"Demokrat"lar maskalarını atdılar...

12:50 31-08-2019 | icon 454 | Siyasət
"Demokrat"lar maskalarını atdılar...

Versus.Az milli.Az-a istinadla Elçin Alıoğlunun yazısını təqdim edir.

AXCP trollarının Azərbaycanla yanaşı, ölkəmizdən kənara istiqamətlənmiş troll əməliyyatları, sosial şəbəkələrdə hücumlar aktivləşib.

 

AXCP sədri Əli Kərimlinin trolları onların "lider"ini azacıq tənqid edənləri hədəfə alır, bu şəxslərin ünvanına olmazın hədələr, təhqirlər və söyüşlər yağdırırlar.

Sevinc Osmanqızının və digər "demokrat fikirli, azad sözü deyən, müstəqil bloqer"lərin sosial şəbəkələrdə, xüsusilə də YouTube-dakı fırıldaqlarını aşkarlayanlar isə xüsusi əxlaqsızlıqla, tərbiyəsizliklə təhqir olunur.

Trollar belə adamları susmağa, susdurmağa çalışırlar.

Fikir verin, Əli Kərimlinin, Sevinc Osmanqızının ünvanına adicə tənqid belə yazılanda həmin saniyə şərh silinir, yazan hesab isə bloklanır. Lakin şəkildən də görürsünüz ki, canlı efirdə müxalifyönlü jurnalistin ünvanına yazılan təhqirlər nəinki moderatorlar tərəfindən silinirdi, hətta dəstəklənirdi, reaksiya verilirdi.

Göründüyü kimi, "müstəqil bloqer"lərin normal diskussiyaya, məntiqi mübahisəyə və arqumentli söhbətə əsla dözümü yoxdur.

Absurd ittihamlar, gülünc yalanlar və az qala isteriya həddinə çatan "açıqlamalar" mexanizminə çevrilmiş insanların normal jurnalistika, yaxud siyasi fəaliyyət məcrasında olacaqlarını düşünməyin özü belə, sadəlövhlükdür.

Eynən onlara ünvanlanan dəlilli, sübutlu ittihamlara marazmatik, çılğın bəyanatlarla, təhqirlərlə cavab vermələri kimi.

Məsələn, mühacir jurnalist Laçın Məmişov Müsavat partiyasının rəhbərliyinin mühacir biznesinə girişməsindən, Müsavat və müsavatçılıq kəlmələrinə təhqir sayılacaq əməllərlə məşğul olmalarından bəhs etmişdi. Özü də sadəcə, bəhs etməmiiş, faktları, sübutları, dəlilləri ortaya qoymuşdu.

Ən çox narahat olanlar həmin "mühacirət dəllarları" ilə yanaşı, AXCP sədri+bloqer Əli Kərimli ilə Vaşinqtondakı xanəsinə sığınmış Sevinc Osmanqızı oldu.

Sevinc Osmanqızı Laçın Məmişovun ictimai etibarını zədələməyə çalışan fikirlər söyləməyə çalışsa da, əslində Müsavat Partiyasını ifşa edib: "Tutaq ki, Laçın Məmişovun dedikləri doğrudur. Doğrudan da, Müsavat funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon. Axı, buradakı yeyinti böyük olmayacaq..."

Məntiqə fikir verin: əgər Müsavat rəhbərliyi çirkin əməllərlə məşğul olursa və bu zaman 5 milyon dollar qazanırsa, S.Osmanqızının məntiqinə görə, adi, normal haldır. Hətta az qala təqdir olunasıdır.

Kimin nə vecinə ki, Müsavat və AXCP partiyalarının saxta sənəd verdikləri, mitinqlərdəki selfi fotolarını "siyasi sığınacaq üçün yetər" deyərək ürək-dirək verdikləri insanlar Avropa Birliyi ölkələrinə ümidlərlə yollananda orada pərişan qalırlar.

Kimi düşündürür ki, vədlərə inanıb mühacir biznesinin alverçilərinin toruna düşən, Azərbaycandakı ev-eşiklərini satan, saxta sənədlərlə Avropaya yollanan insanlar qaçqın düşərgələrində və miqrasiya mərkəzlərində bir müddət yaşayandan sonra yerli dövlət qurumları onların yalanlarını üzə çıxarır, deportasiya olunurlar.

Dəfələrlə demişik, yazmışıq ki, vətəndaşlarımız bu fırıldaqçılara, dəllarlara inanmasınlar. Mitinqdə fotolar çəkmək və ya çəkdirmək, Arif Hacılı, Gülağa Aslanlı, Əli Kərimli və başqalarının vədlərinə inanmaq Avropada siyasi qaçqın statusu üçün yetərli deyil, ola da bilməz.

Fəqət, "müstəqil bloqer", "həqiqət carçısı", siyasətə atılmaq niyyətini çoxdan aşkarlayan və özünü siyasətdə "görən" Sevinc Osmanqızı nə deyir?

"Məgər Laçın Məmişovmu gedib Azərbaycanda etiraz aksiyasını təşkil edəcək? Etməyəcək axı. Yaxud, Nahid Cəfərovmu gedib Azərbaycanda etiraz aksiyasını təşkil edəcək? Rahatdır, oturublar Avropada. Mən də rahat oturmuşam ABŞ-da. Bizə dəyib toxunan yoxdur. Gəlin açıq danışaq ki, mən sizin niyyətinizə şübhə edirəm, inanmıram. Nəyə görə siz hökuməti qoyub, müxalifətə qarşı müxalifətçilik etməlisiniz? Nədir sizin məqsədiniz, marağınız... Sizmi, olacaqsınız müxalifət?!"

Bu isterik açıqlamada məntiq işartısını aramayın, yoxdur.

Onların məqsədi "siyasi müxalifət" adı altında, "hakimiyyətə qarşı sivil informativ mübarizə" adı ilə ifrat radikal çağırışlar etmək, Azərbaycanda vətəndaş qarşıdurması və iç savaş arzularını açıqlamaq, "biz gəlsək, sizə divan tutacağıq!" hədələrini tirajlamaqdır.

Onların əsl siması budur.

AXCP sədri, daha doğrusu, son illər fəaliyyətini Facebook-da bloqerliklə əvəzləmiş Əli Kərimli istədiyi qədər tolerantlıq, liberallıq, demokratik dəyərlər, açıq cəmiyyət prinsiplərindən, hakimiyyətə sivil yolla gəlməyin vacibliyi və qaçılmazlığından bəhs edə bilər.

Çifayda, çünki o, Facebook-da son paylaşımlarından birində maskasını kənara atıb, sahiblərinə, hamilərinə, onun oyunlarının ssenari müəlliflərinə güvənərək öz aləmində hakimiyyəti hədələyib: "Özünüzü yığışdırın, yoxsa?.."

Yoxsa nə, reallıq hissini tam itirmiş, Əli Kərimli?!

AXCP sədri, daha doğrusu, bloqer Əli Kərimlinin faktiki olaraq Sevinc Osmanqızının YouTube kanalının daimi sakininə çevrilməsi, orada aborigenlik etməsi əyan məsələdi.

Trivial məntiqə görə, S.Osmanqızı-Ə.Kərimli dueti yeni qrant bölgüsünün formalaşdırdığı fəaliyyət sxemidir. Bu sxemə görə, Qərbdəki "demokrat" qurumlar və fondlar pulları AXCP ilə Müsavat arasında paylaşaraq prosesdə S.Osmanqızıdan moderator yox, diqqət yayındırmağa xidmət edən hədəf qismində istifadə etmək qərarına gəliblər.

Məhz bu səbəbdən son vaxtlar xeyli aqressivləşən və bu aqressiyanı "barışmazlıq" tipli radikallıq kimi qələmə verən AXCP, Ə.Kərimlinin total nəzarətindəki marionet "Milli Şura" ilə bahəm, Müsavatın siyasi muzey eksponatlarını xatırladan rəhbərliyi fəallaşıblar.

Bununla yanaşı, Müsavat və AXCP rəhbərliyini, bu partiyanın funksionerləri arasındakı siyasi möhtəkirləri ifşa edən jurnalistlərə, habelə Avropa ölkələrində və ABŞ-da youtube üzərində kanal açmış mühacirlərə hücumlar edir, onları "boğmağa" çalışır.

İş o yerə çatıb ki, Əli Kərimli ilə yanaşı, ona dəstək verənlər də artıq maskalarını bir kənara atıblar.

Məsələn, Sevinc Osmanqızı deyir: "Mənim hədəfim Azərbaycan hakimiyyətidir".

İndiyədək "sadəcə, müstəqil jurnalist" olduğunu mantra kimi təkrarlayan, az qala kəlməbaşı deyən bu xanımda siyasətə "qəfil" marağın yaranmasının səbəbi nədir?

Axı jurnalistin maraq dairəsi hakimiyyət, yaxud müxalifət yox, informasiyadır.

Yoxsa gerçək mahiyyət, məzmun, xislət və niyyətlərin bundan sonra da pərdələnməsinə ehtiyac qalmayıb artıq?

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol