“Rusiya və digər güclər bu ölkə üzərində nəzarəti itirməyib”

16:58 26-04-2018 | icon 261 | Geopolitika
“Rusiya və digər güclər bu ölkə üzərində nəzarəti itirməyib”

 

Əlisahib Hüseynov: “Bu, Peşinyana baha başa gələ bilər

 

“Biz Rusiyada, Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensiv şəkildə bərpasını gözləyirdik. Lakin siyasət və geopolitika müstəvisində hər an ağılasığmaz, öncədən proqnoz edilməsi mümkün olmayan sürpriz hallar yaşana bilir. Ermənistanda yaşanan son hadisələr də bunun əyani sübutudur.

 

Versus.Az-ın məlumatına görə, bunu Ermənistanda baş verənlərdən dolayı bu gün sosial mediada müzakirəyə çıxarılan “niyə fürsətdən istifadə edib hücuma keçmirik” kimi fikirlərə açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, Ermənistandakı hazırkı ictimai-siyasi duruma görə indi bu ölkə ilə danışıqların aparılması mümkün deyil:

 

“İrəvanda yaşanan hakimiyyət böhranı buna mane olur. Necə deyərlər, axı danışıq aparılası düz-əməlli bir siyasi fiqurları da yoxdur, kimlə danışıq aparasan? Bu mənada bu gün Ermənistanda cərəyan edən ziddiyyətli proseslər və "məxməri inqilab" Qarabağ münaqişəsinin həlli məsələsini həm çətinləşdirir, həm də gecikdirir. Son günlərə kimi ermənilər özləri də psixoloji olaraq buna köklənmişdilər ki, rəsmi Bakı Azərbaycandakı və Ermənistandakı seçkilərdən sonra həm danışıqlar masasında, həm də ön cəbhədə düşmənə ciddi təzyiqlər göstərməyə başlayacaq. Lakin bu baş vermədi. Səbəbini isə az öncə də qeyd etdik”.

 

Əlisahib Hüseynov bildirib ki, son 10 gündə Ermənistanda baş verən olaylar istər sülh danışıqları, istərsə də hərbi əməliyyatlara başlamaq üçün çox ciddi əngəllər yaradır:

 

“Həm mediada, həm də sosial şəbəkələrdə yer almış ritorik suala da rast gəlirik ki, “indi Qarabağı işğaldan azad etmək üçün əlverişli fürsət yaranıb, çünki ermənilərin başı mitinqlərə qarışıb, axı niyə hücuma keçmirik?” Mən əminəm ki, bu cür düşünənlər sadəlövh insanlardır və onlar hissə qapılırlar. Onlar bir şeyi nəzərdən qaçırırlar ki, ermənilər hazırda siyasi ayıq-sayıqlığı və özünənəzarəti itirsələr də, Rusiya və digər güclər bu ölkə üzərində nəzarəti əsla itirməyiblər. Onlar Qarabağ məsələsini də hər an nəzarətdə saxlayırlar. Hazırda Kreml bu son günlərdə ipini bir qədər boş buraxdığı Ermənistanda yenidən proseslərə nəzarət etməyə başlayıb. Rusiyanın İrəvana ezam etdiyi yüksək çinli diplomatlar Peşinyanla preventiv danışıqlar aparırlar. Əgər Peşinyan Rusiyanın tələblərinə razı olmasa, bu ona baha başa gələ bilər”.

 

Ə.Hüseynovun fikrincə, hadisələrin bu cür mürəkkəb fonunda müvəqqəti baş nazir funksiyalarını yerinə yetirən K.Karapetyan isə ölkəsində iğtaşaşları dayandırmaq və etirazçıların cilovunu yığmaq üçün hər an cəbhədə təxribata əl ata bilər:

 

“Təbii ki, bu, yalnız rəsmi Moskvanın diktəsi və "xeyir-dua"sı ilə baş verə bilər. Lakin onlar hələlik bu addıma getmirlər. Çünki bu, olduqca riskli addımdır. Həm Moskvadakı, həm də İrəvandakı strateqlər Azərbaycanın da sakit durmayacağını və təsirli əks-zərbə endirməyə hər an hazır olduğunu yaxşı bilirlər. Güman edirəm ki, Putinin dünən Ermənistan prezidenti Armen Sərkisyanla telefon vasitəsilə danışıqlar aparması İrəvandakı isti başları özlərinə gəlməyə və soyuq ağılla düşünməyə vadar edəcək. Hazırda Ermənistanı inqilab bataqlığına sürükləyən qərbyönümlü siyasətçilər Moskvanın tələbləri ilə razılaşmadığı təqdirdə isə Putin Azərbaycanın təcili surətdə hərbi əməliyyatlara başlamasına sadəcə göz yuma bilər. Və bu da bizim yubanmadan antiterror əməliyyatlarına başlamağımız üçün ən əlverişli şəraitin yaranması kimi başa düşülməlidir. Odur ki, hazırda Ermənistanda baş verən hadisələr müəyyən mənada Azərbaycanın xeyrinə işləyir.

Azərbaycan isə bu əsnada bəzilərinin düşündüyü və iddia etdiyi kimi heç də boş oturmayıb və gözləmə mövqeyində də deyil”.

 

DADP sədri bildirib ki, rəsmi Bakı bir tərəfdən Qarabağ münaqişəsinin həlli yollarını mütəmadi olaraq Rusiya ilə müzakirə edir, digər tərəfdən isə qardaş Türkiyə ilə ortaq fəaliyyət planlarını cızır:

 

“Prezident İlham Əliyevin Türkiyəyə son səfəri Ermənistanda baş verən siyasi təlatümlər fonunda olduqca səfər kimi dəyərləndirilməlidir. Heç şübhəsiz ki, iki qardaş ölkənin liderləri düşmən ölkədə cərəyan edən son hadisələri və özəlliklə Qarabağ məsələsini də çox ciddi surətdə müzakirə ediblər, birgə yol xəritəsi cızıblar. Bu mənada, Rəcəb Tayyib Ərdoğanın "Türkiyə hər zamankı kimi bundan sonra da daim Azərbaycanın yanında olacaq" mesajı təkcə biz azərbaycanlılara verilən mesaj deyildi. Bu mesaj həm də Ermənistan siyasilərinə və onlara havadarlıq edən xarici güclərə verilmiş xəbərdarlıq kimi dəyərləndirilməlidir”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq