Laçına doğru gedən Yol - II HİSSƏ

03:20 29-11-2019 | icon 147 | Şəhidlər və şahidlər
Laçına doğru gedən Yol - II HİSSƏ

 Cabbar Alıyev: “Nə biləydim ki, günün birində...”

 

(əvvəli bu linkdə)

 

cabbar

... Biz Üçtəpə təlim düşərgəsinə olanda Əfilağa ilə Mahmudu hardasa gördüyümü xatırlamağa çalışırdım. 1980-ci ildə mən orta məktəbi bitirəndən sonra Bakı politexnik texnikumuna daxil oldum.  O zaman mən Dərnəgül qəsəbəsində qalırdım. Boş vaxtlarımızda yaxınlıqdakı texniki-peşə məktəbinin meydançasında futbol oynayırdıq. Ora yaxınlıqdakı yataqxanalardan da uşaqlar gəlirdi. Tələbəlik illərindən yaddaşımda çoxlu xoş xatirələr qaldığı kimi bu və ya digər şəkildə ünsiyyətdə olduğum, birgə futbol oynadığım uşaqların da bir çoxunun siması hər zaman gözümün qarşısında olub. Üstündən illər ötsə belə xoş xatirələrimdə o insanlar mənimlə yol yoldaşı olublar. Amma nə biləydim ki, günün birində...

 

 

“Tale bizləri torpaqlarımızı azad etmək üçün bir komanda halında birləşdirmişdi”

 

 

Təlim düşərgəsində müəyyən hazırlıqlar keçəndən sonra bizi üstü çadırla bağlı Zil-131 markalı maşınlarla döyüş bölgəsi istiqamətinə yola saldılar. Tanımadığımız yollar bizə çox uzun gəlirdi. Bəlkə də bu, belə deyildi. Sadəcə olaraq, uşaqların içində olan el, oba, yurd sevgisi bizləri düşmən tapdağı altında olan Vətənimizi xilas etməyə tələsdirirdi. Və beləcə biz bu halımızla gəlib Kəlbəcər rayonunun  Zülfüqarlı kəndinə çatdıq...

 

Yol yorğunluğuna baxmayaraq hamı sanki döyüşə atılırmışcasına həvəslə maşından düşməyə başladı. Hər kəs özünə bir təhər yer düzəltdi. Gecələyəcəyimiz yer Zülfüqarlı kənd orta məktəbinin binası idi. Burada bir kiçik  hərbi qüvvə də var idi. Komandirlərinin də adı Allahverdi idi.

 

Sözün düzü kənd camaatı bizi çox mehriban qarşıladı. Hər bir vzvod ayrı-ayrılıqda yerlərini rahatlayıb ora yerləşdik. Zülfüqarlı kəndində biz hardasa bir həftədən artıq qaldıq.

 

Məktəb çayın qırağında çox gözəl bir yerdə idi. Məktəbin balaca futbol meydançası da var idi.  Orada olduğumuz müddətdə boş vaxtlarımızda futbol oynayırdıq...

 

Zülfüqarlı kəndində birinci dəfə futbol oynayıb qutaranda mən Əflağa və Mahmuda yaxınlaşıb Dərnəgüldə futbol oynamaq tarixçəmizi onlara xatırlatdım. Məlum oldu ki, biz 1980-81-ci illərdə bir yerdə futbol oynamışıq.  İndi tale elə gətirmişdi ki, üstündən 10-11 il ötəndən sonra daha futbol oynamaq üçün deyil,  yağı tapdağı altında olan Vətən torpağını mənfur düşməndən azad etmək üçün yenə bir komanda halındaydıq...

 

 

Rəşidin qarmonda ifası və xəyali toy səhnəsi

 

 

Bir gün dəqiq yadımda deyil, kənd camaatı,  yoxsa kolxozdan bizə 1 baş dana verdilər ki, kəsin yeyin. Dananı kəsib böyük bir qazanda bişirdilər. Bir də hər vzvoda ayrılıqda ət böldülər ki, özləri istədiyi kimi bişirsinlər. Ortalıqda yekə qazan qoyulmuşdu. Yeməyi Ağa hazırlayırdı. O, əyninə ağ xalat geyinib, əlinə də taxtadan olan böyük çömçə götürmüşdü. Hardansa bir qarmon da tapıb gətirdilər. Rəşid qarmonda çox gözəl Azərbaycan mahnıların ifa edirdi. İgidlər də musuqi sədaları altında rəqs edirdilər. Gözümün qabağına  azad edilmiş Laçınımızdakı toy səhnəsi gəldi. Fikirləşdim görəsən bizi qabaqda nələr gözləyir, başımıza nələr gələcək....

  

 

Əsil müharibə adamlarının davranışı və artan inam

 

 

Biz həmin günü gunortadan sonra Zülfüqarlı kəndindən 701-ci briqadanın ştabına getdik. Axşam gün batan vaxtı idi ki, Qılınclı kəndindən qayıtdıq. Mehman mənə yaxınlaşıb dedi ki, gəl gedək, yuxarı çayın kənarında səni gozləyirik. Soruşdum ki, nə məsələdi?  Mehman dedi ki, bəs bizim vzvoda verilən əti kabab bişirmişik, səni gözləyirik. Dedim ki, ola bilərdi mən gec gələrdim, həm də biz Rəhmanla evlərində yemək yemişik.  Mehman yenə də israrla vurğuladı ki, yox, onsuz da biz səni gözləyəcəkdik.

 

Mehmanla yuxarı çayın kənarına, 3-cü vzvodun kabab bişirdiyi yerə gəldik. Uşaglar balıq da tutub bişirmişdilər. Çox mehribanlıqla oturub yemək yeməyə başladıq...

 

Mən düzü çox sevinirdim, çalışırdım ki, bu sevinci büruzə verməyim. Uşaqlar arasında belə xoş münasibəti, belə mehribanlığı, belə birliyi, tikəni yoldaşla bölə bilmək səmimiyyətini, əsil döyüşçü nizam intizamını, əsil müharibə adamları kimi davranmanı görəndə tezliklə torpaqlarımızı alacağımıza olan inamım da anbaan artırdı.

 

 

“Laçına doğru səmt götürdük”

 

 

Nizam-intizamın hər zaman qarşılıqlı hörmət əsasında olmasını istəmişəm. Üçüncü  vzvodda da biz hamılıqla buna nail olmuşduq. Düşüncəmə görə belə birliyin qarşısında heç bir düşmən qüvvəsi tab gətirə bilməz. Həqiqətən də sonralar döyüşlərdə bunun şahidi olduq...

 

Bir neçə gündən sonra bizə silah verdilər. Hamı sevinirdi. Hamı ancaq Kalaşnikov avtomatı ilə silahlanmışdı. Ancaq müxtəlif istehsal və müxtəlif  kalibir, hər bir nəfərə bir avtomat darağı verilmişdi. Bütün bunlara baxmayaraq hamıda sevinc və fərəh hissi var idi.

 

Bizimlə Bakıdan Zibeydə adlı bir qadın da getmişdi, ancaq biz silahlanıb Laçına gedəndə o bildirdi ki, mən burada qalıram. O orada Allahverdinin kəşfiyyat qrupunda qaldı. Biz yenə də üstü çadırlı Zil-131 maşınları ilə Laçına doğru yola düşdük. Hava yağmurlu olsa da ətrafdan gözümüzü çəkməyərək çay qırağı yollarla irəliləyirdik...

 

(ardı var)

 

İGİD TEYMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?