“713-cü hərbi hissəyə gələn yol - İGİD TEYMURLUNUN XATİRƏLƏRİ

12:50 01-11-2019 | icon 127 | Şəhidlər və şahidlər
“713-cü hərbi hissəyə gələn yol - İGİD TEYMURLUNUN XATİRƏLƏRİ

“Bir itin yurda, bir itin itə olan sevgisi paytaxt Bakıda görünmürdü”

 

III hissə

 

(əvvəli bu linkdə)

 

....Bilmirəm məktəb, yoxsa tibb məntəqəsi idi, biz Qorçuya gəlişimizdə ora yerləşdik. Bizdən aşağı hissədə də uşaqlar evlərdə yerləşmişdilər. Kimsə "omon"çulardan, yoxsa milis qüvvələrindən də bir qrupun burada olduğunu dedi...

 

“Amonçu” ifadəsini eşidəndə nənəmin mənə dediyi “sən də AMON-çu olmusan” sualı yadıma düşdü və sözün düzü bir az qəhərləndim də. Çünki hansısa fitnənin ucbatından sonucu faciə ilə nəticələnən “amonçular”ın taleləri gözümün önünə gəldi. Və bu, həmin “amonçu” idi ki, hələ ötən əsrin 90-cı illərində ermənilərlə sülh danışıqlarına ancaq və ancaq bu terroristlərin Nürnberq məhkəməsi timsalında haqqın divanına çəkiləndən, bütün Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra onlarla sülh danışıqlarının mümkünlüyündən danışırdı. Amma indi biz Qorçuya gələndə Azərbaycan tərəfi hələ ki, Ermənistan qarşısında mağmun bir durumdaydı...

 

Bizim birinci rotadan olan 42 yaşlı Nəriman kişiylə kənara çəkilib ətrafda görünən kəndlər haqqında bilgi almağa çalışırdım. O da özünə daha doğma olan Oğuldərə, Şəlvə istiqamətində əlini qarşı tərəfə uzadıb həsrətlə danışırdı. Nəriman kişi “indi biz Laçının kəndlərindən çooox, özü də lap çox uzaqlarda özümüzə yurd salıb, Özümüzdən uzaqlaşmışıq” deyirdi...

 

O zaman gerçəkdən kəndimizə qayıdan özümüzü siyasət dəllalları, o zamankı başbilənlərimiz görməzliyə vururdular.

 

ONDA “başbilənlər, ağsaqqallar Bakıda Qazaxıstandan Laçına köçürüləcək 200 mindən artıq kürdün taleyi haqqında proje ətrafında baş sındırırdılar”, bizsə döyüşə atılmaq istəyirdik!

ONDA 713 saylı hərbi hissəyə qarşı birbaşa əzəlindən Müdafiə Nazirliyi səviyyəsində hansısa laqeydlik hökm sürməkdə idi, bizsə heç nəyə baxmadan döyüşə atılmaq istəyirdik!

 

ONDA o zamankı müdafiə naziri Rəhim Qazıyev analitik informasiya sisteminə rəhbərliyi erməni simpatizanı Leyla Yunusa tapşırıb hörümçək torunun qurulmasından xəbərsiz kimi davranırdı, bizsə döyüşə atılmaq istəyirdik!

 

Bütün bunlara baxmayaraq baş verənlərin fonunda döyüşə atılan 713-cü hərbi hissənin şəxsi heyətinə daxil olan hər bir döyüşçüdə vətən, yurd sevgisi, mətinlik, əzmkarlıq sezilməkdə idi...

 

Nərimanla üzüaşağıda evə sarı düşəndə qarşımıza bir it çıxdı. İt az qalırdı ki, dil açıb bizimlə danışa. Qınamayın məni, hətta mənə elə gəldi ki, o itin gözlərindən yaş da axırdı. Bu it bizə yaxınlaşıb başımıza fırlanır, sonra üzüaşağı baş alıb qaça –qaça bərkdən hürür, torpaqlarımızı işğal edən erməniyə sanki, “gəldi bu yurdun sahibləri, oğraşlar!” deyə haray çəkirdi. Aşağı həyətə baxanda başqa bir itin elə zəncirdəcə acından öldüyünü gördük. Çox təsirli mənzərə idi. Mən orada bir itin yurda, bir itin itə olan sevgisinin canlı şahidinə çevrilib qapalı bir dünyanın adamına çevrilmişdim. Nərimanın nələr danışdığından da xəbərsiz idim. Bu anda xəyallarım məni yenə də Bakıya aparmışdı. Xəyallarımda vəzifə uğrunda, bir qarın çörək uğrunda bir-birini didib parçalayan Azərbaycan İnsanında bir itin yurda, bir itin itə olan sevgisi görünmürdü. Bakıda kreslo uğrunda dava getdiyi bir halda o it yurduna sahib çıxmışdı, ac qalmışdı, ancaq öz həmcinsinə toxunmamış, bir qarın doyumluq üçün onu didib parçalamamışdı. Oxşatması qüsurlu olsa belə demək zorundayam ki, ancaq o dönəmdə Azərbaycan İnsanının böyük bir kəsimi bir-birini didib parçalamaqda idi...

 

“Erməniylə qarşılaşacağım anı gözləyir, qisasçı obrazımı ona təqdim edəcəkdim”

 

O dönəmdə şəxsən məndə 811 saylı Laçın özünümüdafiə batalyonunun hansı mövqedə olmasıyla bağlı heç bir informasiya yox idi. Uşaların ara-sıra danışıqlarından onu bilirdim ki, artıq bu batalyon ləğv edilib, amma niyəsini bilmirdim.

 

Açığı məni düşündürən heç də Arif Paşanın batalyonunun taleyi, eləcə də digər məqamlar deyildi. Mən həsrətlə erməniylə qarşılaşacağım və bizə yaşatdıqlarına görə öz qisasçı obrazımın məziyyətlərini ona təqdim edəcəyim anı gözləyirdim. Və hətta elə bilirdim ki, o qarşılaşacağım erməni elə sovet ordusunda xidmət edəndə məni söyən Danielyan olacaq. Bax onda mən də sıradan bir əsgər olaraq avropalılar demişkən, türk əsgərinin döyüşdə şimşək kimi çaxmağını, quş kimi uçmağını ona göstərəcəkdim. Amma bilmirdim ki, Laçın müəmması hələ çöx su aparacaq! Bilmirdim ki, Laçın ətrafında hələ çox oyunlar oynanılacaq...

 

Biz Qorçudan Şamkənd istiqamətinə irəliləyəndə nədənsə hərbi hissəmizi tək hiss edirdim, bizə dayaq duracaq qüvvələri görmürdüm. Sadəcə olaraq, çüvərək, cavan bir oğlan olan komandirimiz Rəhman İsgəndərovun sırf  hərbçilərə xas danışığı, hərəkət tərzləri, məsələlərə münasibətdə aydın və dəqiq qərar çıxarma qabiliyyəti adamda ruh yüksəkliyi yaradır, qarşıda gözlənilən çətinliklər heç adamın vecinə də gəlmirdi. Üstəlik mənim içimdə illərdi ki, içimdə bəslədiyim bir Laçın sevgisi də var idi və artıq mən o sevgimə qovuşmuşdum. Türklər demişkən, bundan sonra nə olacaqdısa, dünya mənə vız gəlirdi...

 

“Komandir kimi Rəhman İsgəndərovun potensialı döyüşçülərə stimul verirdi”

 

Sözün düzü, o illərlə bağlı mənim yaddaşımda dəqiq tarixlər və keçirilən əməliyyatlardakı ardıcıllıq tam yadımda qalmasa da, amma keçilən yolun ümumi konturları düşüncələrimə həkk olunub. Bununla bağlı söyləntilərimdə  ardıcıllıq pozulsa belə, sözarası onu qeyd edim ki, mən Bakıdan çıxdığımız gündən ta Pircahana qədər olanları ayrıca bir gündəliyə yazırdım. Pircahandan bizi çıxarıb Ağdərəyə aparanda az müddətdən sonra geri qayıdacağımızı bildirdilər. Həmin gündəliyi də də o zaman Pircahanda qoydum və elə həmin gündəlik orada da qaldı...

 

Biz Qorçunun üstündəki təpəliklərə qalxanda üzüaşağıda görünən Şamkənd istiqamətində qarşımızda çox geniş bir mənzərə açıldı. Bizi aparan maşın üzüaşağı şütüdükcə ətrafa göz gəzdirir, elə bilirdim ki, bax elə bu dəqiqə bizi gülləbaran edəcəklər. Düzdür, bizdən qabaqda kəşfiyyat qrupu getsə də, amma aşağı endikcə ətrafımızda ucalan zirvələrin başında kimlərin olmasından da xəbərsiz idik. Komandir heyətini deyə bilmərəm, ancaq sıravi döyüşçülər arasında istiqamət götürdüyümüz koordinatlar barədə hələ ki, bizdə geniş informativ baza yox idi.

 

Sözün düzü onda heç mən hərbi hissəmizə daxil olan rotalar haqqında da hansısa bilgiyə sahib deyildim. Tanıdığım 10-15 nəfər uşaq idi. Özlüyümdə fikirləşirdim ki, döyüşlərin gedişatında onsuz da bir-birimizi tanıyacağıq. Komandir kimi sadəcə olaraq, bir Rəhman İsgəndərovu gözüm görürdü. Bu da onun daim hərbçilərə məxsus davranış tərziylə bağlı idi. Könüllü ordu birləşmələri arasında bunun özü də nadir məqamlardan biri idi. Heç bir kriteriyalar üzrə əsil hərbçiyə oxşar olmayan kəslərin o zaman könüllü birləşmələrin başına gətirilməsi və idarəetmədə yol verilən səhvlər artıq hətta cəmiyyətin özünə də bəlli idi. Belə bir vaxtda bizim bəxtimizə hərbi təhsil almış gənc bir kadrın rotamıza komandir təyin edilməsi döyüşçülər üçün əlavə stimul idi...

 

Şamkənddəki təsadüf, yoxsa “erməniyə verilən işarə”?

 

Amma o da yadımdadır ki, Qorçuda olanda Rəhman İsgəndərov bizi sıraya düzüb kiməsə raport verirdi.  Onda heç kimin hansı rotadan olduğunu belə bilmirdim...

 

Biz Şamkənddə olanda ehtiyatsızlıq üzündən kiminsə silahından bir dəfə atəş də açıldı. O bircə atəş uşaqlar tərəfindən də qəzəblə qarşılandı və hətta bəzi uşaqlar bir az da radikal şəkildə öz fikirlərini bəyan edərək bunu “erməniyə verilən işarə” kimi də dəyərləndirdilər.

 

Komandirimizin göstərişiylə bir qrup Şamkənddə qaldı. O qrupun içərisində Cabbar da var idi. Sözün düzü mən Cabbarın orada qalmasından bir az təəssfləndim də. Cabbar Üçtəpədən yadımda qalmışdı. Yaxşı birnəfəsə qaçmağı da var idi. Səhər idmanlarında bizimlə bir yerdə olar, kiminsə “saçokluq” etməsinə imkan verməzdi.

 

Çormana doğru və Çormanda boş, qarət olunmuş evlərin “danışdıqları”

 

Qalan qüvvələr Çormana doğru irəliləməyə başladı. Meşənin içiylə qruplar halında bir xeyli piyada getdik. Hər ehtimala qarşı ehtiyatsızlıq ucbatından açılan atəşin bizi ermənilərə hədəf kimi göstərəcəyini nəzərə alaraq komandirimizin göstərişiylə ara məsafələrlə irəliləyirdik. Beləcə Çormana gəlib çıxdıq. Biz Çormanda haradasa bir həftə qaldıq. Bu arada Şamkənddə olan qüvvələrlə hansısa atışmanın olduğunu eşitsəm də, ama sonradan orada nə baş verdiyini  özüm üçün dəqiqləşdirə bilmədim.

 

Biz Çormana gələndə baxmayaraq ki, öncədən kəşfiyyat gəlmişdi, yenə də ayrı-ayrılıqda evləri yoxladıq. Heç bir erməniyə rast gəlmədik. Evləri yoxladıqca özü-özümə fikirləşirdim ki, əcəba, əgər bu kəndlərdə biz iyun ayında erməniyə rast gəlmiriksə, onda nədən aprelin sonundan bütün Laçın əhalisi yurdundan yuvasından didərgin salınıb və bunu kimlər edib!? Axı aprelin axırlarında artıq laçınlılar bu rayona göndərilən “300-dən çox yük maşınıyla” öz dədə baba yurdlarından çıxarılmışdılar. Gör erməni 18 mayda Laçın rayonunun mərkəzində olubsa, onda rayonun ucqar şimalında yerləşən Qorçuya nə vaxt gəlib çıxıb və bu erməni hanı!?..

 

Kəndin evlərinin içində baş verənlərə nəzər yetirəndə burada dəhşətli qarətin baş verdiyinin konturları apaydın görünməkdə idi. Bununla bağlı döyüşçülər hərəsi bir fikir söyləyirdi. Kimisi Bakıda oturanları, kimisi erməniləri, kimisi də özünümüdafiə batalyonunda olan cəbhəçiləri söyürdülər...

 

Sərrast atəş və ikiyə bölünən ağac

 

Kəndə gələndən sonra komandirimiz Rəhman İsgəndərov kəndin dörd bir yanını gəzmiş, lazımi koordinatları müəyyənləşdirmişdi. Və çox keçmədi ki, konkret olaraq ayrı-ayrı qruplara qoruyacaqları postun yeri göstərildi.

 

Mənim duracağım post kəndə gələn əsas yolun üstündə idi. Sözün düzü postu qurduğumuz yerin o qədər də əlverişli olmaması mənim ürəyimcə deyildi. Çünki gələn yol meşənin içindən keçəndən sonra sərt döngədən sonra birbaşa bizim postla üzbəüz çıxırdı. Həmin döngə ilə bizim postumuz arasında çox az bir məsafə var idi. Mənə qumbaraatanla bərabər avtomat da verilmişdi. Özüm də sovet ordusunda qumbaraatan olmuşdum. Hədəfi zərərsizləşdirmə gücünə, həm də ondan atəş açan döyüşçünü daha çox və daha tez təhlükəyə salacağı baxımından qumbaratanın atıcı silahlar arasında yeri belə demək mümkünsə, “əvəzedilməz”dir. Çünki, qumbaraatanın düşmənlə ara məsafəsi daha yaxın olmalıdır ki, məsafə 500 metrəni keçəndən sonra atılan mərmi öz effektini itirməsin.

 

Bizim qurduğumuz postla kəndə hücum edəcək texnikanın arasını həmin döngənin əsasında götürəsi olsaydıq, orada heç 10 metr məsafə yox idi. Əgər belə bir hal baş versəydi, hətta düşmən tankı vurulsaydı belə partlayışdan və qəlpələrdən bizim postda dayanan uşaqların özləri də xəsarət alacaqdılar. Digər bir tərəfdən, əgər yenə də elə bir hal baş versəydi və mən elə oturduğum yerdən atəş açsaydım, yenə də mənim yanımda olan döyüşçülərdən xəsarət alan olacaqdı. Komandirimiz Rəhman İsgəndərov da bütün bunları diqqətdən qaçırmamış və mənə göstəriş verilmişdi ki, belə hücum olacaqdısa sağ və sol cinahların məlumatları və veriləcək əmr əsasında mən ön tərəfə çıxmalı, döngədən yolun sağ istiqamətinə qalxıb özüm üçün münasib yer seçib atəş açmalı idim. Belə olan halda açılan atəş həm daha dəqiq olacaq, həm də nə partlayışdan, nə də atılan mərminin dalğasından, alovundan bizim döyüşçülərə heç bir xəsarət dəyməyəcəkdi.

 

Rəhman İsgəndərovun qeyd etdiyi bu tapşırıqlara qulaq asdıqca xəyallarım məni yenə də Uzaq Şərqə aparır, vaxtilə orada təlim zonasında eşitdiklərim indi komandirimizin diliylə mənə bəyan edilirdi. Bütün bunları sovet ordusunda xidmət  etdiyim zamandan da bilirdim. İndi də komandirimiz Rəhman İsgəndərov bunları mənə xatırladırdı...

 

Bizim rotada doğrudan da, hərbi nizam intizama çox gözəl riayət olunurdu. Heç elə bil könüllü əsgər deyildik. Elə komandirimizlə olan isti münasibət də o baryerləri aşmış, o deyimdə olduğu kimi birinci rotada “slujba slujba, drujba drujba” idi...

 

Axşamı posta çıxdıq. Sakitlik idi. Gecəni səhərə kimi durduğumuz postda çay daşlarından toplayıb qarşı tərəfimizdə yarım metrdən hündür sədlər düzəltmişdik. Yatmağımız, durmağımız, postlara çıxmağımız və sair kimi hərəkətlərimizin hər biri hərbi qaydalar çərçivəsində gerçəkləşirdi. Çormanda olanda qumbaraatandan necə istifadə etmək bacarığımız da yoxlanıldı. Səhv etmirəmsə, o zaman briqadadan da hansısa yüksək rütbəli zabit var idi orada. Bizdən sağ tərəfdə olan meşəlikdə bir tala var idi. Həmin zabit o talaya atəş açmağı nişan verdi. Mən də ədəbazcasına “siz mənə hansısa ağacı nişan verin, talanı yox” deyə cavab verdim. Çox yaxın bir məsafə idi və tam sakit bir hava idi. Yəni açılacaq atəşdə heç külək faktorunu da nəzərə almaq lazım olmayacaqdı, sadəcə olaraq nişangahı qaldırıb, ara məsafəni müəyyənləşdirdikdən sonra sərrast bir atəş lazım idi. Və o atəş açıldı da. Həmin zabitin həm də bir az ikrahla vurğuladığı ağacı açdığım atəşlə ikiyə bölmüşdüm. Bu andakı yaşantılarım mənə illər öncəsi əsgəri xidmət müddətimdə mənə zülm edən, sonradan dostlaşan Belokonenko və bir də mənə qumbaraatandan atəş açmağı öyrədən erməni Lalayanı xatırlatdı. O zabitin “malades” kəlməsi məni öz xatirələrimdən ayırdı...

 

“Postdan yanlış xəbər verilmişdi”

 

Bilmirəm ayın neçəsi idi. Bircə o yadımdadı ki, hələ ki, biz Çormandaydıq. Axşam sol cinahdakı dağda olan yuxarı postdan xəbər gəlmişdi ki, bəs ermənilər böyük bir kalonla kəndə yaxınlaşır. Hər kəs döyüş mövqeyi tutdu. Mən də başqaları kimi öz postumuza gedib silah sursatımla döyüşə hazır vəziyyətdə dayanmışdım. Komandirimizin bizə hücum olacağı anda tutacağım mövqeyə keçdim. Bilmirəm uşaqlardan kim idi. O da kəndə girən yoldakı döngəyə gəlib yuxarı qalxdı ki, o istiqamətdən gələ biləcək qüvvələrə qarşı durmaq bizim üçün asan olsun. Bir az da qabağa gedəndən sonra uzaqda doğrudan da kalon halında maşınların gəlməsi görünürdü. Bir az baxıb geri qayıtdım. Sonra uşaqlar amısı o karvanı izlədi. Laçınlı uşaqlar “o karvanın bu istiqamətdə gəlmədiyini bildirdilər. Amma istənilən halda biz artıq döyüşə tam hazır vəziyyətdə idik.

Sonradan məlum oldu ki, gecənin qaranlığında projektorların işığı yuxarı postda dayanan uşaqların yanlış nəticə çıxarmalarına səbəb olub. Amma bütün bunlara baxmayaraq biz hamımız səhərə kimi postlarda dayanıb mövqelərimizin möhkəmləndirilməsilə məşğul olduq. Səhərisi günü kəndin içindən keçən dərədən axan su ilə yaxşıca yuyunub, paltarlarımızı qaynadıb təmizlik işləri apardıq.

 

“Fərraş istiqamətdə kəşfiyyat aparmaq üçün yola düşdük”

 

Çormanda neçə gün qalmağımız yadımda olmasa da, amma bu, haradasa iyun ayının ikinci ongünlüyünün axırları olardı. Komandirimiz Rəhman İsgəndərov hər gün bütün istiqamətlərdə özü şəxsən müşahidələr aparır, yerli uşaqlardan qarşıdakı kəndlər haqqında bilgilər alırdı. Ştaba yolumuz düşəndə də onun özü üçün müəyyənləşdirdiyi  koordinatlar üzərində iş apardığını görürdük.

Səhv etmirəmsə, iyun ayının üçüncü ongünlüyü olardı. Komandirimiz baş leytenant Rəhman İsgəndərov bildirdi ki, Fərraş kəndinə kəşfiyyata getməliyik. İsgəndərov kəşfiyyata gedəcək uşaqları özü müəyyənləşdirdi. Komandirimizin rəhbərliyilə 7 nəfərdən ibarət bir qrup müəyyənləşdirildi. Mən də o qrupun üzvlərindən biri idim. Qrupun üzvlərindən adları yadımda qalanlar bunlar idi:  komandirimizin özü, Qəşəm, Nəriman kişi, “Qəqəni” dediyimiz Üzeyir, mən və daha iki nəfər.

 

Ara məsafələr saxlanılmaqla biz Fərraş istiqamətində yola düşdük...

 

(ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

Yasamal rayonuna icra başçısı təyin edilib

Prezident yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib