PSİXOLOJİ TERRORMU... YAXUD BU NƏYİN ƏXLAQI?

15:19 28-12-2019 | icon 163 | Köşə
PSİXOLOJİ TERRORMU... YAXUD BU NƏYİN ƏXLAQI?

Sosial media öfkə saçan media kimi istifadə olunanda…

 PAKİZƏ BABAYEVA

 

Bu gün çağdaş dünyamızı sosial mediasız təsəvvür etmək çox çətindir. Sosial şəbəkələr az qala hər evin, ailənin bir fərdinə çevrilərək, əlimiz, ayağımız, olmazsa olmazımız durumuna gəlmişdir. Hər birimizin yaşam alışqanlıqlarını dəyişdirərək həyatımıza girən bu virtual dünya, sözün həqiqi mənasında gündəlik yaşamımızın bir parçasına çevrilərək insanlararası ünsiyyətin, informasiya mübadiləsinin, ən önəmlisi isə insanın özünüifadə ehtiyacının bir vasitəsi olmuşdur.

 

Təktərəfli informasiya daşıyıcısı olan gələnəksəl mediadan fərqli olaraq sosial şəbəkələr zaman və məkan məfhumunu aradan qaldıraraq milyardlarla insanın əlaqəli şəkildə fikir, bilgi mübadiləsi etməsində, özəlliklə də araşdırma, tədqiqat qaynağı baxımından "katalizator" rolu oynamaqla yanaşı həm də çoxumuzun "sığınacaq" yerinə çevrilərək, daxilimizdəki "boşluqları" doldurmağa da yardımçı olur.

 

Bütün bu faydalı xüsusiyyətləri ilə həyatımızda mühüm yer tutan sosial medianın nə yazıq ki, bir çox zərərli tərəfləri də vardır ki, bundan yan keçmək təəssüf ki, mümkünsüzdür.

 

Əsində sosial şəbəkələrin müsbət və mənfi tərəfləri paralel proses kimi qəribə təzadlara malikdir. Məsələn, götürək ünsiyyət məsələsini. Dünyanın müxtəlif yerlərindən olan insanlar zaman və məkan problemi olmadan sosial medianın köməyi ilə əlaqə, ünsiyyət yaradır, dostluqlar qururlar. Amma, eyni zamanda ailə və yaxınlarımızla ünsiyyət münasibətlərimiz pozulur, dəyərlər, adət-ənələr zərər görür. Sosial şəbəkə bizi doğmalarımızdan, yaxınlarımızdan uzaqlaşdırır. Artıq canlı ünsiyyət aradan qalxır, hətta bir evin içində belə bir-birimizə "yadlaşırıq", az qala heç kimin heç kimdən "xəbəri olmur". Deyirik sosial şəbəkə informasiya mübadiləsi, bilgi paylaşımı baxımından intellkektual səviyyəmizi artırır. Amma eyni zamanda əsilsiz, yalan-yalnış bilgilər, çox zaman qəsdən yayılan saxta məlumatlar da insanların beyninə yeridilir, onlarda yanlış mövqe formalaşdırır. Elmi məlumatlar saptırılır, insanlar gerçəklərdən uzaqlaşdırılır.

 

Və... Ən dəhşətlisi də, mənəvi aşınmalar, "məhrəmiyyətin" "məhrumiyyətə" uğraması, təməl həssasiyyətlərin zəifləməsi, həyatın bütün alanlarında baş köşədə qərar tutan əxlaqın ayaqlar altında sürünməsi... və bu gedişlə bütün mənəvi dəyərləri alıb götürən medianın önünə keçilə bilməməsi...

 

Sosial media bir tərəfdən informasiya mübadiləsi baxımından çox faydalı olmaqla bərabər, bir çox iyrənc oyunlara alət olmuş, yalan, iftira kimi çirkin məqsədlərin meydanına çevrilmış, insanların içlərində kök atmış kinin, nifrətin, öfkənin yarış meydanına dönüşmüşdür.

 

"Sosial media vəhşicəsinə açıqdır" - deyən tanınmş alim R.Covington haqlı olaraq göstərir ki, düzgün olmayan informasiyalar, saxta videolar sosial medianı təhkükəli bir vəziyyətə gətirib çıxarıb. Doğrudan da sosial media əxlaqın, daha doğrusu əxlaqsızlığın bütün sərhədlərini aşaraq təhlükəli hal almışdır.

 

İlkin məqsəd olaraq elmi biliklərin, sosial-siyasi məlumatların yayılması məqsədi güdən və məhdud fəaliyyət göstərən bu şəbəkələr sonralar bütün insanların faydalanması vasitəsinə çevrilmiş və təbii ki, özü ilə bərabərində bir çox sorunları da gətirmişdir.

 

İnsanlar öfkə və qəzəblərini tökə biləcəkləri bir vasitə kimi sosial medanın əsirinə çevrilmişlər. Psixoloqlara görə, öfkəsinə nəzarət edə bilməyənlər, yarğılama və mühakimə qabiliyyətini itirərək "ilkəl beyin" ilə hərəkət edirlər və sosial media da öfkə saçan media kimi istifadə olunur.

 

Təbii ki, sosial mediada fiziksəl anlamda qorxu olmadığı üçün çox insan rahatlıqla, hətta saxta adlar altında içlərindəki kirliliyi utanmadan meydana çıxararaq ətrafa yansıdırlar. Ağına-bozuna baxmadan xoşlarına gəlməyən hər kəsə saldırırlar. Bu saldırıların ən şiddətlisi "toplu linc"dir ki, kütlə histerisi yaradan hər hansı bir olay arxasınca böyük bir kütlə toplamağı bacarır. Yetəri qədər intellektual dünyagörüşü olmayan, sağlam mühakimə qabiliyyəti zəif, bu üzdən də başqalarının təsir dairəsinə asanlıqla düşən kütlə "ibtidai beyin" refleksi ilə hər hansı bir axının arxasınca kor-koranə gedər, qətiyyən məsuliyyət hiss etməz.

 

Yaşam dünyamızı "İrəliləmə ilə barbarlığın əl-ələ verdiyi ilginc bir dünya" kimi tanımlayan Freydə görə "düşünmək davranışın provasıdır". Hər kəs doğal olaraq düşüncəsinin provası olaraq öz səviyyəsini ortaya qoyur.

 

Və nə yazıq ki, "topal əxlaq" sahiblərinin provaları üçün sosial media ən əlverişli səhnədir. Bir-birini ən ağır şəkildə təhqir etməkdən çəkinməyən məxluqlar bütün ədəb, əxlaq qaydalarını heçə sayaraq ağıza alınmaz sözləri yazarkən, heçmi utanmaq deyilən bir məfhum olduğunu düşünməzlər? Sənin yazdığını yüzlərlə insan oxuyur və sən tək həqarət etdiyin şəxsi deyil, həmin yüzlərlə insanı da təhqir edirsən. Və əgər o yüzlərlə insanın içində sən ağılda biriləri varsa ki, mühtəmələn olacaq, qalan insan o təhqiri qiyabi də olsa özünə qaytarır.

 

Öfkə, qəzəb hissi bütün insanlara xasdır. Ancaq Aristotelin təbirincə desək, bunu "doğru adama, doğru ölçüdə, doğru zamanda, doğru bir səbəblə və doğru bir formada yönəldə bilmək" lazımdır ki, bu da hər kəsin hünəri deyil və bu üzdən də bu ərdəm çox az rastlanan bir haldır. Odur ki, yalnız ərdəmli, tərbiyə və qanacaq sahibləri öfkələrinə nəzarət edə, doğru yerdə, doğru ölçüdə istifadə edə bilər.

 

Sosial media adından da bilindiyi kimi sosiallaşma, paylaşma vasitəsidir. Amma sosiallığını itirib daha çox siyasiləşmiş, az qala ideoloji müharibə meydanına çevrilmiş bu informasiya məkanı, müxtəlif siyasi partiya və liderlərin, fərqlı siyasi əqidə sahiblərinin bir-birini "yıxıb sürüməsi", bir-birinin üzərindən "xal qazanması üçün arxalarına aldıqları sürü təfəkkürlü insanların çirkin paylaşım və statuslarının zibilliyinə çevrilmişdir.

 

Dünyagörüşündən, əqidəsindın asılı olaraq, hər kəs fərqli düşüncəyə, baxışa sahibdir, bunu ifadə etməkdə də sərbəstdir və hər kəs razı olmasa belə, digərinin rəyinə hörmətlə yanaşmaqda yükümlüdür. Amma gəl görəsən ki, əxlaq yoxsunu, cahil təfəkkürlü insanlar bunu anlamaqdan uzaqdırlar. Çoxumuz adi hala çevrilmiş bir iyrəncliyin, əxlaqsız yanaşmanın tez-tez şahidi oluruq. Kimin kimdən xoşu gəlmirsə, ilk növbədə onun anası "hədəf" alınır, heç nədə günahı olmayan bu məsum varlıq, bir əxlaqsızın, şərəf yoxsununun çirkin saldırısının qurbanı olur. Bu şüursuz, ağıldankəm məxluq fikirləşmir ki, bu hərəkəti bumeranq kimi özünə geri dönür.

Eynilə özünə iadə edilir və onun anası da bu iyrənclikdən nəsibini alır.

 

Tənqidlə təhqiri bir-birindən ayıra bilməyəcək qədər ilkəl təfəkkürlü bu məxluqlar nə yazıq ki, alaq otları kimi yayılaraq sağlam, məntiqı fikirlərin qəniminə çevrilmişlər.

 

Kim olursa olsun, hər bir halda təhqir yolverilməzdir. Kiminsə şəxsiyyətini alçaltmaq üçün onu iyrənc epitetlərlə təsvir etmək, heç bir etik qanuna sığmayan cümlələr işlətmək, özəlliklə qadına qarşı iyrənc sözlər söyləmək özü də bir əxlaqsızlıq, rəzillikdir.

 

Bu gün bizdə siyasi mədəniyyət çox aşağı səviyyədədir. Onun üçün ən güclü informasiya vasitəsi olan sosial media bazar səviyyəsindən yuxarı qalxa bilmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ