"Xalq öz rəhbərini özü müəyyən edəcək və bu, qədim siyasətçilərdən olmayacaq"

21:10 24-11-2019 | icon 90 | Siyasət
"Xalq öz rəhbərini özü müəyyən edəcək və bu, qədim siyasətçilərdən olmayacaq"

Razi Nurullayev: "Tam fərqli və hər kəsin mümkün qədər qəbul edəcəyi bir format irəli sürəcəyik"

 

AXCP sədri Razi Nurullayev "Unikal" qəzetinə müsahibə verib.

Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Razi bəy, son dövrlər müxalif düşərgədə bir canlanma var. Bir müddət əvvəl Milli Şura, indi isə Müsavat aksiya keçirdi, bu aksiyalarda onlar təzyiqə məruz qaldılar. Sanki bir aktivlik mühiti yaranıb. Bu aktivliyi Siz necə qiymətləndirirsiz?

 

- Ölkəmizdə siyasi fəallığın olması xalqın xeyrinədir. Hər kəsin gözləntisi budur ki, bütün səylər xalqın maraqlarını nəzərə alaraq keçirilsin. Təəssüflər olsun ki, bu meyarlardan kənara çıxma meylləri də güclüdür. Sanki, hansısa əllər hər kəsin siyasi fəallığını idarə edir. Özü də istər radikal və barışmaz müxalifət, istər problemləri sivil yolla həll etməyin tərəfdarları olan müxalifət olsun, hər iki halda açıq şəkildə, idarə olunma meylləri görünür. Mənə qəribə gəlir ki, Əli Kərimli, Milli Şura bu qədər barışmazlıq və radikallıq göstərir, amma yenə də o qədər insan var ki, onların mübarizə səmimiyyətinə inanmır. Minlərlə adam var ki, onların da idarə olunduğunu, bütün bunların siyasi oyun olduğunu düşünürlər. 

Mən sivil mübarizənin tərəfdarıyam, amma mənim də haqqımda balladalar deyirlər. Guya hakimiyyətə satılmışıq, nə bilim göstərişlə oturub dururuq. Mən öz tərəfimdən bunu qətiyyətlə inkar edirəm, lakin əfsuslar olsun ki, xalqın da müxalif düşərgəyə inamı azalıb. Çünki, gecə-gündüz bir-birinə ləkə yağdırıblar. 

Bu gün toparlanan, fəallıq göstərən və haqsızlıqlara qarşı səsini ucaldan xalqın özüdür. Hazırda narazı xalqın önünə keçib onu yönləndirmək istəyənlər var. Mənim düşüncəm belədir ki, xalq öz rəhbərini özü müəyyən edəcək, yeni meydan liderini seçəcək və bu qədim siyasətçilərdən olmayacaq. 

 

- Hakimiyyət nümayəndələri bildirirlər ki, müxalifət xaricdəki qüvvələrdən sifariş alırlar və ölkədə qeyri-sabit mühitin formalaşmasına çalışırlar. Bu fikirləri bölüşürsünüzmü?

 

- Siyasi partiyaların, siyasətçilərin görüşdüyü, müzakirə etdiyi, kömək istədiyi, əməkdaşlıq etdiyi xarici təşkilatlar var. Hər bir xarici təşkilatın da, hər bir xarici vətəndaşın da həm öz dövləti, həm də özü üçün müəyyən maraqları var. Bu baxımdan, xarici sifarişlərin olması qaçılmazdır. Amma, bunu hər bir siyasətçinin, siyasi təşkilatın ayağına yazmaq olmaz. Bizim siyasi palitramızın öz rəngləri var və iqtidar da bu rənglərə görə opponentlərinə ad yarlığı yapışdırır. Milli Şura, Əli Kərimli, "Müsavat" partiyası, REAL təşkilatı xaricdə yerləşən təşkilatlarla sıx görüşlər keçirir, onlara müraciət ünvanlayır. Xarici təşkilatlarla yerli siyasi təşkilatların fikirləri üst-üstə düşəndə də rənglər məzmununu tapır. Deməliyəm ki, rənglərin üst-üstə düşməsi həmin təşkilatların hamısının sifariş yerinə yetirməsi demək deyil. 

İkinci məqam da var. Xaricdə yerləşən söyüş müxalifəti də əsasən Milli Şuraya və Əli Kərimliyə dəstək verən kimi görünür. Onların yerləşdiyi ölkələr isə onlara heç bir məhdudiyyət yaratmır. Bu da hakimiyyət üçün həmin ölkələrin sırf sifarişi kimi görünür. Rusiyada, İranda, Türkiyədə, Gürcüstanda, Ukraynada, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda və digər post-sovet, o cümlədən avtoritarizm güclü olan ölkələrdə olan azərbaycanlıların Almaniyada, Fransada, Amerika və digər ölkələrdə olan həmyerlilərimiz qədər Azərbaycan iqtidarına qarşı belə tənqidi, söyüş, təhqir münasibəti sərgiləyə bilmələrini təsəvvür edə bilərsinizmi? Yaxud, Azərbaycanda o ölkə vətəndaşlarının öz ölkələrinə qarşı analoji münasibətini görə bilərsinizmi? 

Əlavə olaraq, dediyimiz demokratik ölkələrə qarşı da öz vətəndaşlarının və yaxud digərlərinin də bizim torpaqlarda təhqir və söyüşlərinə imkan verilməz. İqtidarın da bu gözləntisi olduğu üçün belə narahatlıqlar yaranmaqdadır. Amma, beynəlxalq, ümumilli, ümumdünya və universal dəyərlər də var axı. Bu isə heç kimin daxili işi ola bilməz. 

 

- Maraqlı məqamlardan biri də odur ki, adətən hakimiyyət tərəfindən, xüsusən də Prezident islahatlara başlayanda bu cür aktivlik olur. O da bildirilir ki, islahatlara qarşı olan bəzi hakimiyyətiçi qüvvələr bundan narahat olurlar və müxalifətə dəstək verirlər. Bu verisya nə dərəcədə inandırıcıdır?

 

- Həqiqətən də iqtidar içində islahatlara qarşı çıxanlar var. Bu sistematik xarakter alıb. İslahatlar, kadr dəyişiklikləri kiminsə rahat stolunun altından qaçması deməkdir. Heç kim özünə pis demir, heç kim özünün yarıtmaz kadr olduğunu etiraf etmir, heç kim stolunu təhvil vermək istəmir, heç kim yaşlandığını qəbul etmir. Hərçənd ki, yaş məsələsinin əsas meyar olduğunu mən də qəbul etmirəm.Etiraf etmək lazımdır ki, hazırkı iqtidar hər bir vəzifəli şəxsə qeyri-qanuni yollarla varlanmaq, oğurlamaq üçün imkanlar yaradıb, uzun müddət onlara “gözünün üstündə qaşın var” deyilməyib. Onlar çox rahat və qayğısız həyat sürüblər. İndi o rahat həyatla vidalaşmaq istəmirlər. Hərçənd ki, vəzifədən çıxarılsalar da həbs edilmirlər, var-dövlətləri əllərindən alınmır və yenə də oliqarx kimi yaşayırlar. Bəziləri isə narazı qüvvələrə yardım edirlər. Bu o anlama gəlir ki, 30 il yemək yedikləri qaba tüpürürlər. Vəzifəsindən gedən və milyonlar, milyardlar oğurladığı hər kəsə bəlli olan adamların əllərini-qollarını sallayıb gəzməsi xalqı qıcıqlandırır və hakimiyyətin islahat adlandırdığı prosesə ciddi kölgə salır.Elə xalq da islahatları islahat kimi qəbul etmir. Çünki, islahatlar sistem xarakterli deyil. Kadr dəyişiklikləri də iqtidar komandasında baş verir. Bu tam islahat deyil, hakimiyyət içində yerdəyişmədir. Hətta bu yerdəyişmələr belə xalqı, bizi və digərlərini qane etmir. Bəzi yüksək çinli məmurların, hətta icra başçılarının yerlərinin dəyişməsinə münasibətimiz birmənalı deyil.

 

- Sizcə, ölkədəki vəziyyəti düzəltmək istəyən müxalifət nə etməlidir?

 

- Müxalifət birlik nümayiş etdirməlidir, çirkin işlərə gərək bulaşmasın. Siyasi dividend, siyasi kapital, mənşəyi bəlli, lakin çirkli, o cümlədən konkret şəxsi məqsədlərə xidmət edən pul naminə işlərə qurşanmasın. Müxalifətin öz siyasətində və davranışlarında stabillik, konkretlik və məqsədyönlülük nümayiş etdirməsi zərurətdir. Maraqlar naminə birləşmək olar, amma amal və əqidədən uzaqlaşmaq xalqı gözardı etmək anlamına gəlir. Bu meyllər isə o qədər güclüdür ki, müxalifəti məhv edir və iqtidarın ömrünü uzadır. Konkret bir misal çəkim. Mən Əli İnsanovu tənqid etmək fikrindən uzağam. Onun öz yolu, əqidəsi var. Amma, o bu hakimiyyəti yaradan, müdafiə edən və müxalifətə qarşı ən radikal mövqe sərgiləyən nazir olub. İndi Müsavat başqanı Arif Hacılının onu və digər bəzi eksləri bir yerə yığıb birlik nümayiş etdirmək cəhdi iflas idi. Özləri də gördü ki, xalq bu birliyi qəbul etmədi. Əli Kərimli iki gün sonra güc mərkəzinin Milli Şura olduğunu bəyan etdi. Yəni birlik şousu sabun köpüyünə döndü.Çıxan nəticə isə budur. Müxalifətin köhnə qvardiyası təşəbbüsü ələ ala, xalqı müəyyən məqamlarda toparlaya da, bəlağətli danışa da bilər, müxtəlif rəng palitralı birliklər də yarada bilər, amma prosesi nəticə ilə başa çatdıra bilməz. Xalq onların ümidinə buraxılsa, 30 il bundan sonra da proseslər təkrarlana-təkrarlana davam edəcək.Çıxış yolunu isə belə görürəm: müxalifətin köhnə qvardiyasına çox da aid olmayan, düşüncə və siyasi reallıqları görə bilən yeni qüvvələr təmərküzləşməli və yeni güc mərkəzi yaratmalıdır. Biz bu güc mərkəzinin kimlərdən, necə və nə cür formalaşması düstürunu da yaxın zamanlarda açıqlayacağıq. Tam fərqli və hər kəsin mümkün qədər qəbul edəcəyi bir format irəli sürəcəyik!

 

- Təkamül, təkliflər vermək, yaxud digər daha loyal mübarizə üsulu nəticə verməyəndə nə etmək olar?

 

- Bizim partiya qədər iqtidara təkliflər verən ikinci partiya olmayıb. Cavab verdikləri də olub, susqun qaldıqları da. Amma, bizim verdiyimiz təkliflər də dağdan-daşdan götürülməyib. Onlar iqtidar tərəfindən yavaş-yavaş yerinə yetirilir. Amma, yarımçıq. Prezidentin siyasi iradəsi olsa da, qılınc kimi kəsmir. Kəsən zaman yarımçıqlar bütövləşəcək. Yuxarıda dediyim kimi, biz yeni mübarizə formatı işləyirik və təqdim edəcəyik. Ümid edirəm ki, nəticələr ciddi olacaq və sizin sualınızın da cavabı həmin formatda özünü biruzə verəcək.

 

- Amma nədənsə Siz bu müzakirələrdən kənarda qalmısız. Ən maraqlısı isə odur ki, sanki sizi nə müxalifət, nə də iqtidar düşərgəsində qəbul etmək istəmirlər. Bu nə ilə əlaqədardır? 

 

- Tam doğrudur. Mənim nə iqtidar, nə də müxalifət düşərgəsində ciddi müdafiə mərkəzim yoxdur. Səbəblərdən biri Əli Kərimli ilə AXCP adına iddia etməyimizdir. Belə görünür ki, həm iqtidar, həm də ənənəvi müxalifət Əli Kərimlini AXCP kimi tanımaqdadır. Heç bizə də sizi tanımırıq sözü demirlər ki, işimizi bilək. İkinci səbəb isə mənim fərqli düşüncə sahibi olmağımdır.Mənim varlığım hər iki tərəfi narahat edir. İqtidarda gözü olanlar düşünür ki, mən onların yerini dar edə bilərəm, müxalifətdəkilər də düşünür ki, onların manevr imkanlarını zəbt etmişəm. Potensialımın olduğunu bilirlər. Bu gün mən heç 0,1 faiz potensialımı istifadə etmirəm, çərpələngə atəş açmaqdan xoşlananlardan deyiləm. Bilirlər ki, siyasi proseslər normal axarına düşəndə və mənim xalq ilə birbaşa təmasım yarananda qarşımda dura biləcək siyasətçilər az olacaq. Üçüncü səbəb isə mənim heç kimə xidmət etməməyimdədir.Bizim öz yolumuz var və bu yol xalqa xidmət yoludur. Hər iki tərəfdən olan opponentlərimiz isə bizə çirkab atmaqla məşğuldurlar. Biz bunu neytrallaşdırmağa nail olmuşuq və axır ki, kələ-kötürü az olan yola çıxmaqdayıq. Artıq bizim kimi düşünən partiyalar, şəxslər var. Biz yeni birlik formatını da onlarla bölüşəcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi

Xırdalanda ödəmə terminalı qarət olunub