AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

01:07 11-09-2019 | icon 1238 | Geopolitika
AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

"“Siyasi məhbus” Azərbaycan və AŞPA arasında ən problemli məsələlərdən biri olaraq qalmaqda davam edəcək”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti və məruzəçinin Azərbaycana məlum səfəri müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Müzakirəyə çıxarılan əsas məqamlardan biri ötən ilki hesabatla müqayisədə Avropa Şurasının Azərbaycanla bağlı sərgiləyəcəyi münasibət və hansı xarakterli hesabatın hazırlanacağı ətrafındadır. Məlumdir ki, Avropa Şurasının Azərbaycanla bağlı son hesabatında neqativ notlar yer almışdı.  AŞPA təmsilçilərinin bu səfərinin sərinləşən Avropa Şurası-Azərbaycan münasibətlərinə hansı hərarəti verə biləcəyi ilə bağlı gözləntilər var.

 

Versus.Az xəbər verir ki, siyasi ekspertlər bu səfərin AŞPA ilə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı nüansları qeyd edib müəyyən gözləntilər ətrafında fikirlərini bildiriblər.

 

“AŞPA Dağlıq Qarabağ problemi ilə bağlı daha ciddi və real addımlar atmalıdır”

 

Politoloq Fikrət Sadıqov bildirib ki, Avropa Şurasında müəyyən dəyişikliklər baş verib. Orda yeni siyasətçilər hakimiyyətə gəlib və düşünürəm ki, bu səfər  tanışlıq xarakteri daşıyan bir səfər olacaq.

 

Politoloq hesab edir ki, ümumi abstrakt çağırışlar, bəyanatlar artıq bizi qane etməməlidir və etməyəcək. O ki qaldı Avropa Şurası  ilə Azərbaycanın münasibətlərinə, F.Sadıqov kifayət qədər müsbət olduğunu və yaxşı normal səviyyədə davam etdiyini deyib:

“Nəinki Avropa Şurasının özü ilə, hətta hər bir Avropa Şurasına daxil olan ölkələrlə bizim münasibətlərimiz hərtərəfli  münasibətlərdir və siyasi, iqtisadi,  humanitar sahələri əhatə edir. Biz bu istiqamətdə öz səylərimizi bundan sonra da gücləndirməliyik. Amma Avropa Şurası bizim Ermənistanla münasibətlərimizə ədalətli yanaşıb Dağlıq Qarabağ problemi ilə bağlı daha ciddi və real addımlar atmalıdır”.

 

Politoloq bildirib ki, AŞPA bu məsələnin həllini ATƏT-ə ünvanlandırır. Lakin beynəlxalq bir qurum olaraq, özləri də nəsə edə bilərlər.

“Çünki kifayət qədər nüfuzlu təşkilatdır, məsələnin həlli  onların konkret addımllarından, səylərindən asılıdır”.

Politoloq hesab edir ki, beynəlxalq qurumlar ölkə daxilində siyasi məhbus, insan azadlıqları məsələsindən də əvvəl, milyonlarla azərbaycanlının qonşu, işğalçı dövlət tərəfindən hüquqlarının pozulmasına və öz evindən didərgin düşən insanların insan hüquqlarının bərpasına can atmalıdır. Torpaqları işğaldan azad olunandan sonra Azərbaycanla beynəlxalq qurumlar arasınada, hər hansı mövzularla bağlı problemlərin aradan qaldırılaması da müştərək işbirliyi şəklində asanlaşa bilər”.

 

“Sərt hesabat hazırlanması Azərbaycan-AŞPA münasibətlərini yenidən gərginləşirə bilər”

 

Politoloq Nəzakət Məmmədova bildirib ki, Avropa təsisatı nümayəndəsinin gəlişi bir sıra vacib məsələlələrlə bağlı ola bilər. Səfər çoxdan planlaşdırılsa da, onun indi həyata keçməsi təsadüfə oxşamır. Politoloq hesab edir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin, BP Direktorlar Şurasının sədri Lundun səfərləri ilə sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus sayılan şəxslərlə bağlı məruzəçisi Torhild Sunna Evarsdottir Azərbaycana gəlişinin üst-üstə düşməsi maraqlı təsadüfdür:

 

“Azərbaycan həm Rusiya, həm Böyük Britaniya, həm də   digər güc mərkəzləri ilə əməkdaşlığı davam etdirir. Azərbaycanın Avropa Şurasi ilə əməkdaşlığının inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən demokratikləşmə və islahatların mühüm bir tərkib hissəsidir. Lakin Avropa Şurasının Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin etməsinin özü belə fikir ayrılığı doğuran məsələdir. Məlum olduğu kimi Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, adı siyahı məhbus siyahısında olan şəxslərin öz siyasi fikirlərinə görə deyil,  konkret faktlarla qanun pozuntusuna görə cinayət məsuliyyətinə cəlb olunduqlarını vurğulasa da, AŞPA əksini iddia etməkdə israrlıdır”.

 

Politoloq bildirib ki, AŞPA məruzəçisi Azərbaycanda məhkəmə korpusunun 75% yeniləndiyi, vəkillərin sayının artdığı barədə məlumata malik olduğunu qeyd edib.

“Məruzəçi xanım Evarsdottir deyib ki, üç günlük səfəri çərçivəsində həbsxanalarda bəzi siyasi məhbuslarla görüşməyi və obyektiv məruzə hazırlamağı planlaşdırır.

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin fəaliyyəti 2018-ci ilin iyununda, AŞPA-nın xüsusi ekspert qrupunun assambleyada lobbiçilik fəaliyyəti ilə bağlı araşdırma hazırlamasından sonra bərpa edilib. Qeyd edilən lobbiçilik fəaliyyəti nəticəsində 2013-cü ildə keçmiş məruzəçi Kristof Ştrasserin hesabatı qəbul edilmədiyindən xanım Evardsottir yeni məruzəçi təyin edilib.

Ötən ilin aprelində deputat Piter Omtsiq başda olmaqla, Avropa Şurası Parlament Assambleyasının 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər. AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi”.

 

N.Məmmədova hesab edir ki, siyasi məhbus məsələsi Azərbaycan və AŞPA arasında ən problemli məsələlərdən biri olaraq qalmaqda davam edəcək.

“Siyasi məhbus anlayışının özünün dəqiqləşmədiyi bir şəraitdə Azərbaycan bunu özünə qarşı təxribatçı addım kimi qəbul edir. Bu məsələdə həssas və obyektiv yanaşma Azərbaycan hökuməti, AŞPA və yerli hüquq müdafiəçilərindən həm də məsuliyyətli olmağı tələb edir. Çünki sərt hesabat hazırlanması Azərbaycan-AŞPA münasibətlərini yenidən gərginləşirə bilər”.

 

“AŞPA prezidentinin Azərbaycana səfəri bəzi məsələlərə aydınlıq gətirməyə imkan verəcək”

 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, Azərbaycan öz müstəqilliyini əldə etdiyi ilk tarixdən siyasi xəttinin Avropaya inteqrasiya olduğunu açıqlamışdı. Heydər Əliyevin hakimiyyəti dövründə isə bu proses sürətlənmiş və Azərbaycan Avropanın demək olar ki, bütün təsisatları ilə əməkdaşlığa başlamışdır. Politoloq bu çərçivədə AŞPA ilə əməkdaşlığı  xüsusi ilə qeyd edib.

 

“Azərbaycanın AŞPA-dakı fəaliyyəti hər zaman milli maraqlarımızın bəyan edilməsi baxımından əhəmiyyətli olub, bu gün də belədir. Lakin son illərdə AŞPA-nın bəzi məruzəçilərinin Azərbaycan və ölkəmizdəki demokratiyanın vəziyyəti ilə bağlı söylədikləri tənqidlər bir qədər aşırı hədd alıb. Hesab edirəm ki, yaxın günlərdə AŞPA prezidenti Lilian Mori Paskie Azərbaycana səfəri bəzi məsələlərə aydınlıq gətirməyə imkan verəcək. AŞPA-da anlamalıdırlar ki, Azərbaycan ona yönələn təzyiqlərin və təhdidlərə baxmayaraq, Avropa təsisatları ilə əməkdaşlıqdan çəkinmir və hətta bu istiqamətdə ciddi addılar atır. Yəni hər şeyə rəğmən Avropaya inteqrasiya Azərbaycan siyasətinin ana xəttidir. Bu baxımdan düşünürəm ki, bu səfərdə AŞPA prezidenti ittihamları kənara qoyub no rmal əməkdaşlıq müstəvisinə keçməyin uğurlu olacağı qərarına gələcək”.

 

“Bu səfərdən hansısa yaxşı bir şey gözləmirəm”

 

Xalq Partiyası sədri Pənah Hüseyn bildirib ki, AŞPA prezidenti və məruzəçi Azərbaycana gəlib gedəndən sonra Azərbaycanda  demokratiya, insan haqları məsələsində pisləşməni müşahidə edirəm.

“Ona görə də bu səfərdən hansısa yaxşı bir şey gözləmirəm”.

 

P.Hüseyn beynəlxalq təşkilatların Azərbaycanın ən ümdə problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı laqeyd, ikili yanaşmalarını qeyd edərək, bu mövqedən əl çəkmədiyini önə çəkib. Partiya sədri beynəlxalq təşkilatların birinci növbədə bu məsələdə ədalətli mövqe sərgiləməsini vacib sayıb.

 

"Azərbaycanla AŞPA arasında yaranmış sərinliyin aradan qaldırılması üçün yeni imkanlar yarana bilər"

 

Politoloq Əhəd Məmmədli bildirib ki, AŞPA prezidenti və məruzəçinin Azərbaycana səfəri əvvəlki səfərlərdən seçilməyəcək. Azərbaycanla bağlı ümumi fikirlər deyiləcək və əsasən də  siyasi məhbus məsələsi önə çəkiləcək.

Politoloq hesab edir ki, baş verənlərər baxmayaraq Azərbaycanla AŞPA arasında yaranmış sərinliyin aradan qaldırılması üçün yeni imkanlar yarana bilər. Onun sözlərinə görə problem Azərbaycanda həll edilməlidir:

 “Bu il müsbət bir addım kimi 50 nəfər siyasi məhbus azad edildi və belə bir addımın bu ildə atılması gözlənilir".

 

Əhəd Məmmədli bildirib ki, bu səfərədən sonra Azərbaycanla bağlı hazırlanan növbəti  hesabat əvvəlki hesabatdan böyük ölçüdə fərqlənməyəcək. Hesabatda yenə də arzu olunacaq ki, Azərbaycanda siyasi məhbus problemləri, vicdan, söz azadlığı məsələləri həll edilsin:

“Qarabağ məsələsi ilə bağlı olaraq Avropa Şurası İlə Azərbaycan arasında məlum saziş bağlanmadı.  Fikrimcə, bu məsələlər həll edilsə və Azərbaycanla Avropa Şurası arasında nəhayət ki, bu saziş bağlansa, Avropa strukturları ilə Azərbaycan arasında münasibətlər istiləşməyə doğru gedəcək. Bu problemlər həll olunmadığı halda, bəli problemlər olacaq. Məncə bu problemlərin həll edilməsi zamanıdır.”

 

Əhəd Məmmədli təəssüflə onu da vurğulayıb ki, Azərbaycan –Avropa Şurası arasında məlum saziş, məhz özünü qərbyönlü adlandıran bəzi müxalifət partiyalarının  Qarabağ məsələsini önə çıxarmaları ilə ertələnib. Politoloq bu prosesdə Rusiya izinin olduğunu qeyd edib.

“Rusiya Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin istiləşməsini istəmir. Burada müəyyən Rusiyapərəst qüvvələr bu qurumla Azərbaycan arasında sərinliyin yaranmasında maraqlıdırlar. Lakin Azərbaycan tərəfi də bu neqativ halların yaranması və növbəti dəfə neqativ  hesabatın hazırlanmaması üçün maraqlı qüvvələrin əlinə bəhanə verməməlidir”- deyə politoloq bildirib. /Üç nöqtə/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi