Davud Rəhimov: “Xalq yenə də inkişafa, sabitliyə, əminəmanlığa səs verəcək”

14:06 03-04-2018 | icon 101 | Cəmiyyət
Davud Rəhimov: “Xalq yenə də inkişafa, sabitliyə, əminəmanlığa səs verəcək”

“Müxalifətçi olmaq o demək deyil ki, kimsə bu iqtidara düşmən olmalıdır”

 

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud  Rəhimovun Versus.Az-a müsahibəsi.

 

- Davud müəllim, Əlil Təşkilatları İttifaqının rəhbəri olaraq apardığınız müşahidələr sizdə seçki prosesi ilə bağlı  hansı qənaəti formalaşdırıb?

 

- Məlumdur ki, aprelin 11-ə Prezident seçkiləri təyin edilib. Həmin gün xalq öz prezidentini seçəcək. MSK bu sahədə öz üzərinə düşən fəaliyyəti uğurla yerinə yetirir və düşünürəm ki, seçkilər də yüksək səviyyədə təşkil olunacaq. Hazırda insanların seçkilərdə aktiv iştirakı üçün  nəzərdə tutulan təbliğat kampaniyalarının aparılması istiqamətində də  mühüm işlər görülür. Apardığımız müşahidələrə görə, paytaxt və regionlarda, eyni zamanda beynəlxalq səviyyədə bu yöndə aparılan işlər xalq tərəfindən müsbət qiymətləndirilir. Belə bir deyim var: xalqın gözü tərəzidir. Artıq MSK-da qeydiyyatdan keçmiş bir sıra təşkilatlar Ext-pol aparacaq. Göründüyü kimi, televiziyada təbliğat-təşviqatın aparılması üçün namizədlərə bərabər imkanlar yaradılıb.

 

Eyni zamanda keçirilən sorğulara əsasən, hazırki prezident İlham Əliyev bütün namizədlərdən 85-90 faiz göstərici ilə öndə dayanır. Belə ki xalq dövlət başçısının bu günə kimi gördüyü işləri yüksək qiymətləndirir və növbəti prezident seçkilərində də öz iradəsini bildirəcək. Xalq yenə də inkişafa, sabitliyə, əminəmanlığa səs verəcək.

 

- Bu prosesdə QHT-lərin yeri və rolu ilə bağlı nələri söyləmək olar?

 

“Onlara qarşı sərt münasibətimizi bildiririk”

 

- QHT-lər öz nizamnaməsinə, fəlsəfəsinə görə siyasi təşkilat deyillər. Onlar siyasi proseslərə birbaşa müdaxilə edə bilmirlər. Ancaq qeyd etdiyim kimi, ext-polun, monitorinqlərin aparılmasında yaxından iştirak edirlər. Eyni zamanda, ölkə vətəndaşı olaraq QHT-lərin də öz istədikləri namizədin təbliğatını aparmaları qaçılmazdır. Tərkibində 42 əlil təşkilatı olan Əlil Təşkilatları İttifaqı olaraq, bizim də ümumi mövqeyimiz inkişafı, haqq-ədaləti dəstəkləməkdir. Biz həm bu ölkənin vətəndaşı kimi, həm də fəaliyyətdə olan QHT-lər kimi prosesləri görür və öz dəyərləndirmələrimizi üst təşkilatlarımıza bildiririk. Onar da bu kampaniyanın aparılmasında dəstəkçi olurlar. Bizim paytaxt və rayonlarda olan üzvlərimiz bu prosesə dəstək verirlər. Bu prosesdən heç vaxt kənarda qala bilmərik.

 

- Son günlər xaricdən ölkəmizə qarşı başladılan “təhqir hücumları” ilə bağlı nələri söyləyərdiniz?

 

- Bu seçki ərəfəsində bəzi qüvvələr və onların təsiri altına düşmüş insanlar çox çirkin təbliğat formalarına əl atıblar. Biz bu prosesi sosial şəbəkələrdən və müxtəlif internet resurslarından müşahidə edirik. Məlum olur ki, bunlar əsasən Amerikada oturuşmuş kiçik bir qruplardır. Sayları çox deyil. Lakin bütün hallarda onların təbliğat formalarında Azərbaycanın atriburtları görüntülənir, hətta özlərini daha da aşağı səviyyəyə salaraq prezidentə və bəzi hallarda onun ailəsinə, dövlət məmurlarına qarşı təhqiramiz, əsası olmayan təbliğat aparırlar. Biz də QHT-lər olaraq onlara qarşı sərt münasibətimizi bildiririk. Bu cür təhqir dolu kampaniyaların qaynaqlandığı yerlər əsasən yaşayış səviyyəsi çox da ucuz olmayan Fransa, Hollandiya, ABŞ kimi ölkələrdir. Bu ünsürlər həmin ölkələrdə azad gəzir, qaraguruhçu, əks təbliğat aparmaq üçün asanlıqla müxtəlif şəhərlərə gedirlər. Təbii ki, bu təbliğatın aparılması üçün vəsaitlər bu işi təşkil edən havadarları tərəfindən  çatdırılır. Bəlkə də bu insanlar hansı məqsədə xidmət etdiklərini heç özləri də bilmirlər. Havadarları bu insanları şirnikləndirib, öz məqsədləri üçün istifadə edirlər. Burda daha çox erməni diasporasının əli ola bilər. Eləcə də bu kampaniyada Azərbaycanın inkişafına paxıllıq edən, onu istəməyən qüvvələr də iştirak edə bilərlər. Çox əfsusalar olsun ki, bu prosesə respublikanın içərisindən də dəstək verən qüvvələr oldu.

 

“Ölkənin inkişafında müxalifət müsbət rol oynamır”

 

Əlbəttə ki, hər bir ölkədə inkişafı təmin edən faktorlarla yanaşı, eyni zamanda iqtidar və müxalifətin, vətəndaş cəmiyyətlərinin yüksək səviyyədə olması vacib şərtlərdən biridir. Əgər vətəndaş cəmiyyətləri öz üzərilərinə düşən funksiyaları yerinə yetirirsə, QHT-lər, müxalifət  varsa, demək bu ölkədə inkişaf var. Təəssüflər olsun ki, müxalifətin ölkənin inkişafında müsbət rol oynadığını deyə bilmərik. Bizdə o cümlədən konstruktif müxalifət deyilən qüvvələr də var. Müxalifətçi olmaq o demək deyil ki, kimsə bu iqtidara düşmən olmalıdır. Yaxud, ölkə rəhbərinə və digər şəxslərə qarşı təhqiredici ifadələrdən istifadə edə bilərlər. Belə deyil. Hər halda elə bir dövrdə yaşayırıq ki, hər bir məsələ sivil qaydada idarə olunmalıdır. İnkişaf etmiş ölkələrdə müxalifətin iqtidara necə dəstək verdiyini də görürük. Bəzi hallarda eyni məqsəd uğrunda mübarizə aparsalar da, başqa-başqa yollarla gedirlər. Bizdə isə  müxalifətin hara getmək istədiyini müəyyən edə bilmirəm. Onların məqsədi nədir? Tutaq ki, mitinqlər olur, meydana bəlli sayda insanlar toplaşıb çıxışlar edirlər. Baxanda görürsən ki, onlar ölkənin inkişafı ilə bağlı heç nə danışmırlar. Ancaq iqtidarı, prezidenti təhqir edirlər. Bu çox arzuolunmazdır. Əlbəttə ki, onların da müəyyən sayda tərəfdarları var. Onların da içərisində yaxşı proqressiv insanlar var. Amma partiyalardakı  fikir ayrılıqları səbəbindən inkişaf edə bilmirlər.

 

“AXC-Müsavat cütlüyünün hakimiyyətə necə gəldiyini də bilirik”

 

Biz 90-cı illərdən ölkədə gedən prosesin içindəyik. AXCP-Müsavat cütlüyünün hakimiyyətə necə gəldiyini də hamımız yaxşı bilirik. O vaxt onlar hakimiyyətə gələndə YAP-ın ofisinə, əməkdaşlarına hücum edib necə dağıtdıqlarını, nümayəndələrinin başlarını necə yardıqlarını yaxşı xatırlayırıq. O vaxt ordunu bölgələrdən gətirib Bakıda hökumət çevrilişi etmək istədilər. Vəziyyət həddən artıq ağırlaşdı. Axı dövləti idarə etmək asan məsələ deyil. Ona görə də az müddətdən sonra özləri geri çevrildilər və həmin partiyalarda vahid əqidənin olmaması üzündən  parçalanmağa başladılar. AXC-dən hardasa 7-8 partiya əmələ gəldi. Müsavatdan da həmçinin. Mən başqa yedək partiyalara toxunmaq istəmirəm. Onlar özlərinə müxalifət partiyaları deyirdilərsə, bir məqsədləri var idisə niyə birləşə bilmədilər? Niyə mübarizə üçün qüvvələri səfərbərliyə alınmalıdır. Yəni bu müxalifətin sivil mübarizə vasitələri yoxdur.

Biz bu illər ərzində gördük ki, bunlar heç vaxt birgə mövqe ortaya qoymayıblar. Həmin partiyalarda söyüş səviyyəsində fikirlər söyləyən adamlar indi müxtəlif vəzifələrdə yer alıblar. İqtidar onları cəzalandıra da bilərdi. Ancaq böyüklüyünü göstərdi və bu müxalifətçiləri müəyyən işlərə cəlb etdi. İndi keçmiş müxalifətçilərin əksəriyyəti hökumətin müxtəlif strukturlarında - parlamentdə, icra strukturlarında, QHT-də çalışırlar.

 

- Davud müəllim, qeyd etdiyiniz həmin dövrlərdə QHT-lər özləri də siyasi proseslərə daha çox cəlb olunmuşdu. İndi vəziyyət necədir?

 

- 2003-cü il seçkilərinə qədər QHT-lərin partiyalarda hüquq müdafiəçiləri kimi iştirakı pik vəziyyətə gəlib çatmışdı. Çünki onlar  əmin idilər ki, prezident seçkilərində qələbə çalacaqlar, kimlərsə ölkədən qovulacaq, kimlərsə vəzifələrə gedəcək. Sonra seçkilər keçirildi və daha sonra Bakıda iğtişaşlar oldu. Bundan sonra hüquq-müdafiə təşkilartları gördülər ki, bu cür fəaliyyət düzgün deyil. Eyni zamanda bəzi hüquq müdafiəçilərini həm daxildən, həm xaricdən də maliyyələşirdilər. Həmin qüvvələr də görürdülər ki, bunlara maliyyə verməklə nə istəsən elətdirmək olar. Hakimiyyətdə çevriliş etmək istədilər. Sonradan görəndə ki, xalqın sözü başqadır, özləri çevrilməyə başladılar.

 

“Filankəs dünən onu söyürdü, bu gün isə tərifləyir...”

 

Düzdür, hökumət keçmişdə onu söyən bu insanlardan istifadə edir. Amma bunun özü də cəmiyyətdə bir mənəvi aşınma yaradır. İnsanlar görürlər ki, filankəs dünən onu söyürdü, bu gün tərifləyir, yaxud vəzifəyə gətirilib.Yaxud baxırsan ki, dünən dediyi sözlə, bu gün dediyi uyğun gəlmir. Eləcə də xalqına, dövlətinə canla başla xidmət edənlər qalırlar kənarda, belələri irəli çəkilir. Bu da cəmiyyətdə müəyyən qədər laqeydlik, mənəvi aşınma yaradır. Bəlkə də dövlətçiliyin əsas ali məqsədi və sabitliyin saxlanmasında bu cür gedişlər lazımdır. Ancaq müəyyən psixoloji, incə nüanslara diqqət yetirilməsi yaxşı olardı.

Sonra xaricə işləyən hüquq müdafiəçilərinin fəaliyyəti aşağı düşdü. Artıq hüquq müdafiəçiləri adı altında belə aqressiv təşkilatlar yoxdur. Hazırda aqressiya başqa bir forma təzahür edir. Həm müxalifət dediyimiz partiyalardan və eyni zamanda Azərbaycanı istəməyən xarici qüvvələrə işləyən insanlarımız peyda olub. Həmin adamlar yaşadığı şəhərlərdə ölkəmizin başçısına qarşı əcaib plakatlar, şüarlar yayırlar. Amma düşmən də apardığı mübarizəni ləyaqətlə aparmalıdır. Prezidentin şəklini elə yerlərə vururlar ki, bunu özlərindən başqa heç kəs görmür. Əslində onlar özlərinə qarşı mənfi rəy yaradırlar. Bu mənada hesab edirəm ki, belə əks təbliğatlar da heç nə vəd etmir. Biz də belə qüvvələri neytrallaşdırmaq üçün mümkün vasitələrdən istifadə edirik. Mən buna əks kampaniya demirəm. Biz onları özümüzə rəqib saya bilmərik. Onlar heçkimdir. Onlar özləri deyib, özləri də eşidir. Biz də belə çirkin kampaniyaların əleyhinəyik.

 

- Davud müəllim, Əlil İttifaqı Mərkəzi özü seçki prosesində nə dərəcədə aktivdir?

 

- Ölkə seçki ərəfəsindədir. Bütün sahələr üzrə fəaliyyətdə olan hökumət və QHT-lər, vətəndaş cəmiyyətləri seçkidə iştirak edirlər. Seçkidə hər bir təşkilatın mövqeyi ortada olmalıdır. Çalışırıq ki, bizim üzvlərimiz seçkilərdə iştirak etsinlər və ölkə başçısının apardığı siyasəti dəstəkləməklə ölkəyə öz töhfələrini versinlər.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb