Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa “fars zehniyyəti”?

12:08 14-04-2018 | icon 580 | Cəmiyyət
Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa “fars zehniyyəti”?

 

Yasəmən Qaraqoyunlu və Asif Ata övladlarının təqdimatında

 

“Hürufiləri qanına qəltan edən Əmir Teymurla fəxr edən millətik”. İfadə Asif Ata Ocağının Yükümlüsü, bu Ocağın Övladı Düzgün Atalıya məxsusdur.

Bu gün nə qədər acınacaqlı olsa da, demək məcburiyyətindəyik ki, bir türk övladı olaraq bizim bütün milli dəyərlərimiz, milli mədəniyyətimiz, tariximiz, klassiklərimiz elə özümüz tərəfindən də hədəf qismində cəmiyyətə təqdim edilməkdə və bütün bunlara münasibətdə yanlış fikir formalaşdırılmaqdadır. Təsadüfi deyil ki, elə Düzgün Atalının da sosial şəbəkədə paylaşdığı bu status müxtəlif rakurslardan qiymətləndirilsə də, ümumi kontekstdən deyilənləri saf-çürük edəndə özü-özümüzə qənim kəsilmənin şahidi oluruq.

 

“Dinimiz Göy Tanrı dinidir".

Bir çox aydınlarımızın dilindən eşitdiyimiz bu ifadənin dolğun şəkildə tanıtılmaması, ifadənin içində mücərrədlik formulasının gizlənməsi də sirr deyil. Əslində elə həmin mücərrədlik bizi bizdən ayırır. Və belə ayrılmalardan istifadə edən fars, rus, ingilis zehniyyətinin də üstümüzə gəlməsi labüd hala çevrilir.

Axı biz nədən kiminsə arxasınca sürünməliyik? Azərbaycanın bugünkü siyasi gerçəkliyində baxanda şahidi oluruq ki, hakimiyyət hansısa bir formulayla çıxış edən kimi müxalifət adına iddialı olanlar da onun əksini söyləməklə guya ki, de-marş edirlər. Halbuki belə yanaşma nə taktikaya, nə də strategiyaya uyğun gəlmir.

Eləcə bizim milli dəyərlərimizə, milli taiximizə yanaşma tərzimiz də beləcədir. fars zehniyyəti, rus düşüncəsi, erməni yalanları üzərimizə "hücuma" keçməyənə qədər kirimişcə otururuq. Ancaq buna müqabil əks tərəf öz iddialarını beynəlxalq arenaya sırıyandan sonra biz də hərəkətə keçirik ki, bunun da adı hərəkətsizlikdir.

Məktəblərimizdə milli dəyərlərimizdən olan Nadir şah gah işğalçı, gah torpaq satan, gah da qəhrəman kimi öyrədilir. Babək gah əxlaqsız, gah qadın hesabına vəzifəyə yüksələn, gah da yarım milyon ərəb istilaçısını qanına qəltan edən Azadlıq Mücahidi, qəhrəman təqdim olunur. Şah Qacaq gah millətçi, gah da millətin düşməni kimi cəmiyyətə sırınır. Zərdüşt gah "türkün Peyğəmbəri”, gah da “fars zehniyyətinin daşıyıcısı" kimi aydınlarımız tərəfindən qiymətləndirilir. Şah İsmayılın gah “dinin təbliğatçıs”, gah “dinin bölücüsü”, gah “millətçiliyi ümmətçiliyə qurban verən gerizəkalı”, gah da “böyük Turançı” kimi tarixin səhifələrinə həkk olunur.

Elə Əmir Teymura münasibətdə də bunun şahidi oluruq. Şahidi oluruq ki, Əmir Teymuru qaniçən kimi təqdim edən Asif Ata Ocağının Övladlarının açıqlamaları həm də əks reaksiya verərək Asif Atanın özünün də qınaq obyektinə çevrilməsində bir katalizator rolu oynayır. Belə ki, Asif Ata gah "milli düşüncənin oyadıcısı", gah da “türklərə fars düşüncəsini sırıyan filosof” formatında təqdim olunur. Bütün şair və yazıçılarımız, bütün siyasi liderlərimiz, bütün elm adamlarımız məsələyə bu kontekstdən yanaşdıqları kimi elə özləri də belə yanaşmanın qurbanı olurlar.

Millətin fikirlərinin haçalaşdırılmasına, düşüncələrin başqa səmtə yönləndirilməsində stimul verən səbəblər nədir? Nədir bu tapındıqlarımızda olan mücərrədlik? Yetmədimi min dörd yüzillik ərəb həqiqətlərini topa tutduğumuz mücərrəd həqiqətlərimizlə izləməyimiz? Axı biz kimik, haradan gəlib hara gedirik? Bizdən nə istəyirlər və biz nə istəyirik, nəyi əldə etməyə çalışırıq və niyə əldə etməyə çalışmırıq? Niyə öz həqiqətlərimizi başqa "həqiqətlər"in arxasınca süründürürük?..

Elə Əmir Teymurun hürufilərə münasibəti fonunda “Asif Ata Ocağı”nın Övladlarıyla tanınmış tarixçi alim YASƏMƏN QARAQOYUNLUnun təkbaşına apardığı tarixi mübarizəylə bağlı polemikada da böyük həqiqətlər gizlənir. Bu mövzuda Versus.az saytının suallarına tarixçi alimimiz belə aydınlıq gətirdi:

 

“Əmir Teymur bir Turk komutanıdır. Möhtəşəm bir dövlət adamıdır. Fərd olaraq mən Əmir Teymurun qarşısında baş əyirəm. Bu gün Onu hədəf qismində götürən və özlərinə “Asif Ata Ocağının Övladları”adını verənlər bir şeyi unutmasınlar Asif Ata Türk tarixini və mədəniyyətini, İslami məzhəblər və təriqətlər tarixini bilməyən, Zərdüştü və Fars Batini ideyalarını göylərə qaldirib əslindəTürk təfəkkürünü zəhərləyən bir filosofdur”.

 

Zərdüşt İran cəbhəsində duraraq Turanla savaşırdı

 

Zərdüştü Hun sərkərdəsi Ercaspın öldürdüyünü deyən Yasəmən Qaraqoyunlu indi çox adamların Türk adı altında öz manevr imkanlarını gizlətməyə çalışdıqlarını bildirir:

 

“Türklər Xorasanda Zərdüştlə din savaşları edirdilər. Və bu savaş İran-Turan savaşı idi. Zərdüşt İran cəbhəsində duraraq Turanla savaşırdı. Asif Atanın təlimlərində, təbliğatında Fars zehniyyəti elə oturub ki, bunu Orta Doğunun tarixini biləndə dərhal sezmək olur. 100-lərlə təriqət və fəlsəfi cərəyan olsun, heç biri türk millətindən üstün deyil. Heç bir ideologiya, dünyagörüş Türk Millətinin dövlətindən, tuğundan, sərkərdəsinden üstün deyil”.

 

“Görün, Əli bəy Hüseynzadə Zərdüştlə bağlı nə yazır”

 

Əli bəy vurğulayır ki, “biz Zərdüştə Konfutsiyə duyduğumuz sayğı və ehtiramı duyarız. Amma biz , Zərdüşt və fars fəlsəfəsini, dinini qəbul edə bilmərik. Biz Turanlıyıq, bizim dinimiz Göy Tanrı dinidir”.

 

Y.Qaraqoyunliunun fikrincə, Asif Ata təlimləri, xüsusilə də tarixlə bağlı verdiyi şüarlar ciddi elmi və tarixi faktlar qarşısında heç olub gedir:

 

“Onun bütün dedikləri emosiyadan, şüardan başqa bir şey deyil. Asif Ata Ocağında saf təmiz türkçülər var ki, onlara sayğım və bir önərim var. Türk tarixini dərindən öyrənin. Türk tarixi Asif Atanın təbliğ etdiyi İran zehniyyətindən sıyrıldıqca, biz möhtəşəm bir tarix və kültürlə tanış olacağıq. Əmir Teymur o möhtəşəm tarixin, Cahan imperatorluğu məfkurəsinin bir təmsilçisidir.

Asif Ata Ocagı semitizmlə savaşsa da, əvəzində fars zehniyyətini bizə təbliğ edir. İslamın yerinə Zərdüştü qoyur”.

 

Rüstəmxanlı dualizmi, Gəncalp moderantizmi və daha nələr, nələr...

 

Maraqlı olan məqamlardan biri də budur ki, bizim seçilmişlərimizin özləri də inanclarında bir dualizm yaşatmaqdadır. Tanınmış xalq şairi Sabir Rüstəmxanlı "Tanrıçıyam, bilirsən" desə də təkallahlığı islam formatında  qəbul etdiyini də gizlətmir. Elə həmin Asif Ata Ocağından çıxmış güneyli soydaşımız Güntay Gəncalpın yanaşmalarında nə Asif Atanın, nə milli düşüncənin, nə də islami prinsiplərin görüntüsü yoxdur. Ancaq Güntay bəy bütün deyilənlərlə bağlı özü mücərrəd bir görüntü yaratmaqla məşğuldur.

 

Tarixçi alim Y.Qaraqoyunlu Güntay Gəncalpın əvvəlki fəaliyyətini yüksək qiymətləndirsə də, sonradan onun Avropa modernizmində batdığı iddiasındadır:

 

“Güntay indi Türk tarixini Avropa və rusların standartları ilə yozur və elə burada da əsas səhvlərə düçar olur. Avropa - Yunan, Roma, Yəhudi-Xristian, german tarixlərinin birləsməsidir. Germanlar vəhşi və barbar idilər. Romanı dağıdıb, sonra da romalıları mədəniyyətlərini qəbul etdilər, varis oldular.  V əsrdən XV əsrə qədər Avropa tarixi qaranlıq çağ adlanır”.

 

“Dinləri şərəfləndirən türk milləti olub”

 

Yasəmən xanımın bildirdiyinə görə, bax bu çağda Türk Milləti özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır:

 

“İmperiyalar quruldu, mədəniyyət yarandı. Türklər 3 qitəyə hakim oldular. Türk millətinin tarixini dinlər tarixi ilə eyniləşdirmək olmaz. Dinləri də şərəfləndirən türk milləti oldu. Türk Oğuzun tarixi 1000 il, Türk Hun, Sak, Qıpçak, Avar, Subar, və sair tarixinin toplamı 3 min il və daha da çoxdur. Tarix başlayandan Türk dövləti və milləti var. Modernizm çagında isə Rusiya və Avropa önə çıxdı. Rusiya da daxil olmaqla Avropa deyək ki, əsasən XV əsrdən dünyaya təsir göstərməyə başladı. Qızıl Orda dövləti çökdükdən sonra Avrasiyada genişlənməyə başladı. Tarix başlayandan var olan türk millətini Avropa, rus tarixi və hegemoniyası qarşısında yenik ruhla nə yazmaq, nə də yozmaq olmaz. Hələ bir görək Avropa və rus hegemoniyası və kürəsəl yayılması min il çəkəcəkmi!?”

 

“Türkiyə istisna olmaqla, bütün Turan coğrafiyası işğal altına alınıb”

 

Ancaq bu da bir faktdır ki, modernizm çağı türk millətinin yenik və parçalanma çağıdır. Faktın acılığıyla razılaşan Y.Qaraqoyunlunun fikrincə, bu gün Türkiyə istisna olmaqla, bütün türklük və Turan coğrafiyası işğal altına alınıb:

 

“Modernizm çağı türk xalqlarının diferensasiya çağıdır. Bütün Avropa və Rusiya modernizm çağında türk millətinə savaş açmışdı. 1-ci dünya müharibəsi türk torpaqlarını bölmək uğrunda aparılmışdı. Rusiya Bizansı çökdürən Osmanlı ilə 47 il savaşmışdı. Türk torpaqlarını bölmək üçün Vilson xalqların öz müqəddəratını təyin etmək ideyasını siyasətə gətirdi. Türk imperiyaları Qərb kimi, Rusiya kimi sömürgəçi deyildi, xalqların dilinə dininə toxunmurdu. Din və ideyalar, fəlsəfələr türk hakimlərini əsla ilgiləndirmirdi, türklər bu məsələlərə qarışmırdılar. Türklər dövləti idarə edir və xalqları qoruyurdular. Plüralistik bir ortam var idi”.

 

“Bizə düşmən konsepsiya – Aryan tarixçiliyi”

 

Yasəmən Qaraqoyunlu onu da vurğulayır ki, modernizm çağında Avropa və rus elmi, ideologiyası, həmçinin fəlsəfəsinin oryantalizm adı altında türk millətini yox etmək, tarix və sivilizasiyadan silmək üçün çeşidli konsepsiyalar uydurub bu niyyətlərinə çatdılar:

 

“İndi biz yenidən dirilirik, yenidən dirilmə çağına giririk və bizim tariximiz, milli ideyalarımız Aryan (Qərb-Rusiya-İran) tarixçiliyi, ideologiyası və konsepsiyası ilə əsla yazılmaz, düşünülməz. Bütün bu güclər bizə qarşı düşməndir və konsepsiyaları da düşmən konsepsiyasıdır. Nə Amerika, nə Qərb, nə də Rusiyanın dünya hökmranlığı tarixi türklərinki kimi möhtəşəm olmayınb və ola da bilməz. Çünki imperatorluqları idarəetmə sistemində ədalətə əsaslanırdılar".

 

“Türkün ən güclü silahı möhtəşəm tarixi və möhtəşəm dəyərləridir”

 

Tarixçi alimimizin düşüncələri faktlarla eyniyyət təşkil etsə belə, ancaq bugünkü gerçəklik də göz önündədir. O gerçəklik ki, hər zaman öz dediklərimizi ancaq özümüz eşitmişik. Hər zaman və hər yerdə daim müdafiə mövqeyində dayanmağımız, kimisə, nəyisə gözləməyimiz, yaxşı müdafiəyə yaxşı hücum xarakteri verə bilməməyimiz biz türkləri o qədər kiçildib ki, görünməz olmuşuq. Bax bunun nədənini, bunun bədəlini kim və necə ödəməlidir, biz Qərbdən bir addım öndə olduğumuzu, ancaq olduqlarımızı unutduğumuzu, unutduqlarını necə sübut etməliyik?

 

“İrqçi və sömürgəçi qərb multikulturalizmi türklərdən öyrəndi”

 

Tarixçi alimimiz məsələyə münasibətdə onu da vurğuladı ki, bütün bunlarla bağlı geniş yazı hazırlayır:

 

Qərbdən irəli olduğumuzun kanıtı tariximiz, dövlətlərimiz, yasalarımız, əxlaqımızdır. Qərbə oxşamaq, yarışmaq zorunda deyilik. Qərbli olmaq zorunda deyilik. Qərbdən daha fərqli, daha möhtəşəm mədəniyyətli bir xalq olduğumuzun fərqində olmalıyıq. Qərb dünyaya Qərb dəyərlərini yayırsa, mən də türk dəyərlərini yayaram. Bax bu istiqamətdə bizim ən güclü silahımız öz möhtəşəm tariximiz, öz möhtəşəm dəyərlərimizin gücünü bilməmizdir. Osmanlı imperiyası dünyanın ən adil imperiyası olub. İçində İran, Bizans, Türk, Ərəb, xristian, islam mədəniyyətlərini birləşdirmişdi və çeşidli xalqları bir arada tuta bilirdi. Qərbin indi öyrənmək istədiyi multikulturalizm budur, plüralizm budur. Bu gələnək və siyasi idarəetmə əxlaqı türk millətinin mədəniyyətinin, mənəviyyatının böyüklüyünü göstərmirmi? Türk bu dövlət gələnəyini irqçi və sömürgəçi Qərbdənmi öyrəndi!?

 

“Çingiz xanla Əmir Teymurun qaniçən obrazı rus və fars düşüncəsinin məhsuludur”

 

Nə Avropa, nə İran, nə də Rusiya tarixləri boyu nə Çingiz xan, nə də Əmir Teymur kimi bir komutan yetişdirə bilməyib. Çingiz Xanın imperiyası Avrasiya imperiyası idi. Rusiya bütün tarixi boyu belə bir imperiyanı, dövləti hələ qura bilməyib... Əmir Teymurla hürufi münasibətlərinin tarixiylə bağlı sapındırıcı meyillərə gəlincə, bu, İran-Misir mənşəli batini dünyagörüşü yayan bir təriqət olub. Və minlərlə təriqətlər türk dövlətinə qurban olsun”.

 

Məsələ burasındadır ki, biz türklərin "ən yaxşı silahı"nı da düşmən kullanmaqda, özümüz də qarğı atın belində çapmaqdayıq. Tarixçi aydınlarımız da boş-boş iddiaların qurbanına çevrilməkdədir. Zamanında İqrar Əliyevin “nədən bizim kökümüzü farsa bağlayırsan” sualına verdiyi cavab bu olmuşdu: “Sənin mənim kimi 5-6 qədim dili əzbərdən bilənin varsa, buyursun meydana. Mənim kitablarımı oxuyub, mənim kitablarımdan çıxarışlar etmək elmə xidmət deyil”...

 

Tamamilə düzdür. Hanı bizim qədim dillər üzrə mütəxəssislərimiz, hanı bizim bütün keçmiş taiximizi araşdıran tarixçilərimiz, hanı bizim məxəzləri ələk-vələk edən rusdilli, ingilisdilli, fransızdilli. farsdilli, çindilli tarixçi mütəxəssislərimiz və hanı bu məqsədlə ayrılan paralar!? Yaqub Mahmudovun tarixçi çetesi olan-qalan tarixçi nüfuzlarını da yerə vurmaqda! Hansısa İqrar Əliyevin kitablarını oxuyub da, onun əksinə, yaxud etiraz formasında "əsər yazan tarixçilər" bizi bu günə qoyub ki, indi də elə hey üstümüzə gəlirlər. Olmazmı ki, bu istiqamətdə hücum taktikası əsas götürülsün və öz potensialımızı olduğumuz qədərində fars zehniyyətlilərin gözlərinə soxaq. Deyək ki, bu dönəmə qədər kimsə buna mane olub. Bəs indi. "Mən “FB”-yə girmirəm” deyə guya özlərini ali irqin nümayəndəsi kimi aparan ZİYA(N)LILARIMIZ susduqca və buna müqabil nəyisə umduqca fars zehniyyətlilər. Rus düşüncəlilər hər zaman üstümüzə ayaq açacaqlar, Asif Ata Ocağının Övladları kimi qrup halında tarixdən əxz etdiyi həqiqətləri söyləyən Yasəmən Qaraqoyunlu kimi aydınlarımızın səsini boğmağa çalışacaqlar. Ancaq bu Ocağın söyləntilərində də onların öz həqiqətləri gizlənməkdədir. Kimdir haqlı? Cılız açıqlamalarla gündəm qəhrəmanına çevrilən tarixçilərimiz, elə Ata Ocağısayaq nədən qrup halında cavab vermək qüdrətində deyillər. Meydanı Yasəmən xanıma verməklə özləri etibarlı sığınacağa çəkilirlər...

 

İqrar Əliyevin zaman etibarilə aktual olan ittihamına da Yasəmən Qaraqoyunlu beləcə aydınlıq gətirir:

 

“İqrar Əliyevi Sovet dövləti xüsusi yetisdirmisdi ki, Azərbaycan tarixini iranlılasdırsın. Bu, dövlət siyasəti idi. Təbii ki, bu dövrdə türk tarixçiləri yetişə bilməzdi. Hərcənd ki, Ziya Bünyadov var, Süleyman Əliyarlı var. İndi bizim yaxşı tarixçimiz var – Əkbər Nəcəfov. Azərbaycanı iranlılaşdırmaqla Osmanlı türklərindən təcrid etmək və assimilyasiya etmək əsas məqsəd idi. Azərbaycan türkləşirsə, bütün Rusiya türklərinə, Xorasana, İrana təsir edə bilər. Türkləşmə Rusiya və İrandakı türklüyü, bütünlükdə Orta Dogu türklüyünün dirçəlməsində böyük rol oynaya bilər. Azərbaycan türk coğrafiyasının mərkəzidir. Bax bu Türklüyü öldürmək üçün Azərbaycan tarixi iranlılaşmalı idi. Bu böyük projedir, əsasını Avropada XVIII əsrdə Yames Parsons qoyub. Hind-Avropa Tarix konseptidir bu, 500 ildir işləyir. Türkiyə, Azərbaycan tarixində tətbiq olunur. Bacardılarmı... Əsla!!! Mənim millətim özünə qayıdacaq. Türklüyünə sarılacaq!

 

İqrar Əliyevin uydurmalarını fars tarixçisi alt-üst etdi

 

Nasir Purpirar yazır ki, irandilli qruplar Elam - Manna, Midiya coğrafiyasına e.ə.VII əsrdə gələndə bu coğrafiyada 3 minillik parlaq sivilizasiya var idi. Bu parlaq sivilizasiyanı mədəniyyəti olmayan barbar perslər darmadağın etdi, söndürdü. Əli Şəriəti isə belə yazır:

 

“Əhəməni imperiyası ilə Sasanlı imperiysı arasında 600 ilə yaxın qırılma dövrü var. Pers tarixinin qırılmasına səbəb isə Ellin-Yunan Selevki və Sak türklərinin qurduğu Parfiya dövlətlərinin qurulması oldu. Sasanlılar öz tarixlərini, köklərini və dövlət gələnəklərini Əhəmənilərə bağlamaq və tarixdəki 600 illik qırılma məhələsini aradan qaldırmaq zorunda idilər. Bu məqsədlə Sasanlılar Parfiya tarix və mədəniyyətini yer üzündən elə sildilər ki, Firdovsi belə öz “Şahnaməsi”ndə bu 500 illik imperiyadan cəmi 5-6 beyt yazmağa məcbur oldu. Yəni Romanın rəqibi olan bu möhtəşəm imperiyadan yazmaq üçün əldə heç bir material qalmamışdı. Əli Şəriəti yıxıcılığı, şovinizmi necə də dəqiq təsvir edib. İqrar Əliyevin tarixi bax budur. Azərbaycanda isə İqrar Əliyevin söykəndiyi irandilli xalqların gəlişindən 3 min il əvvəl böyük sivilizasiya var idi. Aratta dövləti var idi. Şumerin qonşusu, qohumu və bir parçası”.

 

“Oğuz Xaqanımız deyir ki…”

 

Oğuz Xaqan deyir: “Ey Türk Ulusu, Özünə dön!

Sən Özünə dönəndə böyük olursan! Mete xan deyir. Qarğı kimi ordularımız yer üzünə yayıldıqca göy üzü çadırımız, günəş bayragımız olsun. Atilla Roma elçisine deyir. Günəşin doğduğu yerdən batdığı yerə qədər biz hökm edərik! Batının qürurlandığı Romanı yenen, Bizansı yenən, Xaçlıları yenən, İslamı dünya dininə cevirən yayan biz türklerik. Ruhumuz əsla yenilməməli”.

 

“Asif Atanın düşüncə sistemi türklüyün gələcyi üçün ölçüdür”mü?

 

Asif Ata Ocağının Yükümlüsü Eluca Atalı Yasəmən xanımın fikirləriylə razılaşmayaraq Asif Atanın heç də türkçülüyü danmadığını iddia edir:

 

Atanin TÜRKÇÜLÜK cağırışlı 80 kitabı var. Və bu kitablarda Ata ərəbin, farsın dalınca yürüyən turku kəndi yoluna dönməyə cağırır”.

 

Ocağın başqa bir Yükümlüsü olan Soylu Atalı isə bu adamları tarixin bir dönəmini sadalamaqda suçlayır:

 

"Tarixi faktların arxasından, əzabkeş obrazında görünərək, belə ağır məsuliyyətin altına girmək kimlərəsə asan görünə bilər. Ancaq bu belə deyil.

 

Türklüyün gələcəyi üçün ölçü

 

Bəyəm Yasəmən Qaraqoyunlu türkdür, yerdə qalanlar fransızdır?! Fransız özünə fransız deyərək yersiz qürrələnmir, öyünüləsi fransızlığını yaradır. Asif Ata da öyünüləsi türklüyün yaşam ölçüsünü yaradır. Bunu anlamaqda, almaqda zorlananlar ərəb dünyagörüşünün etkisi altında qalanlardır. Sovetlərin 60-cı illərindən Asif Ata türklük kimliyi uğrunda döyüşür. Bunu görə bilməyənlərin özləri haqqında yüksək düşüncəyə qapılması gələcək soylarımıza heç nə vəd eləmir. Ancaq Asif Atanın Milli düşüncə sistemi türklüyün gələcəyi üçün bir ölçüdür..."

 

Eluca Atalının fikirləriylə razılaşmayan Yasəmən Qaraqoyunlu deyib: “Asif Ata fəlsəfəsi sinkretikdir, sırf turk fəlsəfəsi deyil. Türkçülüyü Asif Atadan öyrənmək olmur. Türkçülüyü Əli bəy Hüseynzadə, Əhməd Ağaoglu, Zəki Vəlidi Toğan,Yusuf Akçura, Vamberi, Rasoniya, Sedri Maksudi Arsal və çoxlu tədqiqatçılardan öyrənmək olur. Asif Ata fəlsəfəsi daha çox İslam içindəki təriqətlərdən müxtəlif ideyalardan, özəlliklə də Batini fəlsəfədən qaynaqlanmışdır. Mən o fəlsəfədə bir az İsmaililərin etkisini daha çox görürəm. Türkçülükdən də gozünə bir az qatmışdı. Ələvilik-qızılbaşlıqdakı dədə institutu, ocaq institutu. Ocaq bir təriqətdir. Təriqətdəki mürid mürşid münasibətləri Ocaqda ata-övlad münasibətləri idi, vəssalam. Türk milləti və ya Türkçülük hərəkatı bir təriqətə sığmaz.

 

Ocaqçıların “hücum ənənələri” və Yasəmən Qaraqoyunlunun açıq döyüş taktikası

 

Amma Ocaq övladlarının Türkçülüyə çağırışını ürəkdən dəstəkləyirəm. Türkçülüyə çağırış zamanı isə Fars-İran zehniyyətindən və dəyərlərindən sıyrılıb çıxmaq lazımdır. Ocaqçıların bir ənənəsi var - kim onların fikrini qəbul etmirsə, hamısı qrup halında düşürlər insanın üstünə və insanı düşmən elan edirlər. Mən Asif Atanı heç zaman mütləq elan etmərəm. İslamı dünyaya yayan, bu dinin başına dövlət tacı geyindirən, onun coğrafiyasını  genişləndirən türklər, fəlsəfələşdirən isə daha çox farslar olub. İslam Ərəbistanda şəriətdir, İranda Əli övladlarının Məsih elan olunması və allahlaşdırılması, İnsana, Əhli beytə sitayiş, Azərbaycanda isə İşraqdır”.

 

Ocaqçılar 4 ünsürdən birini, türklərsə 4 ünsürü yaradan Tanrını kutsal bilirlər

 

Asif Ata Sovet imperiyasına əyilməyən, İmperiya qarşısında Azərbaycanın ruslaşmasına, xristianlaşmasına qarşı mübarizə aparan böyük bir müəllimdir. Qarşısında baş əyirəm. Rus - Slavyan və Qərb-Avropa kültürünə qarşı alternativ olan Şərqi qoyurdu. Şərqçi idi. Şərqə dönün deyə çağırış edirdi. Buna görə də qarşısında baş əyirəm. Amma onun yaşadığı Sovet İmperiyasında Türk tarixi qadağan edilmişdi. Asif Atanın həqiqi Türk tarixini oxumaq, öyrənmək şansını imperiya əlindən almışdı. Bu üzdən onun Türkçülük ideyaları Sovet dövründə yazılmış ədəbiyyatlarla formalaşmışdı ki, bu türkçülük də daha çox iranlılıqdır.

 

“Azərbaycanımız - Azərbaycanlığımız” və unudulan türk kimliyimiz”

 

"Avesta"nın “Qəsri-Qacarda saxlandığı”nı deyən Soylu Atalı tarixçi alimi bir çox yanlışlıqlarda suçlayır:

 

“Biz harda odu müqəddəs saydıq?! Biz deyirik, sənin düzgün öyrənmədiyin babaların (3500 il tarixi olan Dədə Qorquddan üzü bu yana) odun işıq anlamını mənəvi təmizlənmə yolu kimi götürüblər. Onlar Tanrıçılığın uzantısı, eyni halda gəlişməsi idi. Bu gün Asif Ata da böyük Türk gələnəklərinin gəlişməsidir. Fars zehniyyətli deyib (Asif Atanın verdiyi Güntay adıyla özünü tanıtdıran) Cavanşir Maniçöhrü yamsılamağın anlamı yoxdur. Asif Atanın "Azərbaycanımız-Azərbaycanlığımız" dəyər sistemində adı keçənlər - Zərdütçülük, Dədə-Qorqudluq, Xürrəmdinlik (Babəkizm), Hürufilik, Fizulilik, Muğamlılıq, Sazlıq dəyərləridir. Siz bunlarımı fars zehniyyəti sayırsınız?! Bəs onda Türk zehniyyəti nədir - "babam güclü kişi olub, qabağına keçəni qılınclayırdı"?! Unutmaq olmaz, Milli Şüuru, millətin içindən çıxıb insani-bəşəri dəyərlər yaradaraq, onu yaşam gələnəklərinə çevirənlər formalaşdırır, həmin şüurla dövlət quranlar isə bu gələnəklərlə yaşamı sürdürməyi qoruyur. Asif Ata Sovet ədəbiyyatından başqa bir şey öyrənməyib deyirsən. Bəs necə oldu, Sovet ideolojisinə qarşı kəskin mübarizə apardı, təqib olundu, hər şeyini, o sıradan ailəsini itirdi?! Axı sənin məntiqinlə Sovet dönəmində böyük məsələləri öyrənmək üçün ədəbiyyatlar yox idi. Dünyanın ən nəhəng ədəbiyyatları (bilimin bütün sahələrini qapsayan ədəbiyyatları) Moskvanın, Sankt Peterburqun dövlət kitabxanalarında deyildimi?! Batı ədəbiyyatından 20 il öyrətmənlik edən, onun fəlsəfəsini, tarixini öyrənən bir insan necə ola bilər dünya biliklərindən soraqsız olsun, ən əsası mübarizə meydanına ürəklə girə bilsin?! Özünü, öz tarixini bilməyən insan nəyin uğrunda savaş apara bilərdi ki?! Mütləq məsələsinə gəlincə, səndən fərqli olaraq, Asif Ata insanı böyük sayır, (insan) özündə mütləq gəzdirir (insanın özündə gəzdirdiyi İNSANLIQ anlamıdır) o bu anlama yetəndə yenilməz olur, yalansız olur, ədalətli olur, vicdan əsasında yaşayır, Vətəninə, millətinə, doğaya, bütövlükdə bəşərə sağlam, insani yanaşır. İnsan bu anlamdan ayrıldığı üçün dünyanın gedişi pozulub, heyvanat qanunları ilə yaşayır. Ona görə Asif Ata İnsanlığın Bayrağını başı üzərinə qaldırıb onun harayını çəkir”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir