşinyan Azərbaycanla geniş və konstruktiv danışıqlara oturmaq üçün vaxt istədiyi bildirilir, bu vaxt ona Qarabağ klanının ölkə ictimaiyyətinə bu məsələdə təsir gücünü minimuma endirmək və ümumilikdə klanı neytrallaşdırmaq üçün lazımdır.

 

Qərbyönümlü Paşinyana qarşı Rusiyanın nə zamana qədər dözümlülük göstərəcəyi başqa bir müzakirə obyektidir.

Paşinyana qarşı hər hansı suiqəsd cəhdi baş tutmasa, növbəti variant kimi Azərbaycanı təxribata çəkməklə, Qarabağda növbəti müharibənin başlanmasını təmin edərək, nokaut vəziyyətindəki Qarabağ klanına yeni nəfəs verməklə, Paşinyanın siyasi dayaqlarının zəiflədilməsi ilə bağlı planlar da Rusiya kəşfiyyat orqanları tərəfindən atılacaq addımlar sırasındadır.

 

Azərbaycan hakimiyyətinin Ermənistan daxilində baş verən prosesləri yaxından təqib etməklə yanaşı, istənilən halda mövqeyimiz birmənalı olaraq işğal altındakı bütün ərazilərimizin geri qaytarılması olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi