GENERALI MAT QOYAN DÖYÜŞ TAKTİKASI

16:44 06-10-2019 | icon 161 | Şəhidlər və şahidlər
GENERALI MAT QOYAN DÖYÜŞ TAKTİKASI

 Mətbuatın yazdığı məlumatlardan bəlli olur ki, Hoçaz dağı uğrunda gedən döyüşlərdə itirilən mövqeləri geri qaytarmaq üçün üstünlüyü ələ almaq məqsədilə ermənilər tərəfindən əməliyyatlara rəhbərliyi birbaşa Ermənistan silahlı qüvvələrinin generalı, Baş  Qərargah rəisinin özü edib. O zamankı döyüş tariximizin qürurverici səhifələrindən biridir ki, həmin generalın düzənlədiyi əməliyyatı 713 nömrəli hərbi hissənin qəhrəman döyüşçüləri başdan-başa alt-üst ediblər. Mayor Süleyman Əhmədov Şəhidlik zirvəsinə qovuşandan sonra 713 nömrəli hərbi hissənin komandiri olan RƏHMAN İSGƏNDƏROVun seçdiyi döyüş taktikası nəinki erməni generalının, bütövlükdə erməni sllahlı qüvvələrinin bütün planlarını heçə endirmişdi.

 

 BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ HÜCUM

(əvvəli bu linkdə)

...”Hoçaz kəndində şəhid olan yeddi nəfərlə bağlı məqamlara 713 nömrəli hərbi hissənin birinci potasının döyüşçüsü QƏŞƏM RZAYEV öz xatirələrində belə aydınlıq gətirir: “1992-ci il iyul ayının axırı olardı. Biz Pircahan kəndində Elburusgilin evində qalırdıq. Bu vaxt Bülüldüz tərəfdən güllə səsləri eşidilməyə başladı. Üstündən bir az keçmişdi ki, kimsə komandirimiz Rəhman İsgəndərovun Bülüldüz istiqamətində hücum əmri olduğunu bildirdi. Ardınca da məlumat verildi ki, bəs kəşfiyyat qrupu ermənilərin mühasirəsinə düşüb. Biz cəld silah-sursatımızı götürüb Pircahan çayına doğru getdik. Pircahan çayını keçib oradan Bülüldüz istiqamətində bir neçə qrup halında qalxmağa başladıq. Qruplardan biri Bülüldüzün alt hissəsiylə, bir qrup orta hissəylə, digər bir qrupsa col cinah istiqamətiylə Bülüldüzə tərəf qalxmağa başladıq. Bizim rotanın kiçik bir qismi kənddəki postlarda qalmışdı, qalan qüvvələrsə Bülüldüz istiqamətində hücuma keçdi. Az bir müddət keçdikdən sonra biz həmin əraziyə çatdıq. Mən özüm həmin əraziyə orta istiqamətdən qalxmışdım. Sol və sağ cinahlardansa rotamızın başqa qrupları hərəkət edirdi. Mən güllə səslərinin səmtini götürüb təsadüfən düz kəşfiyyatçılar olan yerə gəlib çıxdım. Bura bir təpənin başı idi. Ermənilər pulemyotla həmin ərazini çox güclü atəşə tutmuşdular. Güllə yağış kimi yağırdı...

 

Ətrafı müşahidə etdim. Demək olar ki, heç bir erməni görünmürdü. Haradan atəş açmalarını da dəqiq müəyyənləşdirə bilməmişdim. Bir az da müşahidə aparandan sonra onların koordiantlarını müəyyənləşdirə bildim – ermənilər Bülüldüzün alt hissəsində olan ağaclıqdan atəş açırdılar. Mən də dərhal həmin ərazini gülləbaran etməyə başladım.  Atışma gedən vaxtı sol istiqamətdən ermənilərə qarşı çox qızğın bir döyüş başladı. Döyüşün qızğın xarakter aldığını görən ermənilər atəşi dayandırıb Tığik istiqamətində qaçmağa başladılar. Bu döyüş təqribən bir saat çəkdi. Onu da deyim ki, hədəfi dəqiq nişan almaq üçün şərait imkan vermirdi. Arada olan hava məsafəsi təqribən 700-800 olardı. Açdığım atəşlərdən biri yekəpər bir erməniyə dəydi. Ağzı üstə yerə sərilən həmin erməni ayağa durub axsaya-axsaya özünü ağaclığa saldı. Sonradan uşaqlar irəli getdilər...

 

Qayıdan dəstələrdən biri təptəzə bir UAZ-la gəlirdi, ermənilər silah-sursat kimi maşınlarının da qoyub qaçmışdılar”...

 

HOÇAZA HÜCUMLA BAĞLI TORPAĞIN ÜSTÜNDƏ CIZILAN DÖYÜŞ TAKTİKASININ PLANI

 

“Biz oradan qayıdanda gördük ki, Hoçaz kəndi istiqamətindən də güllə səsləri gəlir. Öncə nə baş verdiyini anlamadıq. Pircahana qayıdanda artlq hava qaralırdı.

Bir az keçmişdi ki, yenə də komandirimiz Rəhman İsgəndərov xəbər göndərdi ki, “hazırlaşın, sabah Hoçaz kəndinə hücuma gedəcəyik, orada bizim ikinci rota döyüş aparıb, şəhidlərimiz var. Gedib o şəhidlərimizi döyüş xəttindən çıxarmaq lazımdır”...

Gecəni Pircahanda qaldıq, sübh tezdən komandirimiz İsgəndərov Rəhman uşaqları topladı, biz 33 nəfər idik. Bu uşaqların içində Cabbar da var idi. Bizim 1 dənə BMP-1-miz də var idi. Cabbar həmin BMP-1-i işə salmışdı. Biz hamımız BMP-1-in üstünə qalxdıq. BMP-1-lə kəndin içiylə yuxarı qalxmağa başladıq. Mişni tərəfə enmək istəyəndə gördük ki, qarşıdan bir dəstə gəlir. Bu gələn dəstə Vaqif Quliyevin ikinci potası idi. Hoçaz döyüşündən geri qayıdırdılar..Onlar yanımızdan ötüb keçdilər. Bizim rota Mişni çayına doğru endi. Sonra çaydan qalxıb Sonasar istiqamətində getdik...

Sonasarla Hoçaz kəndi arasında bir tala var idi. Orada biz BMP-dən düşdük. Cabbar BMP-1-i yolun sağ hissəsindəki hündürlüyə qaldıraraq orada texnikanı başı aşağı saxladı. BMP-1-in üstündəki pulemyotu çıxardı. Ümumiyyətlə BMP-1-in işə salınmasında problemlər var idi, onu üzü enişə saxlayırdılar ki, işə salmaq asan olsun. Atəş açmırdı. Texnikanın döyüş qabiliyyəti yox idi.

Hoçaz kəndi istiqmətində bir az getmişdik ki, komandirimiz Rəhman İsgəndərovun əmriylə dayandıq. Dediyim kimi biz 33 nəfər idik, komandirimiz İsgəndərov bizə əli ilə torpağın üstünü hamarlayandan sonra elə torpağın üstündəcə döyüş taktikasını cızmağa başladı. Komandirimizin torpağın üstündə cızdığı plana əsasən bəlli oldu ki, biz kəndə ÜÇ İSTİQAMƏTdən döyüşə girəcəyik. BİRİNCİ DƏSTƏ kəndin sağ tərəfiylə gedib Hoçaz dağına qalxandan sonra kəndin yuxarı hissəsiylə meşəliklə fırlanıb Hoçaz kəndinin arxa hissəsində yerləşən vışkanın yanına qalxıb orada özünə döyüş mövqeyi seçəcək. İKİNCİ DƏSTƏ Hoçaz dağının hündür zirvəsinə qalxıb oradan kəndi müşahidə edəcək, hücum əmri veriləndə kənddə olan erməniləri gülləbarana tutacaq. ÜÇÜNCÜ DƏSTƏ isə “Malış” Asif, Cabbar və komandirimizin özü Rəhman İsgəndərov kəndin alt giriş hissəsində qalıb döyüş mövqeyi tutacaqlar. Biz isə 3 nəfər Mehman, Sahib və mən kəndə girməliyik...

Kəndə girəcək 3 nəfərin rolu ondan ibarət idi ki, əgər kəndin içində erməni varsa, onlara atəş açmalıyıq ki, ermənilər də bizə atəş açsınlar. Sonra biz erməniləri aldatmaq üçün atəş aça-aça geri çıxmalıydıq.  Heç şübhəsiz ki, ermənilər bizim az bir qrup olduğumuzu görəndə  onların postlarda olan digər qüvvələri də kəndə girəcəkdilər. Belə olan halda bizim hər iki istiqamətdə olan qrupumuz arxadan ermənilərin mövqelərinə keçməli və kəndin üstündə olan qüvvələrimiz həmin erməniləri güclü atəşə tutmalı idilər. Kəndin arxasında olan qüvvələrsə vışka tərəfdən ermənilərin postunu ələ keçirməli idilər. Beləliklə, erməniləri mühasirəyə salıb kəndin içində qırmalı idik. Erməniləri qırandan sonra bizim ikinci potadan olan 7 nəfər şəhidimizi oradan götürüb çıxmalıyıq. Plan bundan ibarət idi.

Eyni zamanda biz 3 nəfər kəndə girən zaman komandirimiz Rəhman İsgəndərov, Cabbar və “Malış” Asif kəndin ayağından bizi qorumalı idilər ki, biz döyüşə-döyüşə geri çəkiləndə düşmənin hədəfinə çevrilməyək...

Beləcə biz kəndə yaxınlaşanda ermənilərin arxa tərəfinə keçən birinci qrupa əmr verildi ki, vışkaya doğru hərəkət etsinlər və bunlar dərhal əmrin icrasına başladılar. Ardınca növbəti əmri icra etmək üçün ikinci qrup hərəkətə keçdi. Bizsə haradasa yarım saat gözləməli olduq ki, bu qruplar öz mövqelərini tutsunlar...

Təqriibən yarım saat keçmişdi. Biz kəndi müşahidə edirdik. Hələ ki, gözə heç  bir erməni dəymirdi. Səs-səmir də yox idi. Və nəhayət bizim kəndə girib əməliyyata başalamağımızla bağlı komandirimiz Rəhman İsgəndərov tərəfindən göstəriş verildi. Bundan öncə həmin iki qrupa da göstəriş verilmişdi ki, fişəng atılmayana qədər ermənilər tərəfə atəş açılmasın”.

 

 

“ELƏ BUNU FİKİRLƏŞİRDİM Kİ...”

 

“Beləcə qabaqda Mehman, arxasında Sahib və onun arxasında da mən kəndə girdik. Hoçaz kəndinin içindəki məktəbin üst hissəsilə bir-birimizi qorumaq şərtilə irəliləyirdik. Aramızda 5-6 metrlik məsafə saxlayırdıq. Məktəbin üst hissəsiylə gedəndə qabaqda qarşımızı çəpər kəsdi. Belə olan halda biz ya sağa, ya da sola getməli, çəpərin alt, yaxud üst hissəsindən kəndə girməli idik. Əl hərəkətləri ilə bir-birimizlə danışırdıq. Qabaqda gedən Mehman əli ilə işarə verdi ki, sağ yuxarı hissəyə qalxaq  və qalxmağa başladıq. Birdən arxadan hiss etdim ki, elə bil kimsə konserva qabına bir təpik vurdu.

Arxaya dönüb həmin istiqamətə baxdım. Apaydın hiss olunurdu ki, bəli, nəsə konserva bankasına təpik vuruldu. O istiqamət çəpərin arxa hissəsi, daha doğrusu, içərisi idi. Çəpərin içini də adamdan hündür ot basmışdı. Üstəlik çəpərin içndə hündür ağaclar var idi, heç nə görünmürdü. Bir də dönüb baxdım, gördüm ki, Sahiblə Mehman artıq yoxdular, Onlar çəpərin qırağıyla yuxarı qalxıblar. Mən Mehmanla Sahibə işarə verə bilmədim ki, bu tərəfdən səs gəlir. Qaldım ki, neyləyim – Mehmangilin arxasınca, yoxsa səs gələn tərəfə gedim. Elə bunu fikirləşirdim ki, birdən həmin səs gələn tərəfdən bir-birinin dalınca kimlərinsə çıxdığını gördüm. Mən tərəfə çıxan adamın üzü saqqallı idi, onu gördüm. O biri tərəfdə olanlar yan-yana dayandıqları üçün üzlərini seçə bilmədim. Aramızda 20-25 metr məsafə olardı. Saqqallı oğlan məni görən kimi əlini yuxarı qaldıraraq salam işarəsi verdi. Elə mən də əlimlə ona salam işarəsi verdim. Bunlar nəsə çəpərin o üzündən çıxıb məktəbə sarı getdilər. Mən də duruxub qalmışam. Çaş-baş olmuşdum. Mənə salam verən oğlanı ikinci potadan bir nəfərə oxşatdım.

Bir anlığa məni fikir götürdü. Axı biz Hoçaza gələndə ikinci rotanın uşaqlarıyla qarşılaşmışdıq və onlar bizim yanımızdan ötüb getmişdilər. Fikirləşdim ki, bəlkə biz Hoçaza gəlib qruplara bölünəndən sonra ikinci rotanın uşaqları da gəlib bizimkilərə qoşulub, qalxıb dağı fırlanıb kəndin arxasına keçiblər. Yəqin bu uşaqlar kəndin boşluğunu görüb düşüb gəliblər. Və bu salam verən bəlkə elə onlardandı. Mən belə başa düşdüm”...

 

“ERMƏNİLƏR MƏNƏ SALAM VERİB MƏKTƏBƏ TƏRƏF GETDİLƏR”

 

“Sonra Mehmangil istiqamətində yuxarı qalxmağa başladım. Qalxanda oradan güllə səsləri eşitdim. Cəld ora qalxmağa başladım. Gördüm ki, Mehman gəldi, Sahibi görmədim. Çiynində iki avtomat var idi. Mehman dedi ki, üz-üzə gəlmişdik, 2 nəfər ermənini güllələdim. Sonra həmin erməniləri arxalarında səs eşitdim, ora qumbara da  tulladım. Ermənilər də qışqıraraq qaçıb getdilər. Mən ona dedim ki, sən neyləmisən!? Onlar bizim uşaqlardır, arxadan fırlanıb kəndə giriblər. Sən onları güllələmisən! Sən heç baxdın ki, kimi vurmusan!?

O da mənə dedi ki, necə yəni, mən vurduğum adamı bilmirəm ki!? Erməni dilində vaqqıldaya-vaqqıldaya üstümə gəldi, mən də atəşə tutdum. Mən də ona dedim ki, onlar bizim uşaqlar idi, mənə salam da verib məktəbə sarı getdilər. O isə cavabında mənə söylədi ki, bu, mümkün deyil. Mən yenə israr elədim ki, yox, onlar bizim uşaqlara oxşayırdı. Bu da mənə dedi ki, hələ bir qayıt bax, gör kimdi bunlar!?”.

 

“YANLARINDAN DÖNÜB GEDƏNDƏ ERMƏNİLƏR QOLUMDAKI AZƏRBAYCAN BAYRAĞINI GÖRDÜLƏR”

 

“Qayıdıb baxanda gördüm ki, ermənilər məktəbin qabağında durublar. Mən onlara yaxınlaşanda yenə də o saqqallı qabaq tərəfdə durmuşdu. Yaxınlaşanda hiss elədim ki, o saqqallı tanış gəlir, qalanlarının sifəti tanış gəlmir. Bunlara təqribən 7-8 metr qalmışdım ki, onlardan biri dönüb mənə nəsə dedi. Artıq bu danışanda başa düşdüm ki, bunlar ermənilərdi. Ermənilər məktəbin düz ağzinda dayanmışdılar. Məktəbin ağzında balaca budka kimi yer var. Mən də kəndin içəri tərəfindən çəpərlərin arasıyla gəlib yaxınlaşdım bunlara. Ara məsafəmiz 6-7 metr olardı. Erməni dönüb mənə nəsə dedi, mən dayandım. Fikirləşdim ki, bunlar onsuz da məni tanımırlar, fırlanım bir az geri qayıdıb böyrümdəki damın yanına keçim, əlimdəki pulemyotla verim bunları güllənin ağzına. Nə isə  mən döndüm, dönüb fırlananda gördüm ki, artıq bunlar söhbəti kəsib mənə sarı baxmağa başladılar. Hiss elədim ki, bunların sifəti sərtləşir. Dönəndə mənə elə gəldi ki, onlar mənim qolumdakı Azərbaycan bayrağını gördülər. Gördüm ki, əllərini avtomata atmaq istəyirlər, mən qəfil pulemyotla atəş açdım. Mən pulemyotun qoruyucunu çəkdim və atəş açdım. Qoruyucunu çəkəndə bu, bir-bir atəşə düşmüşdü, avtomat atəşinə yox. Açılan atəş solda dayanan erməninin sinəsindən dəydi, bağıraraq məktəbə girdi. İkinci dəfə atəş açdı, o da başqa bir erməninin qolundan dəydi, avtomat əlindən düşdü, kəndaşağı qaçmağa başladı. Pulemyotu çevirib avtomat atəşinə qoymaq istədim, bu anda ermənilər yerə uzandılar. Dərhal anladım ki, onlar mənə atəş açacaqlar, cəld sağ istiqamətə otluğa tullandım. Onlar məni, mən də onları atəşə tutmuşdum. Bir maqazin boşaltdım, bir anlığa eyni anda atəş səsləri kəsildi. Tez maqazini qoşub diqqətlə qulaq asmağa başladım. Bu vaxt hiss elədim ki, sağ tərəfimdə olan damın arxasından bir baş çıxııb təzədən ora girdi. Arxa hissədən ermənilərdən kimsə həmin damın yanına gəlib çıxmışdı. Üstümdə 4-5 ədəd qumbara var idi. Onlardan bir ədəd “F-1” qumabarasını çəkib həmin istiqamətə tulladım. Gördüm ki, kimsə oradan bağıraraq qaçmağa başladı. Sonra məktəbin qapısına doğru güllə atdım ki, görüm ermənilər haradadılar. Səs-sorağın olmadığını görüb ətrafa diqqət kəsildim. Otluq hissədən başımı qaldıra bilmirdim. Bir az keçmişdi ki, gördüm ki, məktəbin içindən səslər gəlir. Başa düşdüm ki, ermənilər məktəbin içinə giriblər. Yenə də dəqiqləşdirmək üçün məktəbin qapısına tərəf güllə atdım ki, görüm ermənilər haradadılar. Səs gəlmədi. Ətrafa diqqətlə göz gəzdirdim. Bir az keçmişdi ki, içəridən səslərin gəldiyini eşitdim. Ermənilərdən birini öldürmüşdüm, biri isə yaralı halda aşağı qaçmışdı. Deməli məktəbin içində 3 nəfər erməni qalmalı idi. Məktəbə baxanda hiss elədim ki, sağ tərəfdən birinci otaqdan tez-tez bir baş çıxıb qayıdır. Həmin erməni mənim yerimi müəyyənləşdirmək istəyirdi. O, hər dəfə başını azca çölə çıxarır, mən də onu nişan ala bilmirdim. Bir də başını çıxarmaq istəyəndə mən atəş açdım, ermənidən bağırtı qopdu. Bildim ki,  güllə ona dəydi. Ondan sonra məkətb istiqamətində bir maqazini boşaltdım. Sağ və sol şüşələri gülləbaran etdim ki, içərini yaxşı görə bilim. Eyni zamanda məktəbin koridorunun divarına gülləni çəpəki vurdum ki, açılan atəş koridorda olanları tutsun. Üçüncü maqazini də qoşdum. Tez-tez arxaya baxırdım, çünki arxadan ermənilərin səsləri gəlirdi. Qumbaranın birini üstümdən çıxarıb düz əlimin altına qoydum ki, birdən ermənilər qəfil arxadan üstümə gələndə macal tapıb güllə ata bilməsəm də, bundan istifadə eləyim. Bir az qulaq asdım. Gördüm yenə də sakitlikdi”...

 

KOMANDİRİMİZ RƏHMAN İSGƏNDƏROV ERMƏNİLƏRƏ “TƏSLİM OLUN!” ƏMRİNİ VERDİ

 

“Elə bu vaxt birdən möhkəm atışma başladı. Bizimkilər hər tərəfdən erməniləri atəşə tutdular. Eyni anda havaya fişəng də getdi. Fişəngdən sonra qrad qurğusundan açılan atəş nəticəsində mərmi məndən arxa hissədə səs gələn tərəfə düşdü. Ermənilərin bağırtısı, çığırtısı baş qaldırdı və getdikcə araya sakitlik çökdü. Ani bir vəziyyətdə gördüm ki, bizimkilər məktəbin üstündən kəndə doluşdular. Qabaqda Sahiblə Mehman gəlirdi. Mən tez işarə verdim ki, məktəbin içində adam var. Uşaqlar hamısı gəlib məktəbin qabağına yığışdılar. Və bu zaman  vaxt ikinci potanın uşaqları da ora gəlib çıxdılar. Onlara da məlumat verdim ki, içəridə 2 erməni var, 1 erməni də başıaşağı qaçdı. Qaçan erməninin istiqamətini də göstərdim. Komandirimiz Rəhman İsgəndərov məktəbin içində olan ermənilərə “təslim olun!” əmrini verdi.

Mən də uzandığım yerdən qalxmışdım. Qalxanda gördüm ki, qolumdan qan axır, başa düşdüm ki, yaralanmışam. Başladım qolumun qanını yuyub təmizləməyə...

Müharibədən sonra o qəlpəni qolumdan çıxaranda gördüm ki, bu qəlpə “RQD” qumbarasının qəlpəsi olub. Amma ermənilərin o qumbaranı nə zaman atmalarını belə mən hiss etməmişdim.  Eyni zamanda maqazinlər də qanın içində idi. Başladım maqazinləri yumağa. Bu vaxt komandirimiz İsgəndərov Rəhman ikinci potadan kiməsə komanda verdi ki, məktəbin sağ otağının pəncərəsindən içəri divarı vur ki, divar partlasın. Qranatamyotla ora atəş açıldı, divar dağıldı, uşaqlar kənd məktəbinin içinə doluşdular. Orada bir erməni əsir götürüldü, Elə bu vaxt çöldə sağ tərəfdə atəş səsləri gəldi. Baxanda gördüm ki, o evə girmiş erməni qaçır, bizimkilər də ona atəş açırlar. Uşaqlar onu vurub öldürdülər. Bizimkilər orada qalan şəhidlərimizi və həmin erməni əsirini götürüb geriyə, Pircahana qayıtdılar...

Qüvvəmiz çox az olduğu Hoçazı əldə saxlaya bilməzdik. Iki rota ilə  Pircahanı, Höçazı, Mişnini, Sonasarı, Hoçaz dağını əldə saxlamaq qeyri-mümkün idi. Ona görə də şəhidlərimizi götürüb geri çəkildik”...

 

İGİD TEYMURLU

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Radikal müxalifətin ikinci oktyabr iflası

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"