Müharibə əlillərinə minik avtomobili verilib

14:57 09-04-2018 | icon 204 | Sosial
Müharibə əlillərinə minik avtomobili verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.

 

Versus.az xəbər verir ki, yeni minik avtomobillərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri də iştirak edib.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nailiyyətlərindən bəhs olunub. Son 15 ildə böyük inkişaf yolu keçən ölkəmizdə aparılan siyasətin mərkəzində insan amilinin dayandığı, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar da uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmaqla, onların həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də həmin insanların minik avtomobilləri ilə təmin olunmasına yönəlib.

Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişə imkan verib. Həmin Sərəncamlardan sonrakı dövrdə hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 2,2 min ədədə yaxın “Naz-LİFAN” markalı minik avtomobili qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Nəticədə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2014-cü ilədək növbəyə dayananlarla bərabər, artıq 2015-ci ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən də bir hissəsinin avtomobillə təminatına nail olunub.

Ümumilikdə isə bu vaxta qədər Nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.

Həmin vətəndaşların minik avtomobili ilə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) təqdim olunan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilir.

Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, bu sahədə də tədbirlər ildən-ilə gücləndirilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 mindən çox əlil və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin ediliblər.

Cari ilin ötən dövründə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müdafiə məqsədli 40-dək Fərman və Sərəncam imzalanıb ki, onlardan bir qismi Qarabağ müharibəsi və 20 Yanvar əlilləri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılmasına imkan verib. Habelə cari ildə də bütün əlilliyi olan şəxslər kimi, onlara yönələn pensiya və sosial müavinətlərin, eləcə də Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin uşaqlarına təyin edilən sosial müavinətlərin növbəti dəfə artırılması təmin edilib. 

 

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanların, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial təminatlarının gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların, həmin şəxslərin, habelə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onların təminatlarının artırılması sahəsində aparılan işlərə, habelə yeni avtomobillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”