Bilal Alarlı: "Alar qədim türk tayfasıdır"

13:01 29-03-2018 | icon 195 | Maraqlı
Bilal Alarlı: "Alar qədim türk tayfasıdır"

Mübahisələri nəzərə alıb, Alar toponimi və alarlar haqqında ətraflı məlumat verirəm.Alılar, Allar, yoxsa Alar? Alar kəskin soyuqların yaşandığı sərt təbiətli yüksək dağ kəndidir. Dağları başdan–başa kəklikotu üstədir. Burada çoxlu müalicə bitkiləri bitir. Alar abidələr diyarıdır. Mağaralarla zəngin bir yerdir. Kənd Alar çayının (Viləş çayının qolu) sahilində, məşhur "Qız qalası" yaxınlığındadır. Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Kənd tarixdə həm də Alar üsyanı ilə tanınır. Alar ərazisidə qədim və orta əsrlərə aid çox zəngin arxeoloji nümunələr aşkar edilmişdir. Alar kəndində daş qutu qəbirlərə dair maddi-mədəniyyət nümunələri tapılmışdır. Çox təəssüf ki, həmin qiymətli mədəniyyət nümunələri təsərrüfat işləri görülərkən yerli sakinlər tərəfindən əhəmiyyət verilmədən dağıdılmışdır. Alar Qız qalası bölgənin ən məşhur tarixi abidəsidir. Buradakı Söhbət daşı adından məlum olduğu kimi, camaatın söhbətləşmək üçün toplaşdığı daş olub. Xan daşı xanın oturub dincəldiyi, ətrafı seyr etdiyi və qəlyan çəkdiyi yer olub. Daşın üstündə qəlyan oyuğu deyilən izlər var. Qadın heykəlləri, Dəvə karvanı, Goreş qəbiristanlığı, Baba Pirəli piri, Dəvəboynu kimi abidələr nəsillərin nəsillərə yadigarıdır.



Alar türk tayfasının adıdır. Xalq ehtimalına görə, İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət, Alar formasına düşüb. Rövşən Süleymanov yazır ki, bu ərazilərdə Alar xanı yaşayıb, qızını məşhur din xadiminə verib. Sonra da coxlu mal-qara verib yeznəsinə, Şıxhüseyn kəndi ordan yaranıb. İndi bu kəndlərin mal-qarası azalıb. Vaxt olub, burda xanların bişirdiyi plovun həlimini yığmaq üçün çay aşağı insanlar düzülürmüşlər. Aclıq vaxtı bu ərazilərdə bolluq olub, var-dövlət cox olub, İran şahlarından təsdiqlənmiş şəcərə möhürləri var imiş. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan alarlılar ilə də bağlayırlar. Alar toponimi ilə bağlı Şahlar Göytürk Məmmədovun apardığı araşdırmalar da maraqlıdır. Bu söz türkcədə al – "qırmızı" və ar/ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənası verir. Bundan başqa, alar türk dillərində "hündür yer" mənasındadır. "Kitabi-Dədə Qorqud" dastanlarında alar, alan sözləri də bu mənalarda işlənmişdir: a) alan-hündür mənasında: “Qazan gög alan çəmənə çadır dikdirdi”; b) alan-sabah, sübh tezdən mənasında: “Alan sabah yerindən turan qızlar”. "Alan" sözünün "alar" (Alar-sabah, sübh tezdən mənasında) variantına da təsadüf edilir: “Alar sabah Dərsə xan yerindən uru turdı”, yaxud: “Alar sabah sapa yerdə dikiləndə ağ ban evli”. Altay sözü mənbələrdə Alatau şəklində qeyd olunur ki, bu da "uca dağ" anlamındadır. Lakin Alar toponiminin etnooykonim olması fikri daha inandırıcıdır. Aları monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrot tayfasının bir qolu da sayırlar. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q.Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı.



XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Kövüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin yalnız Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur. Təsadüfi deyildir ki, kənd əhalisi Lerik ərazisindəki oratları-oyrot tayfasını özlərinə ən yaxın qohum sayırlar. Orat qədim oyrot tayfasının fonetik dəyişikliyə uğramış adıdır. Bəzi mənbələrdə bu tayfa oğuz tayfası kimi qeyd olunur. Oyrotların izlərinə Lerik, Cəlilabad (Yardımlıdan köçürülmüş Alar kəndi), Salyan ərazilərində də rast gəlinir. Şahlar Göytürk Məmmədov qeyd edir ki, alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrindən xeyli fərqlidir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi səciyyəvilik təşkil edir. Məsələn, qonaq-ğonəğ, qazan-ğəzən, qara-ğərə və sair. Bu əvəzlənmə dilimizin Şamaxı, Göyçay şivələrində, eləcə də tatar, türk, qırğız, çuvaş və digər dillərdə mövcuddur. Alar ərazisindəki Şahnişin toponiminin Səfəvi hökmdarı Şah İsmayılın adı ilə bağlı yarandığını güman olunur. Toponimi Şahnişan şəklində və Şahnişt - "Şah oturan yer" mənasında izah etmək mümkündür. Şair Vahid Qasımzadə bu tarixi yerlər haqqında yazmışdır:



Haça yurd, Çiçəkli, Qəhrəman yurdu,
Dağlar sıralanmış böyük ordu.
Şahnişin qəhrəman Xətai yurdu,
Aruzun ovlağı Yardımlıdadı.



Ələddin Əzimlinin “Şahnişinli Alı babam” adlı nostalji şeirində alarların qədim yurd yeri olan Şahnişindən söhbət açılır. Şeir ənənəvi üslubda olsa da, məzmunu maraqlıdır:



Babam Alı yurd salıb
Bu dağların döşündə.
Ömrünü başa vurub
Şah verən Şahnişində.
Şahsevən tayfasının
Gur suyundan içib o.
Bir gün ailəsilə
Bu yerlərdən köçüb o.
Şahnişin Yardımlının
Bir uca zirvəsidir.
Eşit, uzaqdan gələn
Qartalların səsidir.
Dərələrə hay salan
Babamın nərəsidir.
Bu yerləri isidən
Onun məğrur səsidir.
Nəsil artıb, törəyib
Aşanda yurd səddini.
Babalarım saldılar 
Burda Alar kəndini.
Qış sərt gələn illərdə
Köç etdilər Arana,
İgid ərənlərimiz
Hay saldılar Muğana.
Beləcə pöhrələndi
İkinci Alar kəndi.
İndi bu yerlər abad
Gül-çiçəkli çəməndi.
Tarixi çox qədimdi
Bu elin, bu elatın.
Hər üzünü görüblər
Onlar bu sərt həyatın.
Çox yazılıb bu haqda,
Vaxt almaq nəyə lazım?!
Haçansa bu mövzuya 
Toxunmaq idi arzum.
Cəlilabad-Yardımlı,
İki Alar – iki el.
Deyirlər, bu türk kökü 
Yayılıbdır elbəel.
Mən hədsiz sadə yazdım
Şahnişindən, obamdan.
Dedim, qoy hali olsun
Hamı igid babamdan.



Alar kəndində və onun ətrafında çoxlu yer adları mövcuddur ki, bu adların hər biri özündə sirli bir tarix yaşadır. Belə yer adlarının maraqlı yaranma tarixi vardır. Bu tarixlər ağızdan-ağıza keçərək əsl mahiyyətini itirmiş, əvəzində rəvayətlər, əfsanələr meydana çıxmışdır. Hacı İlham Əsgərov belə yer adlarını bir yerə toplamış, hətta onları yerləşdiyi istimaətlərə görə qruplaşdırmışdır. Bu yer adları və onlarla bağlı folklor nümunələrinin tədqiqatçılar üçün maraqlı olacağına inanıram.



Alar kəndiində və onun həndəvərində olan yer-yurd adları:

Şərq tərəfdə 

Doribərə, Cındırbı türbə, Seri kolət, Abi Cəlil, Robasta, Zohobi kolət, Vizo mərz, Boyur, Təşkətağan, Əfcə, Lisəyni bərə, Binyətəli, Kırdyosyon, Vəliməmməd, Çüynəhoni, Lanqanyon, Talıbbulağı, Liveləcola, Nobati yurd, Krəkıştək, Qazlı bulaq, Atılğan;

Cənub tərəfdə 

Seyidi meşə, Voyinbərə, Rığnəhom, Qız qalası, Kəçəli doy, Teğnəyurd, Seri çolə, Fınd, Küləsər, Vovidərə, Dərgahyan, Babaşı kolət, Kəndyeri, Təngə; 

Qərb tərəfdə 

Oşnavın, Soyululəc, Mollahəbi, Sexalabaran, Qayabaşı, Ambüs, Sineyir, Mosdərə, Urşanölən, Tıfkədaş, Kanakımon, Kojibonə, Salavatlı, Baş Salavatlı, İlbəyi, Bıney, Sarıqaya, Qazaxı çolə, Honyəvər, Baba türbə, Şıqosər, Diqosər, Ardənon, Azay, Kəybətanqa, Qayadibi, Dişqon, Gürbrilaq, Həqonəbərə, Ləifikoç, Gijov;

Şimal tərəfdə

Balaca qaya, Riğimbərə, Duzəğəş, Əhmədxan yıxılan, Düjəbərə, Vişlon, Ülehüm, Cəmoli sığ, Sirəmdaş, Sovzuyurd, Canavar yuvası, Mal yatağı, Hamahal qayası, Yatağovan;

Yaylaqlar 

Şahnişin, Yelli gədik, Dərəkeçməz, Armudlu selov, Cəri yurdu, Çiçəkli, Qəhrəman yurdu,Sarıbulaq;

Məhəllələr

Sirgiləvan (Yemşanlı), Hamarzəmin (Hamar yer), Lərzey, Şatadərə, Bibri, Sığnəsər, Şordərə, Kuyərə. 

Bildirirəm ki, yer-yurd adlarının yarısı fars mənşəlidir. Adamlar bu adları qoruyub saxlamış, onları dəyişməyə ehtiyat etmişlər. Çünki adlar dəyişəndə onların yaranması ilə bağlı hadisələr də unudulur. Bu hadisələr isə xalqın tarixidir. Mən Yardımlıda folklor ekspedisiyasında olarkən burada toponimlərlə bağlı xeyli əfsanə, rəvayət yazıya aldım. Yardımlının yer-yurd adlarının xalq yozumları ilə bağlı araşdırmaların müəllifi Mehdi Həsənov öz xalqı qarşısında əvəzolunmaz və təqdirəlayiq bir iş görmüşdür.

1947–1953–cü illərdə bölgədə 32 kənd deportasiyaya məruz qaldığı üçün indi yardımlıların böyük bir hissəsi bütün cənub rayonlarında yaşayırlar. Stalin dönəmindəki bu siyasətin məqsədi İranla olan coğrafi yaxınlıqdan ərazinin təhlükəsizliyini qorumaq idi. Bu barədə Musa Qasımlının dəyərli araşdırmaları vardır. Alar da repressiyaya məruz qalan kəndlərdəndir. Buranın sakinləri toplu halda Cəlilabad rayonuna köçürüldülər. Cənuba aparan yol Alar kəndinin içindən keçir.

Alar kəndi uzunmüddətli tarixi mədəniyyətə malikdir, yarandiği əsirdən dövrümüzə qədər kənd, öz sayılıb-seçilən mədəniyyətini nəsillərdən-nəsillərə ötürmüşdür. Kəndin sakinləri həmişə öz ayıq-sayıqlığı, qonaqpərvərliyi, iradəliliyi, mərdliyi və hünərliliyi ilə ön sıralarda öz yerini tutmuşdur. İnsanlar tarix boyunca kəndin adət-ənənələrini qoruyub saxlamış və nəsillərdən-nəsillərə ötürmüşdür.

Firudin Gilar Bəg də alarların talış dilində danışan əhali olmadığını bildirir. Onun fikrinə görə, Alar tayfası türk seyid-bəglərinin nəslidir və həmişə də Azərbaycan türkcəsində danışmışlar. Alarlıların bütün qocaları, ağsaqqalları bildirirlər ki, Alar tayfası Gilar və Arvana tayfaları ilə əmiuşaqlarıdır. Cəlilabad rayonuna və digər ərazilərə köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə 18-ci əsrdən Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəb. Cəlair) tayfalarının da əksəriyyəti əsasən Cəlilabad və digər rayonlara köçmüşlər. Arvana tayfası haqqında dəqiq məlumat olmasa da o məlumdur ki, Hürri dilində Arvana - “hökmranlar” deməkdir. Sufi məntiqi ilə ehtimal etmək olar ki, İrəvan xanlığını, Səfəvi şahlarının əmri ilə Arvana seyid-bəgləri yaratmışlar. Deməli, Alar tayfası təmiz türk seyid-bəglərinin nəslidir".

Tarixi dəyişmək mümkün deyil, amma onu öyrənməyə borcluyuq. Bir şərtlə: doğru və düzgün, kimsənin tarixi haqqını tapdamadan, milli heysiyyatına toxunmadan!

 

Bilal Alarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Dövlətimizin yanında olmalıyıq"

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

Gəncədə qeyri-qanuni aksiya

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Gəncədə qeyri-qanuni aksiya ilə bağlı açıqlama